Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1790/2023 30.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak hüququnun tanınması və ya maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(036)- 1433/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, satınalma yolu ilə əldə edilən JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən planda sərhədləri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən cəmi 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması və ya həmin torpaq sahəsinin əldə olunmasından ötrü ödənilmiş 5000,0 manat məbləğində nağd pulun və iddia qaldırmaqdan ötrü ödənilmiş 71,0 manat pulun alınıb onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Kürdmahmudlu kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Cavabdeh və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən 191 saylı planda sərhədləri göstərilmiş İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 2016-cı ilin avqust ayında torpaq payçıları ilə bağladığı alqı-satqı müqaviləsi əsasında Cavabdeh cəmi 5000,0 manat ödəməklə satınalma yolu ilə əldə etmişdir. Müqavilə torpaq üzərində sərancam verən payçılar, Cavabdeh, X5 və X1 imzası ilə təsdiq olunaraq İmişli RİHB-nin Xəlfəli və Kürdmahmudlu kənd İcra Nümayəndəliyinin möhürü ilə təsdiq olunmuş və JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsi həmin vaxtdan etibarən onun sahibliyində olmuş və peyinlənib əkinə yararlı vəziyyətə gətirilərək yonca məhsulu yetişdirməkdən ötrü istifadə edilmişdir. Cavabdeh aralarında bağlanmış alqı-satqı müqavilənin notariat qaydasında təsdiq olunmamasından istifadə edərək bu il torpaq sahəsini geri alaraq ona böyük məbləğdə maddi zərər vurmuşdur. Ona görə də, JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən planda sərhədləri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən cəmi 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması və yaxud həmin torpaq sahəsinin əldə olunmasından ötrü ödənilmiş 5000,0 manat məbləğində nağd pulun və iddia qaldırmaqdan ötrü ödənilmiş 71,0 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktına əsasən Planda sərhədləri göstərilmiş İmişli rayonu Kürmahmudlu kəndində yerləşən 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nin 21 may 2004-cü il tarixli 05 nömrəli qərarı ilə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini 2016-cı ilin avqust ayında İddiaçı yox, X2 5 il müddətinə 5000,0 manata sataraq torpağın idarəetməsini faktiki surətdə ona vermişdir. Torpaq sahəsinin satılması payçıların iradəsi ziddinə olmuş və onların tələbi ilə geri alınaraq fərdi ailə təsərrüfatına qatılmışdır. İddiaçı ötən müddətdə fasiləsiz qaydada torpaqdan istifadə etmiş və faydalanmışdır. Ona görə də, iddia tələbi əsassız hesab etmişdir. İmişli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(036)-1433/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5000,0 (beş min ) manatın və 71 ( yetmiş bir) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Dövlət aktı ilə cavabdehə və ailə üzvlərinə islahat zamanı 2,34 ha torpaq sahəsi verilmişdir. 2016-cı ilin avqust ayında torpaq sahəsin İddiaçı deyil, X2 5 il müddətinə 5000 manata qeyri-rəsmi satmışdır, bu da torpaq payçılarının iradəsi ziddinə olduğu üçün torpaq sahəsi geri qaytarılmışdır. Torpaq sahəsini İddiaçı 5 ildən çox müddətdə istifadə edib faydalanmışdır. Ona görə onun pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən pul tələblərində iddia müddəti 3 il olduğu halda, iddiaçı 6 ildən sonra cavabdehdən pul tələb edir ki, bu da qanuna ziddir. Cavabdeh məhkəmədən iddia müddəti tətbiq etməsini xahiş etsə də, məhkəmə bunu müzakirə etməmişdir. Məhkəmə qanunun tələblərini nəzərə almamışdır. Bu səbəbdən də hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİ bəndi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Lakin məhkəmə cavabdehi dinləmədən, yalnız iddiaçının izahatını və tanışlarını dindirməklə cavabdehin əleyhimə qətnamə qəbul edib. Maddənin tələbi üzrə hüquqları pozulub. Həmin normaya əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Qətnamədə cavabdehə 2016-cı ildə verdiyini bildirib cavabdehdən pul tələb edilir. Torpaq alqı-satqısı qanuni rəsmiləşmədiyindən iddiaçının həmin vaxtdan verdiyi pula görə tələb hüququ yaranıb. Həmin vaxtdan 6 ildən çox müddət keçir, yəni 3 illik iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Cavabdehin iddia müddəti tətbiq etmək haqqında ərizəsinə cavab verilməmişdir. Məhkəmə həmin halları araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə həmin hüquq normasını tətbiq etsəydi düzgün nəticəyə gələrdi. Xahiş edir ki, mübahisə üzrə iddia müddəti tətbiq edilsin. İddiaçının iddia müddətini üzrsüz səbəbdən ötürməklə iddia qaldırmasına, əsassız varlanmaq istəyinə məhkəmə hüquqi qiymət verməyib. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə bərabərlik prinsipini pozub. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Maddənin tələbləri üzrə hüquqları pozulub. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının sübutları saxta olsa da, məhkəmə tərəfindən qiymətləndərilməyib. Məhkəmə cavabdehin iddia müddəti tətbiq etmək barədə vəsatətini müzakirə etməyib. Hesab edirəm ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. Məhkəmə iddiaçının ona borclu olmağı barədə izahatını əsas götürməklə səhvə yol vermiş, həmin hal sübut edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, mübahisəli torpaq sahəsini 2016-ci ildə Zahidə deyil Şərafətə satmışdır. Belə ki, işdə olan torpağın satılmasına dair Akt onun və ailə üzvləri tərəfindən imzalanmışdır. Lakin həmin aktı imzalayan zaman Aktda nə yazılmasını oxumamışlar. Həmin akta əsasən 5000 manat pulu da Şərafətdən almışdır. Hesab edir ki, Zahid həmin torpaq sahəsindən bu illər ərzində istifadə etmiş və qazanc götürmüşdür. Buna görə də ondan pul tələb etməsi doğru deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmişdir. Göstərmişdir ki, mübahisəli torpaq sahəsini cavabdeh və onun ailə üzvlərindən 5000 manata almışdır. Torpağı cavabdehdən akt yazılmaqla almış və həmin akt icra nümayəndəliyinin möhürü ilə təsdiqlənmişdir. Torpağı alarkən torpağa aid şəhadətnamənin əsli ona verilmişdir. Bundan sonra həmin torpağı peyinləyərək yararlı vəziyyətə gətirmiş və əraziyə yonca əkmişdir. Keçən müddət ərzində həmin torpaq sahəsindən mübahisəsiz və maneəsiz istifadə etmişdir. Lakin sonradan cavabdeh torpaq sahəsinin ona qaytarılmasını tələb etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; MM-nin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, İşdə olan JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən 191 saylı planda sərhədləri göstərilmiş İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən 2,34 ha ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nin 21 may 2004-cü il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh, X5, X7, X3 və X4 ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan 1-ci tərəf, Cavabdeh, X5, X7 və 2-ci tərəf İddiaçı tərəfindən imzalanaraq İmişli RİHB-nin Xəlfəli və Kürdmahmudlu kənd İN-nin möhürü ilə təsdiq olunmuş avqust 2016-cı il tarixli Aktın surətinə əsasən JN 0314 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Kürdmahmudlu kəndində yerləşən 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı 5000,0 manata birdəfəlik satılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN 0191 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən 191 saylı planda sərhədləri göstərilmiş İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən cəmi 2,34 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair tərəflər arasında əldə olunmuş avqust 2016cı il tarixli razılaşma Aktı notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır. Ona görə də, İddiaçı torpaq üzərində sahiblik və istifadə hüququ tanına bilməz və Cavabdeh həmin akt üzrə aldığı 5000,0 manatı İddiaçı qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri qeyd edilən torpaq sahəsinin hazırkı iddiaçıya deyil, başqa şəxsə satmasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh mübahisəli torpağı Zahidə deyil, Şərafətə satmasını bildirsə də, o bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa apellyasiya şikayətinin dəlillərindən biri də iddia müddətinin tətbiq edilməməsi ilə bağlıdır. İşdən də göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, lakin onun tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə yazılı ərizə verilməsi müəyyən olunmur. Buna görə də kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlillərini əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(036)-1433/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1790/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1790/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver