Məhkəmə qərarları › İş №2(106)-1793/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1793/2023

27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1793/2023 27.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Masallı Peşə Məktəbinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və həmin məktəbə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi və ödənilməmiş tələbə təqaüdünün verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh Masallı Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Masallı Peşə Məktəbinə qarşı iddia qaldıraraq Masallı Peşə Məktəbi üzrə verilmiş 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və həmin məktəbə “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi və ödənilməmiş tələbə təqaüdünün verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, «elektrik-qaz qaynaqçısı» ixtisası üzrə Masallı Peşə Məktəbinə qəbul olmuş, dərslərdə də həmişə aktiv iştirak etmişdir. 14 aprel 2023cü ildə məktəbdə olduğu vaxt üçüncü dərs başlayarkən belində olan ağrılar kəskinləşdiyindən bu barədə direktor vəzifəsini icra edən Nümayəndə məlumat verib icazə almaqdan ötrü məktəbin inzibati binasının ikinci mərtəbəsinə qalmaq istəmişdir. Pilləkənlərlə qalxarkən, onunla rastlaşan Nümayəndə bədənində olan kəskin ağrılara görə ona icazə verməsini istəsə də, o, sözünü kəsərək, onu təhqir etmiş, əli ilə itələyərək pilləkəndən yıxmışdır. Həmin vaxt beli pilləkənin tinlərinə dəydiyindən ağrıları daha da şiddətlənmiş və ağrıdan qışqırmış, səsinə digər müəllimlər çıxmışdır. Bahaddin müəllimlə Vəfa adlı qrup yoldaşı köməkləşib onu pilləkəndən aşağı düşürmüşlər. Ağrılar kəskinləşdiyindən ayağa qalxa və hərəkət edə bilməmişdir. Həmin vaxt məktəb rəhbərliyi vəzifəsini icra edən Nümayəndə isə nəinki ona yardım edilməsinə köməklik etməmiş, ümumiyyətlə onunla maraqlanmamış, ona kömək etmək istəyən müəllim və şagirdləri də oradan kənarlaşdırmışdır. Bir neçə saatdan sonra ağrılar azaldığından hərəkət edə bilmiş, evlərinə getmişdir. Səhəri günü isə X2 rentgen müayinə olunmuşdur. Rentgen zamanı onurğa sütununda problemlər aşkar edildiyindən MRT müayinəsi məsləhət görülmüş, növbəti günlər şənbə və bazar olduğundan, həmçinin növbəti həftə Ramazan bayramı ilə bağlı bir neçə gün iş günü olmadığından aprel ayının 25-də Lənkəran Rayon Mərkəzi xəstəxanasında MRT müayinəsi olunmuşdur. Müayinə zamanı «L4-5 diskdə dural kisəni sıxan posterior santral yerləşimli 4,5 mm ölçüdə geniş əsaslı proturuziya, L5-S1 diskdə dural kisəni sıxan, kraniala yönələn anulyar fissura ilə birlikdə sağ posterorolateral yerləşimli 7,5 mm ölçüdə yırtıq olması, neyroforamenlərin sərbəst olması, sağ lateral resessdə sağ Sİ sinir kökünə tamas olması» müəyyən edilmişdir. Bununla bağlı “Masmedical Center” klinikasında ona müalicə yazılmış, müayinə ilə bağlı həkimin qəbuluna görə 15 manat, dərmanların alınmasına isə 92,81 manat pul xərcləmişdir. Sonradan isə məlum olmuşdur ki, Masallı Peşə Məktəbinin Pedoqoji Şurasının 25 aprel 2023-cü il tarixli iclası keçirilmiş, həmin iclas barədə məlumatı olmamış, iştirakı təmin edilməmiş, izahatı dinlənilməmiş və məktəbdən xaric edilməsi qənaətinə gəlinmiş, 26 aprel 2023-cü il tarixli 18 saylı əmrlə isə məktəbdən xaric edilərək adı tələbələrin say tərkibi siyahısından çıxarılmışdır. Əmrdə daxili nizamintizam qaydalarını dəfələrlə kobud şəkildə pozmağı qeyd edilsə də, konkret olaraq hansı tarixdə, hansı nizam-intizam qaydalarını pozmağı və buna görə barəsində hansı intizam tənbehinin görülməsi qeyd edilməmiş və bununla bağlı hər hansı sənədə istinad edilməmişdir. Halbuki ümumiyyətlə belə hal olmamışdır. Hərbi xidmət zamanı verilmiş xidməti xasiyyətnamədən və ərazi nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, həm hərbi xidmət zamanı, həm də mülki həyatda özünü həmişə nizam-intizamlı aparmışdır. Əgər belə hal olmuş olsaydı, müvafiq sənədləşmə aparılardı. Ancaq bu xüsusatla bağlı heç bir sənədləşmənin olmaması həmin halın mövcud olmamasını göstərir. Onu pilləkəndən itələyib yıxan, təhqir edən Nümayəndə olduğu təqdirdə, hadisədən 11-12 gün sonra onun özü məhz Pedoqoji Şuranın iclasına sədrlik etmiş və özü qeyd olunan əmri imzalamışdır. Buna səbəb isə onun hadisədən sonra müalicə almasını bilib, ondan şikayət edəcəyini düşünərək özünü sığortalamaq olmuşdur. Halbuki o, Nümayəndə şikayət etməmişdir. Əgər həqiqətən ona qarşı Şuranın protokolunda və əmrdə göstərilən hərəkətləri etmişdirsə, nəyə görə bunu həmin gün sənədləşdirməmiş, hansı səbəbdən müvafiq iclası 11 gün sonra, yəni müalicəyə başladığı gün keçirmişdir. Bu isə bir daha göstərir ki, qeyd olunan protokol və əmr yalnız onu imzalayan şəxsin özünü sığortalamaq məqsədi daşımışdır. Ancaq bu hal onun təhsil hüququnun pozuntusuna səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, “Vətən müharibəsi” iştirakçısıdır. Həmişə nizam-intizama riayət etmişdir. 14 aprel 2023-cü ildə məktəbdə olduğu vaxt belində olan ağrılar olmuş, bununla əlaqədar direktor vəzifəsini icra edən Nümayəndə icazə almaq istəmişdir. Bu səbəblə onun yanına qalxmaq istəyəndə, pilləkəndə rastlaşmış və ondan icazə almaq istəsə də, onu itələmişdir. O, həyətə düşmüş və oturmuşdur, ona kömək etməyə heç kimə icazə verməmişdir. Sonradan müalicəyə getmiş, 26 aprel 2023-cü il tarixdə ona məlum olmuşdur ki, o, peşə məktəbindən xaric edilmişdir. O, Pedoqoji Şuranın iclasına çağırılmamış, həmin iclasın keçirilməsindən məlumatı olmamışdır. İddiaçı, cavabdeh Masallı Peşə Məktəbin nümayəndəsi, direktor vəzifəsini icra edən Nümayəndə söyüb təhqir etməsi barədə suala cavab olaraq bildirmişdir ki, ona qarşı heç bir kobud ifadə işlətməmiş, əksinə Nümayəndə onun üzərinə qışqırmış, onu itələmişdir. İddiaçı vəkili Vəkil1 onunla eyni əsaslarla çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Masallı Peşə Məktəbin nümayəndəsi, direktor vəzifəsini icra edən Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuzdur. İddiaçı onun yanına gələrək belinin ağradığını bildirmiş, o isə ona aşağı düşməsini bildirmişdirdir. Bundan sonra Mənsim İbarhimov qışqırmağa və onu öldürəcəyini demiş, söyüş və təhqir xarakterli ifadələr işlətmişdir. İşçilər Şahid1, Şahid2 və Şahid4 gələrək, ona xəsarət yetirməməsi üçün Mənsimin qolundan tutmuşlar. Hadisənin baş verəndən bir gün sonra Mənsimin babası gəlmiş və onun xaric edilib-edilməməsi ilə maraqlanmış, o isə xaric edilmədiyini və Mənsimin üzr istəməli olduğunu demiş, lakin babası Mənsimin üzr istəməyəcəyini bildirmişdir. Daha sonra onlar Pedaqoji Şura çağırmışlar. O, hesab etmişdir ki, X3 iştirakı zəruri deyil. Şura növbədənkənar olmuş, sədrlik özü etmişdir. İddiaçı daxili intizam qaydaları dəfələrlə pozmuş, dərslərdə iştirak etməkdən yayınmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Masallı Peşə Məktəbinin vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid3 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində təhsil alır. 14 aprel 2023-cü ildə o, peşə məktəbinin pilləkəni ilə yuxarı qalxanda görmüşdür ki, Nümayəndə Mənsimin qolundan tutmuş, ona düş aşağı demiş və itələmişdir. Mənsim həyətə düşmüş və əyləşmişdir. Məhərrəm onun və başqalarına Mənsimə yardım etməsinə icazə verməmişdir. O, İddiaçıun Nümayəndə təhqir etməsinə şahid olmamışdır. Şahid2 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində fiziki-tərbiyə müəllimidir. Hadisə zamanı məktəbdə idman dərsi olmuşdur. O, Mənsimlə Məhərrəmin səsini eşidərək onların yanına getmiş, digər müəllimlər birlikdə onları ayırmışlar. İddiaçı Nümayəndə ünvanına “sən kimsən” və “sən nəsən” kimi ifadələr işlətmişdir. Mənsim Məhərrəm müəllimə hədə-qorxu gəlmişdir. İddiaçı internetdən istifadə etməyə görə yuxarı çıxmaq istəmiş, həmin vaxt Mənsimin narahatçılığı olmamış, o, intizam qaydalarını pozmuşdur. Şahid1 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbinin hərbi rəhbəridir. O, hadisə zamanı dəhlizdə olmuşdur. Məhərrəmin Mənsimə aşağı düşməsini demiş, Mənsimin isə ona düşmək istəmədiyini bildirmişdir. Məhərrəm bir çox dərslərdə iştirak etmək istəməmişdir. Mübahisənin səbəbi uşaqlar arasında təxribat olmuşdur. Mənsim ona qarşı nalayiq ifadələr işlətmişdir. O, Pedaqoji Şuranın üzvüdür, Pedoqoji Şuranın iclasına Mənsim çağırılmamış, iclası Nümayəndə çağırmışdır. Pedaqoji Şuranın iclasında Mənsimin Peşə məktəbindən xaric olunması qərara alınmışdır. Şahid4 ifadəsində bildirdi ki, Masallı Peşə Məktəbində baş mühasibdir. Hadisə vaxtı səsə otaqdan çıxmış, Məhərrəm Mənsimə aşağı düşməyi ilə bağlı təkid etmiş, lakin Mənsim düşməyərək Məhərrəmə qarşı nalayiq ifadələr işlətmişdir. Şahid2lə və Şahid1la birlikdə Məhərrəmə xəsarət yetirməməsi üçün Mənsimin qolundan tutmuşlar Şahid X1 ifadəsində bildirdi ki, o, Masallı Peşə Məktəbində təmirçi-çilingər qrupunun ustasıdır. Mənsimin ağrısının olduğu dediyini və Mənsimlə Məhərrəmin arasında kiçik münaqişənin olduğunu görmüşdür. O, səs-küyə gəlmiş, lakin hadisənin nəyə görə baş verdiyini bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi (Hakim: H.Bəhmənov) ilə, iddianın qismən təmin edilməsi, Masallı Peşə Məktəbi üzrə verilmiş 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və İddiaçı “Elektrik-qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi, iddia ödənilməmiş tələbə təqaüdünün verilməsi hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən “Peşə təhsili” haqqında Qanunun 16, 18 və “Təhsil haqqında” Qanunun 32-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Masallı Peşə Məktəbi apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Peşə Məktəbi Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Masallı Peşə Məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Peşə Məktəbi Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsini cavabdeh Masallı Peşə Məktəbinin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: “Peşə təhsili” haqqında Qanunun aşağıda qeyd olunan maddələrinə əsasən; -16.1. Peşə təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. -16.6. Dövlət peşə təhsili müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. -18.1.Peşə təhsili sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. -18.2. Peşə təhsili sahəsində təhsilalanlar dövlət tərəfindən zəmanət verilən aşağıdakı hüquqlara malikdirlər: -18.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; -18.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsil verənləri, təhsilalma formasını, yarımilliklər üzrə kreditlərin miqdarını, tədris planlarına uyğun olaraq tədris fənlərini və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək -18.2.3. şəxsiyyətin alçaldılmasına yönəlik hərəkətlərin bütün formalarından, sağlamlığa zərər vuracaq fiziki, mənəvi və psixoloji zorakılıq hallarından qorunmaq; -18.2.4. təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; -18.2.5. tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq pozuntuları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq; 18.3. Peşə təhsili sahəsində təhsilalanların vəzifələri aşağıdakılardır. 18.3.1. dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək; 18.3.2. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək; 18.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 18.3.4. əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək; 18.3.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 18.3.6. qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan kiçik-çavuş İddiaçı 2-ci haubitsalı artilleriya divızionunun 5ci haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 3-cü topun komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü intizamlı hərbi qulluqçu kimi göstərmişdir. 3-cü topun komandiri kımı öz vəzifəsinin öhdəsindən layiqincə gəlir. O, yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları yerinə yetirir. 3-cü topun komandiri kımı öz vəzifə yaxşı borcunu bilir Nizamnamələrin tələblərini yerinə yetirir. Günün nizam qaydalarına riayət edir Döyüş və ictımai-siyasi hazırlığı dərslərində fəal iştirak edir. Digər hərbi qulluqçular arasında yüksək nüfuza malikdir. İkinci Qarabağ döyüşlərində iştirak edib. Hərbi xidmətə münasibəti yaxşıdır. Fiziki cəhətdən sağlamdır. Masallı RİHB-nin Türkoba kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, İddiaçı subaydır, hazırda valideyinləri ilə birlikdə yaşayır. Zəhmətkeş bir ailədən olmaqla yanaşı özü də zəhmətkeşdir. Valideynlərinə qarşı diqqətcil, ağsaqqalların hörmətini saxlayan, yaşıdları arasında hörmət qazanmış bir gəncdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə İddiaçı barədə heç bir mənfi məlumat daxil olmamışdır. Masallı peşə Məktəbinin pedaqoji şurasının 25 aprel 2023-cü il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, iclasda 13 nəfər iştirak etmiş, 4 nəfər-Şahid1-məktəbin hərbi rəhbəri, Vüsal Əliyev- “Elektrik qaz qaynaqçısı” qrupunun istehsalat təlimi ustası, Mirşahid Cəfərovixtisas fənn müəllimi, Emilya Ağayeva- “Dərzi” qrupunun istehsalat təlimi ustası çıxış etmişlər. Məktəbin daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə, məktəbin Tİİ üzrə direktor müavini Nümayəndə şərəf və ləyaqətinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə və ona fiziki zor tətbiq etmək istədiyinə görə “Elektik qaz qaynaqçısı” qrupunun tələbəsi İddiaçı məktəbdən xaric edilmiş və onun adı tələbələrin say tərkibindən çıxarılması qərara alınmışdır. Tələbələrin məktəbdən xaric olunması barədə 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrdən görünür ki, “Elektrik - qaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrup tələbəsi İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna görə məktəbdən xaric edilmişdir və onun adı 26 aprel 2023- cü il tarixdən tələbələrin say tərkibi siyahısından çıxarılmışdır. Cavabdeh Masallı Peşə Məktəbinin direktor vəzifəsini icra edən Nümayəndə izahatında qeyd etdiklərindən əlavə məhkəməyə etiraz ərizəsi təqdim etmiş, həmin etirazda göstərmişdir ki, iddia tam əsassız və qanuna ziddir. Nümayəndə məktəbin direktor əvəzləyicisi olaraq tələbələrin bütün təlim-tərbiyyəsi ilə maraqlanır. İddiaçı dəfələrlə məktəbin daxili nizam-intizam qanunlarını pozmuş, tələbə yoldaşlarına və müəllimlərinə qarşı hörmətsizlik etmişdir. İddiaçının bu hərəkətlərinə istər tələbələr, istərsədə müəllim heyəti onun 44 günlük Vətən müharibəsində iştirak etməsini nəzərə almışlar. İddia ərizəsində hadisənin tam əksi yazılmışdır. İddiaçı dərs vaxtı məktəbin inzibati binasının 2-ci mərtəbəsində olarkən ona yaxınlaşaraq belinin ağrıdığını bildirmişdir. O isə aşağa düşməsini və sinif otağında gözləməsini bildirmişdir. Mənsim onu təhqiramiz söyüşlərlə söyərək, üzərinə hücum çəkmək istədikdə yaxınlıqda olan müəllimlər araya girərək iddiaçını binadan uzaqlaşdırmışlar. Hadisə 14 aprel 2023-cü il tarixdə olmuş və bu barədə müəllimlərin iştirakı ilə akt tərtib edilmişdir. İddia ərizəsində qeyd etmişdir ki, guya Bahaddin müəllim və Vəfa adlı qrup yoldaşı ona köməklik edərək pilləkəndən düşürmüşlər. Hadisə vaxtı nə Bahaddin müəllim, nə də Vəfa adlı tələbə orada olmamışdır. Şahid3 30 mart 2023- cü il tarixdə sinifdə ona qarın nahiyəsindən təpiklə vurmuşdur. Bu hadisədən sonra onun izahatı alınmış, ondan üzr istəmiş və o da onu bağışlamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, hadisə 14 aprel 2023-cü il tarixdə olmuş, lakin şuranın iclası 25 aprel 2023-cü il tarixdə keçrilmişdir. İddiaçının babası onun evinə gəlmiş və hadisəni ona danışmışdır. Onların fikri tələbəni məktəbdən kənarlaşdırmaq olmamışdır. Həmin müddət ərzində o, məktəbə gəlməmiş, hadisə ilə bağlı izahat verməmiş, müəllimi tərəfindən də, dəfələrlə ona və babasına pedoqoji şuranın keçiriləcəyi iclasın yeri və vaxtı barədə məlumat vermək istəsə də, qarşı tərəf telefonları açmamışdır. Mənsimi vurmamışdır, əgər vurmuş olsaydı, o, polisə və prokurorluğa çoxdan şikayət etmiş olardı. İddia əsassızdır və ona görə də rədd olunmalıdır. 24 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Türkoba Kənd sakini hazırkı işdə İddiaçı Peşə məktəbinin direktoru Nümayəndə onu itələməsi nəticəsində yıxıldığı, bu səbəbdən də, belində ağrıların artdığı barədə araşdırmanın nəticəsi olaraq ərizədə göstərilənlərin təsdiq olunmaması əsası ilə cinayət işinin rədd edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı təhsil hüququ pozulmuşdur. Belə ki, cavabdeh Masallı Peşə Məktəbinin direktor əvəzi Nümayəndə, İddiaçıun onun şərəf və ləyaqətinə hörmətsizlik ifadə edən təhqilər və nalayiq sözlər işlətməsini bildirmiş olsa da, həmin hallar öz təsdiqini tapmamışdır. Həm birinci instansiya məhkəməsi həm də apellyasiya icraatı zamanı araşdırmadan müəyyən edilmişdir ki, Nümayəndə Pedoqoji Şuranın sədri kimi, özü iclası toplamış, İddiaçı iştirakı təmin olunmamış, özünün sədr olduğu iclasın qərarı ilə, Peşə Məktəbinin adından iddiaçının məktəbdən xaric edilməsi barədə əmr vermişdir. Bundan başqa Nümayəndə bütün şifahi və yazılı izahatlarında qeyd etmişdir ki, İddiaçı ondan üzr istəyəcəyi halda, bağışlayacaqdır. Bu da ona əsas verir ki, Məhərrəm Fəyyatev qərəzli hərəkət nümayiş etdirmişdir. Halbuki peşə məktəbinin direktoru nəzərə almalıdır ki, peşə təshsili haqqında qanuna əsasən təhsil alan şəxsin həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, müəyyən çatışmazlıqların (nitq pozuntuları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq; kimi hüquqları müəyyən edilmiş və bu hüquqlardan məhrum olunması yolverilməzdir. Bundan başqa o, da qeyd olunmalıdır ki, təhsil alan şəxslərin dövlət təhsil standartlarına uyğun praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək; ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək; təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək, mühəndis pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; əmək alətləri, avadanlıqlar və digər ləvazimatlarla ehtiyatla davranmaq, təhlükəsizlik tədbirlərinə əməl etmək; kimi vəzifələri müəyyən edilmiş, bu vəzifələrə İddiaçı tərəfindən əməl olunmaması da, müəyyən edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq Masallı Peşə Məktəbi üzrə verilmiş 26 aprel 2023-cü il tarixli, 18 saylı əmrin etibarsız hesab edilməsi və İddiaçı “Elektrikqaz qaynaqçısı” ixtisası üzrə ******* nömrəli qrupa bərpa edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Masallı Peşə Məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)1910/2023 saylı, 08 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar