Məhkəmə qərarları › İş №2(106)-1794/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1794/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1794/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 23 aprel 2016-cı ildə doğulmuş X8 və 16 oktyabr 2017-ci ildə doğulmuş X6 dövlət tərəfindən verilən 6300 manat müavinət pullarının uşaqların saxlanılması üçün alınıb ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda qətnamədən apellyasiya şikayəti vermənin qanunla müəyyən olunmuş müddətini keçirdiyindən həmin müddətin bərpa olunması barədə vəsatət vermişdir. Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(050)-374/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və mülki işin apelyasiya məhkəməsinə göndərilməsinə dair iş üzrə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadından iş üzrə İddiaçı verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2(106)-1455/2023 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, mülki işin MPM-in 363.1.5-ci maddəsinə əsasən və sonrakı prosesual hərəkətlər edilməsi üçün Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(050)-374/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından yenidən şikayət vermiş və iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən Masallı Rayon Məhkəməsinin 31 may 2023cü il tarixli 2(050)-374/2023 saylı qərardadından verilmiş şikayətə münasibətdə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.3-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı şikayətinə baxılsa da, yekunda məhkəmə MPM-in 269-cu maddəsinə uyğun hər hansı qərar qəbul etməyərək, iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Bundan əlavə, Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)- 374/2023 saylı qərardadından hazırkı şikayətin verilməsi zamanı qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, onun bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmiş və müddət bərpa edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı iş” üzrə 28 may 1985-ci il tarixli, “Bellet Fransaya qarşı iş” üzrə 04 dekabr 1995-ci il tarixli və digər qərarları ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Qeyd edilməlidir ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Masallı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(050)-374/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinin tələblərinə uyğun baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar