Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1795/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli 2(032)-482/2023 saylı qətnaməsindən (hakim C.Mustafayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 6000 manat əsas məbləğ, 1395 manat cərimə olmaqla, cəmi 7395 manat pulun və 93.95 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində sahibliyində olan 0.20 hektar torpaq sahəsinə aid sənədləri itirmişdir. Həmin sənədləri bərpa etmək üçün hüquqi yolları axtarmış, 2019-cu ilin sentyabr ayında Cavabdeh bu sahədə təcrübəyə malik olduğunu, sənədləri bərpa edəcəyini və Əmlak Məslələri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsində adıçəkilən torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldıraraq, mülkiyyət hüququnun təsdiq edən çıxarışı alacağını söz vermiş, əvəzində isə 6000 manat xidmət haqqı istəmiş, onun dediyinə inanaraq ona 6000 manat pul vermişdir. Müəyyən müddət keçəndən sonra ona tapşırdığı işin hansı mərhələdə olması barədə sual vermiş, o, cavab verərək bildirmişdir ki, “narahat olma həll edəcəyəm”. Hər dəfə soruşanda həll edəcəyini demişdir. Nəticədə ona məlum olmuşdur ki, bu adam onu aldadır, verdiyi 6000 manat məbləği geri istəyəndə isə telefon zənglərinə cavab verməyərək, pulu qaytarmaqdan yayınmışdı. Aldadıldığını anlayaraq 22 sentyabr 2020-ci il tarixində Sabunçu rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, idarənin baş müstəntiqi X8 cavabdehin əməlində cinayət tərkibinin yaranmaması səbəbiylə 08 iyun 2022-ci tarixli qərarı ilə cinayət işının başlanmasını rədd etmişdir. Həmin qərarda hazıkı tələb üzrə mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh müstəndiqə verdiyi izahatında 4500 manat pulu aldığını, sözügedən torpaq sahəsi ilə bağlı hansısa sənəd əldə etdiyini bildirmişdir. Lakin dedikləri yalandır. Ona sahibliyində olan 0.20 hektar torpaq sahəsinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər İdarəsində qeydiyyata aldırmaq üçün müvafiq sənədləri yığıb təqdim etməyi və mülkiyyət hüququnu təsdiq edən çıxarışı almaq tapşırığını vermişdir. Cavabdehin sərgilədiyi səmimiyyətinə inanaraq onunla tapşırıq müqaviləsi bağlamamışdır. Cavabdeh müqavilə və qanuni əsas olmadan verdiyi 6000 manat hesabına varlanmışdır. Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsi 7.75 faiz təşkil edir. Cavabdehə 2019-cu ilin sentyabr ayından verdiyi 6000 manat pulu özündə qanunsuz saxlayır. Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyənləşdirdiyi 7.75 uçot dərəcəsi ilə 2019-cu ilin sentyabr ayından bu günə qədər 6000 manat pulun faizi 1395 manat təşkil edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbə Bələdiyyəsinin 06 aprel 2006-cı il tarixli 34 nömrəli qərarı ilə 3000 (üç min) kv.metr torpaq sahəsi rəsmən ona satılmışdır. Bir il bundan sonra yəni təxminən 2007-ci il tarixdə hazırki iş üzrə iddiaçı olan İddiaçı 1000 (bir min) kv.metr və onun atası Mirzəyev Şəmşirə 1000 (bir min) kv.metr, cəmi 2000 (iki min) kv.metr torpaq sahəsini 6000 (altı min) manata satmışdır. Bundan sonra onun iddiaçıya verdiyi sənədlər əsasında iddiaçı həmin torpaq sahəsinə dair şəxsi mülkiyyətinə məxsus çıxarış sənədini almışdır. Elə həmin vaxtdan da sözügedən torpaq sahəsi və bu torpaq sahəsinə bitişik olan əlavə 300 (üç yüz) kv.metr torpaq sahəsi də qanunsuz olaraq onların istifadəsindədir. Əslində iddiaçının məqsədi onlara satdığı 2000 (iki min) kv.metr torpaq sahəsinə bitişik və qanunsuz istifadələrində olan əlavə 300 (üç yüz) kv.metr torpaq sahəsini də onların adına sənədləşdirməsi üçün onu şantaj etməkdən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, iddiaya qarşı vermiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmamasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli 2(032)-482/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 4500 (dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Şağan qəsəbə Bələdiyyəsinin 6 aprel 2006-cı il tarixli 36 nömrəli qəraı əsasında ona məxsus 3000 kv.metr torpaq sahəsindən iddiaçı və atası Mirzəyev Şəmşirlə razılaşaraq hər birinə 1000 kv.metr olmaqla cəmi 2000 kv.metr torpaq sahəsini 6000 (altı min) manata satmışdır. İşin bu halına Şağan qəsəbəsində yaşayan bütün qonşuları da şahiddir. Hətta onların bir qismi tərəfindən tərtib edilən akt, bunun təkzibedilməz hüquqi əhəmiyyətli sübutdur. Məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, ifadəsinə, şahidlərin ifadəsinə heç bir qiymət verilməmişdir. İddiaçı iddia ərizəsində ondan 6000 (altı min) manat tələb etməsinə baxmayaraq, iş materiallarında olan Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 8 iyun 2022-ci il tarixli qərarında 4500 (dörd min beş yüz) manat yazıldığı halda, məhkəmə iddiaçının yalanını aşkar edib hüquqi qiymət verməmişdir. Məhkəmə iş üçün hüquqi əhəmiyyətli hesab etdiyi həmin qərarda mövqeyini nədənsə “yalan” saydı. Bu onu sübut edir ki, məhkəmə aşkar surətdə işə qərəzli baxmışdır. Birinci instansiya məhkəməsi şahidlər X5, X6 və X1 ifadələrini sübut hesab etməmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən hüquqlarını pozan ədalətsiz bir qətnamə qəbul edilmişdir. c)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apelyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Şağan bələdiyyəsinin 6 aprel 2006-cı il tarixli 34 nömrəli qərarına əsasən qəsəbənin yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən 300 kv.metr torpaq sahəsinin Bakı şəhər sakini Cavabdeh satılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şağan bələdiyyəsi ilə Cavabdeh arasında 6 aprel 2006-cı ildə bağlanmış “Torpaqların alqı-satqısına dair Akt”a əsasən bələdiyyə ərazisindən 300 kv.metr torpaq sahəsi bələdiyyənin 6 aprel 2006-cı il tarixli 34 nömrəli qərarına əsasən 540 manata satılmışdır. 20 aprel 2006-cı il tarixli mədaxil qəbzinə əsasən 540 manat vəsait bələdiyyə büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş icarədar Şağan bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında 28 sentyabr 2007-ci ildə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin surətindən görünür ki, icarədar tərəfindən 3000 kv.metr torpaq sahəsi illik icarə haqqı 18 manat müəyyən edlilməklə 40 il müddətinə icarəçiyə icarəyə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstındaq Şöbəsinın baş müstəntiqi X8 tərəfindən qəbul edilmiş 8 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı 22 sentyabr 2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında bildirmişdir ki, təxminən 3 il öncə İddiaçı Şağan qəsəbəsində olan 0.20 hektar torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona hissə-hissə olmaqla ümumilikdə 4500 manat pul vermiş, həmin pulun müqabilində sənədlərin bir hissəsini əldə etmiş, qalan hissəsini isə idarələr fəaliyyət göstərmədiyindən əldə edə bilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir, 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin mübahisəsiz müəyyən olunan halları ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Şağan qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsi ilə bağlı münasibətlər olmuş, bu məqsədlə iddiaçı cavabdehə pul vermişdir. İşin mübahisəli halları isə ondan ibarətdir ki, iddiaçı cavabdehə bu məqsədlə 2019-cu ilin sentyabr ayında 6000 manat məbləğində pul verdiyini, lakin cavabdehin danışdıqları kimi torpaq sahəsini onun adına sənədləşdirmədiyini, pulunu qaytarmadığını bildirir. Cavabdeh isə İddiaçı tərəfindən Şağan qəsəbəsində olan 0.20 ha torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona hissə-hissə olmaqla ümumilikdə 4500 manat pul verildiyini, həmin pulun müqabilində sənədlərin bir hissəsini əldə etdiyini, qalan hissəsini isə idarələr fəaliyyət göstərmədiyindən əldə edə bilmədiyini bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı qeyd etmək istəyir ki, cavabdeh torpaq sahəsinin sənədləşdirilməsi üçün cavabdehə 6000 manat pul verdiyini bildirsə də, təqdim etmiş olduğu sübut yalnız Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 8 iyun 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı olmuşdur, hansındaki cavabdeh iddiaçıdan 4500 manat pul aldığını etiraf etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 6000 manat pulun cavabdehə verilməsini təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, iddia cavabdeh tərəfindən etiraf olunan 4500 manat pulun verilməsi hissədə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, cavabdeh iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazında, apellyasiya şikayətinin dəlillərində 2007-ci il tarixdə iddiaçı olan İddiaçı 1000 kv.metr və onun atası Mirzəyev Şəmşirə 1000 kv.metr, cəmi 2000 kv.metr torpaq sahəsini 6000 manata satdığını bildirsə də, 2022-ci ildə iddiaçının şikayəti əsasında Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma zamanı 3-il bundan öncə iddiaçı Elvin Mizəyevdən torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə 4500 manat pul aldığını etiraf etmişdir. Qeyd edilən halın mövcudluğunu nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin məhkəmə baxışında gətirdiyi dəlilləri inandırıcı hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən olunur. Hazırki iş üzrə iddianın qiyməti 7395 manat, təmin olunan hissədə 4500 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır və prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 6 iyun 2023-cü il tarixli 2(032)-482/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1795/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1795/2023
29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver