Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1813/2023 29.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Pərviz Tərlan oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini icra edən X2, Cavabdeh iştirakı ilə, İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini icra edən X2 Cavabdeh qarşı “bələdiyyənin möhür, ştampının və maliyyə sənədlərinin təhvil verilməsi” barədə iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)- 979/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun qərarı ilə həmin bələdiyyənin sədri Cavabdeh vəzifəsindən azad edilmiş və bələdiyyə sədrinin vəzifəsinin icrası X3 həvalə olunmuşdur. Bələdiyyənin möhür, ştamp və maliyyə sənədləri Cavabdeh qalmışdır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini icra edən X5 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək “bələdiyyənin möhür, ştampının və maliyyə sənədlərinin ona təhvil verilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.3.2-ci maddəsinə əsasən bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barəsində təkbaşına sərəncam verdiyinə görə xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun qərarı ilə bələdiyyə üzvlərinin yarısından çoxunun səsverməsi ilə İddiaçı sədri Cavabdeh vəzifəsindən azad edilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə əsasən, vəzifəsindən azad edilmiş bələdiyyə sədri bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri 10 gün müddətində yeni seçilmiş bələdiyyə sədrinə təhvil vermək əvəzinə bələdiyyənin Azərpoçtun İmişli filialındakı hesabı üzərində sərəncam verib qanunsuz əməliyyat aparmaqla pul vəsaitini mənimsəyərək özbaşınalıq edir. İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclasında bələdiyyənin sədri vəzifəsinin icrası ona (Qalib Nağıyevə) həvalə edilmişdir. Bu fakt bələdiyyə üzvlərinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolu ilə təsdiq olunur. Bələdiyyənin keçmiş sədri Cavabdeh qanunsuz hərəkətləri barədə İmişli regional ədliyyə idarəsinə, inzibati orqanlara yazılmış ərizələrin müsbət nəticələri olmamış, tövsiyyə edilmişdir ki, bələdiyyənin möhür, ştamp və sənədlərinin alınması barədə məhkəmədə iddia qaldırılsın. Məhkəmə iclasında iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı qərarı qanunsuz olduğundan hüquqi nəticə doğurmamışdır. Belə ki, bələdiyyə sədri kimi xx.xx.2022-ci il tarixdə iclas çağırmamış və bələdiyyənin həmin tarixli 04 saylı iclas protokolu adları qeyd olunan bələdiyyə üzvləri tərəfindən imzalanmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı iclas protokolunun surəti idarəyə təqdim olunmuş, lakin bələdiyyənin möhürü ilə təsdiq olunmadığından qəbul edilməmişdir. İzahatında bildirmişdir ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 04 saylı qərarının qanunazidd olub-olmaması məsələsi həll edilənədək müvafiq bələdiyyə qurumu ilə aparılan işlər dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli iclası bələdiyyə üzvlərindən yarısından çoxu iştirak etdiyindən səlahiyyətli olmuşdur. Bələdiyyə sədri Cavabdeh bələdiyyə iclaslarını çağırmaması, bələdiyyə adından təkbaşına qərarlar verməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün səy göstərməməsi əsas tutularaq İddiaçı üzvlərinin yarısından çoxunun lehinə səsverməsi ilə Cavabdeh bələdiyyə sədri vəzifəsindən azad edilərək həmin vəzifəyə X1. Ona görə də bələdiyyənin möhür və ştampı, o cümlədən maliyyə sənədləri Cavabdeh alınıb İddiaçınə təhvil verilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16, 19-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi bələdiyyə iclasının qanun pozuntusu ilə həyata keçirilməsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 150.1.3, 77.1, 88-ci maddələrinin tələbləri pozulaq iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İddiaçının həmin ərizəyə bələdiyyə sədri kimi imzalamağa səlahiyyətli olmasını təsdiq edən sənəd, bələdiyyə möhürü, ştampı olmamışdır. Məhkəmə bu hala qiymət verməyib. Sübutları əsaslı olsa da məhkəmə tərəfindən qiymətləndirilməyib. Hesab edir ki, mülki işə obyektiv, qərəzsiz və hərtərəfli məhkəmə baxışı təmin edilməyib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İmişli rayon Qulubəyli bələdiyyəsinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəisi İ.Orucov 16 noyabr 2023-cü il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu; Maddə 16. Bələdiyyənin iclası
1. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
2. Bələdiyyənin iclasları bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıla bilər. Bələdiyyə ərazisində yaşayan səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyini onun çağırılması təşəbbüsünü irəli sürənlər müəyyənləşdirir. Bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılan iclasın gündəliyinin layihəsi onun çağırılması təşəbbüsünü irəli sürənlər tərəfindən təsdiq edilmək üçün bələdiyyə iclasının müzakirəsinə çıxarılır. Bələdiyyə sədri və ya sədr olmadıqda onun səlahiyyətlərini həyata keçirən müavini iclası çağırmadıqda və ya onun keçirilməsinə bilavasitə və ya digər şəxslərin köməyi ilə hər hansı formada mane olduqda, iclasın çağırılması təşəbbüsünü irəli sürən bələdiyyə üzvləri bu maddənin 1-ci hissəsinə uyğun olaraq iclasda bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda özləri iclas keçirə bilərlər. Bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə iclas keçirilmədikdə, həmin təşəbbüskarlar kollektiv şəkildə inzibati nəzarəti həyata keçirən orqana və (və ya) məhkəməyə müraciət edə bilərlər.
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Maddə 19. Bələdiyyənin sədri və sədr müavini
1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
2. Ehtiyac olduqda bələdiyyə bələdiyyə sədrinin müavinlərini seçir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; 3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla); 4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə; 5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə; 5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; 6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.
6. Səlahiyyət müddəti bitən və ya vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri və ya bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxs 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı saymır; İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixli iclası bələdiyyə üzvlərindən yarısından çoxu iştirak etdiyindən səlahiyyətli olmuşdur. Odur ki, cavabdeh “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, vaxtından əvvəl vəzifədən azad edilən bələdiyyə sədri kimi 10 gün müddətində bələdiyyənin fəaliyyəti ilə bağlı bütün sənədləri bələdiyyənin yeni sədrinə (bələdiyyə sədrinin vəzifələrini həyata keçirən şəxsə) təhvil verməlidir. Qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(036)-979/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.