Məhkəmə qərarları › İş №2(106)-1814/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1814/2023

28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1814/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsindən üçünçü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh “X4” ASC-nə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş 13689 manat 60 qəpik ziyanın, 240 manat aylıq ödəncin verilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: xx.xx.1990-ci ildə X4 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödəniş edilmiş, sonra “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq DSMF tərəfindən ona 80%-lə 1 noyabr 2008-ci il tarixdən 60 manat, 1 fevral 2016-cı il tarixdən 66 manat, 1 yanvar 2022-cı il tarixdən 240 manat müavinət ödənilmişdir. Həmin müavinətin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Mudafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının ona ünvanladığı xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Dayadırmanının səbəbi kimi xx.xx.2014-cü il tarixdən "Quruda Neft və Qazçıxarma” İB-nin Əli X8 bazasının özələşdirilməsinin başa çatması göstərilmişdir. Bundan başqa məktubda xx.xx.2014-cü il tarixindən xx.xx.2022-cı il tarixinədək 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq ödəmə müəyyən edildiyi, həmin artıq ödəmənin onun pensiyasından tutulması haqqında Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərar qəbul edildiyi göstərilmişdir. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 saylı məktubunda isə göstərilir ki, 16 06.2022-ci il tarixli 108950 nömrəli Qərara əsasən müavinət işi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş 6738 (altı min yeddi yuz otuz səkkiz manat) manat məbləğində artıq ödənmiş vəsait əlilliyə gorə əmək pensiyasından aylıq 53 manat 47 qəpik olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulma aparılır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən üzərinə düşən vəzifələri yerinə yetirib vaxtında müəssisənin özəlləşdirilməsi başa çatdığı barədə ona məlumat verilsəydi, o da aylıq ödənci cavabdeh müəssisədən tələb edə bilərdi. Cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək minimum aylıq əmək haqqının 80 faizi olan 13689 manat 60 qəpik məbləğində pul ödəməli idi. 2006-2018-ci illər ərzində Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikası belə olmuşdur: 2006-cı ilin oktyabrından - 30 AZN, 2007-ci ilin fevralından - 50 AZN, 2008-ci ilin yanvarından - 60 AZN, 2008-ci ilin avqustundan - 75 AZN, 2010-cu ilin sentyabrından - 85 AZN, 2011-ci ilin dekabrından - 93,50 AZN, 2013-cü ilin sentyabrından - 105 AZN, 2017-ci ilin yanvarından - 116 AZN, 2018-ci ilin yanvarından - 130 AZN, 2019-cu ilin martından - 180 AZN, 2019-cu ilin sentyabrından - 250 AZN, 2022-ci il yanvarın 1-dən - 300 AZN. Özəlləşdirmə prosesində dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış "Əli X8" ASC Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dovlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən çevrilən müəssisə Əli X8 bazasının hüquqi varisi sayılır. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmiş məlumatdan görünür ki, “X12 Alətləri" ASC 25 dekabr 2001-cı il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Fəaliyyətinin dayındırılması barədə heç bir məlumat qeyd edilməmişdir. Cavabdehə istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş 6738 (altı min yeddi yüz otuz səkkiz manat) manat zıyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçun sağlamlığına dəymiş ziyanın ödənilməsi barədə müraciət olunsa da nəticəsi olmamışdır. İddiaçı sonra tələbini dəqiqləşdirmiş (azaltmış), xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 (altı min yeddi yüz otuz səkkiz) manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1104 (bir min bir yüz dörd) manat məbləğində istehsalat qəzası nəticəsində sağlamlığına vurulmuş zərərin cavabdeh “Əli X8” Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanın ödənilməsi vəzifəsinin həmin müəssisəsinin üzərinə qoyulması və mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən iddiaya dair onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi bildirmişdir ki, istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş, işciyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin şərtlərinə uyğun olaraq işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və teşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin Əli X8 bazasının özəlləşdirilməsi başa çatmışdır. Əli X8 bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-cl İl tarixədək davam etdirilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. İddiaçı pensiyasından xx.xx.2022-ci il tarixdən 53,4761 manat məbləğində pənsiya ödənişinin xx.xx.2032-ci il tarixədək tutulması qərara alınmışdır. Üçüncü şəxsin nümayəndəsi ödənişin tam olaraq cavabdehin üzərinə qoyulmasını düzgün hesab edərək mövqeyini belə əsaslandırmışdır ki, müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin (müəssisənin) vəzifəsi kimi müəyyən olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X8 bazasının hüquqi varisi olan Əli X8 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. Müəssisənin fəaliyyətinin dayandırılması onun ləğv olunması kimi qiymətləndirilə bilməz. Şirvan Şəhər Məhkəməsinin (hakim E.Hümbətov) 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Əli X8” ASC-dən 31 may 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək 1600 (bir min altı yüz) manat, 01 yanvar 2023-cü il tarixədən 31 aprel 2023-cü il tarixədək 1104 (bir min yüz dörd) manat, cəmi 2704 (iki min yeddi yüz dörd) manat məbləğində pul və ondan sonrakı dövrlər üçün sosial ödənişlərin, mediasiyaya çəkilən 50 manat xərcin əvəzinin alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən üçünçü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində, yəni 2010-cu ildən 2022-ci ilədək müddət üzrə ödənişlərin verilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Adıçəkilən Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Həmin Qaydalar, şərtlər və məbləğin 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində dəymiş zərərə görə aylıq ödəncin məbləği zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin azalma faizi miqdarında müəyyən edilir. İşin hallarından isə aydın olur ki, Dövlət Sosial Müdafiə Fondu həmin ödənişi xx.xx.2010-cu il tarixdən müəssisənin özəlləşdirilməsinin başa çatdığı tarixədək yəni, 2014-cü il tarixədək ödəməli olduğu halda, 2022-ci il tarixədək ödəmişdir. Lakin həmin ödəniş 2014-cü il tarixdən Əli X8 bazasının hüquqi varisi olan “Əli X8” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən üçünçü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin nümayəndəsi F.Hüseynzadə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin qismən- iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya 2010-cu ildən müavinət təyin olunmuşdur. Lakin onun işlədiyi və cavabdehlik daşıyan müəssisə 2014-cü ildə özəlləşdirilmişdir. Müəssisənin özəlləşdirməsi başa çatan vaxtdan, yəni xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək müddətdə 6738 manat artıq pul- müavinat ödənilmişdir. Həmin məbləğ İddiaçı hissələrlə tutulacaqdır, ona görə iddiaçıya müəssisə tərəfindən ödənilməlidir. İddiaçı və cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Üçünçü şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF qətnaməni xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək müddət üzrə iddiaçıya 6738 manat ödənclərin verilməsindən imtina edilməsinə dair hissədə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: İddiaçı X4 bazasında işdə olduğu vaxt bədbəxt hadisə nəticəsində xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş, xəsarətlə bağlı 1992-ci ildə 2-cı qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən ona aylıq ödənişlər edilmiş, sonra “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq DSMF tərəfindən müavinat verilmişdir. Müəssisənin özəlləşdirilməsi prosesı başa çatdığı üçün DSMF tərəfindən verilən müavinat xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. DSMF-nin məlumatına görə, iddiaçının işlədiyi müəssisənin özəlləşməsi xx.xx.2014-cü ildə başa çatdığından iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738,00 manat artıq müavinat ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 dekabr 2022-ci il tarixli məktundan görünür ki, Keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 16 noyabr 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Quruda Neft və Qazçıxarma” X5 X8 Bazasının əsasında “Əli X8” ASC yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq 25 noyabr 2014-cü il tarixində “Əli X8” ASC-nin səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Həmin tarixdən səhmdar cəmiyyəti tam özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Beləliklə, iddiaçının işlədiyi müəssisənin özəlləşdirilməsi 25 noyabr 2014-cü ildə başa çatmışdır. Bununla yanaşı, DSMF tərəfindən müavinatın verilməsi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına uyğun olaraq xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Hazırki tələbində iddiaçı, “X4” ASC-dən istehsalat qəzası nəticəsində sağlamlığa vurulmuş ziyana görə, xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək müddət üzrə 6738 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddət üzrə 1600 manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək müddət üzrə 1104 manat ödəniş tələb etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119-cu maddəsinə əsasən: 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Birinci instansiya məhkəməsi müəssisənin özəlləşməsi başa çatdığı xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddət üzrə ödəncin müəssisənin hesabından verilməsindən imtina etmişdir. Çünki həmin müddət üzrə iddiaçıya DSMF tərəfindən müvafiq qaydada hesablanmış müavinət ödənilmişdir. Üçüncü şəxs qətnaməni ona görə mübahisələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə əsasən özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün ödənilir. İddiaçının işlədiyi müəssisənin özəlləşməsi xx.xx.2014-cü ildə başa çatdığından xx.xx.2022-ci ilədək olan müavinatlar iddiaçıya əsassız ödənilmişdir. Ona görə DSMF tərəfindən həmin müavinətın geri tələb edilməsi barədə qərar da qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin təmin edilməsi üçün əsas tapmır. Əvvəla, məhkəmə düzgün olaraq mübahisələndirilən hissədə iddianı təmin etməmişdir. Çünki artıq, sözügedən müddət üzrə iddiaçıya müvafiq qaydada hesablanmış müavinat ödənilmişdir. Həmin müddət üzrə ona əlavə olaraq ödənclərin verilməsinin təmin edilməsi əsassız varlanmaya səbəb olardı. Digər tərəfdən, DSMF öz şikayətində artıq ödənilmiş müavinətin geri tutulmasına istinad etsə də işin hallarından müəyyən edilir ki, DSMF-nin sözügedən qərarı İddiaçı tərəfindən inzibati məhkəmədə mübahisələndirilmişdir. Müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarın ləğv edilməsi, müavinət məbləğindən tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və tutulmanın icra olunmasının “Əli X8” ASC-yə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarı “xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində ləğv edilmişdir. İnzibati məhkəmənin qərarı hazırda qüvvədədir. Kollegiya hesab edir ki, iddiaçıya xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək olan müddət üzrə istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına uyğun olaraq müvafiq qaydada hesablanmış müavinat ödənildiyindən, ona həm də müəssisə tərəfindən ödənclərin verilməsi barədə onun tələbi təmin edilməməlidir. Bu hissədə iddianı təmin etməyən məhkəmə doğru qənaətə gəlmişdir. İddianın təmin edilməyən hissəsində iddiaçı da qətnaməni mübahisələndirməmişdir. Beləliklə, Kollegiya müstəqil tələb irəli sürməyən şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(032)-164/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar