Məhkəmə qərarları › İş №2(106)-1817/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1817/2023

06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1817/2023 06.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İslam oğlunun cavabdeh X2 qarşı “dəymiş zərərə görə pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-808/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İslam oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vurduğu zərərə görə 2334,25 manat, vəkilə ödədiyi 100 manat pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(022)-808/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətində şikayəti verən şəxs barəsində məlumatlar ümumiyyətlə göstərilməmiş, şikayət iddiaçının nümayəndəsi Vəkil tərəfindən imzalanmış, lakin iddiaçının nümayəndəsi barədə məlumatlar da apellyasiya şikayətində göstərilməmişdir. Bundan başqa, elektron kabinet vasitəsilə verilən apellyasiya şikayətində onun kimin adından verildiyi göstərilməsə də, apellyasiya şikayətinin iddiaçının nümayəndəsi tərəfindən imzalanması onu göstərir ki, nümayəndə həmin apellyasiya şikayətini iddiaçının adından vermək istəmişdir. Lakin apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxs” hissəsində iddiaçı barəsində məlumatlar göstərilmiş olsaydı belə, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs - nümayəndə kimi Vəkil tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətini müvafiq vəkalət almadan (Şirvan Apellyasiya Məhkəməsində təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün order əlavə edilməmişdir) Vəkil nümayəndə kimi imzalamağa səlahiyyəti olmamışdır. Belə ki, MPM-in 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. MPM-in 68.1-ci maddəsinə əsasən, iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. MPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. MPM-in 68.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. MPM-in 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir MPM-in 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir MPM-in 73.5-ci maddəsinə əsasən, vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. MPM-in 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Vəkillər X3 27 sentyabr 2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq olunmuşdur. Həmin Əsasnamənin 1.5-ci bəndində verilmiş anlayışa əsasən, vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir. Göründüyü kimi, mülki prosesdə vəkilin hansı hüquqlara malik olması MPM-in 68-ci maddəsində əksini tapmış və norma vəkilə məhkəmə aktlarından şikayət verə bilməsini işdə iştirak edən şəxslərin tapşırığı və vəkalətin mövcudluğundan asılı etmişdir (MPM-in 68.3-cü maddəsi). Vəkilin səlahiyyəti isə öz növbəsində qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir (MPM-in 73.5-ci maddəsi). MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1.1-ci və 363.1.1-1-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, eləcə də, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 2(022)-808/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar