Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1818/2025 13.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə dair Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(050)-1945/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları : Masallı Rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 162 saylı sərəncamından və torpaqayırma komissiyasının xx.xx.1998-ci il tarixli aktından görünür ki, İddiaçı Masallı şəhəri Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. 24 dekabr 2015-ci il tarixli Cavabdeh və İddiaçı nümayəndəsi X3 arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Masallı şəhəri Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarı-yarıya (bərabər şəkildə) bölünməsinə, Cavabdeh onun adına tərtib edilmiş X8 Kitabında xx.xx.2009-cu ildə 2020 nömrə ilə qeydiyyata alınmış A№122431 saylı torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq vermişlər. Əlavə olaraq barışıq sazişinin 2-ci bəndinə “Cavabdeh torpaq bölgüsündən sonra İddiaçı tərəfdən deyil, digər tərəfdən yol kimi istifadə edəcəkdir.”- cümləsi qeyd edilmişdir. Barışıq sazişi və əlavə imzalarla təsdiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 mart 2015-ci il tarixli, 2- 1(106)-28/2015 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh adına tərtib-edilmiş A 122431 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2015-ci il tarixli, tarixli 2-1 (86)- 207/2015 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 8 saylı Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2- 1(106)-13/2015 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı «aktın və sərəncamın ləğv edilməsi» barədə inzibati mübahisəyə dair iş üzrə Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2- 1(86)- 42/2014 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı «İddiaçı 600 m2 torpaq sahəsinin ayrılması barədə 27 oktyabr 1998-ci il tarixli torpaqayırma barədə aktın və 27 oktyabr 1998-ci il tarixli 162 saylı sərəncamın ləğv edilməsi» tələbinə dair iş üzrə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinin şərtlərinə əsasən: 1) İddiaçı Cavabdeh ilə üçüncü şəxs Cəbiyev X5 şəhəri Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarı-yarıya (bərabər şəkildə) bölünməsinə razılılıq verirlər. 2) İddiaçı Cavabdeh onun adına tərtib edilmiş X9 Kitabında 19 yanvar 2009-cu ildə qeydə alınmış A № 122431 saylı torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq verir. 3) İddiaçı torpaq bölgüsündən sonra üçüncü şəxs tərəfindən deyil, digər tərəfdən yol kimi istifadə edəcəyini öhdəsinə götürür. İş üzrə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 27 iyun 2014-cü il tarixli, 2-1(86)- 42/2014 saylı qərarı ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi, ekspertiza xərclərinin barışıq sazişinin tərəflərinə aid edilərək, onlardan müştərək qaydada tutulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2-1(86)-42/2014 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı “İddiaçı 600 m2 torpaq sahəsinin ayrılması barədə 27 oktyabr 1998-ci il tarixli torpaqayırma barədə aktın və 27 oktyabr 1998-ci il tarixli 162 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 24 dekabr 2015ci il tarixli barışıq sazişinin təsdiq olunması barədə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadının icra olunmaması bərədə iddiaçı Cavabdeh tərəfindən, verilmiş ərizəyə baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadının icrası icra sənədi verilməklə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2025- ci il tarixli, 2-1(102)-2273/2025 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı “İddiaçı torpaq sahəsinin ayrılması barədə aktın və sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadından üçüncü şəxs İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı rayon İcra və Probasiya Şöbəsinin 1.04.2025-ci il tarixli qərarı ilə, Şirvan İnzibati Məhkəməsinin 2-1(86)-42/2014 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi üzrə icraata başlanılma barədə qərar qəbul edilmiş, könüllü ücra üçün borcluya 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(86)-42/2014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin tam şəkildə icra olunması ilə əlaqədar olaraq, həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 nömrəli qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı Rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəliyinin xx.xx.1998-ci il tarixli 162 saylı sərəncamı və torpaqayırma komissiyasının xx.xx.1998-ci il tarixli aktı əsasında ona Masallı şəhəri Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin yerin qonşuluğunda cavabdehə də torpaq sahəsi ayrılmışdır. Onlardan öncə həmin ərazidə ancaq Alxan Qarayev və bacısı Münəvvər Qarayevanın torpaqları olmuşdur. O, Alxan Qarayev ilə cavabdeh isə Münəvvər Qarayeva ilə qonşu olmuşdur. Həmçinin, onun qonşusu kimi B.Abbasov göstərilmişdir ki, onun nə sənəd üzrə, nə də faktiki qonşuluğunda belə adam yoxdur. Bu isə onunla cavabdehin torpaqlarının fərqli-fərqli ərazilər olmasını göstərir. Lakin, sonradan cavabdehin adına A№ 122431 saylı torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Həmin sənədin koordinatları səhvən onun ərazisinə tərtib edilmişdir. Cavabdeh qeyd olunan sənədə istinad edərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, torpaq sahəsindən çıxarılmağını və orada olan evinin sökülməsini tələb etmişdir. Onun bu tələbi Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(050)- 89/2013 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri ilə iddiası təmin edilmişdir. Cavabdehin adına olan plan-ölçü sənədinin koordinatlarının ona ayrılmış torpağa tərtib edilməsini bildikdən sonra o, həmin sənədin ləğv edilməsi barədə, cavabdeh isə ona torpaqayırma sənədlərinin ləğvi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ayrı-ayrılıqda iddia ərizələri ilə müraciət etmişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(86)-42/2024 saylı qərarı ilə Cavabdeh iddiası təmin edilməmişdir. Onun iddiası isə həmin Məhkəmənin xx.xx.2015-ci il tarixli 2-1(86)-207/2015 saylı qərarı ilə təmin edilmiş, Cavabdeh adına tərtib edilmiş A 122431 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Qeyd olunan qərarların hər ikisindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1 (86)-42/2024 saylı qərarından Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə iş Şirvan Apellyasiya Məhkəməsində olarkən nümayəndəsi vasitəsi ilə Cavabdeh ilə razılıq əldə edilərək barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişi Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qərardadı ilə təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan barışıq sazişinə görə mübahisəli torpağın yarı-yarıya bölünməsi, plan-ölçü sənədinin koordinatlarının torpağın bərabər bölgüsünə uyğun dəyişdirilməsi, Cavabdeh həmin torpaq sahəsinə başqa yoldan istifadə etməsi ilə bağlı razılaşmışlar. Lakin, Cavabdeh razılaşmanın şərtlərinə əməl etməmiş, özünə aid plan-ölçü sənədində heç bir düzəliş etdirməmiş, həmçinin ona yolun başqa hissədən verilməsi istiqamətində də heç bir addım atmamış, nəticədə razılaşmadan 2 ay yarım sonra Şirvan Apellyasiya Məhkəməsində Cavabdeh plan-ölçü sənədinin ləğvi ilə bağlı məsələyə baxılmış və həmin sənədin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq Cavabdeh şikayəti təmin edilməmişdir. Bu yaxınlarda isə məlum olmuşdur ki, Cavabdeh müraciəti əsasında Şirvan Apellyasiya Məhkəməsində təsdiq edilmiş barışıq sazişi üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən icra vərəqi verilmişdir. Barışıq sazişini nümayəndəsi imzaladığından həmin barışıq sazişinin surəti onda olmamış və müraciəti əsasında Şirvan İnzibati Məhkəməsindən götürmüşdir. Bundan sonra aydın olmuşdur ki, qeyd olunan barışıq sazişi qanunauyğun olmamaqla, icrası da mümkün deyildir. Belə ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı rayon İHB-nın Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəlməklə cavabdeh həmin inzibati orqan olduğu halda, sazişi yalnız iddiaçı ilə həmin iş üzrə 3-cü şəxs qismində iştirak etdiyi nümayəndəsi imzalamış, cavabdeh olan inzibati orqan isə həmin sazişi imzalamamışdır. Bundan əlavə sazişdə torpağının yarısını Cavabdeh verməyi göstərilsə də, sənəd üzrə və ya faktiki torpaqdan bəhs olunması, konkret hansı ölçüdə torpağın, hansı hissədən verilməsi qeyd edilməmişdir ki, bu da sazişin qeyri müəyyən olmasını göstərir. Həmçinin, sazişin icra müddəti də göstərilməmişdir. Saziş tərtib edilərkən ərazi boş olsa da, ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslərə həyətlər verildiyindən Cavabdeh onun həyətinin yanından başqa yolu qalmamışdır. Halbuki, sazişə görə cavabdeh onun tərəfində olan yoldan istifadə etməməli, özünə başqa yerdən yol almalı idi. Həmin vaxt bu mümkün olsa da, hazırda mümkün deyildir. Eləcə də sazişdə nəzərdə tutulmuş həyətinin yanından olan yoldan istifadə edilməməklə yolun onun istifadəsində qalması da mümkün deyildir. Yol ümumi olduğundan onun şəxsi mülkiyyətə verilməsi mümkün deyildir. Həmçinin, sazişə əsasən Cavabdeh özünə aid plan-ölçü sənədinin koordinatlarında düzəliş etdirməli idi. Lakin, o, bunu etməmiş, onun plan-ölçü sənədi məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmin sənəd ləğv edildiyindən ona düzəliş də mümkün deyildir. Göründüyü kimi, həm barışıq sazişi qanuna uyğun olmamış, həm icrası mümkün olmamış, həm də sazişin tərəfi olan Cavabdeh saziş üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Hazırda isə həmin sazişə əsasən torpağının yarısının ondan alınması mülkiyyət hüquqlarının pozuntusudur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadının icra olunmaması bərədə iddiaçı Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılmış və Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli, 2-1(106)- 13/2015 nömrəli qərardadının icrası icra sənədi verilməklə Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Lakin, icra məmuru icra sənədini icra edə bilməmişdir. İcra etmək mümkün də deyil. Ümumiyyətlə icra həyata keçirilsə belə Cavabdeh torpaq sahəsinə yol olmayacaqdır. Bu səbəbdən də o, öz torpaq sahəsinə getməsi üçün onun torpağından keçməlidir. Bundan başqa barışıq sazişi onunla deyil, İcra Hakimiyyəti ilə bağlanılmalı idi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, barışıq sazişi düzgün bağlanmışdır. Onun etibarsız hesab edilməsinə razı deyil. O, sazişin icra edilməsində maraqlıdır və buna etiraz etmir. İcra məmurunun icra sənədini gəlib icra etməsinə razıdır. Barışıq sazişi imzalandıqdan sonra işi ilə əlaqədar uzun müddət Bakı şəhərində yaşadığından barışıq sazişinin icrası ilə bağlı maraqlanmamışdır. Qeyd edilən torpaq sahəsi bölünəcəyi halda, gediş-gəliş üçün özünə alternativ yol tapacaqdır. Hazırda həmin torpaq sahəsinə faktiki olaraq bir yolun olması barışıq sazişinin icrası üçün maneə sayıla bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(050)-1945/2025 saylı qətnaməsi ilə (hakim: Coşqun Abdullayev) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 139- 1.1, 139-1.1.3, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 421.1, 421.2, 881.1, 881.2, 881.3, 404.1, 404.2, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə”23 fevral 2024-cü il tarixli qərardadının 34, 35, 54, 55-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 119.1-ci maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, bağlanmış barışıq sazişinin şərtlərindən görünür ki, razılaşdırılmış şərtlər natamam olmaqla icrası zamanı müəyyən mübahisələrin yaranması istinsa edilmir. Belə ki, tərəflər torpaq sahəsinin yarı-yarıya bölünməsi ilə bağlı razılıq əldə etsələr də, mübahisəli torpaq sahəsinin konkret olaraq bölgü üsulunu, yəni üfüqi və ya şaquli istiqamətdə, hansı istiqamətin kimə veriləcəyi ilə bağlı şərtlər göstərilməmişdir. Bu halın özü də gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaratmasını istisna etmir. Əgər tərəflərin arasında əldə edilmiş razılaşma sonradan yeni mübahisələrin yaratmasına şərait yaradırsa, onda hesab etmək olar ki, tərəflərin razılaşmasında onların hüquqi iradə ifadəsi tam təfsilatlı şəkildə əks olunmamış və onlar niyyətlərinə çata bilməmişlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edərək şikayətində göstərmişdir ki, qəbul edilmiş qətnamə tamamilə qanunsuz və əsassızdır. İddia tələbinin təmin olunması ilə əlaqədar məhkəmə tərəfindən qətnaməsinin əsaslandırılması ilə bağlı qeyd olunan əsaslar hazırkı iddia tələbinin təmin olunmasının əsasları ola bilməz. Belə ki, 24 dekabr 2015-ci il tarixli Cavabdeh ilə İddiaçı nümayəndəsi X3 arasında bağlanmış barışıq sazişi biri ali təhsilli hüquqşünas-vəkil olmaqla iki yetkin şəxs arasında bağlanılmış bir sazişdir. İki yetkin şəxsin iradə ifadəsidir. Həmin şəxslərin psixi problemləri yoxdur və ya məhkəmə tərəfindən anlaqsız elan olunmamışlar. İkincisi mübahisə predmeti olan barışıq sazişi Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli 2- 1(106)13/2015 saylı qərardadı, yəni yekun məhkəmə aktı ilə təsdiqlənmişdir və həmin vaxt iş üzrə tərəflər qeyd olunan məhkəmə aktından şikayət verib həmin aktı mübahisələndirməmişlər. Buda bir daha sübut edir ki, mübahisə predmeti olan barışıq sazişi tərəflərin qarşılıqlı razılığı əsasında olmuş və tərəflərin həmin sazişlə bağlı heç bir etirazları olmamışdır. Üçüncü məsələ isə Masallı Rayon Məhkəməsi yuxarı instansiya məhkəməsi deyildir ki, qəbul olunmuş yekun məhkəmə aktları ilə təsdiqlənmiş hər hansı bir aktı, sazişi etibarsız hesab etmiş olsun. Əgər işlə bağlı yeni hallar müəyyən edilmişdirsə istənilən bir şəxs bununla bağlı Yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edə bilər. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə öz işini asanlaşdırmaq istəmişdir. Lakin bir məhkəmə aktı ilə təsdiqlənmiş akt həmin məhkəmədən yuxarı olan instansiya məhkəməsi tərəfindən həmin akt ləğv olunmaqla etibarsız sayıla bilər. Bu səbəbdəndə hazırkı iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-153-cü maddələrinə əsasən geri qaytarılmalı idi. Lakin qanunun tələbləri pozulmaqla iddia icraata qəbul olunaraq ədalətsiz məhkəmə aktı qəbul edilmişdir. Həmçinin məhkəmə qəbul etmiş olduğu bu qətnamə ilə başqa bir məhkəmə aktının, yəni Şirvan Apellyasiya Məhkəməsinin 24 dekabr 2015- ci il tarixli 2-1(106)13/2015 saylı qərardadının icrasını sual altında qoymuş olur və onun icrasının mümkünsüz edir, bu hal da qanunaziddir. Çünki qanunun tələbinə görə qəbul edilmiş məhkəmə aktları hamı üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. X2 Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 dekabr 2015-ci il tarixli, 2-1(106)-13/2015 saylı qərardadı ilə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 24 dekabr 2015-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Bununlada İddiaçı Cavabdeh Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İcra nümayəndəliyinə qarşı «aktın və sərəncamın ləğv edilməsi» barədə iddiası baxılmamışdır. Hansı ki həmin iddianın baxılmamış qalması bir növ həmin vaxt üçüncü şəxs qismində tərəf olmuş hazırkı iddiaçının maraqlarına uyğun olmuşdur. Eləcə də, iddiaçı iddia tələbində cavabdehin barışıq sazişinin tələblərinə əməl etmədiyini dəfələrlə qeyd edir. Burdan bir sual doğur bəs iddiaçı qeyd olunan barışıq sazişinin icrası ilə bağlı hansı addım atmışdır. Niyə barışıq sazişinin tərəfi olaraq iddiaçı həmin sazişin icrası ilə bağlı heç bir addım atmamışdır. Yəni iddiaçı bilirdiki əgər ətrafda (qonşuluqda) olan torpaq sahələri başqa şəxslərə satılmış olsa o zaman cavabdeh özünə məxsus torpaq sahəsinə gediş-gəliş üçün alternativ yol tapa bilməyəcəkdir və o, bunu bilə-bilə bu yönümdə heç bir addım atmamışdır. Halbuki o, cavabdehin bu məsələ ilə bağlı xəbərdar edə bilərdi. Eləcədə ötən bu 10 il ərzində iddiaçıda barışıq sazişinin icrası ilə maraqlanmamış heç bir addım atmamışdır. Demək barışıq sazişinin icra olunmamasında cavabdeh qədər iddiaçıda günahkardır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1945/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən təmin edilməməli, Masallı Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində mübahisəli barışıq sazişinin tərələrin iradə ifadəsi olması, həmin sazişin məhkəmə qərardadı ilə təsdiq edilməsi bunlara görə də məhkəmə tərəfindən etibarsız hesab edilə bilinməməsi qeyd edilmiş, məhkəmənin bu qərarının başqa məhkəmə qərarının icrasına maneçilik olması və həmin qərarı yalnız yuxarı məhkəmənin ləğv etmək səlahiyyəti olması göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadının 34-cü bəndində qeyd edilmişdir ki, məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi, Ali Məhkəmənin qərardadı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi arqumentlərə tam cavab verməklə həmin arqumentlərin əsassız olmasını göstərir. Cavabdeh şikayətində Ali Məhkəmənin qeyd olunan qərardadının sonradan qəbul edilməklə ondan əvvəlki münasibətə tətbiq edilə bilməməsini göstərmişdir. Ancaq cavabdeh nəzərə almamışdır ki, Ali Məhkəmənin qərardadı normativ akt deyildir. Bu tip qərardadlar vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Bu tələb isə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından irəli gəlir. Belə ki, qeyd edilən Fərmanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görülməsi tövsiyyə edilmişdir. Bu isə eyni məzmunlu işlər üzrə eyni qərarların qəbul edilməsinin vacibliyini göstərir. Məhz buna görə də Ali Məhkəmə müxtəlif kateqoriyalı işlər üzrə müvafiq qərardadlar qəbul edir. Bu baxımdan birinci instansiya məhkəməsinin hazırkı işdə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadına istinad etməsi tamamilə qanuni olmaqla burada heç bir pozuntusu yoxdur. Şikayətdə daha sonra birinci instansiya məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin qərarının tarixini düzgün qeyd etməməsi vurğulanmışdır. Həmin qərarın tarixinin xx.xx.2015-ci il olması göstərilmişdir. Halbuki həmin qərarda Şirvan İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(86)-207/2015 saylı qərarının qanuniliyinə hüquqi qiymət verilmişdir. Bu isə bir daha texniki səhv olmasını və Şirvan Apellyasiya Məhkəməsinin qərarının xx.xx.2016-cı il olmasını göstərir. Qeyd olunan barışıq sazişinə görə mən torpağımın yarısını Cavabdeh verməli, Cavabdeh isə özünün plan-ölçü sənədinin koordinatlarında düzəliş etdirərək mənim ərazimdən kənarlaşdırmalı və yolun mənim həyətimin kənarından keçən hissəsindən istifadə etməməklə başqa yerdən yol kimi istifadə etməli idi. Lakin Cavabdeh razılaşmanın şərtlərinə əməl etməmiş, özünə aid plan-ölçü sənədində heç bir düzəliş etdirməmiş, həmçinin ona yolun başqa hissədən verilməsi istiqamətində də heç bir addım atmamış, nəticədə razılaşmadan 2 ay yarım sonra Şirvan Apellyasiya Məhkəməsndə Cavabdeh plan-ölçü sənədinin ləğvi ilə bağlı məsələyə baxılmış və həmin sənədin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılaraq Cavabdeh şikayəti təmin edilməmişdir. Qeyd olunan barışıq sazişi qanunauyğun olmamaqla, hazırda icrası da mümkün deyildir. Belə ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı rayon İHB-nın Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəlməklə cavabdeh həmin inzibati orqan olduğu halda, sazişi yalnız iddiaçı ilə 3-cü şəxs kimi nümayəndəsi imzalamış, cavabdeh olan inzibati orqan isə həmin sazişi imzalamamışdır. Bundan əlavə sazişdə torpağın yarısını Cavabdeh verməsi göstərilsə də, sənəd üzrə və ya faktiki torpaqdan bəhs olunması, konkret hansı ölçüdə torpağın, hansı hissədən verilməsi qeyd edilməmişdir ki, bu da sazişin qeyri-müəyyən olmasını göstərir. Həmçinin sazişin icra müddəti də göstərilməmişdir. Saziş tərtib edilərkən ərazi boş olsa da, ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslərə həyətlər verildiyindən Cavabdeh onun həyətinin yanından başqa yolu qalmamışdır. Halbuki sazişə görə o, onun tərəfində olan yoldan istifadə etməməli, özünə başqa yerdən yol almalı idi. Həmin vaxt bu mümkün olsa da, hazırda mümkün deyildir. Eləcə də sazişdə nəzərdə tutulmuş həyətin yanından olan yoldan istifadə edilməməklə yolun onun istifadəsində qalması da mümkün deyildir. Yol ümumi olduğundan onun şəxsi mülkiyyətə verilməsi mümkün deyildir. Həmçinin sazişə əsasən Cavabdeh özünə aid plan-ölçü sənədinin koordinatlarında düzəliş etdirməli idi. Lakin o, bunu etməmiş, onun plan-ölçü sənədi məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmin sənəd ləğv edildiyindən ona düzəliş də mümkün deyildir. Göründüyü kimi həm barışıq sazişi qanuna uyğun olmamış, həm icrası mümkün olmamış, həm də sazişin tərəfi olan Cavabdeh saziş üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Hazırda isə həmin sazişə əsasən torpağımın yarısının ondan alınması mülkiyyət hüquqlarının pozuntusudur. O, hərbiçi olmaqla qüsursuz xidmətə görə dəfələrlə təltif edilmişdir. Hazırda təqaüddədir. Torpaq sahəsi də ona hərbi hissədən İcra Hakmiyyətinə olan müraciət əsasında ayrılmış və həmin torpada fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh 10 il əvvəl imzalanmış mübahisəli, qeyri-müəyyən şərtləri olan barışıq sazişinin hazırda mümkün olmayan icrasını tələb etməklə (sazişin ona aid bəndlərinin icrası mümkün deyildir) onu həmin torpaqdan məhrum edir. Apellyasiya şikayətində cavabdehin təqdim etdiyi sübutlara məhkəmənin qiymət verməməsi qeyd edilmiş, lakin konkret olaraq hansı sübutdan bəhs edildiyi, məhkəmənin hansı sübuta qiymət verməməsi göstərilməmişdir. Apellyasiya şikayətində Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin bir sıra normalarına istinad edilərək sonda qətnamənin ləğvi tələb edilsə də, sadalanan normaların hazırkı işə nə kimi aidiyyətinin olması, onların pozulmasının nədə ifadə edilməsi və bunun qətnamənin ləğvinə nə kimi təsir göstərməsi qeyd edilməmişdir. Bütün bunlar birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasını göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 47, 358, 367 və 384-cü maddələrini rəhbər tutaraq Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(050)-1945/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, həmin iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə ilə bağlı hüquqi hallar apellyasiya şikayətində ətraflı göstərilmişdir. O, iddiaçı ilə aralarında barışıq sazişi bağlandığını və həmin sazişin məhkəmə tərəfindən təsdiq edildiyini qeyd etmişdir. Barışıq sazişinin bağlanmasından 10 il keçdikdən sonra iddiaçının yenidən iddia qaldırdığını, tərəflər arasında barışıq əldə edildiyini və torpaq sahəsinin bölünməsinin nəzərdə tutulduğunu, bununla da mübahisənin başa çatdığını düşündüyünü bildirmişdir. Bu əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, barışıq sazişi barədə ona gec məlumat verilmişdir və saziş onun vəkili tərəfindən imzalanmışdır. O, vəkilinə onu təmsil etmək səlahiyyəti vermiş, lakin həmin səlahiyyət imza səlahiyyətini əhatə etmişdir. Barışıq sazişi Masallı Rayon İcra Hakimiyyətinin Masallı şəhəri üzrə İcra Nümayəndəliyi ilə bağlanmalı olduğu halda, barışıq üçüncü şəxs ilə onun nümayəndəsi arasında bağlanmışdır və qanuna əsasən bu cür bağlana bilməzdi. Cavabdeh tərəf barışıq sazişi üzrə vəzifəsini icra etməmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları, tərəflərin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətində irəli sürülmüş arqumentləri, habelə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X4rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Əvvəla, birinci instansiya məhkəməsi barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunmasını əsaslandırarkən sazişin qeyri-müəyyən olması, gələcəkdə yeni mübahisələr yarada bilməsi və saziş üzrə nəzərdə tutulmuş plan-ölçü sənədinin sonradan ləğv edilməsi səbəbindən icranın mümkün olmaması kimi arqumentlərə istinad etmişdir. Kollegiya hesab edir ki, bu arqumentlər işin faktiki hallarına, mövcud sübutlara və qüvvədə olan hüquqi mövqelərə uyğun deyildir. İş materiallarından, xüsusilə Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından aydın şəkildə görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(86)-42/2014 nömrəli icra sənədində göstərilən tələblər icra edilmişdir. Bu faktİın özü də barışıq sazişinin icrasının mümkün olmaması barədə arqumentin əsassız olmasını təsdiq edir. Hüquqi baxımdan icra edilmiş, hüquqi nəticələr doğurmuş barışıq sazişinin sonradan “qeyri-müəyyən” və ya “icrası mümkün olmayan” razılaşma kimi qiymətləndirilməsi ziddiyyətlidir və hüquqi məntiqə uyğun gəlmir. Əgər iddiaçı tərəfindən göstərilən hallar həqiqətən sazişin icrasını qeyri-mümkün edən obyektiv maneələr kimi mövcud olsaydı, Şirvan İnzibati Məhkəməsinin 2- 1(86)-42/2014 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələblərin icra edildiyinin müəyyən edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün hüquqi əsas yaranmazdı. Nəzərə alınmalıdır ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı nə tələbkar, nə də borclu tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi sazişin icrası ilə sazişin etibarsızlığı anlayışlarını eyniləşdirməklə maddi hüquq baxımından səhvə yol vermişdir. Barışıq sazişinin icrası zamanı yarana biləcək çətinliklər (icranın mümkün olmaması) və ya texniki məsələlər sazişin etibarsızlığı üçün əsas təşkil etmir. Əqdin etibarsızlığı yalnız maddi hüquq normalarında nəzərdə tutulmuş konkret əsaslar mövcud olduqda mümkündür. Birinci instansiya məhkəməsinin “saziş gələcəkdə yeni mübahisələr yarada bilər” qənaəti də hüquqi baxımdan əsassızdır. Mülki hüququn fundamental prinsiplərindən biri ondan ibarətdir ki, mümkün gələcək risklər müqavilənin və ya sazişin etibarsızlığı üçün avtomatik əsas ola bilməz. Barışıq sazişi tərəflərin iradə azadlığı əsasında bağlanmışdır və tərəflər razılaşmanın hüquqi nəticələrini dərk edərək həmin sazişə imza atmışlar. Əks yanaşma iddiaçının barışıq sazişini sonradan subyektiv narazılıqlar əsasında etibarsızlaşdırmaq tərəflərin hüquqlarına əsassız müdaxilə etməsinə şərait yaradar ki, bu da mülki hüququn əsas prinsipləri ilə uzlaşmır. Kollegiya xüsusilə vurğulayır ki, barışıq sazişinin etibarsızlığı maddi hüquqi institut olmaqla, yalnız maddi hüquq normaları əsasında qiymətləndirilməli və müvafiq hüquqi əsasların mövcudluğu ilə müəyyən edilməlidir. Sazişin icrası, habelə icra mərhələsində yarana biləcək çətinliklər, qeyrimüəyyənliklər və ya mübahisələr isə sazişin etibarsızlığı anlayışı ilə eyniləşdirilə bilməz. Bu cür hallar icra prosesində meydana çıxan məsələlər olmaqla, ayrıca hüquqi qiymətləndirmə tələb edir və müvafiq olaraq prosessual hüquq normaları ilə tənzimlənir. Bundan əlavə, iddiaçının barışıq sazişinin icrasının qeyri-müəyyən olması ilə bağlı əsas arqumentinin faktiki olaraq aradan qalxdığı da diqqətdən kənarda qalmamalıdır. Çünki saziş icra olunmuş, icraata xitam verilmiş və bu qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Belə olan halda, artıq mövcud olmayan bir hüquqi problemin əsas götürülərək sazişin etibarsız sayılması hüquqi məntiqə uyğun gəlmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2025-ci il tarixli sorğusu əsasında əldə edilmiş, Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(86)-42/2014 saylı mülki işin materiallarında (işin 200-cü səhifəsi) olan etibarnamədən aydın şəkildə görünür ki, İddiaçı tərəfindən X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş bütün prosessual hüquqlardan istifadə etmək səlahiyyəti verilmişdir. Həmin etibarnamə ilə nümayəndəyə məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında hüquqların müdafiəsi, iddia tələbinin dəyişdirilməsi, əlavə olunması, iddia ərizəsinin imzalanması, eləcə də barışıq sazişinin bağlanması hüquqları açıq və birmənalı şəkildə ötürülmüşdür. Etibarnamə həm zaman, həm də məzmun baxımından barışıq sazişinin bağlanması üçün tələb olunan hüquqi şərtlərə tam cavab verir. Bu səbəbdən barışıq sazişinin nümayəndə tərəfindən imzalanmasının səlahiyyətsiz olması barədə iddialar hüquqi əsasa malik deyildir.. Bundan başqa, kollegiya apellyasiya şikayətinin Masallı Rayon Məhkəməsinin yuxarı instansiya məhkəməsi olmadığı və hazırkı iddianın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152–153-cü maddələrinə əsasən geri qaytarılmalı olması ilə bağlı dəlilinə də tənqidi yanaşaraq qeyd edir ki, bu arqumentlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərlə uzlaşmır. Həmin qərardadın 54-cü bəndinə əsasən, məhkəmənin barışıq sazişini təsdiq etməsi və ya bundan imtina etməsi, eləcə də bu barədə çıxarılmış qərardaddan şikayət verilməsi prosessual xarakter daşıyan hərəkətlərdir və şikayət icraatında aparılan araşdırmanın həddi yalnız müvafiq məhkəmə aktının prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə məhdudlaşır. Barışıq sazişinin daxili tərəfi, yəni maddi-hüquqi məzmunu bu mərhələdə qiymətləndirilmir. Qərardadın 55-ci bəndində isə açıq şəkildə göstərilmişdir ki, məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi-hüquqi əsaslarla ayrıca iddia qaldırmaq hüququna təsir etmir. Barışıq razılaşması tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanır və məhkəmənin bu razılaşmanın daxili tərəfinə dair maddi-hüquqi qiymət verən qərarı olmur. Bu səbəbdən iradəsinin zədələndiyini və ya digər maddi-hüquqi əsasların mövcudluğunu iddia edən şəxs barışıq sazişinin etibarsızlığı barədə ayrıca iddia qaldırmaq hüququna malikdir. Lakin belə iddianın təmin olunması üçün etibarsızlıq halları konkret sübutlarla təsdiq edilməlidir. Hazırkı iş üzrə isə İddiaçı tərəfindən barışıq sazişinin etibarsızlığı üçün maddi hüquq normalarında nəzərdə tutulmuş heç bir əsas sübuta yetirilməmişdir. Əksinə, iş materialları barışıq sazişinin səlahiyyətli nümayəndə tərəfindən bağlandığını, icra edildiyini və hüquqi nəticələr doğurduğunu təsdiq edir. İddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdən biri ondan ibarətdir ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəldilmiş, cavabdeh həmin inzibati orqan olduğu halda barışıq sazişi yalnız iddiaçı ilə həmin iş üzrə üçüncü şəxs qismində iştirak edən nümayəndə arasında imzalanmış, cavabdeh olan inzibati orqan isə sazişi imzalamamışdır. İddiaçı bu halı barışıq sazişinin etibarsızlığı üçün əsas kimi təqdim edir. Kollegiya bu arqumenti hüquqi baxımdan əsassız hesab edir. Belə ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi zamanı ilkin olaraq onun prosessual normativ tələblərə uyğunluğu yoxlanılır və bu yoxlama zamanı məhkəmə barışıq sazişinin tərəflər tərəfindən bağlanıbbağlanmadığını, səlahiyyətli şəxslər tərəfindən imzalanıb-imzalanmadığını və tərəflərin iradə ifadəsinin mövcud olub-olmadığını qiymətləndirir. Bu mərhələdə sazişin yalnız iş üzrə barışıq bağlamaq səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanması kifayət edir. Hazırkı iş üzrə barışıq sazişi iddiaçı və üçüncü şəxs qismində iştirak edən, lakin mübahisənin həlli baxımından müstəqil maddi hüquqi marağı olan tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan etibarnamədən də aydın görünür ki, nümayəndə barışıq sazişi bağlamaq səlahiyyətinə malik olmuşdur. Bu baxımdan sazişin səlahiyyətli şəxslər tərəfindən imzalanması prosessual tələblərə tam cavab verir. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh qismində çıxış edən inzibati orqanın barışıq sazişini mütləq şəkildə imzalaması barədə qanunvericilikdə tələb nəzərdə tutulmamışdır və bu hal sazişin etibarsızlığına səbəb ola bilməz. Əks yanaşma barışıq institutunun mahiyyətinə və prosessual hüququn məqsədlərinə zidd olmaqla, məhkəmə icraatında barışıq mexanizminin tətbiqini əsassız şəkildə məhdudlaşdırmış olardı. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1–881.3-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, tərəflər mübahisə predmeti olan daşınmaz əmlakla bağlı barışıq razılaşması əldə etsələr də, daşınmaz əmlakla bağlanan əqdlərin forma və məzmun tələblərinə riayət edilmədiyindən barışıq sazişi etibarsız hesab edilməlidir. Məhkəmə bu mövqeyini barışıq sazişinin notarial qaydada təsdiq edilməməsi səbəbilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının mümkün olmaması ilə əsaslandırmışdır. Kollegiya bu yanaşmanı hüquqi baxımdan əsassız və Mülki Məcəllənin 881-ci maddəsinin mahiyyətinə zidd hesab edir. Əvvəla, Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması tərəflər arasında mövcud olan mübahisənin və ya qeyri-müəyyənliyin qarşılıqlı güzəştlər yolu ilə həllinə yönəlmiş müqavilədir. 881.2-ci maddədə isə açıq şəkildə göstərilmişdir ki, barışıq razılaşmasının hüquqi nəticəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi istisna olunur və tərəflər üçün yalnız barışıq razılaşmasında təsbit edilən hüquq və vəzifələr etibarlı sayılır. Bu normalar barışıq razılaşmasının əsas məqsədinin yeni mülkiyyət hüququ yaratmaq deyil, mövcud mübahisəyə hüquqi sonluq gətirmək olduğunu təsdiq edir. İkincisi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 881.3-cü maddəsini yanlış şərh etmişdir. Həmin maddədə barışıq razılaşmasının bağlanması üçün ümumi halda xüsusi forma tələbinin mövcud olmadığı birbaşa göstərilmişdir. Maddədə qeyd edilən istisna yalnız o hallara aiddir ki, barışıq razılaşmasının tərkibində ayrıca olaraq formaya tabe olan əqdlər mövcud olsun. Lakin hazırkı iş üzrə bağlanmış barışıq sazişi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun bilavasitə yaranmasına və ya ötürülməsinə yönəlmiş ayrıca mülki-hüquqi əqd deyil, məhkəmə icraatı çərçivəsində mövcud mübahisənin həllinə dair razılaşmadır. Kollegiya vurğulayır ki, barışıq sazişi ilə tərəflər arasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məsələsi avtomatik olaraq həll edilmir və bu, barışıq sazişinin etibarlılıq şərti deyil. Notarial qaydada təsdiq və dövlət reyestrində qeydiyyat tələbi mülkiyyət hüququnun rəsmiləşdirilməsi mərhələsinə aiddir və sazişin icrası ilə bağlı olan texnikiprosessual məsələdir. Bu hal barışıq sazişinin özünün etibarsızlığına səbəb kimi çıxış edə bilməz. Digər yanaşma barışıq razılaşmasının mahiyyətini təhrif etməklə, Mülki Məcəllənin 881-ci maddəsində nəzərdə tutulmuş barışıq institutunu faktiki olaraq mənasız hala gətirərdi. Belə ki, bu halda hər bir barışıq razılaşması yalnız gələcəkdə mülkiyyət hüququnun qeydiyyatı mümkün olmadığı ehtimalına əsasən etibarsız hesab edilə bilərdi ki, bu da hüquqi müəyyənlik və hüquqi sabitlik prinsiplərinə ziddir. Bundan əlavə, kollegiya qeyd edir ki, barışıq sazişinin icrası zamanı daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı çətinliklərin mövcudluğu belə, həmin sazişin etibarsızlığı üçün maddi hüquqi əsas təşkil etmir. Bu cür məsələlər icra mərhələsində, müvafiq qaydada həll edilməli olan məsələlərdir və barışıq sazişinin bağlanması anındakı iradə ifadəsinin etibarlılığına təsir göstərmir. Beləliklə, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 881.1–881.3-cü maddələrinə istinad etməklə barışıq sazişini etibarsız hesab etməsi həmin normaların düzgün tətbiq edilməməsinə və yanlış hüquqi nəticə çıxarılmasına əsaslanır. Barışıq sazişinin notarial qaydada təsdiq edilməməsi onun etibarsızlığına deyil, digər halda icrası zamanı əlavə hüquqi prosedurların tələb olunmasına səbəb ola bilər. Bu isə iddiaçının barışıq sazişinin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunması üçün əsas ola bilməz. Beləliklə, iddiaçının cavabdeh inzibati orqanın barışıq sazişini imzalamaması ilə bağlı irəli sürdüyü arqumentlər barışıq sazişinin etibarsızlığı üçün maddi və ya prosessual hüquqi əsas təşkil etmir və əsassızdır. Yuxarıda göstərilənlərin məcmusu kollegiyaya əsas verir ki, Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(050)-1945/2025 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, işin faktiki halları ilə uzlaşmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(050)-1945/2025 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbi barədə iddiası rədd edilməlidir. AR Mülki Prosessual Məcəlləsi: Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(050)-1945/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1818/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1818/2025
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver