Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1820/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində maddi ziyanın və 1500 manat mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etdiyi «QAZ 33021» markalı avtomobillə xx.xx.2014-cü il təvəllüdlü qızı (iddiaçının) Həvva Əliyevanı vurmuşdur. Həmin qəza nəticəsində qızı «açıq kəllə beyin travması, alın sümüyünün basılmış sınığı, baş beyinin əzilməsi və travmatik subaraxnoidal qansızma, alın və sağ bud nahiyəsində əzilmiş yara, bədəninin çoxsaylı sıyrıqları xəsarətlərini almışdır. Hadisədən sonra qızına Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş, xəsarətləri ağır olduğundan təcili yardım maşını ilə Bakı şəhərinə “Respublika Neyrocərrahiyyə Xəstəxanası”-na göndərilmiş, həmin xəstəxanada 18 gün müalicə olunmuşdur. Həmin müddət ərzində ailəliklə yuxusuz gecələr keçirmişlər, mənəvi sarsıntı və iztirablar çəkmişlər. Həmin müddət ərzində qızının müayinəsinə, müalicəsinə və dava-dərmanlarına 10 000 manatdan çox vəsait xərcləmişdir. Hazırda da qızının müalicəsi davam edir. Bütün xərcləri qardaş və bacılarından aldığı borc hesabına özü çəkmişdir. Hazırda da həmin borclarını qaytara bilməmişdir. Baş vermiş hadisə ilə əlaqədar cavabdehin barəsində cinayət işi başlanmış, lakin xx.xx.2021-ci il tarixində amnistiya aktına əsasən həmin cinayət işinə xitam verilmişdir. Cavabdeh nə araşdırma getdiyini dövrdə, nə də ondan sonrakı dövrlərdə onlara gəlməmiş, uşaqla və uşağın müayinələri, müalicəsi ilə maraqlanmamış, dəymiş maddi ziyanın ödənilməsi üçün heç bir addım atmamışdır. Yalnız, qəza nəticəsində yaranmış maddi ziyan üçün sığorta şirkəti tərəfindən ona (iddiaçıya) cəmi 1500 (bir min beş yüz) manat pul ödənilmişdir. Qalan məbləğ isə cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi ilə (hakim Q.Paşayev) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyanın əvəzi olaraq 4500 (dörd min beş yüz) manat və mənəvi zərərə görə 1500 (bir min beş yüz) manatın alınaraq İddiaçı verilməsi və Cavabdeh 72 (yetmiş iki) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etdiyi «QAZ 33021» markalı avtomobillə iddiaçının qızı xx.xx.2014-cü il təvəllüdlü X3 vurmuşdur. Qəza nəticəsində X4 «açıq kəllə beyin travması, alın sümüyünün basılmış sınığı, baş beyinin əzilməsi və travmatik subaraxnoidal qansızma, alın və sağ bud nahiyəsində əzilmiş yara, bədəninin çoxsaylı sıyrıqları», yəni ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hadisədən sonra Həvva Əliyeva Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasında 18 gün müalicə olunmuşdur. Həmin müddət ərzində Həvva Əliyevanın müayinəsinə, müalicəsinə və dərmanlarına çəkilmiş xərclər İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı qızının müayinəsinə, müalicəsinə və dava-dərmanlarına borc alaraq 10 000 manatdan çox vəsait xərclədiyini, cavabdeh tərəfindən ona (iddiaçıya) heç bir köməklik edilmədiyini, dəymiş maddi zərərin cavabdeh tərəfindən ödənilmədiyini göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı həmin müddət ərzində ailəliklə yuxusuz gecələr keçirdiklərini, mənəvi sarsıntı və iztirablar çəkdiklərini göstərərək, cavabdehdən həm də mənəvi ziyan tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə ilk növbədə iddianın 8 500 (səkkiz min beş yüz) manat maddi ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı qızının müayinələrinə, müalicəsinə və dərmanlarına 10 000 (on min) manat vəsait xərcləndiyini göstərsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı həmçinin sığorta şirkəti tərəfindən cəmi 1 500 (bir min beş yüz) manat aldığını, cavabdeh isə Həvva Əliyevanın müayinəsinə, müalicəsinə, dava- dərmanına çəkilmiş xərclərin 3000 (üç min) manatının onun (cavabdehin) tərəfindən ödənildiyini göstərmişdir. Başqa sözlə cavabdeh Həvva Əliyevanın müayinəsinə, müalicəsinə, dava-dərmanına müəyyən məbləğdə vəsait xərcləndiyin təsdiq etmiş, lakin çəkilmiş xərcin 3 000 (üç min) manatının onun (cavabdeh) tərəfindən ödənilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının uşağının müayinələrinə, müailicəsinə və dava-dərmanına müəyyən məbləğdə vəsait xərcləməsi də istisna deyildir. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində X4 “açıq kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sinus üzərində minimal basılmış sınığı, sol alın payının hemorragik əzilmə ocağı, travmatik sdubaraxnoidal qansızma, alın nahiyəsinin tikilmiş yarası və bədənin çoxsaylı sıyrılmış yaraları” kimi ağır xəsarətlər almışdır. Belə halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzinin sığorta şirkəti tərəfindən ödənilmiş 1 500 (bir min beş yüz) manat sığorta ödənişi nəzərə alınmadan 4 500 (dörd min beş yüz) manat müəyyən edilməsi işin hallarına daha uyğundur. Məhkəmə iddianın 1 500 (bir min beş yüz) manat maddi ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia həmin hissədə əsaslıdır. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X4 “açıq kəllə beyin travması, baş beyinin əzilməsi, alın sümüyünün sinus üzərində minimal basılmış sınığı, sol alın payının hemorragik əzilmə ocağı, travmatik sdubaraxnoidal qansızma, alın nahiyəsinin tikilmiş yarası və bədənin çoxsaylı sıyrılmış yaraları” kimi ağır xəsarətlər almış və 18 gün xəstəxanada müalicə almışdır. Baş vermiş hadisə nəticəsində və uşağın xəstəxanada müalicə olunduğu müddət ərzində iddiaçı valideyn olaraq mənəvi iztirab və sarsıntı, stress keçirmiş və əzab çəkmişdir. Buna görə də, məhkəmə iddianın mənəvi zərər hissəsinin əsaslı olduğu qənaətinə gəlmişdir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 106.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1112 və 1118.1-ci maddələri və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin qətnaməsi ilə razı deyildir. Belə ki, xx.xx.2021-ci il tarixdə onun idarə etdiyi “QAZ33021” markalı avtomobillə iddiaçının qızı azyaşlı Həvva Əliyevanı vurmuşdur. Hadisə zamanı H.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri almış və onun müalicəsi ilə maraqlanmışdır. H.Əliyevanın müalicəsi üçün şahidlər Hüseynov Faiq və Hüseynov Samirin yanında iddiaçıya uşağının müalicəsi üçün 3500 manat pul vermişdir. 1500 manat isə sığorta tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. İddiaçının uşağa 10000 manata yaxın pul xərcləməsi tamamilə əsassızdır və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçıya mənəvi ziyana görə 1500 manat pul tələb etməsinə heç bir əsas yoxdur. İddiaçı qızının müalicəsinə və müayinəsinə 10000 manat pul xərcləməsini iddia etsə də, məhkəmə bu faktı tam araşdırmamış, hansı xəstəxanaya və hansı müalicə üçün nə qədər pul ödəməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Uşağın müalicəsi üçün dövlət xəstəxanasında müalicə edilmişdirsə bunlar tamamilə pulsuzdur. Əgər özəl xəstəxanada müalicə edibsə buna dair ödədiyi pulların qəbzini məhkəməyə təqdim etməli idi. Eyni zamanda, xəstəyə dərman alınmışdırsa həmin dərmanın alınmasına dair reseptlər təqdim etməli idi. İddiaçı özü etiraf edir ki, xəstə ilk olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və sonra isə 18 gün Bakı şəhərində “Respublika Neyrocərrahiyyə Xəstəxanasında” müalicə almışdır. 18 gün müddətində xəstəyə 10000 manat müalicə üçün pul xərclənməsi həqiqətən də ağlabatan bir məbləğ deyildir və iddiaçı tərəfindən şişirdilmiş bir məbləğdir. Lakin məhkəmə bütün bunları araşdırmadan xəstəyə hansı əsasla 4500 manat xərc çəkilməsi qənaətinə gəlmişdir? Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. İddiaçının maddi və mənəvi ziyan çəkməsi tamamilə əsassızdır. Uşağın xəstə yatdığı 18 gün müddətində yuxusuz qalmaları və buna görə mənəvi iztirablar çəkməsinin heç bir əsası yoxdur. Çünki bütün xəstəxanalarda tibb bacıları tərəfindən xəstələrə baxılır və ailə üzvlərinin xəstəxanada qalmaları mümkün deyildir. Bu səbəbdən də, iddiaçının mənəvi ziyana görə 1500 manat pul tələb etməsi tamamilə əsassızdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının qızının bütün xərclərini (xəstəxana, yemək vəs.) qarşılamışdır. Xəstəxanada iddiaçıya 2000 manat məbləğində pulu əlbəəl vermişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, cavabdeh onlara heç bir maddi köməklik göstərməmişdir. 2 dəfə qapısına gələrək dəymiş zərəri ödəyəcəyini bildirsə də, bununla bağlı heç bir addım atmamışdır. Maddi ziyanı təsdiq edəcək sübutu yoxdur. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması” hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə həmin hissədə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı həmin hissədə yanlış qənaətə gələrək təmin etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi “maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh idarə etdiyi avtomobillə iddiaçının qızı Həvva Əliyevanı vurmuş, yol-nəqliyyat hadisəsi nəticəsində Həvva Əliyeva yəni ağır zərər vurmaya aid xəsarətlər almış və Həvva Əliyeva Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasında 18 gün müalicə olunmuşdur. İddiaçı qızının müayinə və müalicəsinə çəkilən xərclər qismində cavabdehdən maddi ziyanın, eləcə də, çəkdiyi mənəvi sarsıntıya görə mənəvi zərərin ödənilməsini xahiş etmişdir. İddiaçı cavabdeh tərəfindən ona heç bir ödəniş edilmədiyini bildirir. Cavabdeh isə onun qızının xərclərini qarşıladığını bildirir, eyni zamanda, mənəvi zərər qismində tələb etdiyi pulu əsassız hesab edir. Şikayətin dəlililəri ondan ibarətdir ki, cavabdeh iddiaçının qızının müalicə və müayinə xərclərini qarşılamışdır. İddiaçının uşağa 10000 manata yaxın pul xərcləməsi tamamilə əsassızdır və buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçıya mənəvi ziyana görə 1500 manat pul tələb etməsinə heç bir əsas yoxdur. Məhkəmə tərkibi apellyasiya şikayətinin “maddi ziyanın ödənilməsi” hissəsinin dəlillərinə münasibət bildirirərək aşağıdakıları qeyd edir: Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf avtoqəza nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda isə iddiaçı tərəf qeyd edilən məbləğdə ona maddi ziyanın dəydiyini bildirsə də, buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə qismən təmin edərək “cavabdehdən maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması”nı müəyyən edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının uşağının müayinələrinə, müalicəsinə və dava-dərmanına müəyyən məbləğdə vəsait xərcləməsi də istisna deyildir. Mülki Prosessual qanunveriliciyin yuxarıda qeyd edilən normalarından da müəyyən edilir ki, hakim qərarını ehtimallarla yox, dəlillər, izahatlar, sənədlərlə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi qətnamənin “maddi ziyanın tutulması” hissəsini əsaslandırarkən bunu təsdiq edəcək heç bir sübutun (məsələn xəstaxanalara ödənilən xərclərə dair ödəniş qəbzləri, dərman vəsaitlərinin alınması üçün ödəniş qəbzləri və s) təqdim edilməməsinə baxmayaraq ehtimallara söykənmişdir. Məhkəmə tərkibi qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin “maddi ziyanın tutulması” hissəsində əsaslıdır və Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi “maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması” hissəsində ləğv edilməlidir. Apellyasiya şikayətinin dəlillərindən biri də, mənəvi ziyanın əsassız olaraq tutulması ilə bağlıdır. Belə ki, cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçının mənəvi ziyan çəkməsi tamamilə əsassızdır. Uşağın xəstə yatdığı 18 gün müddətində yuxusuz qalmaları və buna görə mənəvi iztirablar çəkməsinin heç bir əsası yoxdur. Çünki bütün xəstəxanalarda tibb bacıları tərəfindən xəstələrə baxılır və ailə üzvlərinin xəstəxanada qalmaları mümkün deyildir. Bu səbəbdən də, iddiaçının mənəvi ziyana görə 1500 manat pul tələb etməsi tamamilə əsassızdır. Qeyd edilməlidir ki, iddia tələbinin mənəvi ziyana dair hissəsi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qismən təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin həmin hissədə dəlilləri əsassızdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Digər tərəfdən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur; mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. X2 da müəyyən edilir ki, qanunvericilik sağlamlığına zərər vurulmuş şəxsin ailə üzvlərinin mənəvi zərərə görə təzminat almaq hüququnu istina etmir. Lakin məhkəmələr tərəfindən məbləğ müəyyənləşdirilərkən ədalətlilik və mütənasiblik meyarı nəzərə alınmalıdır. Eyni zamanda, mənəvi zərərlə bağlı idida iddia irəli sürən şəxsin sağlamlığına zərər vurulmuş şəxslə yaxınlığı, onlar arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi mənəvi zərərin məbləğini müəyyənləşdirən amillərdir. Digər tərəfdən, təzminat məbləği hesablanarkən cavabdehin maddi durumunu da diqqətə almaq lazımdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki “əmlak məlumatları” bölməsindən edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində **********83 reyestr nömrəli torpaq sahəsi mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulan məbləğ 1500 manat təşkil edir. Yuxarıda sadalan diqqətəlayiq halları nəzərdən keçirdikdə bu məbləği ağlabatan bir məbləğ olaraq səciyyətləndirmək olar və cavabdehin həmin məbləği ödəmək imkanına malik olmasını istisna edən hər hansı bir hal mövcud deyil. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsini mənəvi zərərin tutulması hissəsində qanuni və əsaslıdır. Apellyasiya şikayətində istinad edilən hallar qətnamənin mənəvi zərərin tutulması hissəsində ləğvi üçün əsas ola bilməz. Odur ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, yuxarıdakıları ümumiləşdirərək məhkəmə tərkibi hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi “maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(073)-724/2022 saylı qətnaməsi “maddi ziyanın əvəzi olaraq 4500 manat pulun tutulması” hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1820/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1820/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver