Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-183/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsi (hakim Nüsrət Mirzəyev) ilə iddia təmin edilərək Cavabdeh 21000 manat və ödənilmiş dövlət rüsumuna görə 230 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Ağayev X5 Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 21000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə həmkəndlir və uzun müddətdir ki, bir-birilərini yaxından tanıyırlar. Özü sahibkardır və Nəsimi kəndində yerləşən qarışıq mallar dükanını işlədir. Cavabdeh həmkəndli kimi həmişə dükanından alver edir, borcu olanda da vaxtında ödəyirdi. 2021-ci ilin iyun ayında Cavabdeh ondan 21000 manat məbləğində təcili ehtiyacı yarandığından borc pul istəmişdir. Bildirmişdir ki, bir sıra daşınmaz əmlakları, torpaq sahəsi vardır və onları satıb pulu qaytaracaqdır. O, artıq həmkəndli kimi cavabdehi yaxından tanıyır və onun həqiqətən də əmlakları olmasını bilmişdir. Aralarında olan uzun müddətli münasibətə inanaraq o, cavabdehə 25 iyun 2021ci il tarixdə 21000 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabdeh öz təşəbbüsü ilə ona yazılı formada həmin borcu qəbul etməsini təsdiq edən qəbzi yazaraq vermişdir. Qəbzdə o qeyd etmişdir ki, bir ay müddətinə almış olduğu 21000 manat pulu iddiaçıya qaytaracaqdır. Lakin həmin müdddət başa çatdıqdan sonra cavabdeh almış olduğu borcu qaytarmamışdır. Bir müddət sonra cavabdeh ona yaxınlaşıb bir qədər vaxt verməsini xahiş etmişdir. O, cavabdehə borcunu qaytarması üçün vaxt vermişdir. Lakin cavabdeh verdiyi vədə əməl etməmiş və onunla əlaqəni kəsməyə başlamışdır. Sonradan o, yenə də cavabdehdən almış olduğu 21000 manat məbləğində borcunu ödəməsini tələb etmiş, yenə də cavabdeh əvvəlki kimi vədlər verməklə borcu qaytarmamışdır. Cavabhehə bu barədə 26 yanvar 2023-cü il tarixdə xəbərdarlıq etmiş, lakin cavabdeh məktubu almasına baxmayaraq heç bir cavab verməmişdir. Hazırda Cavabdeh ona 21000 manat məbləğində borcu vardır. Həmin borcu qaytarmaqdan boyun qaçırır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 25 iyun 2021-ci il tarixdə sələm şəkilində həmkəndlisi X1 hissə-hissə olmaqla 20000 manat məbləğdə pul almış, qəbzdə isə pulun miqdarını 21000 manat göstərmişdir. O, İddiaçıla aralarındakı razılığa əsasən əsasən ondan pul alaraq ayrı-ayrı şəxslərə verir, həmin şəxslərdən hər ay faizləri alaraq İddiaçı qaytarır, bu işlərdə onun da xeyri olurdu. Bu minvalla, İddiaçı pulu alandan sonra 2021-ci ilin iyul ayında 1000 manat, avqust ayında 2000 manat, sonrakı aylarda isə hissə-hissə olmaqla ümumilikdə 22000 manatı qaytarmışdır. Bu barədə İddiaçı tərəfindən pulların alınması ilə əlaqədar ona 400 ədəd qəbz verilmişdir. Həmin qəbzlərə görə onun tərəfindən İddiaçı 116000 manatdan artıq pul qaytarılmışdır. Bütün qəbzləri Aqşinin atası X3 yazmışdır. Həmin qəbzlərin təxminən 115 ədədini Biləsuvar rayon Polis Şöbəsində araşdırma apararkən təqdim etdiyindən, həmin qəbzlər orada qalmış və ona qaytarmamışlar. Onda qalan 285 ədəd qəbzləri isə Biləsuvar Rayon Məhkəməsinə təqdim etsə də, məhkəmə qəbzləri qəbul etməmişdir. Birinci instansiya məhkəməsi bu yöndə heç bir araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qəbzləri yenidən məhkəməyə təqdim edəcəkdir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, X3 İddiaçı atasıdır. Pulları ona Nəsirağa Cavadov oğlunun adından verirdi. X4 təkidi ilə özü yazmışdır. Nəsirağa Cavadovdan aldığı pulları ona qaytarmışdır. X7 sələmlə pul istəyirdisə, o da həmin şəxslərə zamin dururdu. Beləcə, təxminən 300 nəfərdən çox adama zamin durmuş və ümumilikdə Cavadovlara 116000 manat pul ödəmişdir. Pulları hissə-hissə almışdır. Sözügedən 21000 manat məbləğində pulun isə hamısını 2021-ci ilin sentyabr ayında Nəsirağa Cavadova qaytarmışdır. Bu halı təsdiq edən qəbzləri atdığı üçün hazırda sübutu yoxdur. Buna baxmayaraq bu halın təsdiqi Nəsirağa Cavadovun dəftərindəki qeydlərdə öz əksini tapır. Belə ki, pulları qaytarmağını Nəsirağa Cavadov öz dəftərində qeyd etmişdir. Əlavə olaraq, qəbzlərin böyük bir qismi Biləsuvar rayon Polis şöbəsində qalmışdır. Hazırda məhkəməyə pulları ödədiyini təsdiq edən qəbzlər təqdim etmişdir. Məhkəməyə hazırda təqdim etdiyi qəbzlər 2021-ci ildə yox, 2022-ci ildə qaytardığı pullarla bağlıdır. Onlara 2021-ci ildə pulu qaytardıqdan sonra qəbz almamışdır. Nəsirağa Cavadov bu barədə öz qeydlər dəftərində onun adının üstündən xətt çəkmişdir. Cavadovlara 2021-ci ildə pulu ödəməmişdisə, 2022-ci ildə ona yenidən etibar edib pul verməzdilər. Pul şəxsən ona borc olaraq verilmirdi. Başqa şəxslərə pul vermək üçün vasitəçilik edirdi. Belə ki, həmin pullar onun vasitəsi ilə başqa şəxslərə verilirdi. 2023-cü ilin yanvar ayında İddiaçı ona olan borcunu qaytarmağını istəmişdir. O isə borcu qaytardığını bildirmişdir. Bundan sonra məsələni aydınlaşdırmaq üçün polisə müraciət etmişdir. 2023-cü ilin yanvar ayında iddiaçının xəbərdarlıq məktubunu almışdır. Məhkəməyə 2021-ci ilə aid borcla bağlı verilməsini düşünməmiş, lakin bildiriş aldıqdan sonra bundan məlumatlı olmuşdur. İddiaçı nümayəndəsi Vəkil məhkəmədə izahat verərək bildirmişdir ki, iddianın predmeti bəllidir. Sübut kimi iş materiallarına qəbz əlavə olunmuşdur. Qəbzdə cavabdehin pulu qaytaran zaman qəbzi geri alacağı qeydi öz əksini tapmışdır. 2023-cü ilin yanvar ayında iddiaçı cavabdehə xəbərdarlıq məktubu göndərmiş, həmçinin həmin məktub cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh borcunu ödəsəydi, o da iddiaçıya cavab məktubu göndərmiş olardı. İddiaçıya isə bu barədə rəsmi cavab göndərilməmişdir. Tərəflər arasında bu barədə narazılıq yarandıqdan sonra Cavabdeh polisə müraciət etmişdir. Müvafiq qərarla cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ümumiyyətlə, Cavabdeh Kərəm adlı şəxslə birlikdə pensiya düzəltmək kimi bir neçə əməllərlə başqa-başqa şəxslərdən pul almışlar. Polis şöbəsində bununla bağlı cinayət işi də başlanılmış, lakin hazırda Kərəm adlı həmin şəxs vəfat etmişdir. Cavabdehin ailəsinə məxsus təsərrüfatı, bir neçə yerdə obyektləri var və maddi imkanları yaxşıdır. İddiaçı ilə həmyerlidir və münasibətləri yaxşı olmuşdur. Cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçı da onun tanış biri olduğunu, aralarındakı yaxşı münasibəti, habelə onun maddi imkanını nəzərə alaraq ona borc pul vermişdir. Cavabdeh isə iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdeh iddiaçıya olan borcunu qaytardığını bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilmir. İddiaçının bildirdiyinə görə pulu atası yox, özü şəxsən cavabdehə verib. İddiaçı heç kimə sələmlə pul vermir. Onun atasının da elə bir qeyd kitabı yoxdur. Bununla bağlı deyilənlər tamamilə cəfəngdir. Birinci instansiyada işə baxılarkən tərəflər arasında barışıq əldə olunmasına cəhd göstərilsə də, buna nail olunmamışdır. Hazırkı halda, tərəflər arasında barışıq mümkün deyildir. İddiaçı məhkəməyə qətnaməsi ilə pulun tutulmasını, icra zamanı isə pulun hissə-hissə ödənilməsi üçün cavabdehə şərait yaradacağını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan yazılı qəbzdən görünür ki, Cavabdeh 25 iyun 2021-ci il tarixdə İddiaçı 21000 manat pul borc aldığını göstərməklə, həmin pulu bir ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu qaytarması barədə xəbərdarlıq edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Habelə Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, ozaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Göründüyü kimi, yuxarıda sadalanan maddi hüquq normaları tələbin qanuni əsaslarını müəyyən edən normalar qismində çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iş materiallarına əsasən Cavabdeh 25 iyun 2021-ci il tarixdə İddiaçı 21000 manat pul borc almış və onu bir ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə bildirməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan 25 iyun 2021-ci il tarixdə 21000 manat deyil, hissə-hissə olmaqla 20000 manat məbləğdə pul aldığını, qarşılığında isə 2021-ci il ərzində ümumilikdə 22000 manatı qaytarmasını bildirsə də, həmin dəlillərini təsdiq edən heç bir sübut əlavə edə bilməmişdir. Bundan başqa, cavabdeh onda olan qəbzlərə əsasən tərəfindən iddiaçıya 116000 manatdan artıq pul qaytarılmasına dair qeyd edilməlidir ki, o, öz izahatında 25 iyun 2021-ci il tarixdə aldığı 21000 manat məbləğdə pulun hamısını 2021-ci ilin sentyabr ayında qaytardığını, lakin həmin halı təsdiq edən qəbzləri atdığı üçün hazırda sübutunun da olmadığını göstərmişdir. Cavabdeh həmçinin məhkəməyə təqdim etmək istədiyi qəbzlərin başqa şəxslərin iddiaçıya olan borcunun 2022-ci ildə qaytarılmasına dair pullarla bağlıdır. Bununla yanaşı, iddiaçının nümayəndəsi məhkəmədə izahatında qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayında iddiaçı cavabdehə borclu olduğu 21000 manat məbləğdə pulun qaytarılması üçün xəbərdarlıq məktubu göndərmiş, cavabdeh tərəfindən adıçəkilən xəbərdarlıq qəbul edilməsinə baxmayaraq iddiaçıya bu barədə, yəni borcunun qaytarılması və s. hallara dair heç bir etirazını bildirməmişdir. Bütün qeyd edilənlərə əsasən hazırkı mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında tanışlıq münasibətləri mövcud olmuş, bu səbəbdən də iddiaçı cavabdehə 21000 manat məbləğdə borc pul vermişdir. Cavabdeh həmin borcu tam olaraq qaytardığını bildirsə də, bu iş üzrə təsdiqini tapmır. Beləcə, məhkəmədə toplanmış və araşdırılmış iş materialları ilə Cavabdeh İddiaçı borcunu qaytarılması halı müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(022)-462/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-183/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-183/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver