Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1845/2025 15.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X4 qarşı “mülkdən istifadənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 dekabr 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X4 qarşı mülkdən istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin İddiaçının mülkiyyətində olan Füzuli rayonu, Babı kəndində yerləşən evdən istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli rayonu, Babı kəndində yerləşən mübahisəli mənzil AR ƏMDKYDƏDRX tərəfindən verilmiş çıxarış əsasında İddiaçının mülkiyyətindədir və ona məxsusdur. Cavabdehlər hazırda Bakı şəhərində yaşayırlar, lakin mütəmadi olaraq İddiaçıya məxsus olan mülkə icazəsiz daxil olurlar və İddiaçıya maddi ziyan vururlar. Bu barədə dəfələrlə “102” xidmətinə müraciət olunsa da, məhkəmə qətnaməsi olmadığına görə polis əməkdaşları heç bir köməklik göstərə bilmirlər. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə Məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X3 ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən və mülki olan 22 sot torpaq sahəsində tikilən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə onlar tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini şifahi olaraq belə əsaslandırmışdır ki, ərizə özü tərəfindən yazılmışdır. Hüquqşünas olmadığı üçün iddia tələbinin məzmununda yalnışlığa yol vermiş və bu hal vəkillə məsləhətləşdikdən sonra müəyyən edildiyindən sözügedən ərizəni məhkəmə baxışı zamanı təqdim etmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 onun qardaşının keçmiş arvadıdır. Sözügedən mübahisəli mənzil sonradan miras yolu ilə İddiaçıya qalıb. Cavabdehlər müvəqqəti olaraq orada yaşayıblar, 10 ildən çoxdur ki, o evdə yaşamırlar, hazırda isə Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayırlar. Lakin qeyri-qanuni olaraq sözügedən evin qıfılını və giriş qapısını qıraraq evə daxil olaraq evin əşyalarından qanunsuz istifadə edirlər. Həmçinin İddiaçı tərəfindən quraşdırılmış görüntüləri qeydə alan kamera da Cavabdeh1 tərəfindən sındırılmışdır. Bu barədə dəfələrlə polis orqanına müraciət edilsə də, evdən müvafiq məhkəmə qətnaməsi olmadığından heç bir köməklik göstərə bilməyiblər. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa və İddiaçının dediklərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o və övladları vaxtaşırı sözügedən fərdi yaşayış evinə gəlir. İddiaçı onun keçmiş ərinin bacısıdır. Həmin evin tikilməyində, təmir olunmasında onun da əziyyəti olub. Bütün kənd camaatı buna şahiddir. Lakin hazırda İddiaçı və onun ailəsi evdən istifadəyə imkan vermirlər. Evə onlar tərəfindən ziyan vurulmasını iddia etsələr də, bu yalandır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh4 və X9 Cavabdeh1 dedikləri ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Cavabdeh X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsi ilə (hakim E.İsmayılov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X9 tərəfindən İddiaçı məxsus Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-963/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Mirlətif Sadıqov və Aytən Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki işin icraatına xitam verilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3067/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X20 və X15 ibarət tərkibdə), İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-963/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Füzuli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəllənin; 148.2-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3067/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X20 və X15 ibarət tərkibdə), İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-963/2025 nömrəli, 14 avqust 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir: Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddia üzrə tərəflər eyni olsa da əvvəlki iddia ilə hazırkı iddianın predmetinin (iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələb) və iddianın əsasının (iddiaçının əsaslandığı hüquqi faktlar) eyni olduğuna dair apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün deyil. Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin iddia irəli sürülərkən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli rayon Babı kəndində yerləşən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh1 keçmiş əri, digər cavabdehlərin isə atası olan X1 (iddiaçının qardaşı) ümumi birgə mülkiyyətində olmuşdur. Hazırkı iddia ərizəsinə əlavə edilmiş çıxarışa əsasən isə fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdən iddiaçının tam mülkiyyətinə keçdiyi müəyyən olunur. Göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırarkən əsaslandığı faktlar dəyişmişdir. Bundan əlavə əvvəlki iddia ərizəsində iddiaçı ona birgə mülkiyyət hüququ əsasında məxsus olan evə cavabdehlərin qanunsuz sahiblik etdiyini iddia edərək onların evdən çıxarılmasını (əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) və ona mülkiyyətindən istifadə etməyə maneə yaratmalarının cavabdehlərə qadağan edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbinə Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən hüquqi qiymət verilmişdir. Həmin iddia ərizəsində mülkiyyətdən istifadəyə maneənin cavabdehlərə qadağan edilməsi barədə tələbi məhkəmə birinci tələbdən doğan iddia tələbi kimi qəbul edərək hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus evdə yaşamadıqlarından iddiaçıya hər hansı maneə yarada bilməzlər. Həmin iddiaya baxılarkən cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olub-olmadığı araşdırma predmeti olmamış, bu məsələyə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Kollegiya qeyd edir ki, MM-nin 157.2-ci və 157.4-cü maddələrində nəzərdə tutulmuş hüquqlar mülkiyyət hüququnun fərqli müdafiə vasitələridir. Birinci halda mülkiyyətçi öz mülkiyyətində olan əşyadan faktiki məhrum olduğundan əşyanın naturada qanunsuz sahibdən alınaraq ona qaytarılmasını tələb edir, ikinci halda isə mülkiyyətçi əşyadan faktiki məhrum edilmədən onun mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə tələb irəli sürür. Hazırki işdə iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinə cavabdehlərin qeyri-qanuni, icazəsiz daxil olmaqda ifadə olunan hərəkətlərinin məhkəmə tərəfindən qanunsuz hesab edilməsini, mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən bu maneələrin aradan qaldırılması barədə (neqator iddia) qətnamə qəbul edilməsini xahiş etmişdir. MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararaq iş materiallarında olan aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İ-JQ seriyalı, 291424 nömrəli 14 iyun 1980-ci il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X12 (İddiaçının atası) 13 iyun 1980- ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 202192 nömrəli 07 sentyabr 2006-cı il tarixli ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X16 (İddiaçının anası) 19 iyun 2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AR İN ƏMDXDƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış (daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində qeydiyyata alınmış), tikintinin planı (M1:100) və AR İN ƏMDXDƏDKRPHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 4/1217 inventar nömrəli, 24 mart 2023-cü il tarixli texniki pasport əsasında müəyyən olunur ki, Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 10 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiqlənmiş 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş X10 vərəsəsidir və o, miras əmlakdan (Füzuli rayonu, Babı kəndində mülkiyyətdə olan 0,2045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134,6 kvm olan fərdi yaşayış evinin mərhum X14 məxsus ümumi birgə hissəsindən) tam hissədə pay almalıdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-265/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, X7 (İddiaçının qardaşı) ilə Cavabdeh1 arasında 07 nömrə ilə qeydə alınmış xx.xx.1999- cu il tarixli nikah aktının ləğv olunması qət edilmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-32/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi əsasında müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X4 qarşı evdən çıxarılma və müəyyən hərəkətlərin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir və qətnamə onunla əsaslandırılmıışdır ki, cavabdehlər qeyd olunan evdə yaşamadıqlarından onların həmin evdən çıxarılmaları da absurddur və onların İddiaçının evindən istifadəsinə hansı maneələr yaratması da anlaşılan deyil. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında 38/8537 saylı arayış əsasında müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1999-cu ildən, X11 xx.xx.2014-cü ildən, X9 xx.xx.2015-ci il tarixdən və Cavabdeh4 xx.xx.2015-ci il tarixdən Füzuli rayonu, Babı kəndində daimi qeydiyyatdadırlar. İş materiallarında olan AR FR İHB Arayatılı Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayış əsasında müəyyən olunur ki, Füzuli rayonu Babı kəndində yerləşən mərhumə X14 məxsus olmuş fərdi yaşayış evi İ Qarabağ müharibəsi zamanı erməni işqalçıları tərəfindən yandırılmış, 1998-ci ildə X8 Cəmiyyəti tərəfindən qismən bərpa olunmuş, X16 2005-ci ildə vəfat etdikdən sonra həmin ev vərəsəliklə onun qızı Qasımova (Abbasova) Telli Dədəkişi qızının adına keçmiş, 2020-ci ildə Vətən müharibəsi zamanı Babı kəndinə düşmüş raket nəticəsində həmin evə də ziyan dəymiş və 2021-ci ildə ev dövlət hesabına tam bərpa olunaraq vətəndaşa təhvil verilmişdir. İş materiallarında olan CD diskdə qeydə alınmış videogörüntüyə baxış keçirilən zaman quraşdırılmış görüntüləri qeydə alan kameranın Cavabdeh1 tərəfindən sındırılması müəyyən edilir. Fotoşəkillərə baxış keçerilən zaman qıfılın və qapının zədəli olduğu müəyyən olunur. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək müəyyən edir ki, Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi – mübahisəli mənzil hazırda İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil İddiaçının anası mərhum X10 mülkiyyətində olmuş, xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı mərhum X10 vərəsəsi təyin olunaraq ona miras əmlak kimi mübahisəli mənzildən tam hissədə pay təyin olunmuşdur. Qeyd olunanlar iş materiallarına əlavə edilmiş 24 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, AR İN ƏMDXDƏDKRPHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, tikintinin planı (M1:100) və AR İN ƏMDXDƏDKRPHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 4/1217 inventar nömrəli, 24 mart 2023-cü il tarixli texniki pasport əsasında öz təsdiqini tapır. Hazırda iddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X3 ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən və mülki olan 22 sot torpaq sahəsində tikilən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İddiaçı tələbinin əsası kimi qeyd edir ki, Cavabdeh1 onun qardaşının keçmiş arvadıdır. Sözügedən mübahisəli mənzil sonradan miras yolu ilə İddiaçıya qalıb. Cavabdehlər müvəqqəti olaraq orada yaşayıblar, 10 ildən çoxdur ki, o evdə yaşamırlar, hazırda isə Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayırlar. Lakin qeyri-qanuni olaraq sözügedən evin qıfılını və giriş qapısını qıraraq evə daxil olaraq evin əşyalarından qanunsuz istifadə edirlər. Həmçinin İddiaçı tərəfindən quraşdırılmış görüntüləri qeydə alan kamera da Cavabdeh1 tərəfindən sındırılmışdır. Bu barədə dəfələrlə polis orqanına müraciət edilsə də, evdən müvafiq məhkəmə qətnaməsi olmadığından heç bir köməklik göstərə bilməyiblər. Cavabdehlər Cavabdeh1 iddiaya etirazından müəyyən edilir ki, o və övladları vaxtaşırı sözügedən fərdi yaşayış evinə gəlir. İddiaçı onun keçmiş ərinin bacısıdır. Həmin evin tikilməyində, təmir olunmasında onun da əziyyəti olub. Bütün kənd camaatı buna şahiddir. Lakin hazırda İddiaçı və onun ailəsi evdən istifadəyə imkan vermirlər. Evə onlar tərəfindən ziyan vurulmasını iddia etsələr də, bu yalandır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh4 və X9 Cavabdeh1 dedikləri ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi iddiaçı mülkiyyətçi olmaqla cavabdehlərdən mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə etməsinə qanunsuz yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İddiaçının istinad etdiyi maneələr- sözügedən evin qıfılının və giriş qapısının cavabdehlər tərəfindən qırılaraq cavabdehlərin evə daxil olaraq evin əşyalarından qanunsuz istifadə etməsidir. Ümumiyyətlə, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırkı işin hallarından görünür ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinin tələbləri baxımından heç bir yazılı razılaşma müəyyən edilməmişdir. Cavabdehlər özləri də birinci instansiya məhkəməsində verdikləri izahatlarında X5 da vaxtaşırı sözügedən mənzilə mülkiyyətçinin razılığı olmadan gəldiklərini etiraf etmişlər. Bundan başqa, CD diskdə qeydə alınmış videogörüntüyə baxış keçirilən zaman mübahisəli fərdi yaşayış evində quraşdırılmış kameranın Cavabdeh1 tərəfindən sındırılaraq mülkiyyətçinin mülkiyyət hüququnun pozulması bir daha müəyyən edilir. Bu isə onu göstərir ki, cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxilədir və iddiaçıların bu müdaxilədən Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən müdafiə hüquqları vardır. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə kollegiya hesab edir ki, cavabdehlərin vaxt aşırı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadəsi qanunsuz olduğundan iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Kollegiya birinci instansiya məhkəməsinin “İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4 və X9 tərəfindən İddiaçı ona məxsus Füzuli rayonu, Babı kəndində yerləşən 0,2045 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 134,6 kv.m. olan fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə edilən maneələr aradan qaldırılsın” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür Kollegiya, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi halları işin faktiki hallarına uyğun olmayan dəlillər kimi qəbul edir və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Füzuli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1, X11 və Cavabdeh4 (nümayəndəsi və vəkili Vəkil1) tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(064)-86/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1845/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1845/2025
15.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver