Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1864/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” X1 Regional Qaz istismarı İdarəsi tərəfindən tərtib edilmiş AKT ******* nömrəli xx.xx.2019-cu il, AKT ******* nömrəli xx.xx.2022-ci il və AKT ******* nömrəli xx.xx.2023-cu il tarixli aktın etibarsız hesab edilməsi, aktlar əsasında hesablanmış 4512.24 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Şıxımlı kəndində yaşayır. Hər ay istifadə etdiyi qazın dəyərini vaxtlı-vaxtınta ödəmiş, heç bir vaxt qaz borcu olmamışdır. Qaz idarəsindən gələrək ona bildirmişdirlər ki, “qaz sayğacının vaxtı bitib, yeni qaz sayğacı qoyulacaq”. O da heç bir etiraz etməmişdir. Onlar qaz sayğacını qoyulduğu yerdən çıxararaq çıxıb getmişdirlər. Sonradan qaza baxan nəzarətçi ona bildiriş verəndə qaza borcun olduğunu görmüşdür. Maraqlananda ona bildirmişdirlər ki, qaz sayğacına görə cərimələnmişdir. Qaz sayğacına müdaxilə olmuşdur. O nə qədər onlara izah etməyə çalışsa ki, qaz sayğacına müdaxilə olunmayıb, onlar onunla razılaşmayıblar. Qaz sayğacına dair, o cümlədən, borca dair bütün sənədləri çox get- gəldən sonra əldə etmişdir. Qaz idarəsinin işçiləri onun iştirakı olmadan ******* nömrəli, xx.xx.2019-cu il, ******* nömrəli xx.xx.2022-ci il və ******* nömrəli xx.xx.2023-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib etmişdirlər. Aktlar və akta əsasən hesablanan məbləğ tamamilə qanunsuzdur. Etibarsız hesab edilməlidir. Qaz sayğacı küçədə olub heç bir qoruma vasitəsi ilə təmin edilməmişdir. Qaz sayğacı açılarkəndə ona qaz sayğacının laborotoriyaya göndərilməsi izah edilməmiş, qaz sayğacı açılarkən isə heç bir qoruyucu vasitəsi olmamışdır. Hal şahidləri öz işçiləri olmuşdur. Maraqlı olan ancaq cavabdeh qurumun işçiləri orada iştirak etmişdirlər. O aktlarla razı deyil. Həmin aktlar qanunsuz tərtib edilmişdir. Vətəndaşlıq hüquqları kobud şəkildə pozulmuşdur. Saxtakarlıq isə budur ki, əgər o qaz sayğacına müdaxilə etmişsə yalnız sayğac açılana qədər etmiş, yazılmış aktın geriyə qüvvəsi var, əvvələ qüvvəsi ola bilməz. Deməli, cavabdeh qurumun özünün Qaz haqqında qanunlardan xəbərləri yoxdur. Yuxarıda qeyd etdiyi detallar aktların qanunsuz olmasına, etibarsız hesab edilməsinə əsas verir. Hesablanan cərimə məbləği hesabından silinməlidir. Beləliklə, cavabdeh qurum olan X3 İdarəsinin işçiləri onlara verilmiş hüquqlardan suiistifadə edərək qanunvericilik aktlarının tələblərini eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsi ilə (hakim Xaliq İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt üzrə 75.60 (yetmiş beş manat 60 qəpik) manat əlavə hesabatın aparılması, qalan 151.20 (bir yüz əlli bir manat 20 qəpik) manat əlavə hesablanmış məbləğin İddiaçı hesabından silinməsi, itirilmiş təbii qaza görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə 345.60 (üç yüz qırx beş manat 60 qəpik) manat əlavə hesabatın aparılması, qalan 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat əlavə hesablanmış məbləğin İddiaçı hesabından silinməsi, itirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə 345.60 (üç yüz qırx beş manat 60 qəpik) manat əlavə hesabatın aparılması, qalan 1209.60 (bir min iki yüz doqquz manat 60 qəpik) manat əlavə hesablanmış məbləğin İddiaçı hesabından silinməsi, qalan hissədə iddianın təmin edilməməsi, 30 (otuz) manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; -Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı idarəsi ilə İddiaçı (istehlakçı) arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyan 2268 kub metr (226.80 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyan 17280 kub metr (2073.60 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə aşkar edilmiş, dəymiş ziyan 18432 kub metr (2211.84 manat) müəyyən edilmişdir. İddiaçı bu barədə tərtib edilmiş aktlara imza etməkdən imtina etdiyi göstərilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İşin müəyyən edilmiş hallarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlarda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. İşdə olan, abonentin saldosundan görünür ki, 2016-cı ildən hal-hazıra kimi İddiaçı məxsus, Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən evində quraşdırılmış sayğacın göstəricilərinə əsasən qaz sərfi müəyyən edilmir. Məhkəmə iclasında iddiaçı bunun səbəbini onunla izah etmişdir ki, yaşadığı evə təbii qaz verilmədiyindən, eyni həyətdə yaşayan oğluna məxsus evə verilən qazdan istifadə edir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacına görə yox, qaz sayğacından kənar xəttlə istifadə etdiyinə görə 3 ay, 6 ay və 7 ay göstərilməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Halbuki, evə qaz verilişi dayandırılmış, iddiaçının sözünə görə eyni həyətdə yaşayan oğluna məxsus evə verilən qazdan istifadə edir. Məhkəmə hesab etmişdir ki, hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına uyğun olaraq təbii qazdan istifadəyə görə yenidən hesablaşma hər üç akt üzrə 30 gün götürülməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2019-cu il tarixli ******* nömrəli akt üzrə 75.60 manat (226.80:3) əlavə hesabat aparılmalı, qalan 151.20 manat (226.80-75.60) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. İtirilmiş təbii qaza görə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (2073.60:6) əlavə hesabat aparılmalı, qalan 1728 manat (2073.60-345.60) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. İtirilmiş təbii qaza görə xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə 345.60 manat (2211.84:6.4) əlavə hesabat aparılmalı, qalan 1209.60 manat (2211.84-345.60) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə uyğun olaraq İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş və o, inzibati məsuliyyətə cəlb edilməmişdir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, 30 (otuz) manat dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1, 6.5-ci bəndləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzildə 3 (üç) dəfə qaz sayğacından kənar istifadə halı aşkar edilmiş və bununla bağlı müvafiq qaydada aktlar tərtib edilmişdir. İddiaçı sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və bununla bağlı ******* nömrəli, xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmişdir. Mənzilin işlədicilərinə uyğun olaraq 1 ədəd Dəmir Sobadan istifadə edildiyi müəyyən edilərək dəyəri 226.80 manat hesablanmışdır. Aktın tərtibatı zamanı istehlakçının nümayəndəsi orada iştirak etmiş lakin akta imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə təkrar olaraq təbii qazdan qeyri-qanuni olaraq istifadə hal aşkar edilmiş və bununla bağlı 20.09.202-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə ahlı aşka edilərək 2073.60 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə qaz sayğacından kənar təbii qazdan istifadə halı aşkar edilmiş və bununla bağlı ******* nömrəli, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və həmin akta əsasən 2211.84 manat hesablama aparılmış təbii qazın dəyəri iddiaçıya məxsus abonent hesabına əlavə olunmuşdur. Ümumilikdə iddiaçı tərəfindən 4512.24 manat məbləğində təbii qazdan sayğacdan kənar istifadə etmişdir. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmiş, məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir.Ona görə də Cavabdeh verdiyi apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 1635/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə qətnamə qəbul etmişdir. Məhkəmədə işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Cavabdeh tərəfindən iddiaçının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib edilməməsi barədə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi, həmin ünvanda qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq təqsirli şəxsin (abonentin) inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi müəyyən edilməmişdir. Belə ki, qanunvericiliyə görə (Cinayət Məcəlləsinin 189-1-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi) şəbəkəyə qanunsuz qoşulma halları aşkar edilməsi nəticəsində vurulan zərər dəyərindən asılı olaraq cinayət və ya inzibati məsuliyyətə səbəb olur. Şəbəkəyə qanunsuz qoşulma halları nəticəsində dəymiş zərərin konkret şəxsə aid edilməsi və həmin şəxsdən pul tələb edilməsi üçün, ilk növbədə, şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edildiyi barədə göstərilən hallar cinayət təqibi və ya inzibati xətalara dair icraat qaydasında araşdırılmalı, təqsirlilik məsələsi həll olunandan sonra şəxsdən vurulmuş ziyan mülki icraat qaydasında, yaxud da cinayət işinə baxılması ilə əlaqədar mülki iddia verməklə tələb oluna bilər. Bunun üçün Cavabdeh qeyd edilən hallar ilə əlaqədar idiaçının cinayət və ya inzibati məsuliyyətə cəlb olunması üçün ilkin olaraq aidiyyəti orqanlara müraciət etməli, iddiaçının təqsiri sübuta yetirilərdisə, bundan sonra ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməli idi. Qeyd olunan hallar müəyyən edilmir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1635/2025 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1864/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1864/2025
25.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver