Məhkəmə qərarları › İş №2(106)-1879/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1879/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1879/2024 04.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fazil oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı, Cavabdeh qarşı «maddi ziyan» tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «əşyaların cavabdehin evinə geri qaytarılması» tələblərinə dair ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2195/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları Lənkəran Rayon Qeydiyyat Şöbəsinin nikahın pozulması haqında 314622 nömrəli şəhadətnamədən görunur ki, X4 ilə X2 arasındakı nikah 08 fevral 2019-cu il tarixdə 35 nömrəli qeydə əsasən pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(049)-2453/2019 saylı qətnaməsindən görünür ki, Məmmədova (Fətullayeva) Fidan Əhmədəli qızına məxsus cehiz əşyalarının İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 2436-cı məhəllə, 24 saylı mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(102)-1295/2024 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2(106)- 647/2020 saylı qətnaməsi qüvvədə saxlamışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 3(007)-2372/2022 saylı qərarından görünür ki, X1 Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(049)-2453/2019 saylı icra vərəqsini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 8(049)-105/2023 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2453/2019 saylı, 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 8(106)-32/2023 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 8(049)-105/2023 saylı qərardadı ləğv edilmişdir. 06 yanvar 2024-cü il tarixli müqavilədən görünür ki, fiziki şəxs İddiaçı ilə saxlayıcı "xxxx" MMC aralarında 06 fevral 2024-cü il tarixədək hər ay 200 manat ödəməklə fiziki şəxs İddiaçıa məxsus əşyaları saxlancda saxlanılması barədə razılığa gəlmişlər. Həmin müqavilə 24 yanvar 2024-cü il tarixdə əlavə razılaşma ilə 06 aprel 2024-cü il tarixədək uzadılmışdır. 07 yanvar 2024-cü il, 26 yanvar 2024-cü il, 05 aprel 2024-cü il, 05 may 2024-cü il, 07 iyun 2024cü il, 01 iyul 2024-cü il, tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə cəmi müvafiq olaraq 900 manat, 400 manat, 200 manat, 200 manat, 200 manat, 200 manat olmaqla, cəmi 2100 manat məbləğində xidmət haqqı ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1300 manat (bir min üç yüz) manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, iddiaçının oğlu X4 2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küç, ev 2436, mənzil 24-də yaşamışdır. Cavabdeh ilə oğlu ailə qurduqdan bir müddət sonra cehiz əşyalarını onun mənzilində yerləşdirmişdir. Sonradan aralarındakı ailə münasibətləri pozulmuş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq, Cavabdeh cehiz əşyalarını ona məxsus mənzildən götürməmişdir. Cavabdehə cehiz əşyalarını evdən çıxarması üçün dəfələrlə xəbərdarlıq edilsə də, bu heç bir nəticə verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2453/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus mənzildən çıxarılması qət edilmişdir. Qətnamənin icrasından yayınmaq və prosesi süni surətdə uzatmaq məqsədilə Cavabdeh apellyasiya və kassasiya instansiyası məhkəmələrinə şikayətlər etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 647/2020 nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)- 1295/2021 nömrəli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. 2021-ci ilin fevral ayından icra vərəqi Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatındadır. Bu günə kimi, yəni 3 ildən çoxdur ki, Cavabdeh qətnamənin icrasından qərəzli şəkildə yayınmış və icra etməmişdir. İcra şöbəsi tərəfindən dəfələrlə barəsində axtarış, məcburi gətirmə qərarları qəbul olunmuş, barəsində inzibati protokol tərtib olunaraq 500 manat cərimə olunmuş, buna baxmayaraq bu şəxs Azərbaycanda məhkəmə qərarlarına açıq hörmətsizlik etməkdə davam edir. Daha sonra bütün bunlar azmış kimi, icranı süni şəkildə yubadmaq üçün 2023-cü ildə məhkəmə qətnaməsinin icrasına möhlət istəmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraya möhlət almışdır. Bu qərardad qanunsuz olduğu üçün xx.xx.2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Sadalanan çoxsaylı qanunsuzluqlara baxmayaraq, cehiz əşyaları mənzildən çıxarılmamışdır. Tərəflər arasındakı nikah 2019-cu ilin yanvar ayında pozulsa da, Cavabdeh beş ildir davam edən qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozur, mənzilindən istədiyi kimi istifadə etməyinə, yaxud mənzilini satışa çıxarmağıma mane olur. Qeyd edilən səbəblərdən sözügedən əşyaları saxlanc anbarına yerləşdirmək məcburiyyətində qalmışdır və xx.xx.2024-cü il tarrixdə "xxxx" MMC ilə malların anbarda saxlanması müqaviləsi bağlamışdır. Həmin tarixdə saxlayıcı təşkilat əşyaları onun mənzilimdən çıxardaraq anbara yerləşdirmişdir. Daşıma xərci 700 manat, anbarda aylıq saxlama haqqı 200 manat müəyyən edilmiş, tərəfindən 900 manat ödənilmiş (700 daşıma, 200 yanvar ayının saxlama haqqı), daha sonra xx.xx.2024-cü il tarixdə 400 manat (fevral və mart aylarının saxlama haqqı) ödənilmişdir. Məcburiyyət qarşısında qalıb ödədiyi 1300 manat pul konkret olaraq Cavabdeh qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyandır və həmin maddi ziyan cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Daha sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması haqqında ərizə verərək, Cavabdeh 700 manat anbara daşıma xərci, 1400 manat (yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının pulu) anbarda saxlama xərci, cəmi 2100 (iki min yüz) manat və ödənilmiş 63 manat (33 manat və 30 manat) dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, cehiz əşyalarının "xxxx" MMC-yə məxsus anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilkin iddianın rədd edilməklə “Yüktaksisi.az" MMC-nin anbarına köçürüldüyü deyilən cehiz əşyalarının iş üzrə mövcud qətnamədə qeyd edilən ünvana, yəni Kamil Balakişiyev küçəsi, ev 2436 ünvanındakı 24 saylı mənzilə köçürülməsi və mövcud qətnamənin icrasını Azərbaycan Respublikasını İcra haqqındakı qanununu rəhbər tutaraq, məhkəmə qətnamələrinin icrasini həyata keçirən Nizami Rayon İcra Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "maddi ziyan tələbinə" dair iddia ərizəsi təqdim edərək ondan 1300 AZN dəyərində pul və mənə məxsus cehiz əşyalarını yerləşdirdiyi “yüktakssi.az" MMC-yə məxsus anbardan götürməmi tələb etmişdir. İddiaçı ona məxsus cehiz əşyalarını Kamil Balakışıyev küçəsi, ev 2436. 24 saylı mənzildən çıxararaq cari ilin yanvar ayında anbara yerləşdirdiyi və bunun xərc yaratdığı barədə qəti məlumatı olmamışdır. Cehiz əşyalarının çıxarılması ilə Məhkəmə qətnaməsi çıxdıqdan sonra Nizami Rayon İcra Şöbəsi məşğul olmuş və o, da İddiaçı qanunsuz əməllərindən məlumatsız olduğu və prosesdə qəti olaraq iştirak etmədiyini bildirmişdir. Ona yalnız sms vasitəsi ilə eməhkəmə sistemindən 10 iyun 2024-cü il, saat 13:32-də gələn məhkəməyə çağırış bildirişi ilə iddiaçının onun əmlakı üzərindəki qanunsuz hərəkətləri ilə bağlı məlumatlandırılmışdır. O, Azercell və Azərpoçtla əlaqə saxlamış və ona əşyalarının mənzildən çıxarılaraq anbara yerləşdirildiyi və bunun da xərc yaratdığı barədə heç bir məlumat və ya məktub gəlmədiyini araşdırmışdır. Bununla da, kifayətlənməyib, asan imza ilə şəxsi kabinetə daxil olmuş və oradadan da ona qarşı tərəfdən, nə də icra şöbəsi tərəfindən hər hansı bildirişin gəlmədiyini müəyyənəşdirmişdir. İddiaçı cehiz əşyalarını anbara yerləşdirdikdən sonra və ya əvvəl ən azı İcra məmurundan xahiş edib ona məlumat verilməsini istəyə bilərdi. İcra məmuru da rəsmi olaraq ona məlumat verərdi və saxlanc xərci bu qədər artmazdı. Lakin iddiaçı səhhətində hər gün problem yaşayan uşağa sahib tək anaya qarşı qərəzli və kinli münasibət saxlamış və həyata keçirdiyi icra əməlini həm icraçı, həm də cavabdehdən gizlətmişdir. Eyni zamanda, iddiaçı əşyaları anbara yerləşdirdikdən bir-iki və ya üç ay sonra deyil, düz 6 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmış və bununlada anbar xərclərinin artmasını gözləmişdir ki, artmış məbləği ödəsin və bununla da ona maddi ziyan vursun. İddiaçı də iddia ərizəsinə baxıldıqda orda da ona cehizlərin mənzildən çıxararaq anbara yerləşdirdiyi və bunun maliyyə tərəfi, yəni aylıq 200 AZN anbara rüsum xərci yaratdığı və ümumilikdə 1300 AZN məbləğində ona dəyən ziyan barədə ona məlumat verildiyi barədə sübut təqdim olunmamışdır. Cehiz əşyaları üzərində İcra Şöbəsinin məlumatı və iştirakı olmadan qanunsuz hərəkətlər etmiş, bu qanunsuzluq xərc yaratmış və o xərci ondan tələb edir. Onun xəbəri olmadan və İcra Şöbəsinin iştirakı olmadan ona məxsus əşyalara toxunmaq ixtiyarı ona hardan verilib və bu qanunsuz əməldən yaranan xərci o, niyə ödəməlidir nəzərə alsaq ki, o, yalnız indi bu barədə xəbər tutmuşdur. Onun iyun 10 tarixindən öncə nə qarşı tərəfin onun əmlakını ünvandan çıxardığı, nə də bununla bağlı xərclərin yarandığı barədə məlumatı olmuşdur və heç bir vasitə ilə məlumatlandırılmamışdır. Onun əmlakının hazırkı vəziyyəti və yerləşdirildiyi yer ona qaranlıq qalıb. Hətta "xxxx" MMC-yə məxsus anbarda yerləşdirildiyi deyilən sözügedən əşyaların ona məxsusluğunu belə bilmir. İlkin iddianın ikinci bəndi cehiz əşyalarənən anbardan götürülməsi hissəsinə gəldikdə, isə təqdim olunan işdə Nizami Rayon İcra Şöbəsinin işi icra edən icraçısı Fəxrəddin Şahhuseynov tərəfindən mənzildən çıxarılaraq anbara yerləşdirilməsi ilə bağlı nə tərtib etdiyi akta, nə də cavabdehi bu hərəkətlərin görüldüyü və nəticədə xərclərin yarandığı ilə bağlı məlumatlandırılma dəlilinə rast gəlinir. İddiaçı ona məxsus əşyaları onun və ünvan 1 ünvanından çıxarması onun əmlakı üzərində qanunsuz hərəkətdir və onlara sahibinin rəyi və məlumatı olmadan toxunmaq Azərbaycan Respublikasının qanunvericiliyi ilə cinayət məsuliyyəti yaradır. Lənkəran Rayon Məhkəməsinin (hakim Murad Aslanov) e-2(049)-2195/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası İcra Haqqında qanunun 52.1, 79.2.1, 79.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, mübahisə predmeti olan əmlakın – cehiz əşyaların iddiaçı tərəfindən başqa orqana saxlanca verilməsi və bunun üçün cavabdehdən pul tələb edilməsi qanuni və əsaslı deyildir. Qeyd edilməlidir ki, qətnaməmin icrası konkret olaraq icra məmurunun vəzifəsidir, bu vəzifə qanunla rəsmiləşdirilmişdir. İndiki halda iddiaçının icra məmurunu xəbərdar etmədən, icra məmurunun hər hansı göstərişi, razılığı və qərarı olmadan iddiaçı öz istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə evdən çıxarılması tələb edilmiş əmlakları saxlanca vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulmayan hərəkətə görə çəkdiyi xərclər cavabdehdən tələb edilə bilməz və buna görə ilkin iddia rədd edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnamədə İcra haqqında Qanunun 52.1-ci maddəsinə istinad etmişdir. Bu doğru deyil, həmin maddi hüquq norması borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlıdı, hüquq münasibətlərini tənzimləyir və hazırki mübahisə predmeti ilə heç bir əlaqəsi yoxdur. Qanuna görə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulmalıdır, bu borclunun vəzifəsidir və bunu icra məmuru təmin etməli idi. Əgər borclu bu xərcləri çəkmirsə, tələbkar öz hesabına bu xərcləri çəkə bilər. Hətta bu barədə tələbkar tərəfindən Nizami İcra Şöbəsinə 2022-ci ildə rəsmi ərizə də ünvanlanmışdır. Lakin müraciətlər cavabsız qalmışdır. İcra haqqında qanunda xərclərin tələbkar tərəfindən çəkilməsi qadağan edilməmişdir və bu səbəbdən tələbkar öz təşəbbüsü ilə xərcləri çəkmək məcburiyyətində qalmışdır. Hazırki durumda, yəni əşyaların hansısa anbara yerləşdirilməsi, sözügedən icra sənədinin icrasına mane olmur, həmçinin icra məmurunun da icranı borcludan tələb etməsinə bir əngəl törətmir. Sözügedən xərcin yaranması obyektiv haldır, mülkiyyət hüququnun qorunması üçündür və əgər əşyalar cavabdeh tərəfindən vaxtında götürülsə idi, iddiaçı bu maddi xərci çəkmək məcburiyyətində qalmayacaqdı. Məhkəmə bu hüquq normasını nəzərə almamışdır. İddiaçı 2019-cu ildən özünə məxsus əmlakdan istədiyi kimi istifadə edə bilmir, habelə məlum əşyalara görə öz əmlakı üzərində sərəncam vermək (əmlakı satmaq, icarəyə vermək və s.) hüququ məhdudlaşmışdır. Bunun səbəbkarı Cavabdehdır, onun məhkəmə qətnaməsinin icrasından qərəzli yayınması, şəxsin mülkiyyət hüququnun 5 ildir ki, fasiləsiz şəkildə pozulması ilə nəticələnmişdir. Əşyalar çıxarılmazdan əvvəl dəfələrlə cavabdehə xəbərdarlıq edilmişdir (lazımi WhatsApp yazışmaları mövcuddur). Əşyaların mənzildən götürülməməsi ilə mülkiyyət hüququna dair normalar pozulmuşdur. İlkin iddia ərizəsinə qoşma olaraq Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işinə aid çoxsaylı sübutlar təqdim edilmişdi. Həmin sənədlərin tədqiqi aşkar sübut edir ki, cavabdeh qətnaməni qərəzli şəkildə icra etməmiş və icra məmuru da qətnamənin icrasında çoxsaylı səhlənkarlığa yol vermişdi. İcra qurumuna, əşyaların hər hansı bir anbara köçürülməsi barədə iddiaçı tərəfindən çoxsaylı şikayətlər, ərizələr ünvanlanmışdır. Bu müraciətlər hamısı cavabsız qalmışdır. Əgər məhkəmə hesab edirsə ki, guya əşyalar icra məmurunu xəbərdar etmədən anbara köçürülüb, bu tam yanlışdır. Bu barədə icra qurumuna sayı-hesabı olmayan müraciətlər olmuşdur. Sadalanan mülki prosessual hüquq normasına əsasən məhkəmə bu qənaətə gəlmək üçün icra işini aidiyyəti qurumdan öyrənib təhqiq etməli idi. Məhkəmə əşyaların hansı səbəbdən çıxarılmaması, buna görə tələbkarın çəkdiyi xərclər, habelə bu xüsusatla bağlı icra məmurunun hərəkətsizliyini tədqiq etməmişdir. İcra işində icra xərclərinin avanslaşdırılması ilə bağlı tələbkarın çoxsaylı teleqram və şikayətləri nəticəsiz qalmışdır. Məhkəmənin gəldiyi nəticə işin halları ilə uyğunluq təşkil etmir. Məhkəmə iddiaçının çəkdiyi xərci icra xərci hesab etmişdir. Qanuna görə isə icra xərcini borclu çəkməli idi, əgər borclu çəkmirsə, tələbkar xərcləri ödəyə bilərdi. İcra məmuru tələbkarın bu hüququna heç bir reaksiya vermədiyi üçün, tələbkar könüllü şəkildə xərcləri ödəmişdir və bu hal icra qanunvericiliyində qadağan olunmur. Məhkəmə bu vacib əhəmiyyətli dəlilə düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, məhkəmə keçirilən iclaslar barəsində bildirişləri tərəflərin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Yalnız elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Buna baxmayaraq hazırda baxılan iş üzrə məhkəmə iclasları barədə bildirişləri tərəflərin elektron kabinetinə yerləşdirməklə yanaşı, onlara bu iclaslar barədə SMS bildirişlər, eyni zamanda poçt göndərişi göndərilmiş, bununla da onların məhkəmə iclasları barədə xəbərdar edilməsi üçün qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etmişdir. Lakin tərəflər məhkəmə iclaslarında iştirak etməmiş, hər hansı müraciətləri daxil olmamışdır. Kollegiya işə, MPM-in 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, ilkin iddia ərizəsinin rədd olunması hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə (ilk iddia tələbinin rədd olunması hissəsində) yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyigəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.\ 824.3.-cü maddəsinə əsasən Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. 825.2. Əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyrimünasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının apellyasiya şikayətində istinad etmiş olduğu maddi ziyanla bağlı dəlilə əsasən, Kollegiya aşağıdakıları qeyd edir. İşin hallarına əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2453/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək, Cavabdeh məxsus cehiz əşyaların İddiaçı məxsus mənzildən çıxarılması qət edilmişdir. Lakin qətnamə üzrə icra vərəqəsinin icrasından Cavabdeh yayınmış və icra etməmişdir. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilmiş, digər məcburi icra tədbirləri görülmüş, lakin heç bir nəticəsi olmamış, cavabdeh əşyaları iddiaçının evindən götürməmişdir. Nəticədə bu hal iddiaçının öz əmlakı üzərində olan mülkiyyət hüquqlarını sərbəst həyata keçirməsinə maneə olmuş, mənzilindən istifadə hüququnun pozulması ilə nəticələndirilmişdir. Buna görə də, İddiaçı mənzilindən maneəsiz istifadə etməsi üçün sözügedən əşyaları saxlanc anbarına yerləşdirmək məcburiyyətində qalmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə əşyaların anbarda saxlanılması müqaviləsi bağlanılmışdır. Həmin tarixdə saxlayıcı təşkilat əşyaları onun mənzilindən çıxardaraq anbara yerləşdirilmişdir. İddiaçı tərəfindən anbara daşınma xərci kimi 700 manat, anbarda saxlama xərci kimi 1400 manat (yanvar, fevral, mart, aprel, may, iyun, iyul aylarının pulu), cəmi 2100 (iki min yüz) manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsinin iddianın maddi ziyanla bağlı hissəsində gəldiyi nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi maddi ziyan tələbinin əsaslılığına və iddiaçı tərəfindən tələbin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutların qiymətləndirilməsinə düzgün qiymət verməmiş, həmin hissədə iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, bu zaman birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin maddi hüquq norması olaraq “İcra haqqında” Qanunun 52.1, 79.2.1, 79.1-ci maddələrinə istinad etməsi işin hallarına uyğun deyildir. Belə ki, həmin Qanunun 52.1-ci maddəsi tələbin borclunun əmlakına yönəldilməsi fəslinə aiddir. Tələbin borclunun əmlakına yönəldilməsi isə bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Göründüyü kimi, istinad edilən maddi hüquq normaları hazırkı iş üzrə tətbiq olunmalı deyildir. İş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən edilir ki, həqiqətən iddiaçı həmin əmlakların saxlanılması üçün saxlanc müqaviləsinə əsasən "xxxx" MMC ilə iddiaçı arasında etibarlı saxlanc müqaviləsi bağlanılmış, həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına müxtəlif vaxtlarda ödənişlər edilmişdir. İş materiallarında bu ödənişləri təsdiq edən mədaxil qəbzləri mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik hər həsin öz hüquq və azadlıqlarını qanunvericiliklə qadağan olunmayan üsul və vasitələrlə müdafiə etmək imkanını tanımışdır. Bu imkan təkcə fiziki şəxslərə deyil, həmçinin hüquqi şəxslərə də aiddir. Belə ki , hazırki halda, İddiaçı mənzilindən Cavabdeh aid olan əşyaların çıxarılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Bununla belə borclu özünə məxsus əmlakları mənzildən götürməmiş, bununla da qətnamənin icrasına süni maneələr yaratmışlar. Belə olan halda İddiaçı qanunun qadağan etmədiyi üsula əl ataraq, borcluya məxsus əmlakları mənzildə çıxararaq anbara yerləşdirmişdir və bununla əlaqədar xərclər çəkmişdir. Bütün bu hallardan xəbərdar olan cavabdeh özünə məxsus əşyaların mənzildən çıxarılması üçün heç bir təşəbbüs göstərməmiş və əmlakların sonraki taleyi ilə maraqlanmamışlar. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən tələb olunan məbləğin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı əmlakların daşınması üçün və anbarda saxlama xərci olaraq isə cəmi 2100 (iki min yüz) manat pul ödəmişdir. Kollegiyası sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalı, cavabdehdən 2100 (iki min yüz) manat maddi zərər tutulmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın cehiz əşyların "xxxx" MMCyə məxsus anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Mülki qanunvericiliyə əsasən saxlama müqaviləsi iki əsas tərəf- saxlayan və tapşıran arasında bağlanılır. Tapşıran qismində isə istəniliən fiziki və hüquqi şəxs, o cümlədən mülkiyyətçi olmayan şəxs də çıxış edə bilər. Saxlayıcı qismində isə həm vətəndaşlar, həmdə hüquqi şəxslər çıxış edə bilər. Müqavilə isə ümumi qaydaya əsasən, yalnız tərəfləri üçün hüquq və vəzifələr yaradır. Tərəflər isə öz iradələrinə əsasən müqavilənin şərtlərini və tərəflərini müəyyənləşdirir. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli, “Malların anbarda saxlanması” müqaviləsindən görünür ki, müqaviləsi üzrə tərəflərdən tapşıran qismində- İddiaçı, saxlayıcı qismində isə- "xxxx" MMC çıxış etmişdir. Göründüyü kimi, Cavabdeh həmin müqavilənin tərəfi olmamışdır. İddianın cehiz əşyalarının "xxxx" MMC-yə məxsus anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməməsi, müqaviləyə daxil olmayan şəxs kimi cavabdehin hüququna əsassız müdaxilə olunmamasının qarşısını alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın İddianın cehiz əşyalarının "xxxx" MMC-yə məxsus anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməməsi barədə gəldiyi qənaət düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2100 manat məbləğində pul, həmçinin 66 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayətinə görə ədnilmiş 32 manat dövlət rüsumunun 16 manat hissəsi iddiaçıya, digər 16 manat hissəsi isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, idida tələbinin maddi zərər hissəsi beş min manatdan az olduğundan iddianın həmin hissəsindən kassasiya şikayəti verilə bilməz. İlk iddia tələbinin «əşyaların anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması» hissəsindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-2195/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən – ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddianın maddi ziyana dair hissəsində iddia tələbi təmin edilərək Cavabdeh 700 manat anbara daşıma xərci, 1400 manat anbarda saxlama xərci, cəmi 2100 (iki min yüz) manat və ödənilmiş 63 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İlk iddia tələbi “cehiz əşyalarının "xxxx" MMC-yə məxsus anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına” dair hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumunun 16 manat hissəsi iddiaçıya, digər 16 manat hissəsi isə cavabdehə aid edilməklə Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbinin «maddi ziyanın tutulması» hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamə «cehiz əşyalarının anbardan götürülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair” hissədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar