Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-192/2024 23.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X13 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X11 ibarət tərkibdə, X19 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 qarşı paylı mülkiyyətdə olan payın ayrılıb verilməsi tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)- 364/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia qismən təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın 16 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmış 1,1233 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, İddiaçı və X2 hər birinin 1/9 hissədə bərabər paylarının müəyyən edilməsi və iddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızına ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv olunmasını və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 qarşı iddia qaldıraraq, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 11/1 saylı qərarına əsasən JN 0024 KOD 80400018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş torpaq sahəsində onun və cavabdehlərin hər birinin payının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildə Yardımlı rayonun Perimbel kəndində doğulmuş və soyadı “Fəttayeva” olaraq qeyd edilmişdir. 2005-ci ildə X4 ilə evlənərək nikahları bağlandıqdan sonra “Xurşudova” soyadını daşıyır. Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 11/1 saylı qərarına əsasən o və cavabdehlər daxil olmaqla 9 nəfər ailə üzvləri ilə Yardımlı rayonu Perimbel kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 1.81 ha torpaq sahəsi verilmişdir. Bu barədə ailə başçısı kimi mərhum X1nun adına JN 0024 KOD 80400018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Qeyd etdiyi torpaq sahəsi ayrılarkən atası mərhum X2 adına olan həyətyanı torpaq sahəsi ölçülmüş və qanuni sənədlə verilmiş torpaq sahəsindən artıq, yəni 0.40 ha zəbt edilmiş torpaq sahəsi olduğundan qeyd etdiyi JN 0024 KOD 80400018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş torpaq sahəsi azaldılmışdır. Odur ki, onun hər iki torpaq sahəsindən, yəni həm X1nun adına şəhadətnamə ilə verilmiş həyətyanı torpaq sahəsində 0.04 ha və həm də JN 0024 KOD 80400018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş torpaq sahəsində 0.20 ha payı vardır. O, dəfələrlə cavabdehlərə paylarının müəyyən olunması barədə müraciət etsə də, bundan imtina etmişlər. Bu barədə aidiyyəti orqanlara müraciət etsə də, cavabdehlər payının ayrılmasına mane olmuşlar. Onların maneçiliyi nəticəsində torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə, paylı mülkiyyətdə olan torpaq sahəsinə sahiblik və ondan istifadə edə bilmir. Halbuki, mübahisəli torpaq sahələrində qanunla müəyyən edilmiş qaydada onun torpaq payı vardır və həmin torpaq sahələrinin qanuni mülkiyyətçilərindən biridir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətlərində olan torpaq sahəsi kənd təssərrüfatı təyinatı məqsədi ilə verilmiş, payların bərabər olması mövcud olmaqla torpaq sahəsinə dair verilmiş çıxarışda paylar dəqiq qeyd edilmişdir. Buna görə də, yenidən bu barədə xüsusi olaraq məhkəmə qətnaməsinin çıxarılmasına heç bir hüquqi əsas yoxdur. Belə ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 11/1 saylı qərarı ilə (JN 0024 KOD 80400018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına) əsasən 2003-cü il tarixdə vəfat etmiş X2 ailə üzvü olaraq 9 nəfərə cizgidə göstərilən sərhəd daxilində 1.81 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən 9 nəfər ailə üzvü olaraq adlarına 1.1233 ha torpaq sahəsinə dair Yardımlı rayonu Perinbel kəndi ərazisində xüsusi mülkiyyət hüququna dair **********64 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsi ümumi birgə pay kimi adlarına verilmişdir ki, istifadə yalnız ümumi qaydada həyata keçirilə bilər.Torpaq sahəsi üzərində paylı mülkiyyətçi olan X7 2003-cü il tarixdə vəfat etmiş və onun adına olan pay torpaq sahəsi miras qalmış, iş üzrə vərəsəlik işi açılmamış, heç bir şəxsə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməmişdir. X7 2003-cü il tarixdə vəfat etmiş, məhkəmə isə qətnamənin nəticə hissəsində vəfat etmiş şəxsin adına 1/9 hissədə bərabər pay müəyyən etmişdir. Miras qalmış pay torpağına dair notariat qaydasında vərəsəlik işi həyata keçirilməmişdir. Sənəd üzrə daha bir mübahisəli vəziyyət yaranmışdır ki, Aqrar İslahat Komissiyasının 1998-ci il tarix qərarı ilə onlara 1.81 ha torpaq sahəsi verildiyi halda, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən torpaq sahəsi azaldılmış 1.1233 ha torpaq sahəsi verilmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi Nümayəndə hazırkı iddiadan öncə məhkəməyə iddia ərizəsi verərək çıxarışda müəyyən olunmuş 1.1233 ha torpaq sahəsində payın ayrılaraq verilməsini deyil, Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli Dövlət Aktında müəyyən edilmiş 1.81 ha torpaq sahəsində olan ona çatan payın verilməsini tələb edərək torpaq sahəsinin şimal-qərb hissəsindən 0.24 ha torpaq sahəsini ona verilməsini tələb etmişdir. Məhkəmə iş üzrə 02 noyabr 2022-ci il tarixdə məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edərək torpaq sahəsinin şimal-qərb hissəsində iddiaçının payına düşən 0.24 ha torpaq sahəsinin parametrlərinin və sərhədlərinin müəyyən edilməsi barədə qərardad qəbul etmişdir. Sonradan qeyd olunan iddia ərizəsi geri götürülmüşdür. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı bütün ailə üzvlərinə ümumi birgə payla verildiyindən, torpaq sahəsinin paylara və digər hissələrə bölünməsi faktiki olaraq mümkün deyildir. Buna görə də, belə bir təmin üsulu qanunsuz və əsasızdır. Qətnamədən açıq şəkildə görünür ki, məhkəmə işə səthi baxmış, sübutları düzgün qiymətləndirməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş və Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh7 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan JN-0003 KOD 80417018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 11/1 saylı qərarı ilə X5 1.81 ha torpaq sahəsi verilmişdir. İşdə olan Yardımlı rayon qeydiyyat şöbəsinin 18 iyul 2022-ci il tarixli 05/473-69 nömrəli arayışından görünür ki, X7 04 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. İşdə olan Yardımlı Rayon Pirembel kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş AZ-T seriyalı 099179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. X1, anası X6r. İşdə olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 26 avqust 1982-ci ildə Yardımlı rayonu Perimbel kəndində anadan olmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xurşudov X3 Sahilə Mirqasid qızı ilə nikahlarını 07 noyabr 2005-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər və buna dair 188 saylı qeydiyyat aparılmışdır. İşdə olan Yardımlı RİHB-nın Perimbel inzibati Ərazi dairəsi nümayəndəsinin 18 iyul 2022-ci il tarixli 65 nömrəli arayışından görünür ki, İddiaçı Yardımlı rayonu Perimbel kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yardımlı rayonu Perimbel kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,1233 ha torpaq sahəsi ümumi birgə mülkiyyət kimi Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, İddiaçı və X2 adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 №-li reyestr kitabının 6 №-li vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində təqdim edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, hazırkı mülki iş üzrə iddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı digər mülkiyyətçilərlə razılığa gələ bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 11/1 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvləri olan iş üzrə cavabdehlərə Yardımlı rayonu Perimbel kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə 1.81 ha torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərində Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızının Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7 və X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 1,1233 ha torpaq sahəsi adları çəkilən şəxslərin ümumi birgə mülkiyyəti kimi göstərilmişdir. Həmçinin 1.81 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınarkən artıq zəbt edilmiş hissə çıxılaraq 1,1233 ha olması müəyyən edilmişdir. İddiaçı Xurşudova (Fəttayeva) Sahilə Mirqasid qızı mübahisəli torpaq sahəsi üzərində payının müəyyən edilməsini tələb etmək hüququna malikdir. Belə ki, 1,1233 ha torpaq sahəsi üzərində 9 nəfərdən ibarət birgə mülkiyyət vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-nin 223-cü maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulmaqla xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətindəki dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli 2(038)-364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, həmin müddət ərzində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-192/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-192/2024
23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver