Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1926/2023 05.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-648/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi kabinet vasitəsilə və elektron imza vasitəsilə imzalanmaqla verilmədiyindən qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün işlə birlikdə Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Biləsuvar Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən Cavabdeh1 yenidən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. 11.2. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. 11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və əhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti kiril qrafikalı Azərbaycan Əlifbası ilə təqdim edilmişdir. Halbuki Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılır. Buna görə də, cavabdeh apellyasiya şikayətini latın qrafikalı Azərbaycan əlifbası ilə təqdim etməli idi. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunvericilikdə apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulduğu üçün hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Biləsuvar Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2(022)-648/2023 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1926/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1926/2023
05.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver