Məhkəmə qərarları › İş №2(106)-1930/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1930/2023

26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1930/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3, cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)508/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək göstərmişdir ki, Biləsuvar şəhəri, S.Vurğun küçəsi 100 saylı evdə yaşayır. Biləsuvar şəhəri M.İbrahimov küçəsində mülkiyyətində yaşayış evi vardır. Həmin evdə faktiki olaraq yaşamır. Belə ki, həmin evdə təmir gedir. Evinə qanunamüvafiq qaydada qaz xətti çəkdirmişdir. Hər ay sayğaca uyğun olaraq təbii qazdan istifadəyə görə hesablanmış pul məbləğini vaxtında ödəmişdir. 2023-cü ilin yanvar ayının 27 də Biləsuvar Qaz idarəsinin işçiləri evinə gələn qaz xəttini araşdırmış, araşdırmadan sonra onlar qərara gəlmişlər ki, guya onun qaz xəttinə əlavə xətt qoşulmuşdur. Halbuki belə bir hal olmamışdır. Digər tərəfdən o, adı çəkilən evi 3 ay olar almış və həmin evdə yaşayış belə yoxdur. 20 gün əvvəl də qaz işçiləri gəlib qaz xəttinə baxış keçirmişlər. Lakin heç bir qanunsuzluq aşkar etməmişlər. Buna dair dəfələrlə Aktı tələb etsə də bundan imtina etmişlər. Biləsuvar Qaz idarəsi ondan qərəzlidir. Hazırda tərtib etdikləri Aktın heç bir əsası yoxdur. Belə ki, onun qanunsuz xətti varsa bu sübut olunmalıdır. İkincisi qanunsuz xətti varsa bu xətt hara gedir, nə üçün istifadə olunur və nə məqsədlə çəkilməsi sübut olunmalıdır. Bir daha bildirir ki, onun evində qanunsuz xətt və həmin xəttdən istifadə olmamışdır.O, cavabdeh təşkilatın onu cərimə etməsinə dair aktını əsassız və qanunsuz hesab edir. Odur ki, ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi vəkil X7 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli Aktın qanunsuz hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh təşkilatın saxta qərarına əsasən o 3 min manata yaxın cərimə edilmişdir. Buna əsas kimi göstərilmişdir ki, guya iddiaçı qanunsuz qaz xəttinə qoşulmuş və evində 4 göz qaz piltəsi və kombi olmuşdur. Halbuki onun evində Kombi avadanlığı qurulmamış və evi təzə aldığından təmir işləri getməklə Kombi avadanlığı quraşdırmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* saylı aktin ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı Əzimov X2 rayonu, M.İbrahimov küçəsində yaşamaqla X10 İstismarı İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********003750 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Biləsuvar Xidmət Sahəsinin X13 və Satışı Xidmətinin rəisi Sanbala Mirzəyev, həmin xidmətin mühəndisi Camal Mirzəyev və qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Şəhriyar Əliyev tərəfindən 27 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdır (Disk əlavə olunur). X10 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə İBECKİ edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq 27 yanvar 2023-cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 30312 m3 olmaqla » Asif Ağakərim oğlunun abonent hesabına 3637 manat 44 qəpik pul hesablanmışdır. İddiaçı 27 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində sözügedən evin 3 aydır ki, aldığını qeyd etmişdir. İddiaçı ilə “Azəriqaz" İB arasında xx.xx.2014-cü il tarixli 13409-07-19 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmış və Biləsuvar AGİS abonent bazasında **********03750 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Odur ki, göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)508/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi (N.Mirzəyev) ilə, iddianın təmin edilməsi, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 yanvar 2023-cü il tarixli ******* nömrəli aktının ləğv edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan “Azəriqaz” İB apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbi üzrə yekun nəticəyə gələn birinci instansiya məhkəməsi hesab etmişdir ki, “hazırda qeyri qanuni qaz xəttindən istifadə etmə İddiaçı istehlakçı olaraq təqsiri müəyyən olunmur. Həmçinin qaz sayğacına iddiaçının iştirakı ilə baxış keçirilməsi, daha sonra iddiaçının aktın tərtib edlməsində iştirakı və ondan sonra aktın bir surətinin iddiaçıya təqdim edilməsi, iddiaçının qeyd olunan qanunsuz qoşulma halının müəyyən edilməsindən sonra izahatının alınması və onun aşkar edilmiş pozuntuya münasibətinin aydınlaşdırılması istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunmüvafiq tədbirlərin görülməsi iş materialları ilə müəyyən olunmur. Bu səbəbdən də, İddiaçı barəsində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* saylı, 27 yanvar 2023-cü il tarixli akt qanunsuz olmuşdur”. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların yaranmasına gətirib çıxarmışdır. İddiaçının iddia tələbinin mahiyyətindən və məhkəmədən xahişindən müəyyən olunur ki, o, ziyanın ondan tutulması barədə ******* saylı 27 yanvar 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsini xahiş edir. Halbuki iddiaçıdan ziyanın hesablanması və tutulması əsası heç də, iddiaçının iddia etdiyi kimi ******* saylı 27 yanvar 2023-cü il tarixli akt deyil, həmin akt əsasında X4 tərəfindən qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərarı olmuşdur. Bu isə o anlama gəlir ki, iddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* saylı, 27 yanvar 2023-cü il tarixli aktı deyil, həmin akt əsasında ziyanın hesablanması və tutulması barədə qərarı mübahisələndirməlidir. Prosessual qanunvericilikdə iddianı fərqləndirən iki elementə rast gəlinir ki, bu da iddianın predmetini və onun əsasını təşkil edir. Predmet baxımından iddiaçı cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkətdən çəkindirməyi xahiş edə bilər. Bu halda iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandığı hüquqi faktlar təşkil edir. Göründüyü kimi İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* saylı, 27 yanvar 2023-cü il tarixli akt əsasında ziyanın hesablanması haqqında qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərarı mübahisələndirmək əvəzinə həmin qərarın qəbul edilməsi üçün sübut mənbəyi kimi istinad olunan olan ******* saylı, 27 yanvar 2023-cü il tarixli aktı mübahisələndirmiş, birinci instansiya məhkəməsi də, məhz həmin aktı ləğv etmişdir. Məhkəmə nəzərə almamışdır ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* saylı, 27 yanvar 2023-cü il tarixli akt heç bir hüquqi nəticə yaratmayan fakt və hadisələri təsdiq edən sənəd olmaqla bunun əsasında qəbul edilmiş qərarın sübut növüdür. Sübut növü və ya sübutlar heç bir halda iddia növü kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata götürdükdən sonra vəzifəsi idi ki, verilmiş iddianın prosessual məcəllənin tələblərinə uyğun verilib-verilməməsini müəyyən etsin, iddia düzgün verilmədiyi halda isə iddiaçıya prosessual məcəllənin 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi prosessual tələblərə əməl etsin, iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi, iddianın “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* saylı, 27 yanvar 2023-cü il tarixli akt əsasında ziyanın hesablanması və tutulması haqqında qəbul edilmiş 30 yanvar 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi barədə iddia qaldırılmasına kömək göstərsin, ona izah etsin ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş ******* saylı, 27 yanvar 2023-cü il tarixli akt bunun əsasında qəbul edilmiş qərarın sübut mənbəyidir və bu prosessual baxımdan iddia növü kimi qəbul edilə bilməz. Başqa sözlə yalnız hüquqi nəticə yaradan qərar, müqavilə yaxud hər hansı əqd etibarsız hesab olunarsa, hüquqi nəticələr aradan qalxmış olur. Faktı və ya hadisəni əks etdirən aktın ləğv edilməsi halında isə bu mümkün olmur. Çünki tərtib olunmuş akt sübut mənbəyi olmaqla yanaşı müstəqil iddia növü kimi çıxış etmir. Göründüyü kimi məhkəmə nəinki üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə verilmiş iddia tələbi üzrə iddianı təmin etməklə prosessual məcəllənin tələblərini pozmuş, apellyasiya icraatı zamanı isə həmin pozuntuların aradan qaldırılması prosessual baxımından mümkün olmamışıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olmaqla qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)508/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2-ci maddəsinə əsasən Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir, 387.2.8 iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)508/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı ziyanın ondan tutulmasına dair ******* saylı 27 yanvar 2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar