Məhkəmə qərarları › İş №2(106)-1964/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1964/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1964/2025 29.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının ərizəçiyə münasibətdə müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, e-2(022)-1495/2025 saylı qərardadından ərizəçinin nümayəndəsi (vəkili) Nümayəndə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: Quliyev X1 şəhəri, H.Əliyev küçəsi, ev 1, mənzil 16 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Xaliq oğlu ərizəni müdafiə edərək, bildirmişdir ki, ərizəçi İddiaçı hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçı uzun müddət X3 müəllim işləmişdir. Buna görə də həmin müəssisənin pedaqoji şurası tərəfindən 1994-cü ildə qəbul edilmiş orderlə ərizəçinin istifadəsinə verilmişdir. Həmin order əsasında həmin mənzildə ərizəçi qeydiyyata alınmış, həmçinin müvafiq kommunal xidmətlər göstərən qurumlarla müqavilələr bağlanmışdır. Lakin hazırda İddiaçı həmin orderi itirmişdir. İddiaçı həmin mənzili özəllləşdirmək və dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etsə də, mənzilə sahiblik hüququnu təsdiq edən sənəd olmadığına görə ona çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı həmin orderin surətinin ona verilməsi üçün X5 və Peşə Təhsili üzrə Dövlət Agentliyinə bir neçə dəfə müraciət etsə də, arxiv sənədlərinin müəssisədə saxlanılmaması səbəbindən həmin sənədin surətinin ona verilməsindən imtina edilmişdir. Buna görə də İddiaçı həmin mənzilə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının ona münasibətdə müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə həmçinin bildirdi ki, həmin binada ərizəçinin qonşuları olan şəxslərin sahibliyində olan mənzillərə dair orderlər X4 pedaqoji şurasının qərarı ilə ilə deyil, tələbə həmkarlar ittifaqı təşkilatının qərarı ilə verilsə də, hər iki qurumun sənədləri Peşə Liseyində saxlanılmalı olduğuna, qeyd edilən lisey isə mənzilə dair heç bir sənədin liseydə olmadığını bildirdiyinə görə o, hesab edir ki, hazırki işə xüsusi icraat qaydasında rayon məhkəməsində baxılmalıdır. Ərizəçinin sözlərinə görə həmin şəxs mübahisəli mənzilə dair sənədlərin surətlərini əldə etmək üçün rayon arxivinə də şifahi müraciət etsə də, qeyd edilən sənədlər orada da tapılmamışdır. Mübahisəli mənzilin yerləşdiyi binanın Biləsuvar rayonu 146 texniki peşə məktəbinin həmkarlar ittifaqı təşkilatının balansından çıxarılıb X4 balansına hansı əsaslarla verilməsi, həmin həmkarlar ittifaqı təşkilatının arxivinin hansı arxiv qurumuna verilməsi nə ona, nə də lisey rəhbərliyinə məlum olmadığına görə orderin kötük sənədinin və ya mübahisəli mənzilin ərizəçiyə verilməsinə dair həmkarlar ittifaqı təşkilatının 15 aprel 1993-cü il tarixli iclas protokolunu əldə etməyə cəhd göstərilməmişdir. Sonda, Nümayəndə ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Biləsuvar Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2(022)-1495/2025 saylı qərardadı ilə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının iddiaçıya münasibətdə müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmış, İddiaçı tərəfindən iş üzrə dövlət rüsumu qismində 13 avqust 2025-ci il tarixdə **********3 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin İddiaçı geri qaytarılmasını qərara alınmış, həmin qərardadla ünvan 1 ünvanında yerləşən mənzil sahəsinə dair müvafiq hüquqmüəyyən edici sənədlərin ona verilməsindən imtina edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin və həmin inzibati orqanın struktur vahidi X4 imtina barədə qərarını ümumi qaydada və inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilməsi ərizəçiyə izah etmişdir. Ərizəçi İddiaçı həmin qərardaddan narazı qalmış və şikayət verərək, qərardadın ləğv olunmasını və iş üzrə icraatın təzələnməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin baxışa hazırlanması dövründə zəruri məlumatların əldə edilməsi üçün müvafiq sorğular göndərilməmiş, vəsatətlərə baxılmasının prosessual qaydaları pozulmuş, hüquq münasibətlərinin xarakterinə düzgün hüquqi qiymət verilməmiş, həmçinin ümumi məhkəmə təcrübəsini müəyyən edən qaydalar yanlış tətbiq olunmuşdur. Buna görə də ərizəçi hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Şikayətə baxmış Biləsuvar Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli e-2(022)-1495/2025 saylı qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, ərizəçi mübahisə predmeti olan mənzilə dair sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarının müəyyən edilməsini tələb etsə də, həmin daşınmaz əmlak hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X2 Peşə Liseyinin balansındadır və həmin qurum “Peşə təhsili haqqında” qanunun 21.4-cü bəndinə istinad etməklə, ərizəçiyə hər hansı hüquqmüəyyənedici sənəd verməkdən imtina etməklə, faktiki olaraq ərizəçinin Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən 16 nömrəli mənzilə hüququnu dair mübahisələndirir. Bundan başqa, iş materiallarından görünür ki, hazırda X4 balansında olan Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 1 ünvanında yerləşən binadakı digər mənzillər həmin liseyin digər müəllimlərinə X4 rəhbərliyinin və ya pedaqoji şurasının qərarı ilə deyil, müstəqil ictimai təşkilat olan həmkarlar ittifaqı təşkilatının qərarları əsasında verilmişdir. Ərizəçi isə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 1 ünvanında yerləşən 16 nömrəli mənzilə dair order verilməsinə dair sənədlərin surətlərinin əldə edilməsi üçün müvafiq həmkarlar ittifaqı təşkilatına və ya həmin həmkarlar ittifaqı təşkilatın arxiv sənədlərinin təhvil verildiyi arxiv qurumuna müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə hüquqi əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün tələb olunan bütün şərtlər birlikdə mövcud olmadığına görə İddiaçı mənzil sahəsinə dair mülkiyyət hüququ üzrə istifadə, sahiblik və sərəncam verilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün deyil. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında baxdığı işlərdən biri MPM-nin 305.1.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsidir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. MPM-nin 307.1 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa, MPMin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.2-ci bəndində göstərmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 7.1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçi mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ təsdiq edən orderin ona təkrarən verilməsi məqsədi ilə həmin sənədi vermiş orqana – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etsə də, Ə.A.Qulliyevə müvafiq orderin verilməsindən, təsdiqedici sənəd mövcud olmadığına görə, imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi və X7 ərizəçiyə ünvanladığı məktublarda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzil sahəsinin X4 balansında olduğunu göstərmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.5-ci bəndində göstərmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qərarla razılaşır və hesab edir ki, ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, e-2(022)-1495/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq,məhkəmə kollegiyası Qəraraaldı: Ərizəçinin şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, e-2(022)-1495/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar