Məhkəmə qərarları › İş №2(106)-197/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-197/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-197/2024 13.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X23 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı cavabdehlər X18 və başqalarına qarşı paylı mülkiyyətdə olan əmlakda payının ayrılması, bu mümkün olmadıqda əmlakın hərracda satılmaqla dəyərinin paya uyğun bölünməsi tələbinə dair ülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində olan 50,3 kv.m-dən ibarət fərdi yaşayış evinin 1/7 hissəsinin mülkiyyətçisidir. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər onun qardaş və bacılarıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 50,03 kv.m, fərdi yaşayış evindən payına düşən 1/7 hissənin həmin həyətyanı evin indiki bazar qiymətində satılması, payına uyğun pul formasında ona verilməsini tələb etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: ünvan 3 ünvanında atası X3 miras qalmış 50 kv/m ibarət olan həyət evinin 1/7 payı onun mülkiyyətindədir. Cavabdehlərlə həmin əmlakdan birgə istifadə etməyi mümkün deyildir. Qardaşı Cavabdeh1 Ağaşirin oğlu ilə əmlakdakı paylarla bağlı şifahi razılıq əldə etsə də, sonradan razılaşmaq mümkün olmamışdır. O, özünə düşən 1/7 payın digər vərəsələr (mülkiyyətçilər) tərəfindən pul ilə alınması təklifini 09 sentyabr 2022-ci il tarixindən xəbərnaməli məktubla bildirmişdir. Sonra iddiaçı tələbində dəqiqləşdirmə aparmış, cavabdeh qismində digər mülkiyyətçilər Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlu, Cavabdeh6 Ağaşirin oğlu, X24 və X11 göstərməklə, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 50,03 kv.m fərdi yaşayış evindən payına düşən 1/7 payın naturada ayrılması, bu mümkün olmadıqda öz payının dəyəri 7000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi, bu mümkün olmadıqda isə satış hərracına çıxarılaraq payçılar arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbini yenidən dəqiqləşdirmiş, cavabdehlər Cavabdeh4, X18 və X12, Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğluna, X19 qarşı iddia tələbi üzrə Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlunun, X13 cavabdehlər siyahısından çıxarılmasını, həmçinin iddia ərizəsində qeyd olunan “Cavabdeh6 Ağaşirin oğlu” sözlərini “X25” kimi oxunmasını, ona məxsus payın naturada 1/7 ayrılması, yaxud satılaraq payına münasib pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh3, Cavabdeh2 Ağaşirin oğlu, X24 öz paylarından X14 xeyrinə imtina etmişlər. X2 4/7 hissədə payçıdır. Birinci instansiya məhkəməsində Cavabdeh4, X25 və X20 cavabdehlər qismində tanınmışdır. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiyindən iddiaya dair mövqeləri bəlli deyil. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, X18 və X12 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindəki ona məxsus payın naturada 1/7 ayrılması, yaxud satılaraq payına münasib pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına istinad etmişdir. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Şikayətə görə, işə baxan birinci instansiya məhkəməsi müvafiq maddi hüquq normalarına istinad etsə də maddi hüquq normalarını səhv təfsir edərək yanlış nəticəyə gəlmiş, iddiaçının hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. Şikayətdə göstərilir k, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının iki ayrıayrı rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli yaşayış evinin naturada bölünməsi və paylara uyğun ayrılması mümkün deyil. Bu isə heç də məhkəmənin qənaəti üzrə əmlakın açıq hərracdan satılması və əldə olunacaq vəsaitin paylara uyğun olaraq bölünməsinə mane olmur. Əksinə, məhz bu hal, əmlakın açıq hərracdan satılması üçün yeganə əsasdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir kii, Mülki Məcəllənin 218.2-ci maddəsinin tələblərinə uyğun olaraq, əmlakın digər payçılarına öz payını satmaq niyyətində olduğu ilə bağlı bildiriş vermişdir. Lakin digər mülkiyyətçilər əmlakda olan ona aid payı almaq niyyətləri barədə qanunda nəzərdə tutulmuş müddət ərzində iradə ifadə etməmişlər. Cavabdehlər onun payını almaq istəmirlər. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışı ərəfəsində Cavabdeh4 vəfat etdiyi barədə məlumat daxil olduğundan onun prosessual hüquqi varisləri – X9, X28 və Qafarova (Nağıyeva) Elvira Ağaverdi qızı cavabdeh qismində cəlb edilmişlər. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izah etmişdir ki, o, payının ayrılmasını, yaxud onun ödənilməsini istəyir. İddiaçının payının naturada ayrılması mümkün deyil, cavabdehlər onun payına uyğun kompensasiya verməkdən imtina edirlər, ona görə evin açıq hərracdan satılmasını tələb etmişdir. Cavabdehlər X25, X20, X9, X28 və X21 apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşin hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən həyətyanı sahə və orada yerləşən fərdi yaşayış evi X7 mülkiyyətində olmuş, sonradan, yəni xx.xx.2006-cı ildən sonra vərəsəlik qaydasında iddiaçının və cavabdehlərin (vərəslərin) paylı mülkiyyətinə keçmişdir. Müəyyən edilir ki, mülkiyyət hüququnu təsdiq edən sənəddə sözügedən əmlak 1/7 hissədə İddiaçı, 1/7 hissədə X13, 1/7 hissədə X4, 1/7 hissədə X5, 1/7 hissədə X14, 1/7 hissədə X10 mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 1/7 hissədə pay açıq saxlanılmışdır. X1, X16 və X24 özlərinə məxsus 1/7 hissədə paylarını X18 bağışlamışlar. Hazırda ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və yaşayış evi 1/7 hissədə açıq saxlanılmaqla 1/7 hissədə İddiaçı, 1/7 hissədə X10, 4/7 hissədə X14 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Bu barədə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2023-cü il tarixli çıxarış vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində 50,03 kv.m, fərdi yaşayış evindən payına düşən 1/7 hissənin onun payının cavabdehlər tərəfindən alınmasını, yaxud naturada ayrılmasını, bu mümkün olmadıqda əmlakın hərrac vasitəsilə satılaraq payına uyğun pulun ödənilməsini xahiş etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin hallarından görünür ki, yaşayış evinin və həyətyanı sahənin bölünməsinin mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 avqust 2023-cü il tarixli 10/4472 saylı rəyindən görünür ki, Şirvan şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 38 saylı fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə, mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələrinin bir ailənin yaşaması üçün nəzərdə tutulmasına (mətbəx, dəhliz, və s.) görə, həyətyanı sahədə əlavə tikililərin olmasına görə, paylara uyğun yaşayış və köməkçi sahələrin olmamasına görə İnşaat Norma və Qaydalarının 2.08.01.89“-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas tutaraq evin naturada bölünməsi hissədə iddianı təmin etməmişdir. Evin paylara uyğun bölünməsi, yaxud iddiaçının payının ayrılması mümkün deyil. Bu hal mübahisəsizdir. Bununla yanaşı, məhkəmə yaşayış evinin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölünməsi hissədə iddianı təmin etməmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına da istinad etsə də Mülki Məcəllənin 220.6-cı maddəsini düzgün tətbiq etməmişdir. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbinə görə, əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Qanunun mənasına görə, paylı mülkiyyətçinin payının naturada ayrılması bu və ya digər səbəbdən mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. İşin hallarından görünür ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmişdir. Digər mülkiyyətçilər onun payının əvəzinə kompensasiya vermək barədə iddianı qəbul etməmiş, yaxud buna heç bir münasibət bildirməmişlər. Apellyasiya baxışında paylı mülkiyyətçilər olan cavabdehlərdən X12, X8 hüquqi varisləri X6, X22 və X17 İddiaçı iddia tələbinə münasibət bildirmələri, o cümlədən İddiaçı evdəki payına görə ona kompensasiya ödəməyə razı olub-olmadıqları barədə bildiriş göndərilmişdir. Bildirişlər cavabdehlərə çatdırılmış, lakin onlar iddiaya dair münasibət bildirməmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsi mümkün olmadığından iddiaçı yaşayış evinin hərracda satılmasını düzgün olaraq tələb etmişdir. Lakin cavabdehlər iddiaçıya müvafiq kompensasiya ödənilməsinə mahiyyətcə razılıqlarını bildirməmişlər. Kollegiya hesab edir ki, belə halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsini tətbiq etmək mümkündür. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Beləliklə, Kollegiyanın qənaətinə görə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ev açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait həmin evin paylı mülkiyyətçiləri arasında paylara uyğun olaraq bölünməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin edildiyindən və iddia təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 150 manat cavabdehlərdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar iddiaçıdan 50 manat, cavabdehlərdən müştərək qaydada 50 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(032)-88/2023 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən ev açıq hərracdan satılsın. Satışdan əldə edilən vəsait həmin evin paylı mülkiyyətçiləri arasında paylara uyğun olaraq bölüşdürülsün. Ödənilmiş dövlət rüsumuna görə 150 manat X25, X20, X9, X28 və Qafarova (Nağıyeva) Elvira Ağaverdi qızından müştərək qaydada alınıb İddiaçı ödənilsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar İddiaçı 50 manat, X25, X20, X9, X28 və Qafarova (Nağıyeva) Elvira Ağaverdi qızından müştərək qaydada 50 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar