Məhkəmə qərarları › İş №2(106)-2029/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2029/2025

21.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-2029/2025 21.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ######## 2021-ci il tarixli və ## ###### 2022-ci il tarixli qərarlardan görünür ki, Cavabdeh izahatlarında qeyd etmişdir ki, Xuraman Babayevanı uşaqlıqdan tanıyır və onunla qonşu olmuşdur. Xuramanın faizə pul verdiyini yaşadığı Salyan şəhərində hamı bildiyini demişdir. 2016-cı il tarixdə ona pul lazım olduğu üçün Xuramana müraciət etmişdir. Xuramandan hissə-hissə ümumilikdə 9700 manat pulu 10 faizlə götürmüşdür. Sonra Xuramandan faizə götürdüyü 9700 manat pulun əsas hissəsindən 5500 manat ödəmiş və 500 manat isə pulu ondan artıq almışdır. Daha sonra 4700 manat puldan Xuramana hər ay 470 manat 10 ay olmaqla ödəmişdir. Bununla yanaşı, 3 dəfə 300 manat olmaqla, 900 manat 4700 manatdan əsas məbləğ olmaqla ödəmişdir. Bundan sonra Xuramana 2020-ci ilin sentyabr ayında bildirmişdir ki, maddi vəziyyəti pisdir və ölkə üzrə “COVİD-19” pandemiyası ilə əlaqədar işlərin bağlandığından faizin əsas hissəsindən Xuramana pulu verə bilmir. Xuraman isə onunla razılaşaraq yaxın zamanlarda yerdə qalan 3800 manat pulu qaytarmağını ona bildirmişdir. Yaxın zamanlarda da Xuramandan götürdüyü pulun faizini geri qaytaracağını demişdir. Bundan başqa bildirmişdir ki, o, Xuramandan faizə götürdüyü ümumilikdə 9700 manat pula görə 5000 manat lotoreya götürüb qaytarmış, yerdə qalan 4700 manat pulu 10 ay faizin verdikdən sonra əsas məbləğdən 900 manat ödəmiş, yerdə qalan 3800 manat pulu isə hissə hissə ödəyəcəyini bildirmişdir. Girov biletlərindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda lombarda qızıl qoyaraq pul götürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon polis idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində X2 müraciəti əsasında toplanmış material üzrə ##.##.2022-ci il tarixdə Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 15500 manat məbləğdə pulun və 136.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ona 15500 manat məbləğdə pul borcludur. Nəsimi RPİ-də aparılmış araşdırma zamanı cavabdeh aldığı pulu az göstərərək bildirmişdir ki, hissə-hissə olmaqla ümumilikdə 9700 manat olmaqla 10 faizə pul götürmüşdür. Halbuki, ona 15500 manat hissə-hissə olmaqla müxtəlif vaxtlarda borca pul vermişdir. Cavabdeh həmin tarixdə götürdüyü 15500 manat pul borcundan 3 dəfə 300 manat olmaqla 900 manat həmin borc götürdüyü 15500 manat borcun faiz üstünü ödəniş etmişdir. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödənməmişdir. Onun evinə pulunu almaq üçün getdiyində onu pulları ilə aldığı qızıllarını lombarda qoyaraq pul götürdüyünü və maddi durumu düzələn kimi pulunu qaytaracağını bildirmişdir. Lombard sənədlərinin surətini də ona vermişdir. Artıq pulu ödəmədiyini görüb polisə şikayət etmişdir. 9700 manat pulu etiraf edərək qaytarcağını desə də, bu günə qədər borcunu qaytarmamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddia qismən təmin edilərək Cavabdeh 8800 manat pulun və 77,50 manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə 9700 manat pul verilməsi və cavabdeh tərəfindən borcdan 900 manatının qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. İddiaçı ərizəsində cavabdehə 15500 manat pul verdiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında 900 manat pul məbləğinin faiz olaraq geri qaytarıldığını bildirsə də, məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə faizlər yalnız tərəflər arasında yazılı şəkildə razılaşdırıldığı halda tələb edilə bilər. Yazılı razılaşma yoxdursa, borc verən tərəf yalnız əsas məbləği tələb edə bilər. Odur ki, tərəflərin münasibəti əsassız varlanma kimi qiymətləndirildiyindən cavabdehdən yalnız əsas məbləğin qaytarılması tələb oluna bilər. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən ümumi borcdan 900 manat qaytarıldığını nəzərə alır. İddiaçının iddia etdiyi 15500 manat puldan cavabdeh 9700 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 9700 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 5800 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. İddiaçı tərəfindən bu hallar sübuta yetirilə bilməmişdir. Cavabdeh, eyni zamanda “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, bu hal əsassız hesab edilməlidir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2022-ci il tarixli qərarın surətindən görünür ki, iş üzrə Cavabdeh izahat vermişdir. O, həmin izahatında “... yerdə qalan 3800 manat pulu isə hissə hissə ödəyəcəyini” bildirmişdir. Göründüyü kimi, cavabdeh 2022-ci ildə borcunu etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş, borcun etiraf edilməsi iddia müddətinin 2025-ci ilə qədər uzanmasına səbəb olmuşdur. İddiaçı mövcud iddia ərizəsi ilə ##.##.2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti ötürülməmiş, cavabdehin iddia müddətini tələb etməsi hüququ qüvvədən düşmüşdür. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları müqayisəli formada təhlil etməmiş, məhkəməyə təqdim etmiş sübutlara obyektiv qiymət verməmişdir. Məhkəmə əvvəlcədən sübutlara qiymət vermiş və birtərəfli qaydada iddaçının xeyrinə qərar çıxarmışdır. İddiaçıdan faizlə pulu 12 il bundan əvvəl götürmüş və qaytarmışdır. Hazırkı vəziyyətdə isə iddiaçı 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh nümayəndəsi vəkil Ağayev Zamin Mirzəcan oğlu kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia müddətinin tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan işdə əsasən iki hal mübahisəli olmuşdur: 1) cavabdehin iddiaçıdan aldığını etiraf etdiyi 9700 manat pulu tam qaytarıb-qaytarmaması; 2) tələb üzrə iddia müddətinin ötüb-ötməməsi. Birinci hal üzrə məhkəmələr müəyyən etmişlər ki, cavabdeh etiraf etdiyi 9700 manatdan 8800 manatını iddiaçıya geri qaytardığını sübuta yetirə bilməmişdir. Ona görə də, iddiaçının həmin məbləğdə pulu cavabdehdən tələb etmək hüququ vardır. Bu hissədə gəlinən nəticə üzrə hüquq normaları düzgün tətbiq edilmişdir. Tələb üzrə iddia müddətinin keçibkeçmədiyinə məhkəmələr tərəfindən qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. Məlum olduğu kimi iddia müddəti məsələsinin düzgün həll edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının, belə müddət keçdikdən sonra isə iddianın təmin olunması cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Ümumi iddia müddəti on il olsa da, tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (§ 30-31). Bu səbəbdən, məhkəmə iddia müddətinin tətbiqi haqqında ərizəyə baxarkən əvvəlcə iddia tələbinin qanuni əsasını düzgün tapmalıdır. Daha sonra isə bu tələb növünə hansı iddia müddətinin (ümumi, müqavilə üçün, yoxsa xüsusi iddia müddətinin) tətbiq ediləcəyini müəyyənləşdirilməlidir. Bundan sonra isə tətbiq edilməli olan müddətin düzgün hesablanması (müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması) təmin edilməlidir. Baxılan işdə məhkəmələr belə hesab etmişlər ki, üç min manatdan çox olan məbləğdə borcun verilməsinə dair müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinə uyğun yazılı formada bağlanmadığına görə etibarsız olmuşdur. Etibarsız əqdin heç bir hüquqi nəticə yaratmadığı nəzərə alınaraq cavabdehin qaytarmalı olduğu 8800 manatın əsassız varlanma təşkil etdiyi nəticəsinə gəlinmişdir. Bu səbəbdən, məhkəmələr iddianın qanuni əsası kimi varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olması barədə Mülki Məcəllənin 1092.1-ci maddəsinə istinad etmiş, tələbə 1095ci maddədəki iki illik iddia müddətini tətbiq etmişlər. Bu xüsusda məhkəmələrin yol verdiyi yanlışlıq ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin forma şərtinə cavab vermədiyinə görə etibarsız sayılması həmin əqdin əhəmiyyətsizliyinə dəlalət edir. Əhəmiyyətsiz əqd nəticəsində əmələ gəlmiş əsassız varlanma halında əldə edilmişlərin geri tələb edilməsi barədə qanunda xüsusi norma mövcuddur. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu # ##### 2021-ci il tarixli qərarında bu normanı şərh edərkən vurğulamışdır ki, “əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər”. Göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında varlanmış şəxsin əldə etdiklərini qaytarmaq öhdəliyinin qanuni əsası Mülki Məcəllənin 354.1-ci maddəsi, bu növ əsassız varlanma halında irəli sürülmüş tələbə tətbiq olunan iddia müddəti isə bir ildir. Bu baxımdan, məhkəmələr iddiaya həmin Məcəllənin 1092.1-ci və 1095-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişlər. Baxılan işdə iddia müddətinin hesablanması da qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamışdır. Məhkəmələr tərəflər arasında razılaşmanın baş tutduğu və pul vəsaitinin cavabdeh tərəfindən qəbul edildiyi anı aydın şəkildə müəyyən etməmişlər. Cavabdeh pul vəsaitini 2016-cı ildə aldığını bildirir, iddiaçı isə pulu 2019-cu ildə verdiyini deyir. İşdən o da məlumdur ki, iddiaçı artıq 2020-ci ilin oktyabrında pulun qaytarılmaması ilə bağlı polis orqanına şikayət etmişdi. Həmin şikayət əsasında aparılmış ilkin yoxlama materialları üzrə cinayət işinin başlanması əvvəlcə ##.##.2020-ci il tarixdə, daha sonra isə yenidən təzələnmiş icraat üzrə ##.##.2022-ci ildə rədd edilmişdir. Göstərilən dövrdə iddiaçının hazırkı tələbi mülki qaydada irəli sürməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin ötüb-ötməməsi məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Apellyasiya məhkəməsinin cavabdehin polis orqanında borcunu etiraf etməsi barədə verdiyi izahatın iddia müddətini kəsməsi barədə mövqeyi də bir neçə aspektdən doğru görünmür. Ona görə ki, əvvəla, məhkəmə etirafın tarixini dəqiq göstərməli olduğun halda (çünki, bu cür məsələdə nəinki illər və aylar, hətta günlər belə hesablama baxımından əhəmiyyətlidir), bunu etməmişdir. Həmin xüsusat qətnamədə “...cavabdeh 2020 və 2022-ci illərdə borcunu etiraf etdiyindən...” kimi qeyd olunmuşdur. İstinad olunan bu dövrün özü belə bir ildən çox müddət təşkil edir. Bundan başqa, cavabdehin həmin izahatı polisdə verdiyi tarix ##.##.2020-ci ildir. Eyni məzmunlu izahatın 2022-ci ildə verilməsi barədə məhkəmənin mövqeyinin konkret olaraq iş materiallarındakı hansı sənədə əsaslandığı məlum deyil. Həmçinin polis orqanının 2022-ci ildə çıxardığı rədd qərarında cavabdehin verdiyi izahatın tarixi göstərilməmişdir. İkincisi, nəzərə alınmalıdır ki, borclunun qanunla müəyyən edilmiş müddət keçdikdən sonra etdiyi etirafedici hərəkət iddia müddətini kəsə və onu yenidən başlada bilməz. Çünki, kəsilmə davam edən iddia müddətinə münasibətdə mümkündür. Artıq başa çatmış iddia müddətinin kəsilməsindən söhbət gedə bilməz. Üçüncüsü, borclunun kreditor qarşısında və ona yönəlik etirafedici hərəkəti iddia müddətinin kəsilməsinə səbəb olar. Bu baxımdan borclunun üçüncü şəxslərə verdiyi məlumatın, o cümlədən polis orqanında aparılan araşdırma çərçivəsində işin halları barədə verdiyi izahatın hansı əsasla iddia müddətini kəsən etirafedici hərəkət olması məhkəmələr tərəfindən əsaslandırılmamışdır. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd edilənlər bütün halları birlikdə qiymətləndirərək bu nəticəyə gəlir ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını işə düzgün tətbiq etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 38,41-42). Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəfə heç bir borcu yoxdur. İddiaçıya olan borcunu 7 il ərzində ödəyərək, 2020-ci ildə tam olaraq bitirmişdir. Borcu hansı tarixdə götürdüyünü dəqiq xatırlamır. Ümumilikdə, iddiaçıdan 9700 manat borc almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehə ilk dəfə 15500 manat məbləğində borcu 2019-cu ilin mart ayında vermişdir. O, borcu hissə-hissə qaytaracağını bildirmiş və əlavə olaraq, qızıl alveri ilə məşğul olacağını, həmçinin ona qazanc verəcəyini və borcu hissə-hissə qaytaracağını demişdir. Lakin 2020-ci ilin oktyabr ayında ödəniş etmədiyi üçün polisə müraciət etmiş və ## ###### 2020-ci il tarixində müstəntiq Altay Məmmədov tərəfindən rədd qərarı çıxarıldı. Daha sonra həmin qərardan prokurorluğa şikayət etmiş və qərar ləğv edilərək, iş yenidən araşdırılması üçün Nəsimi RPŞ-yə göndərilmişdir. Araşdırma nəticəsində müstəntiq Mahmud Sarıvəlli tərəfindən ## ######## 2021-ci il tarixdə cinayət işinin başlanması haqqında rədd qərarı çıxarıldı. Daha sonra polisə bir də şikayət etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 739-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 740.2-ci maddəsinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-in 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. MM-in 372 ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-in 373.1-ci və 373.4-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Habelə birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iddiaçının hazırkı tələbi mülki qaydada irəli sürməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötüb-ötməməsi halı da hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə tərkibi araşdırma nəticəsində ilkin olaraq müəyyən edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mahiyyət etibarilə ümumi məbləğ vahid niyyətlə əhatə olunmaqla borc münasibətlərindən irəli gəlsə də, bu MM-in 740.2-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilməmişdir. Qanunun göstərilən normasına əsasən borc müqaviləsinin yazılı formada bağlanması zəruri şərt kimi müəyyən edilmiş və bu forma tələbinə əməl olunmaması əqdin etibarsızlıqdan başqa hüquqi nəticə doğurmasını istisna edir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və hüquqi nəticə doğurmayan əhəmiyyətsiz əqd kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərinə görə isə əhəmiyyətsiz əqd əsasında əldə edilmiş əmlakın (o cümlədən pul vəsaitinin) geri qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin ödənilməsi barədə tələb hüququ bir illik iddia müddəti ilə məhdudlaşdırılmışdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Cavabdeh izahatında İddiaçı 9700 manat pul vəsaitini - borcu hansı tarixdə götürdüyünü dəqiq xatırlamadığını, ancaq ödəyərək 2020-ci ildə tam olaraq bitirdiyini, hazırda iddiaçıya borcunun olmadığını, İddiaçı isə izahat verərək Cavabdeh ilk dəfə 15500 manat məbləğində borcu konkret müddət müəyyən etmədən hissəhissə qaytarmaq şərtilə 2019-cu ilin mart ayında verdiyini, ancaq Cavabdeh 2020-ci ilin oktyabr ayında daha ödəniş etmədiyi üçün polisə müraciət etdiyini, ## ######## 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıldığını, daha sonralar polisə şikayət etmədiyini bildirmişlər. Məhkəmə tərkibi hazırkı mülki işin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən qeyd edir ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh özünün etiraf etdiyi 9700 manat məbləğdə pul vəsaitindən 8800 manat hissəni geri qaytardığını sübut edə bilməmişdir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, əqdin etibarsızlığı özlüyündə əqdin etibarlılıq şərtlərinə bağlı bir anlayışdır. Etibarlılıq şərtləri bir müqavilənin hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun məcburi hüquq qaydalarına zidd olmaması, müvafiq formada bağlanması, iradə ifadələrinin zədələnməmiş olması, müvafiq razılığın olması və s.). Odur ki, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Bu baxımdan etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Məhkəmə tərkibi hal-hazırda diqqəti əhəmiyyətsiz əqdlərin mahiyyətinə yönəldir: bu əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsızdır. Qeyd edilməlidir ki, MM-in 354.1-ci maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəticələrin tətbiqi dedikdə, etibarsız əqd üzrə tərəflərin aldıqlarının hamısını eynilə qaytarması, bu mümkün olmadıqda isə dəyərini pulla ödəməsi başa düşülür. MM-in 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə, ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Beləcə, məhkəmə tərkibi hesab edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış əqd müvafiq formada bağlanmaması səbəbilə əhəmiyyətsiz olduğundan, tələb hüququ bir illik iddia müddəti ilə məhdudlaşdırılmışdır. Belə ki, MM-in 739-cu maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 740.2-ci maddəsinə görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər arasındakı borc münasibəti qanunvericiliyin tələbinə uyğun - yazılı qaydada rəsmiləşdirilməmişdir. Məhkəmə tərkibi MM-in 377-ci maddəsinin tələbindən irəli gələrək bildirir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə, müddət müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı isə kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. İşdən də göründüyü kimi, cavabdeh Cavabdeh iddiaçı İddiaçı pul vəsaitini qəbul edərkən öz üzərinə onu nə vaxt qaytaracağı barədə öhdəlik götürməmişdir. Məhz buna görə də, həmin vəsaitin qaytarılması üçün İddiaçı 2020-ci ilin oktyabr ayında polisə müraciət etməsi kreditor olaraq öhdəliyin icrasını tələb etmək hüququnun əmələ gəldiyi an hesab edilməlidir. Çünki, göründüyü kimi, Məcəllənin tələbinə görə müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Nəzərə alınmalıdır ki, MM-in 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Məhkəmə tərkibi qeyd edir ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon polis idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən İdarənin İstintaq şöbəsində X2 müraciəti əsasında toplanmış material üzrə ##.##.2022-ci il tarixdə Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir. Eyni zamanda tərəflərin izahatından da bəlli olur ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində ## ######## 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş materiallarında ## ###### 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və X2 (eyni) iddiasının baxılmamış saxlanılması haqqında Salyan Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardadı mövcuddur. Beləliklə, X2 hazırkı iddia tələbi ilə məhkəməyə ## ###### 2024-cü il tarixdə müraciət etmiş və hazırkı halda iddia müddəti də ötürülmüşdür. İşdə isə cavabdeh Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi vardır (səh. 49). Yuxarıda göstərilənlər MM-in 379- 381-ci maddələrinin tələbləri baxımından iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb ola bilməzdi. Məhkəmə tərkibi adıçəkilən - iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmunu üzrə diqqətə çatdırır ki, cavabdeh qeyd edilən ərizədə öz iradə ifadəsini əks etdirmişdir. Hansı normada ehtiva olunmuş müddətin tətbiqi məsələsi isə hüquq tətbiqetməyə aid olduğundan məhkəmə bununla bağlı cavabdehin mövqeyindən asılı deyildir. Bu baxımdan, məhkəmə cavabdehin müvafiq ərizəsinə istinadən hazırkı tələb üzrə MM-in 354.1-ci maddəsində nəzərdə tutulan bir illik iddia müddətini tətbiq etməkdə sərbəstdir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001ci il tarixli Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Qeyd edilən qərarda göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının möhkəmlənməsinə kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Habelə “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 67 manat məbləğdə pul vəsaiti alınaraq Cavabdeh verilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi rədd edilsin. İddiaçı apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 67 (atmış yeddi) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh verilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar