Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2037/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mağaza və çörək sexindən ibarət olan 84 kvadrat metr qeyri-yaşayış sahəsinin aralarında naturada bölünməsi, həmçinin 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və İddiaçı qeyd edilən iddia tələbi ilə bağlı müstəsna aidiyyət qaydasında mağazanın və çörək sexinin yerləşdiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 39.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbinə Laçın Rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydasında qeyd edilən mağaza və çörək sexinin yerləşdiyi yerin məhkəməsi, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı nümayəndəsi Vəkil Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh Laçın rayonu Güləbird kəndində qeydiyyatdadır. Ona görə də, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Əmlakın bölünməsi barədə iddia tələbinə məhz Laçın Rayon Məhkəməsində baxılmışdır. Məhkəmə MPM-in 39.1-ci maddəsini tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Laçın Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin bölünməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(047)-1082/2023 saylı qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması, İddiaçı nümayəndəsi Vəkil şikayətinin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarına əsasən ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti MPMin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməli, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-in 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Göründüyü kimi, MPM-in 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız həmin məcəllədə nəzərdə tutulan (daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar) mübahisələrə müstəsna aidiyyət şamil olunur. Ərarvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. MPM-in 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli e-2(047)-1082/2023 saylı qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2037/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2037/2023
25.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver