Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2125/2022 01.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(036)1545/2022 saylı qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq Cavabdeh 24.823,0 manat əsas borcun tutulması, öhdəliyin icrasını gecikdirdiyinə görə illik 5 faiz hesablanmaqla 1241,0 manat, dəymiş mənəvi zərərə görə 1000,0 manat və dövlət rüsumuna görə 199,0 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(036)1545/2022 saylı (hakim Ü.Qənbərov) ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 24.823,0 (iyirmi dörd min səkikiz yüz iyirmi üç) manat əsas borc və dövlət rüsumuna görə 199,0 (yüz doxsan doqquz) manat alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Şirvan Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Cavabdeh vəkili və nümayəndəsi X2 apelyasiya icraatı zamanı verdiyi izahatında məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(036)1545/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(036)1545/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iş materiallarına əlavə edilmiş sübutlarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış və əlavə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə iddia ərizəsinə səlahiyyəti olmayan (hüququ olmayan hakim) məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yol vermiş pozuntuların aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, İmişli rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, üç hüquqi şəxs arasında yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (ümumi və ya kommersiya), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hazırkı mülki işi Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri müəyyən edir. İddiaçı cavabdehə 2021-ci ilin mart iyun aylarında umumi dəyəri 42898 manatı sonra ödəmək şərti ilə hissə-hissə olmaqla cəmi 40,5 ton çəkidə cücə üçün yem vermişdir. Cavabdeh ilk vaxtrlarda hissə-hissə olmaqla qismən ödəniş etmişdir, lakin məbləğdən 24823 manat borcu qalmışdır. Cavabdehdən dəfələrlə pul tələb edilsədə və onunda ödəyəcəyinə vəd verməsinə baxmayaraq qalan pul ödənilməmişdir. Cavabdehdən borcun tutulmasından ötrü məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər subyektiv tərkiblərinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia üzrə mübahisənin predmetinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə cücə yemi verilmiş verilmiş, sonradan cavabdeh cücə yeminin pulu tam ödəmədiyindən iddiaçı ona olan borcun cavabdehdən alınmasını xahiş etmişdir. Belə olan təqdirdə, iddia ərizəsində qoyulan tələbin predmeti, iki fərdi sahibkarlıq statusuna malik olan şəxs arasında yaranmış öhdəlik münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı bir iddia tələbinin yaranmasına subyeklər arasında müxtəlif sahələrdə (ailə, mülki, inzibati, iqtisad və.s) yaranan hüquq münasibətlərinin tənzimlənə bilməməsi səbəb olur. Hazırkı iddia tələbinin hansı hüquq münasibətindən yaranmasının müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı olan diqqətəlayiq əsas, onlar arasında sahibkarlıq fəaliyyətinin realizəsi zamanı iddiaçı tərəfindən cavabdehə verilmiş malların çatışmamazlığına görə yaranmış zərərin əvəzinin qaytarılmamasına görə borc müqaviləsi əsasında pulun qaytarılması təşkil edir. Göründüyü kimi, iddia tələbi subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən iddia tələbi üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmayaraq, özünü iddia tələbi üzrə baxmağa səlahiyyətli olması qənaətinə gəlməklə prosessual normanın tələblərini pozmuşdur. Halbuki hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə aidiyyat qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməməsinə yönəldiyindən, lakin gəlinən nəticənin səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilməsi həmin tələb üzrə yekun hüquqi dəyərləndirmə aparılmasını istisna etdiyindən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26, 32, 44.2.2, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh vəkili və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(036)1545/2022 saylı qətnaməsi ləğv edilsin. İş materialları aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə, Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2125/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2125/2022
01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver