Məhkəmə qərarları › İş №2(106)-214/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-214/2023

17.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-214/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh qızı 2020-ci ilin mart ayının 20-də ondan nəğd şəkildə 7500 (yeddi min beş yüz) manat borc pul almış və həmin pulu az müddətdə qaytaracağına söz vermişdir. Cavabdeh həmin pulu ondan aldığına dair öz xətti və imzası ilə qəbz də vermişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu 7500 manat pulu indiyənə kimi ona qaytarmamışdır. Əlavə olaraq qeyd edir ki, həmin pulu 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək Cavabdeh qızına hisssə-hissə vermiş, lakin cavabdehə pulu verməsinə dair qəbzi isə xx.xx.2020-ci il tarixdə Cavabdeh almış və qəbzdəki göstərilən xx.xx.2020-ci il tarixi isə elə qeyd edilən gün cavabdeh tərəfindən həmin qəbzə yazılmışdır. Bundan başqa bildirir ki, o, xx.xx.2020-ci il tarixdən sonra da Cavabdeh qızına 2000 manat pul vermiş, lakin cavabdehə inandığı üçün ondan qəbz almamışdır. Cavabdeh həmin pulu qaytarmasına söz versə də, lakin aradan bir neçə vaxt keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. O, cavabdehdən ona borclu olduğu pulu dəfələrlə qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu qaytarmaqdan imtina etmişdir. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh qızından 7500 (yeddi min beş yüz) manat pulun və ödədiyi 95 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızı izahatında bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ona 7500 manat borc pul vermiş, lakin həmin qəbz 2014-cü il tarixdə yazılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi borca dair qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Amma həmin qəbzdəki xx.xx.2020-ci il tarixi isə onun tərəfindən yazılmamışdır. O, iddiaçıdan aldığı 7500 manat pulu təxminən 2016-cı ilin əvvəllərinədək hissə-hissə olmaqla tam şəkildə İddiaçı qaytarmışdır. Onun İddiaçı hal-hazırda heç bir borcu qalmamışdır. Bundan başqa o, bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi üzrə iddia müddəti də İddiaçı tərəfindən buraxılmış və bu barədə o, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq, eyni zamanda iddia müddətini tətbiq edərək İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X1 da cavabdehin izahatına uyğun izahat verib iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: C.İbrahimov), iddia tələbinin təmin edilməməsi, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu iddiaçının hesabına aid edilməsi, iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/679-5/541 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Mülki Məcəllənin 367.1, 372.1, 372.2, 373.3, 375.1, 375.2, 377.1, 377.2 və 377.3-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, tələbin sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh qızı tərəfindən yazılmış və imzalanmış xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İbrahimova X2 Elyaz Yaqub oğlundan 7500 manat borc pul almış, həmin borcu az müddətə qaytaracağına söz vermiş və bu barədə qəbz yazaraq imza edib iddiaçıya təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/679-5/541 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 5-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli qəbzdə “xx.xx.2020” rəqəmləri- Cavabdeh qızı tərəfindən yox, İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş qəbzdə olan əlyazılıları və imza ilə həmin qəbzdəki “xx.xx.2020” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə fərqli diyircəkli qələmlə icra olunmuşdurlar. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş əlyazılarının icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdəki yazılar və imza ilə qəbzə qeyd edilmiş, xx.xx.2020-ci il tarixi eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda icra olunmuşdur?; İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdəki yazılar və imza ilə qəbzə qeyd edilmiş, xx.xx.2020-ci il tarixi, əgər eyni vaxtda icra olunmumamışdırsa, qeyd edilən qəbzdəki yazıların və imzanın nisbi müddətini (hansı vaxtda (gün, ay) yazılmasını) müəyyən etmək mümkundürmü, mütləq müddət (hansı vaxtda (gün, ay) yazılması) müəyyər oluna bilərmi, əgər qəbzdəki yazıların və imzanın hansı vaxtda yazılmasını etmək mümkündürsə, onda qeyd edilən yazılar və imza hansı vaxtda icra olunmuşdur" sualları üzrə isə tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Ağcabədi rayon Polis şöbəsi tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri iə cinayət işi başlanılaraq icraata qəbul edilməsi və həmin cinayət işi üzrə Cavabdeh qızının zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh qızı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, hazırki, mülki işlə bağlı iddia tələbinə müqavilə tələbi üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı iddiasının mahiyyətindən müəyyən edilir ki, o, Cavabdeh qızına 2020-ci ilin mart ayının 20-də ondan nəğd şəkildə 7500 (yeddi min beş yüz) manat borc pul vermiş, aralarında razılşamaya görə borc verilmiş pul az müddət ərzində qaytarılmalı idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, o, da hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də Cavabdeh qızından 7500 (yeddi min beş yüz) manat pulun və ödədiyi 95 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh qızının iddia tələbinə etirazından müəyyən olunur ki, o, iddianı qəbul etmir, düzdür o, iddiaçıdan 7500 manat borc pul almış və bu barədə qəbz yazaraq imzalamışdır. Lakin alınan pul və yazılan qəbz iddiaçının iddia etdiyi kimi 2020-ci ildə deyil 2014-cü ildə yazılmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi borca dair qəbz onun tərəfindən yazılmış və imzalanmışdır. Amma həmin qəbzdəki xx.xx.2020-ci il tarixi isə onun tərəfindən yazılmamışdır. O, iddiaçıdan aldığı 7500 manat pulu təxminən 2016-cı ilin əvvəllərinədək hissə-hissə olmaqla tam şəkildə İddiaçı qaytarmışdır. Onun İddiaçı hal-hazırda heç bir borcu qalmamışdır. Bundan başqa o, bildirmişdir ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbi üzrə iddia müddəti də İddiaçı tərəfindən buraxılmış və bu barədə o, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə də təqdim etmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq, eyni zamanda iddia müddətini tətbiq edərək İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, Cavabdeh qızı İddiaçı 7500 manat pul istəmiş, iddiaçı həmin pulu cavabdehə vermiş və bu barədə cavabdeh tərəfindən qəbz yazılaraq iddiaçıya təqdim olunmuşdur. Lakin cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdəki yazı nümunələrinin və imzanın onun tərəfindən icra edildiyini bildirsə də həmin qəbzdəki xx.xx.2020-ci il tarixinin onun tərəfindən icra edilmədiyini qeyd etmiş, ona görə də bu faktın müəyyən olunması məqsədilə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmuş və ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş, mülki işin 5-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli qəbzdəki “xx.xx.2020” rəqəmlərinin-Cavabdeh qızı tərəfindən yox, İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması, tədqiqata təqdim edilmiş qəbzdə olan əlyazılıları və imza ilə həmin qəbzdəki “xx.xx.2020” əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə fərqli diyircəkli qələmlə icra olunması və elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə digər hallarla bağlı tədqiqatın aparılmaması müəyyən olunmuşdur ki, məhkəmə də ekspertin qeyd edilən bu rəyi ilə razılaşmışdır. Göstərilənlərə əsasən də belə müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdəki xx.xx.2020-ci il tarixi həqiqətən də Cavabdeh qızı tərəfindən icra olunmamışdır. Ona görə də iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdəki 7500 manat pulun cavabdeh tərəfindən hansı tarixdə alınması barədə məhkəmə tərəfindən İddiaçı məhkəməyə hər hansı bir mötəbər sübutun təqdim edilməsi tələb edilsə də İddiaçı məhkəmə araşdırmaları zamanı qeyd edilən məbləğin hansı tarixdə verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübutu təqdim edə bilməmiş, eləcə həmin məbləğin hissə-hissə olmaqla 2018-ci ildən xx.xx.2020-ci ilə qədər cavabdehə təqdim edildiyini, həmçinin qeyd edilən qəbzdəki xx.xx.2020-ci il tarixinin də elə həmin tarixdə cavabdeh tərəfindən icra edildiyini bildirmişdir ki, məhkəmə də təbii olaraq yuxarıda göstərilən faktlara əsaslanaraq iddiaçının məhkəmə baxışı iclasında qeyd etdiyi bu halları mötəbər sübut kimi qəbul etməmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə olunmuş 10 noyabr 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli qərarlara əsasən Ağcabədi rayon Polis şöbəsi tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri iə cinayət işi başlanılaraq icraata qəbul edilməsi və həmin cinayət işi üzrə Cavabdeh qızının da zərər çəkmiş şəxs qismində tanınması qərara alınmış və həmin qərarlarda Cavabdeh qızının zərər çəkmiş şəxs qismində tanınmasına əsas kimi İddiaçı 2016-cı ilin mart ayında Ağcabədi şəhərində Cavabdeh qızını aldadaraq ona sələmə pul vermək üçün 10000 manat dəyərində qızıl-zinət əşyalarını və 2017-ci il tarixdə isə Cavabdeh qızına məxsus ünvan 1 ünvanında yerləşən mağazaya dair əmlak hüquqlarını dələduzluq yolu ilə ələ keçirməsi faktı olmuşdur ki, belə olan halda da məhkəmə həmin faktın əsaslılığını, eyni zamanda Cavabdeh qızının məhkəməyə verdiyi izahatının, yəni İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdəki 7500 manat pul məbləğinin həqiqətən də 2016-cı ildən əvvəl, yəni 2014-cü ildə cavabdeh tərəfindən alınması faktının mötəbərliliyini qəbul edilməlidir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh qızına qarşı pul tələbinə dair iddia tələbinə müqavilə tələbləri üzrə iddia müddətinin müddəalarının tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin, iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bu cür mübahisələrin həll zamanı iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulubpozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bundan başqa, iddia müddətinin tətbiq edilməsi üçün ərizə verən cavabdeh tərəfi iradə ifadə edir. İradə ifadə edən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qıldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin normalarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında pul tələbinə dair öhdəliklər üzrə yaranan mübahisələrə tətbiq olunmalı və qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmış, həmin müddətin üzürlü səbəbdən buraxılmasına dair iddia ərizəsinə heç bir rəsmi sübut növü, həmçinin buraxılmış prosessual müddətin üzürlü hesab olunaraq bərpa olunması barədə ərizə və ya vəsatət əlavə edilməmiş və cavabdeh isə məhkəməyə iddiaçı tərəfindən müddətin ötürülməsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hal-hazırki halda iddiaçı tərəfindən irəli sürülməli olan iddia tələbinə iddia müddətinin axımının hesablanması, məhz 2014-cü il tarixdən başlanılmalıdır ki, belə olan halda da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş üç illik iddia müddəti buraxılmış hesab olunmalıdır. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək yekun olaraq belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti formal mülahizədən ibarət olduğundan təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin , 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)177/2022 saylı, 28 iyul 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar