Məhkəmə qərarları › İş №2(106)-219/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-219/2024

16.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-219/2024 16.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(022)-402/2023 saylı qətnaməsindən (hakim C.Mustafayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, dəymiş ziyanın kompensasiya olunaraq ona ödənilməsi və cavabdehlərin hər birindən 10000 manat olmaqla 20000 manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, 1993-cü ildə torpaqların işğalı ilə əlaqədar Şirvan şəhərində məskunlaşmışlar. 1997-ci ildə YUNESKO xətti ilə Danirmarkanın Həyat təşkilatı tərəfindən verilmiş tavansız, suvaqsız daş evlərdə yaşamışlar. Yaşadıqları dövrdə yardımçı tikililər tikmişlər, bağ salmışlar, hasar çəkmişlər. 2015-ci ildə köçkün qonşuları yaşayış yerini dəyişərkən Şirvan şəhər İH-nin başçısı M.Camalov və müavini Elmira xanım həmin evlərin satılmasının mümkün olmadığını bildirdikdən sonra o, Respublika Dövlət Qaçqınkomuna və Milli Məclisin sədri O.Əsədova yazdığı ərizəyə cavab olaraq Cəbrayıl rayon İH-dən ona məktub gəlmiş və məktubda yazılmışdır: “Bu cür evlərdə məskunlaşmış məcburi köçkünlər yaşayış yerini dəyişərkən, evdən kənarda öz vəsaiti hesabına tikdiyi yardımçı tikililəri söküb apara bilər”. Həmin evlər onlara verilərkən “Həyat” təşkilatı ilə aralarında bağlanan müqavilədə göstərilmişdir ki, “Məcburi köçkünlər geri qaydarkən evin taleyi: 1) Torpaq sahibinin (Bələdiyyənin), 2) Həyat Təşkilatının (Qaçqınkomun) və 3) Məcburi köçkünün razılığı ilə həll olunacaq”. Bu Beynəlxalq təşkilat Yuneskonun tərtib etdiyi və Azərbaycan dövləti tərəfindən tanınmış qaydalardan biridir. İcra Hakimiyyətinin vəzifəsi ondan ibarətdir ki, məsələnin müqavilənin şərtləri daxilində heç bir tərəfin hüququ pozulmadan qanuni müstəvidə həll olunmasına nəzarət etsin və nail olunsun. Köçməmişdən də əvvəl 2014-cü ildə qonşuları Atayeva Sürayə ondan xahiş etmişdir ki, “siz köçərkən evi başqa adama verməyin, qonşuluğuma başqası gəlməsin, mən evi bacıma və yaxud özümə götürəcəm. Evi başqasına neçəyə deyəcəksənsə, məndə evi həmin qiymətə götürəcəm”. Qonşuluqda olan məcburi köçkün yaşadığı Horadiz şəhəri bərpa olunduğu üçün vətəninə qayıtdı, Elmira xanım Sürayəgili köçürüb gətirdi həmin evə. Həmin vaxtdan Sürayə Elmira xanımın məhəllədə etibarlı nümayəndəsi kimi tanınıb, baş verənləri dərhal ona çatdırırdı. Sürayə deyirdi ki, Elmira xanımla danışmışam, məcburi köçkünlərə ev tikilib verildikdən sonra bu evləri yerli sakinlərə vermək mümkün olacaq. Onun dediyində həqiqət var idi. Ona görə Sürayəyə etibar edib evi və açarlarını da ona etibar etmişdir. O evi mühafizə edib qorumasını öz öhdəsinə götürdü və evi “sizin razılığın olmadan heç kimə verməyəcəm dedi”. Lakın çox təəsüf ki, iyul ayının əvvəlində ona məlumat çatdı ki, qonşuları Atayeva Sürayə onlara heç bir məlumat vermədən razılaşmadan, ona etdikləri etibardan sui istifadə edərək qızıgili gətirib onun evinə yığıb. 08 iyul 2020-ci tarixdə telefonla Sürayə ilə danışarkən söhbət əsnasında eşitdiyinin doğru, yaxud səhv olduğunu, nə üçün onlara məlumat vermədən bu hərəkəti etdiyini soruşmuş, Surayə bildirmişdir ki, “Mən siz tərəfdən arxayın olduğum üçün İH-nin müavini Elmira xanımla gedib razılaşdım. İndi sən nə desən, sənin əmlakının pulunu verəcəm, bu ayın axrıda poçtla da göndərəcəm”. Orda olan şəxsi vəsaiti ilə tikdiyi əmlakın dəyərinin 2500 manatdan çöx olduğunu bildirmişdir. Qonşu olduqları və ailə vəziyyətinin yaxşı olmadığını nəzərə alaraq ona imkan daxilində hörmət etməyini dəfələrlə xahiş etdi, o da nəhayətki 1100 manata razılaşmışdır ki, əlavə tikililəri və dəmir hasarları sökməməklə hər şey ona qalır. Hətta 300 manatdan çox dəmirlərini, dəmir materialdan tikilmiş çardağını, tualetini və sair dəmirlərini satdığını bildirmiş, o da heç bir etiraz etməmişdi. Sürayə onunla telefon danışığında evə qızıgili köçürdüyünü demişdi. Bir neçə dəqiqədən sonra qızının qayını X8 ona zəng edərək bildirdi ki, ona bu evi İcra Hakimiyyətinin başçısı İlqar muəllim veribdir, sonra dedi ki, başçının göstərişi ilə Azər müəllim veribdir. O da demişdir ki, heç kim, nədə İcra Hakimiyyətinin başçısı onun əmlakını heç kimə verə bilməz, o kimdir ki, onun əmlakına sahiblik etsin. Demişdir ki, orda tikdiyi əmlakın dəyəri 1100 manatdan qat-qat çoxdur, razılaşmasalar gəlib əmlakını söküb aparacaqdır. İlkin ancaq 400 manat verəcəyini dedi, özü isə razılaşmadı. 11 iyul 2020-ci ildə telefon danışıqları davam etdi Sürayə ayın 8-də dediklərinin əksini dedi, Elmira xanımın adını çəkmədiyini bildirdi və o da, İlkin kimi İcra Hakimiyyətinin başçısının göstərişi ilə Azər müəllimin verdiyini dedilər. Evin açarlarını Sürayəyə verib etibar etmişdir. İlkin hətta bildirdi ki, İcra Hakimiyyətindən deyiblər ki, əlavə tikililəri sökməyədə qoyma hamısını sənə verir. Bundan sonra baş vermiş qanun pozğunluğu ilə əlaqədar DİN-nin 102 nömrəli qaynar xəttinə müraciət etmiş və Şirvan şəhər İH-nin başçısı İlqar Abbasova elektron müraciət etmişdir. İH-dən gələn cavabdan aydın olur ki, İH-nin rəhbərləri onunla Həyat təşkilatı arasında bağlanmış müqaviləni ya diqqətlə oxumayıb, müqavilənin mahiyyətini dərk etməyib və yaxud özlərinin qərarlarını dövlətin qanunlarından, Beynəlxalq təşkilatın qanunlarından üstün tuturlar. DİNnin 102 qaynar xəttinə müraciəti əsasında Şirvan Şəhər Polis idarəsində təhqıqatçı Vüqar Əhmədovun apardığı subyektiv, birtərəfli araşdırma heç bir nəticə vermədi. O bildirdi ki, bu mülki məsələdir, Şirvan Şəhər Məhkəməsinə müraciət edin. Şirvan şəhər İH tərəfindən verilmiş cavabın məlumatsız şəxs tərəfindən yazıldığı və tam savadsız və düşüncəsiz mövqedən qərəzli yazıldığı gorünür. Məhz buna görə də, Cəbrayıl rayon İH-dən verilən cavabda da qeyd olunur ki, “məcburi köçkünlər yaşayış yerini dəyişərkən”. Digər tərəfdən heç bir qanunda yazılmayıb ki, məcburi köçkünlər qayıdarkən və yaxud onlara yeni evlər tikilib verilənə qədər mütləq bu sığınacaq tipli ağır şəraitdə yaşamağa məhkumdur. Cavabdan belə aydın olur ki, İH-nin rəhbərlərinin Konstitutsiyanın 28-ci maddəsindən xəbəri yoxdur. Onların yazdığı cavab Konstitutsiyanın 28-ci maddəsinə zidd çıxarılmışdır ki, belə hallar da kobud qanun pozuntusudur. Şirvan şəhər İH tərəfindən yazılmış cavabda göstərilir ki, guya onlar 10 ildən artıqdır ki, orda yaşamırlar. 2016-cı ilin sentyabrın 15-də Şirvan şəhərini tərk etmişlər, bunun da səbəbi onun 2016-cı ildə Şirvan şəhər İH-nin başçısı M.Camalovun və müavini Elmira xanım tərəfindən məcburi köçkünlərin əmlak hüququnun kobud şəkildə pozulması ilə əlaqədar onların çirkin əməllərinin ifşa edici şikayət ərizələrini yazmağı və bunun üçün onlar tərəfindən təqiblərə, böhtana, şantaja məruz qalacağı qaçılmaz olduğu uçün şəhəri tərk etmək məcburiyyətində qalmışdır. İH rəhbərliyi həmin vaxt şəxsi maraqları təmin olunmadığı üçün qərəzli şəkildə qonşuluqda olan 3 ailənin evlərini xarabalığa çevirdi ki, bununda nəticəsində təbiətə vəhşi və biganə munasibət göstərilərək 60-a yaxın meyvə ağacının quruyaraq məhv olmasına səbəb olmuş, qəsdən vəzifə səhlənkarlığına yol vermələri nəticəsində həmin evin qapı pəncərisinin, tavanının sökülərək talan olmasına şərait yaratmışlar. Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qərarı ilə işə baxılması Şirvan İnzibati Məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. O da, həmin əsasla Şirvan İnzibati Məhkəməsinə etdiyi müraciəti əsasında işə təkrarən baxan Şirvan İnzibati Məhkəməsi isə uzun sürən araşdırmalardan sonra Şirvan şəhər İH-nin 11 noyabr 2022-ci il tarixli 2168 nömrəli məktubuna əsaslanaraq onun iddiası əsasında şəxsi vəsaitilə tikdiyi metal konstruksiyadan ibarət 2 ədəd 6 metr uzunluğunda 3.2 metr enində yardımçı tikililərin, metal konstruksiyadan ibarət çəpərin hasarının, şərikli əmlak hesab edilən 28 ədəd meyvə ağacı olan meyvə bağının və evin mühafizəsini boynuna çəkmiş sabiq qonşuları Sürayə Atayeva ona edilmiş etibardan sui - istifadə edərək dələduzluq yolu ilə təşkilatçılığı vasitəsi ilə qudası X8 tərəfindən özbaşına mənimsənilməsi faktı ilə əlaqədar işə baxaraq, qeyd edilən əmlakın X5 Şirvan şəhər İH tərəfindən verilmədiyi haqqında qərar çıxartmış və onun həmin iddiası əsasında Şirvan Şəhər Məhkəməsinə müraciət etməyi məsləhət bilinmişdir. Beləliklə onun əmlakını Sürayə Atayevanın təşkilatçılığı ilə X8 tərəfindən özbaşına zəbt olunaraq mənimsənilməsi qərarına gəlmişdir. Dəfələrlə Şirvan şəhərinə gedərkən İlkin Əliyevin ailəliklə onların evdə yaşadığını görmüşdür. Təxmini hesabladığına görə 2.5 il ərzində məhkəmə süründürməçiliyində çəkdiyi xərclərdə nəzərə alınmaqla devalvasiya nəzərə alınmadan 5000 manatdan artıq zərər görmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X7 iddianı qəbul etməyərək rədd olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(032)-402/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, Mülki Məcəllənin 21.1, 21.2, 1096-cı maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin qanuni əsasının (Mülki Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından, həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamış, nəticədə prosessual və maddi hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər hər hansı bir üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Seriya AA № 246909 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür; "HAYAT" X1 ilə İddiaçı arasında 3 sentyabr 1999-cu ildə "HAYAT vasitəsilə UNHCR tərəfindən verilən Daş Evlərdə yaşayış şərtləri barədə" aşağıdakı şərtlərlə müqavilə bağlanmışdır; İddiaçı Nazim oğlu UNHCR maliyyəsi ilə daş sığınacaq tikən Hayat təşkilatından ailəsi üçün bir sığınacaq tikməsini xahiş etmişdir. Sığınacağın dəqiq quruluşu ona izah olunmuş, onun 6m x 4m ölçüdə bir mərtəbəli, damı şifer, torpaq döşəməli, tavansız, susuz və işıqsız ev olacağı ona məlumdur. Həmçinin keçən il tikilmiş sığınacaqların şəkilləri ona göstərilmişdir, Əgər UNHCR-in maliyyəsi ilə Hayat torpaq sahibi tərəfindən verilən torpaq sahəsində onun ailəsi üçün sığınacaq tikərsə o, həmin evin yeganə yaşayış yeri olması şərtilə orada yaşamağa razıdır və verilən evdə ailəsinin yaşaması şərtlərini başa düşdüyünü bildirir, Birincisi o, başa düşür ki, münaqişə qurtarana qədər UNHCR bu evlərdə sahiblik hüququnu saxlayacaq. Bu o deməkdir ki, o bu evi sata, maddi xeyir götürmək üçün istifadə edə, başqasına verə bilməz. Bu ev yalnız torpaq sahibi və UNHCR-a təqdim olunmuş siyahıda göstərilmiş ailə üzvlərinin istifadəsi üçündür. Münaqişə qurtarandan sonra evlərin taleyi məsələsi torpaq sahibi, UNHCR və onun arasında müzakirə olunacaq, İkincisi o, evin yaxşı saxlanması, qapı və pəncərələrinin zədələnməməsi üçün əlindən gələni edəcəkdir. Lakin binanın yaxşılaşdırılması üçün işlər görə, binaya əlavələr edə bilər, Üçüncüsü hökumət münaqişə qurtarana qədər onun bu evdə yaşamaq hüququnu təmin edəcək, kimsə onu güclə bu evdən çıxarmağa cəhd edərsə, o torpaq sahibinə, UNHCR-a və ya Hayat təşkilatına bu barədə məlumat verəcəkdir, Dördüncüsü bina hazır olduqdan və ona təhvil verildikdən sonra, mümkün qədər tez (2 həftə ərzində) müddətdə binaya köçməyə razılaşır, Həmçinin başa düşür ki, ola bilər ki, Hayat təşkilatı ayaqyolu üçün materiallar versin, belə olarsa, ayaqyolu üçün quyunu qazmağı və ayaqyolunun tikilməsini ailəsi öz öhdəsinə götürür. Əgər bunu vaxtında etməzsə, ailəsinin bu evdən çıxarıla biləcəyini başa düşür. Bundan başqa o, Hayat təşkilatı tərəfindən müəyyənləşdirilən və bunu imkanı olmayan bir ailə üçün bir ayaqyolu quyusunu qazmağa razılaşır, Bu qaydalara riayət etməyə razılaşır və başa düşür ki, bu qaydaların hər hansının pozulması UNHCR-ın evi geri alması ilə nəticələnə bilər. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının İddiaçı müraciətinə verdiyi 2 sentyabr 2016-cı il tarixli cavab məktubunda bildirilir ki, məcburi köçkünlər üçün tikilən evlər onlara müvəqqəti istifadə üçün verilir və köçkün ailələri daimi yaşayış yerlərinə qayıdanda və ya müvəqqəti yaşayış yerini dəyişməsi ilə əlaqədar başqa əraziyə köçəndə, həmin evlər şəhər və rayonun icra hakimiyyətinin və "Dövlətqaçqınkom"un yerli nümayəndələrinə təhvil verilməlidir. Məcburi köçkünlər müvəqqəti məskunlaşma yerlərindən köçərkən yalnız özünə məxsus əmlakı və ehtiyac bildikdə binadan kənarda şəxsi vəsaiti hesabına əlavə tikdiyi yardımçı tikililərin materiallarını apara bilərlər; Şirvan şəhər Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüqar Əhmədovun 22 iyul 2020-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, araşdırmanın aparılmasına əsas, 12 iyul 2020-ci ildə saat 10:24-də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayan İddiaçı DİN-in 102 xidmətinə zəng edərək, Şirvan şəhəri, yağ zavodunun yanında 20 mənzilli daş evlərdə İlkin və Elvin adlı şəxslərin ona məxsus evin qapısını sındırma yolu ilə onun mənzilinə daxil olaraq yaşamaları, həmin evdə ona aid əşyaların olması, evin ona Beynəlxalq təşkilat tərəfindən verilməsini bildirməsi olmuşdur, Təhqiqat zamanı izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, 2020-ci ilin fevral ayında evi olmadığı üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən ona yaşamaq üçün ev verilmişdir. Bir müddət keçdikdən sonra qardaşı Elvin Əliyev ona həmin evdə əvvəllər yaşamış Rafiq adlı şəxsin qaynanası Südabəyə zəng edərək, həmin evdə qalan şəxsin Rafiqə pul verməyə borclu olduğunu, əks halda yaşamağa icazə verməyəcəyini dediyini bildirmişdir. Bundan sonra o, Rafiq adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamış, Rafiq ondan 1100 manat pul istəmiş, Rafiqə 400 manat pul təklif etmiş, lakin Rafiq buna razı olmayaraq evə gələcəyini, evin içərisini sökəcəyini demişdir. Hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır, Təhqiqat zamanı izahatı alınmış Cavabdeh1 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, işsizdir. 7 il bundan əvvəl həmin evdə İddiaçı yaşamışdır. Həmin yaşadığı ev məcburi köçkün olduğu üçün "Qaçqınkom" tərəfindən verilmişdir. İddiaçı Zəngilan qaçqın məktəbində müəllim işləmiş, təqaüdə çıxdıqdan sonra Bakı şəhərində yerləşən evinə yaşamaq üçün getmişdir. 2020-ci ilin fevral ayında həmin evin açarları İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ondan alınaraq ailəsi ilə birlikdə yaşamaları üçün İkin Əlizadəyə verilmişdir. Bir müddət sonra İddiaçı ona zəng edərək, evin açarlarının ondan icazəsiz başqasına verməsinin səbəbini soruşmuş, cavabında bildirmişdir ki, İcra Hakimiyyətinin nümayəndələri evin açarını ondan alaraq Cavabdeh2 yaşamaq üçün vermişlər. Daha sonra İddiaçı təkrar olaraq ona zəng edərək həmin evdə yaşayanların ona 1100 manat pul verməli olduqlarını bildirmiş, o da bu barədə Cavabdeh2 məlumat vermişdir, Təhqiqat zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yaşayır, təqaüdçüdür. 1993-cü ildə məcburi köçkün kimi Şirvan şəhərində yerləşən Həyat təşkilatı tərəfindən tikilmiş sığınacaqda məskunlaşmışdır, həmin məskunlaşdığı yer şərikli əmlakdır, buna dair müqavilə vardır. 2014-2015-ci illər ərzində məcburi köçkünlərin məskunlaşma yerinin dəyişdirilməsi zamanı ilkin yaşadıqları yerdə tikdikləri köməkçi tikililərin sökülərək özləri ilə apara bilmələri ona bildirilmişdir. Bu səbəbdən həmin ünvanda İlkin Əliyev yaşadığı üçün ondan halallıq almalıdır. İlkin Əliyevlə pul söhbəti etməmiş, Cavabdeh1 ilə 1100 manat müqabilində evdən kənarda tikilmiş tikililərin və qonşudan aldığı 100 manat dəyərində hasarın dəmrinin müqabilində əvvəlcə razılaşsalar da, sonradan İlkin Əliyev onlara qoşulmuşdur. Ona pul lazım deyildir, yalnız özünün həmin ünvanda çəkdiyi dəmir hasarı sökərək götürmək istəyir. İddiaçı cavabdehlər Şirvan şəhər İcra Hakimiyyətinə və Cavabdeh1 qarşı "evdən kənarda tikdiyi metal əmlakının sökülüb gətirilməsi və sair" tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2-1(120)-2023/2022 saylı qərardadından aşğıdakılar müəyyən olunur; İddiaçı qeyd edilən tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, evdən kənarda tikdiyi metal əmlakının sökülüb gətirilməsi, sökülüb gətirilməsi mümkün olmayan şərikli əmlakının, müqavilə şərtlərinə uyğun olaraq evin və ağacların komission ekspertiza tərəfindən qiymətləndirilərək dəyərinin ödənilməsi, sabiq qonşusu Cavabdeh1 ona etdiyi etibardan sui-istifadə edərək ona heç bir məlumat vermədən qudası tərəfindən əmlakının mənimsənilməsinə şərait yaratdığı üçün əməlinin hüquqi müstəvidə həllini tapması, onun tərəfindən mənimsənilmiş əmlakının dəyərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin olunmamasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçının mübahisələndirdiyi ev onun deyil, məcburi köçkünlərə sığınacaq kimi verilmiş evdir. Rafiq 6 ildir ki, oradan köçüb. Rafiqlə əlaqə saxlamışlar. O evə köçəndə evdə heç nə olmayıb, evin qabağında dəmirdən əl evi kimi nəsə düzəltmişdir. Rafiq o əl evini də İlkinə pul qarşılığında satmışdır. İlkin orada 1000 manatlıq dəmir olmadığı üçün pul verməmişdir. Həmin evə o yox, İlkin köçmüşdür. Odur ki, onun tərəfindən iddiaçının hüquqları pozulmamışdır; Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində qeyd edilən tələb müqavilədən doğan öhdəlik olduğundan, işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Mülki işin apellyasiya baxışı zamanı kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, mühəndis tikinti-texniki ekspertizası qarşısında cavablandırılmasından ötrü Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən şəhərin sənaye zonasında, Şirə zavodunun şərq hissəsində ayrılmış 6.0 ha torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş və İddiaçı “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə əsasında 30 sentyabr 1999-cu ildə verilmiş sığınacağın həyətində əlavə tikililərin olub-olmaması, olduğu halda tikililərin nədən ibarət olması və ölçüləri, istifadə edilmiş materialların həcmi, yeni, yoxsa köhnə tikili olub-olmaması müəyyən edilsin, əmtəəşünaslıq ekspertizası qarşısında cavablandırılmasından ötrü İddiaçı “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə əsasında 30 sentyabr 1999-cu ildə verilmiş yuxarıda qeyd olunan sığınacağın həyətində əlavə tikililər inşa edilmişdirsə, həmin tikililərdə istifadə olunmuş materialların dəyəri müəyyən edilsin sualları qoyulmuşdur. Azərbaycan Repspublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli 3-16-16/2-10/753 saylı ekspert rəyinə əsasən ötrü Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən şəhərin sənaye zonasında, Şirə zavodunun şərq hissəsində ayrılmış 6.0 ha torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş və İddiaçı “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə əsasında 30 sentyabr 1999-cu ildə verilmiş sığınacağın həyətində görülmüş inşaat işlərinin dəyəri orta bazar qiymətinə uyğun təqribən 4020.00 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış eksrertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin mübahisəsiz müəyyən olunan halları ondan ibarət olmuşdur ki, iddiaçı 1993-cü ildə Cəbrayıl rayonunun işğalı ilə əlaqədar məcburi köçkün düşmüş və ailəsi ilə Əli Bayramlı (indiki Şirvan) şəhərində məskunlaşmışdır. Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən şəhərin sənaye zonasında, Şirə zavodunun şərq hissəsində ayrılmış 6.0 ha torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş və İddiaçı ilə həmin Beynəlxalq Təşkilat arasında 30 sentyabr 1999-cu ildə “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə bağlanmışdır. Müqavilə əsasında iddiaçıya 6m x 4m ölçüdə bir mərtəbəli, damı şifer, torpaq döşəməli, tavansız, susuz və işıqsız sığınacaq tipli ev verilmişdir. İddiaçı tərəfindən həmin sığınacaq yaşayış üçün yararlı hala gətirilmiş, həyətində ağaclar əkilmiş, əlavə tikililər inşa olunmuş və torpaq sahəsi hasara alınmışdır. İddiaçı Şirvan şəhərində yaşadığı dövrdə Zəngilan məcburi köçkün məktəbində müəllim işləmiş, təqaüdə çıxmış və 2016-cı ildə yaşayış yerini dəyişərək Bakı şəhərində yaşamağa başlamışdır. İddiaçı yaşayış yerini dəyişib Bakı şəhərinə köçərkən evin açarını yaxın qonşuluq münasibətlərində olan Cavabdeh1 vermişdir. Sonrakı mərhələdə 2020-ci ildə mübahisəli ev Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən yaşamaq üçün digər Cavabdeh2 verilmişdir, sonuncu həmin evdə hazırda da, yaşamaqda davam edir. İşin mübahisəli halları iddiaçı tərəfindən həmin evin həyətində tikilən əlavə tikililər və torpağın sərhədinə çəkilən hasarla bağlıdır. Belə ki, iddiaçı ilkin mərhələdə cavabdehlərdən həmin tikililərə görə 1100 manat məbləğində pul istəmiş, Cavabdeh2 400 manat verə biləcəyini bildirmişdir. İddiaçı hazırda həmin tikililərə çəkdiyi xərcin müəyyən olunaraq cavabdehlərdən tutulmasını tələb edir. İş üzrə keçirilmiş kompleks məhkəmə mühəndis tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyi ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən şəhərin sənaye zonasında, Şirə zavodunun şərq hissəsində ayrılmış 6.0 ha torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş və İddiaçı “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə əsasında 30 sentyabr 1999-cu ildə verilmiş sığınacağın həyətində görülmüş inşaat işlərinin dəyəri orta bazar qiymətinə uyğun təqribən 4020.00 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya ilk növbədə qeyd etmək istəyir ki, iddiaçının mübahisəli evin (sığınacağın) həyətində əlavə tikililər inşa etməsi və həmin tikililərdən Cavabdeh2 istifadə etməklə faydalanması işin mübahisəsiz halıdır. İddiaçının həmin tikililərə sərf etdiyi dəmir materiallarının sökmək istəyi, faydalanan şəxs olaraq Cavabdeh2 tərəfindən təmin edilməmişdir. Belə olan halda cavabdeh iddiaçının inşa etdiyi əlavə tikililərdən faydalanan şəxs olaraq, iddiaçı tərəfindən tikiliyə çəkilən xərc miqdarında əsassız varlanan şəxsə çevrilmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası iş materiallarını sadalanan qanunvericilik aktı normaları baxımından təhlil edərək iddianı tikiliyə çəkilən xərcin müəyyən olunaraq cavabdehlərdən alınması hissədə rədd edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 aid hissədə tələb əsaslı olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfı, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntılar keçirməsinə, bunun cavabdehlərin qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində baş verməsinə, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına və zərərvuran şəxslərin təqsirinə dair sübutlar verilmədiyindən, tələb həmin hissədə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki iş üzrə keçirilmiş kompleks məhkəmə mühəndis tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları tədqiqatlarının ümumi dəyərini təşkil edən 50 manat Cavabdeh2 tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(022)-402/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyəti başçısının 29 aprel 1996-cı il tarixli 69 nömrəli sərəncamına əsasən şəhərin sənaye zonasında, Şirə zavodunun şərq hissəsində ayrılmış 6.0 ha torpaq sahəsində HAYAT X1 tərəfindən qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş və İddiaçı “Daş evlərdə yaşayış şərtləri barədə” müqavilə əsasında 30 sentyabr 1999-cu ildə verilmiş sığınacağın həyətində görülmüş əlavə tikinti işlərinin dəyərinin əvəzi olaraq 4020.00 (dörd min iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar