Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-227/2024 01.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh İmamverdi oğlunun iştirakı ilə, iddiaçı X1 Cavabdeh İmamverdi oğluna qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İmamverdi oğlundan onun xeyrinə 24.000 (iyirmi dörd min) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Cavabdeh İmamverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh 23 yanvar 2017-ci il tarixdən 17 mart 2017-ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 ay 22 gün müddət, 17 mart 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək ev dustaqlığında olduğu 5 ay 3 gün müddət, ümumilikdə 7 ay 5 gün müddəti nəzərə alınaraq və onun hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Cavabdeh İmamverdi oğlu qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək, ona 2 il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə hökm çıxarılmışdır. O, məhkəmə gedişində 21 iyun 2017-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, Cavabdeh İmamverdi oğlu ona dəymiş zərəri ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Buna baxmayaraq Cavabdeh İmamverdi oğlunun qohumları yenə də onu aldadaraq dələduzluq əməllərinə əl ataraq ondan 4 ay möhlət istəmişlər və o, bunlara inanaraq ərizəyə imza atmış, amma ona dəymiş zərər bu günədək ödənilməmişdir. Hökmdən sonra Cavabdeh telefon zənglərinə belə cavab verməmişdir. Sonuncu məhkəmə prosesi xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş və 1(103)-900/2020 nömrəli qərar veriılərək onun apellyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunan qərardan da görünür ki, Cavabdeh ondan 24000 manat pul alıb geri qaytarmamışdır. Odur ki, Cavabdeh İmamverdi oğıundan 24000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh İmamverdi oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ondan 24000 (iyirmi dörd min) manat məbləğində pul tələb edir. İddiaçı sübutetmənin əsası kimi Bakı Apellyasiya Məhkəməsinin l(103)-900/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına istinad edir və bildirir ki, ona dəymiş zərərin tərəfindən ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəni o xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş, həmin vaxt guya onun qohumları onu aldadaraq, etibarından sui istifadə etməklə, ondan 4 ay möhlət istəmişlər və o həmin ərizəni yazaraq məhkəməyə təqdim etmişdir. İddiaçının öz ərizəsində göstərdiyi bu dəlillər işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçının hüquq mühafizə orqanlarına yazdığı ilk ərizədə ondan ümumilikdə 24000 (iyirmi dörd min) manat pul aldığı və həmin məbləğdən 3500 (üç min beş yüz) manatını geri qayardığını göstərilmişdir. Yəni hələ 2017-ci ildə iddiaçı şikayətə başladığı vaxt ona qarşı 20500 (iyirmi min beş yüz) manat məbləğində tələblə çıxış etmişdir. 2017-ci ildə barəsində cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etdiyi zaman iddiaçıya 5000 (beş min) manat ödəniş həyata keçirmişdir. Məhz tərəfindən ziyanın ödənilməsinə dair hərəkətlər edildiyi əsaslara görə məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Həmin vaxt iddiaçı məhkəməyə ziyandan 5000 manat ödənilməsi barədə ərizə də vermişdir. Sonradan cinayət işi çərçivəsində tərəfindən iddiaçıya 5500 manat pul da ödənilmiş və iddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, ona qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdir.Hazırda iddiaçı 24000 (iyirmi dörd min) manat ziyan tələb edir. Aşağıdakı dəlillərdən görünür ki, iddiaçının tələbi əsassızdır. İddiaçının ilkin şikayət ərizəsində ziyanın ödənilməmiş hissəsinin 20500 manat olması öz təsdiqini tapır. Deməli 24000 manat tələb əsassızdır, onun barəsində aparılmış cinayət işi çərçivəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəmə iclasında ziyandan 5000 manat ödənilməsinə dair mötəbər sübutlar mövcuddur. Deməli həmin vaxt ziyanın ödənilməmiş hissəsi 15500 manat olmuşdur.İddiaçının məhkəməyə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı ziyanın tam ödənilməsi və hər hansı iddia, tələbinin olmamasını bildirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəni 2017-ci ilin sonlarından etibarsız hesab etsə də onu mübahisələndirməmiş və həmin vaxtdan artıq 6 il vaxt keçmişdir. Pulun alındığı və iddiaçının aldadıldığını bilməsi vaxtı isə 2012-ci ilə təsadüf edir ki, həmin vaxtdan artıq 10 il keçmişdir. İddiaçının şikayəti üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi əsası ilə xitam verilmişdir. Bu qədər vaxt ötürüldükdən sonra iddiaçının mülki qaydada tələb irəli sürərək ondan 24000 manat ziyan tələb etməsi öz-özlüyündə əsassızdır.İddiaçı ilkin şikayətində onun tərəfindən ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bir halda ki, o, iddiaçının etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etmişdirsə, bu halda ziyan tam ödənilmədiyi halda iddiaçı ziyanın ödənilməsinə dair ərizəni nəyə güvənərək yazardı? Bu dəlil də onu təsdiq edir ki, iddia tələbi əsassızdır. Apellyasiya məhkəməsinin qərarında onun iddiaçı qarşısında 24000 manat məbləğində ödənilməmiş məbləğin qalması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyati hissəsində məcburidir (MPM 82.4-cü maddə). Qanunvericiliyin bu normasına əsaslanaraq, iddiaçının istinad etdiyi cinayət işi materialları üzrə hadisənin baş verməsinin sübuta yetirildiyini bildirmək mümkündür. Həmin cinayət işi üzrə mülki iddia olmadığından məhkəmə yekun qərarında borcun olub olmaması və borcun məbləği barədə konkret nəticəyə gəlməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivindən l(101)-926/2017 saylı iş üzrə X1 ilkin şikayət ərizəsinin, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının, ittiham aktının surətlərinin əldə edilməsi zərurəti vardır. Qeyd edilən sənədlərdən görünür ki, iddiaçı ilkin şikayətində ondan ümumilikdə 24000 manat aldığını və həmin məbləğdən 3500 manat hissəsini qaytardığını, qalan 20500 manat pulunun qaytarılmadığını bildirmişdir. Bundan başqa ittiham aktında və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında onun Namiq Almasova əlavə olaraq 5000 manat ödəməsi və məhz ziyanın bir hissəsinin ödənilməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi zərurətinin olması öz təsdiqini tapır.Əgər onun iddiaçı qarşısında ödənilməmiş borcu qalsaydı, onda o cinayət işi çərçivəsində ona qarşı mülki iddia tələbi irəli sürərdi. Bir halda ki, o mülki iddia irəli sürməyib, deməli iddiaçıya onun borcu ödənilmişdir. İddiaçı kifayət qədər savadlı bir şəxsdir və zamanında ona qarşı mülki iddia qaldırmamasına dair dəlil də onun ziyanının tam ödənilməsini təsdiq edir. Eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində onun bu hüququ məhkəmə tərəfindən ona izah edilmişdir. O bu hüququndan tam məlumatlı olmuşdur.İddiaçının notarial qaydada təsdiq etdiyi ziyanın tam ödənilməsinə dair ərizə mövcuddur. Hesab edirik ki, bu ərizə bir əqddir. Mülki qanunvericiliyin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İddiaçının mövqeyinə görə həmin əqd aldatma nəticəsində bağlanılmış əqddir. Nə qədər ki, həmin ərizə məhkəmə qaydasında etibarsız hesab edilməyib, deməli qüvvədədir. İddiaçı bu iddiadan əvvəl məhkəmədə həmin ərizənin etibarsızlığını mübahisələndirməli və ərizənin etibarsız sayılmasına dair qüvvəyə minmiş məhkəmə qərarı əsasında pul tələbi irəli sürə bilərdi. İddia tələbinin əsassısızlığına dair tərəfindən qeyd edilən dəlillər mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əks halda belə çıxır ki, istənilən bir şəxs borcu və yaxud da ziyanı aldıqdan bir müddət sonra yazdığı ərizəni etibarsız hesab edə bilər və yenidən pul tələbi irəli sürə bilər. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh İmamverdi oğlundan 15500 (on beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 (yüz iyirmi) manatın alınaraq X2 ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən Cavabdeh 18 may 2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsinə əsaslanmışdır. Belə ki, Cavabdeh 18 may 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, İddiaçı Əbdülkərim oğluna 15500 (on beş min beş yüz) manat borcunun qaldığını, həmin məbləği 4 (dörd) ay ərzində - sentyabr ayının 20-ə qədər ödəyəcəyini, əgər həmin məbləği ödəməsə cinayət işinin icraatının yenilənməsinə etirazının olmadığını bildirmişdir. Cavabdehin iddiaçıya 15500 manat ödəyəcəyi barədə notarial qaydada təsdiq edilmiş 18 may 2017-ci il tarixli ərizə verməsindən sonra onun qalan məbləği ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh daha sonra iddiaçıya 5500 (beş min beş yüz) manat ödədiyini göstərsə də, nə həmin məbləğin, nə də digər qalan məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 1096.1-1096.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh İmamverdi oğlu və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması olaraq “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 4 və 6-cı bəndləri pozulduğu göstərilmişdir. “4.Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. 6.3. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Bu normaların tələbi özündə onu ehtiva edir ki, cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Deməli mülki iş üzrə məhkəmə ziyanın tam ödənib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində qəbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Təəsssüf olsun ki birinci instansiya məhkəməsinin qətnaməsində belə izahlı əsaslandırma mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərdə göstərilmişdir ki, Cavabdeh Xəzər rayon Polis İdarəsinin müstəntiqi K.Rəhimova yazdığı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində İddiaçı Əbdülkərim oğluna 15500 manat borcunun qaldığı bildirilir. Eyni zamanda, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 2 ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizələrdən biri notarial təsdiq olunmuş, digəri isə əl ilə yazılmış ərizə idi. Hər iki ərizədə İddiaçı ona dəymiş maddi ziyanın tam ödənildiyini və Cavabdeh qarşı hər hansı iddia və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib ki, guya cavabdeh tərəf xx.xx.2017-ci il tarixli 15500 manat borcun qalmasına dair ərizədən sonra borcun ödənilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir(?). Birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş həmin ərizələri niyə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə öz qərarında cavabdeh tərəfin dəlili olaraq yalnız İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizələrə istinad etdiyini göstərmişdir. Sual yaranır ki, əgər İddiaçı həmin 15000 manat ödənilməsəydi, notarial qaydada təsdiq edilmiş və əl ilə yazılmış eyni məzmunlu ərizəni məhkəməyə təqdim edərdimi? Hesab edirik ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair ərizələrin məhkəmənin diqqətindən kənarda qalması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh İmamverdi oğlu apellyasiya şikayətini müdafiə edərək Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)- 921/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında X3 apellyasiya şikayətini qəbul etməyərək Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 30/2017 nömrəli qərarından görünür ki, İddiaçı Əbdülkərim oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsində Cavabdeh ona dəymiş 24000 manat ziyandan 8500 manatını ödəməsi və 15500 manatı isə istintaq dövrü zamanı ödəməsinə etirazının olmaması göstərilmişdir. Məhkəmə, Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edərkən işin digər halları ilə yanaşı, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən, yəni 8500 manat ödənilməsini nəzərə almışdır. İş materialında olan Cavabdeh xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş Xəzər Rayon Polis İdarəsinə yazmış olduğu ərizəsindən görünür ki, o, İddiaçı Əbdülkərim oğluna 15500 manat pul borcu olduğunu və həmin məbləği 4 ay müddətinə ödəyəcəyini qeyd etmişdir. İş materialında olan İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh heç bir tələbi və iddiası olmadığını və Cavabdeh tərəfindən ziyanın ona tam ödənilməsini göstərmişdir. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)- 900/2000 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-c i maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, zərərçəkimiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş materialları ilə mübahisə predmeti olan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iş materialları ilə təsdiq olunmur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İmamverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-227/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-227/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver