Məhkəmə qərarları › İş №2(106)-2270/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2270/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2270/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-94/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş və hazırda N saylı hərbi hissədə xidmət edən Cavabdeh 3000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş və hazırda N saylı hərbi hissədə xidmət edən Cavabdeh xx.xx.2018-ci il tarixində onun yanına gələrək pula kəskin ehtiyacı olduğunu bildirmiş və iddiaçıdan 3000 manat məbləğində borc pul almışdır. Cavabdeh aldığı borcu 5 ay müddətinə qaytaracağına söz vermiş, lakin verdiyi sözə əməl etməyərək, pulu qaytarmamışdır. İddiaçı ilə onun arasında etibar olmasına baxmayaraq, iddiaçı ondan qəbz alaraq cavabdehə borc pul vermişdir. Füzuli Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(064)-94/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Məhəmməd Bağırov) iddia təmin edilmiş, Cavabdeh borclu olduğu 3000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3030 manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(064)-94/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Bununla yanaşı, iddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Füzuli Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(064)- 94/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasını səhv təfsir və tətbiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(064)-94/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan Cavabdeh aid olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1985-ci ildə Qubadlı rayonunun Qarakişilər kəndində doğulmuş və hazırda Qubadlı rayonunun Qaracallı Ərazi Dairəsi üzrə Qarakişilər kəndində qeydiyyatdadır. İddia ərizəsində iddiaçı cavabdehin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət etdiyini bildirmişdir. Bununla bağlı, həmin hərbi hissəyə məktub göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin Şirvan Apellyasiya Məhkəməsinin məktubuna cavab olaraq göndərmiş olduğu xx.xx.2022-ci il tarixli, 3686 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissədə Cavabdeh adında hərbi və mülki qulluqçu yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsində araşdırma aparılarkən də Cavabdeh Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, MPM-in 35.1-ci maddəsi baxımından ərizəni Cavabdeh rəsmi qeydə alındığı yerin məhkəməsinə verməmiş, birinci instansiya məhkəməsi isə iddianı məhkəmə icraatına qəbul etməklə və ona baxmaqla ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının hazırkı iddia tələbi üzrə müqayisəli təhlilini apararaq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadə edərək özünün pozulmuş və ya pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.9-cu maddəsinə əsasən, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-94/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsinin prosessual hüquq normaların pozulması ilə qəbul edildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)-94/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 44, 45, 263, 264, 372, 384.0.4 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-94/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş baxılması üçün aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar