Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2277/2022 22.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh tərəfindən şikayət vermişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı,14 oktyabr 2022-ci il tarixli qərardadı ilə, Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərardadının ləğv olunması barədə Cavabdeh şikayətinin təmin olunmaması, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması 22 noyabr 2022-ci il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadında apellyasiya şikayətinin geri qaytarılmasını, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyini və cavabddeh tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətini apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının səhv tətbiq və təfsir edərək, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də, şikayət təmin edilməklə, gəlinən nəticə ləğv edilməlidir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ərizəsi 27 sentyabr 2021-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Qəbzdə iddia ərizəsi üçün 30.40 dövlət rüsumu ödənilmişdir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə 15 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8 .6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi Cavabdeh qanunla müəyyən edilmiş qaydada iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində yəni 15 manat dövlət rüsumunu ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin prosessual hüquq normasının səhv təfsir və tətbiq edildiyindən gəldiyi nəticəni qanuni hesab etmir. Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, şikayət təmin edilməli, Kürdəmir rayon Məhkəməsinin 2(041)- 190/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, apellyasiya şikayəti qanunvericiliyin tələbinə uyğun verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. Kürdəmir rayon Məhkəməsinin 2(041)-190/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2277/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2277/2022
22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver