Məhkəmə qərarları › İş №2(106)-228/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-228/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-228/2023 25.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-620/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2040 manat məbləğində vurulmuş zərərin və 40,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2080,40 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Tucson” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci ilin martın 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Hyundai Tucson” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu ilə Bədəlbəyli küçələrinin kəsişməsində X2 idarə etdiyi “BMW 525” markalı, **-EV-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Sumqayıt DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqayıt DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “BMW 525” markalı, **-EV-*** dövlət nömrə nişanlı avtomobilə 2040 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3357 nömrəli ödəniş tapşırığı ilə həmin məbləği zərərçəkmiş şəxs X5 ödəmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermişdir. Laçın Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(047)-620/2022 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə bağlı mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(047)-620/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddia rədd edilmiş, ödənilmiş 40,40 manat dövlət rüsumu iddiaçının hesabına aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(047)-620/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsinə görə 20,20 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin sanksiyalarının məbləği eynidir. Əgər birinci instansiya məhkəməsinin qənaətinə görə, “Hyundai Tucson” markalı, **-DA-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi cavabdehin qardaşı X8 da Cavabdeh yanında olmuşdursa, onda nə üçün Sumqayıt DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir? Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi Sumqayıt DYPŞ tərəfindən araşdırılmış, Cavabdeh barəsində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh İXM-in 327.1-ci və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh çıxış edərək apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, onun təmin edilməməsini və Laçın Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(047)-620/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh qeyd etdi ki, qəza baş verən zaman avtomobilin mülkiyyətçisi olan qardaşı X8 onun yanında olmuş, tərtib edilmiş protokolda isə yanlışlığa yol verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AC 709540 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Tucson minik” markalı, **- DA-*** qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsinin sahibi X6r. İş materiallarında olan xx.xx.2020-ci il tarixində bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, mülkiyyətçisi X8 olan “Hyundai Tucson” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 12 ay müddətində "xxxx" ASC-də icbari sığorta edilmişdir. İş materiallarında olan Sumqayıt DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş AP ******* seriya nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Hyundai Tucson” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən Abbasov X7-Bədəlbəyli küçələrinin kəsişməsində sağa dönərkən düzgün manevr etməmiş, nəticədə sağda Bədəlbəyli küçəsi istiqamətində dayanan X5 məxsus “BMW” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol hissəsindən toqquşmuşdur. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan TP ******* seriya nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt şəhər Pİ DYP şöbəsinə xx.xx.2021-ci il tarixində verdiyi izahatdan görünür ki, o, yol-nəqliyyat hadisəsi baş verərkən idarə etdiyi **- DA-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobilin mülkiyyətçisi olan qardaşı X3 yanında olduğunu bildirmişdir. İş materiallarında olan X3 Sumqayıt şəhər Pİ DYP şöbəsinə xx.xx.2021-ci il tarixində verdiyi izahatdan görünür ki, yol-nəqliyyat hadisəsi baş verərkən qardaşı Cavabdeh **-DA-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobili idarə etdiyi zaman onun yanında olduğunu bildirmişdir. İş materiallarında olan AB 652347 seriya nömrəli, BC dərəcəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək sürücülük hüququ olmuşdur. İş materiallarında olan müstəqil sığorta eksperti Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, qəzaya uğramış X2 mülkiyyətində olan “BMW 525” markalı, **-EV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 2040 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin PXA83602 seriya nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində X5 edilməli sığorta ödənişinin məbləği 2040 manat təşkil edir. Subroqasiya hüququ Cavabdeh qarşı irəli sürülməlidir. İş materiallarında olan 31 may 2021-ci il tarixli, 3357 nömrəli ödəniş tapşırığından görünür ki, PXA83602 seriya nömrəli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən X5 2040 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Sumqayıt DYPŞ tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş AP ******* seriya nömrəli inzibati xəta haqqında protokolda Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi göstərilsə də, müvafiq araşdırma aparıldıqdan və Cavabdeh, eləcə də, X3 izahatları alındıqdan sonra müəyyən edilmişdir ki, qəza baş verərkən **-DA-*** dövlət nömrə nişanlı, “Hyundai Tucson” markalı avtomobili idarə edən Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etsə də, həmin avtomobilin mülkiyyətçisi olan qardaşı X8 onun yanında olmuşdur. Bu hal isə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini göstərir. Odur ki, Sumqayıt DYPŞ-nin TP ******* seriya nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından göründüyü kimi, Abbasov X4 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayətində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. X9 Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin sanksiyalarının məbləği eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Qərarında İXM-in 34.3-cü maddəsi baxımından qeyd etmişdir ki, həmin maddə o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrıayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, inzibati tənbeh vermə haqqında qərar işin halları araşdırıldıqdan və protokolda göstərilmiş hər iki inzibati xəta ayrı-ayrılıqda qiymətləndirildikdən, beləliklə də İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmədiyindən Cavabdeh yalnız İXM-in 327.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh verilmişdir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, qəza baş verən zaman sığortalanmış avtomobilin etibarnaməsi olmadan Cavabdeh tərəfindən idarə edilməsindən sığortalı Sərxan Abbasovun xəbəri olmuş, qəza zamanı onun özü də həmin avtomobildə olmuşdur. Qəzanın baş verdiyi vaxt isə Cavabdeh sürücülük vəsiqəsi olmuşdur. Bu isə o deməkdir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasla "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbinin rədd edilməli olması nəticəsinə gəlməklə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. İddia tələbi rədd edildiyindən birinci instansiya məhkəməsi ödənilmiş 40,40 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 20,20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(047)-620/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 20,20 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar