Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2293/2022 07.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh, onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(022)-691/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödəniməsi” tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(022)-691/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin vəkili mülki işin aidiyyət qaydalarına riayət edilməməklə birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyini bildirib, cavabdehin 22 noyabr 2021-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatda olduğunu təsdiq edən Daxili İşlər Nazirliyinin 06 dekabr 2022-ci il tarixli arayışını təqdim edərək, qətnamənin ləğv olunaraq mübahisəyə ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmədə cavabdeh Biləsuvar rayonunda deyil, ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvan 1 ünvanında faktiki olaraq yaşadığını, Biləsuvar Rayon Məhkəməsindən hər hansı bir bildiriş almadığını bildirib, vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi vəsatətin təmin olunmamasını xahiş edərək bildirdi ki, cavabdehə qarşı Biləsuvar Rayon Məhkəməsində iddia onlarda olan şəxsiyyət vəsiqəsinin surətindəki qeydiyyat unvanı üzrə verilmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, vəsatət təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, 13 may 2022-ci il tarixdə rabitə orqanına təqdim etməklə Biləsuvar Rayon Məhkəməsindəç iddia qaldırmış və cavabdehin qeydiyyat ünvanı kimi ünvan 4 olaraq əlavə edilmiş “Asan xidmət-2” tərəfindən 06 dekabr 2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh xx xxxxxx 1995-ci il təvəllüdlü Cavabdeh 22 noyabr 2021-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasn aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi qanunvericiliyə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Hazırki halda isə cavabdehin 22 noyabr 2021-ci ildən ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, iddia onun əvvəlki qeydiyyat ünvanı olan ünvan 5nə verilmişdir. Məhkəmənin aidiyyət qaydalarına riayət edilməklə işi icraatına qəbul etməsi halı müəyyən olunmur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, iddiaya cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğu halda, icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş birinci instansiya məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 365, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh vəkili X2 vəsatəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(022)-691/2022 saylı qətnaməsi ləğv edilsin və mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən olunan qaydada Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2293/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2293/2022
07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver