Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-231/2023 24.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Əİi oğlu Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, o, Cavabdeh ilə 2000-ci illərin əvvəllərində, həmin şəxsin atasının vasitəsilə tanış olmuşdur. Həmin vaxt Cavabdeh ona, Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyinin Biləsuvar rayon Damazlıq Təsəruffatından 06 iyun 2007-ci il tarixli icarə müqaviləsinə əsasən Biləsuvar rayon Arazbarı kənd ərazisində yerləşən 60 hektar örüş sahəsi qoyunçuluq təsərüffatının inkişafı üçün 18 il müddətinə icarəyə götürdüyünü, lakin maddi imkanı olmadığına görə həmin torpaq sahəsini yararlı hala sala bilmədiyini və orada əkin işlərini görə bilmədiyini bildirmişdir. Onunla Cavabdeh arasında əldə olunmuş şifahi razılığa uyğun olaraq o, 30 min manat pul müqabilində özünə məxsus 60 baş xırdabuynuzlu heyvanların həmin torpaq sahəsində saxlanması, eləcə də gələcəkdə müqavilənin müddəti başa çatdıqdan sonra müqavilənin onun adına dəyişdirilməsi və torpaq sahəsinin onun mülkiyyətinə keçrilməsi şərti ilə Cavabdeh qeyd olunan təsərüffatın idarəçiliyini 15 oktyabr 2014-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında ona vermişdir. Həmin etibamanmənin qüvvədə olma müddəti isə icarə müqaviləsinin qüvvədə olma müddətinə, yəni 2024-cü ilədək nəzərdə tutulmuşdur. Buna görə də o, 2000-ci illərin əvvəllərindən başlayaraq orada təsərrüfatın qurulması üçün torpaq sahəsinin hamarlanmasını təşkil etmiş, torpaq sahəsinə 3500 metr uzunluğunda 3x3 ölçüdə kanal çəkdirmiş, suvarma sistemlərini yaralı hala gətrilməsi üçün keçidlərə borular yerləşdirmiş, əraziyə elektrik xətti çəkmişdir. Həmçinin o, həmin ərazidə 3 otaqlı daş tikilidən ibarət yaşayış evi, hamamtualet, 2 otaqlı daşdan çoban evi, 3 ədəd hər biri 10 metr uzunluğunda və 1 ədəd 15 metr uzunluğunda tövlə inşa etmiş və qoyunların yemlənməsi üçün 1 ədəd 15 metr uzunluğunda hovuz tikdirmişdir. Bundan başqa, südlük olan inəklərin saxlanması üçün yem bazası yaratmaq məqsədi ilə 60 hektar torpaq sahəsində arpa və çoxillik əkmə olan yonca əkmiş, həmin torpaq sahəsini cavabdehin razılığı ilə yem bazası kimi “biznes planda” göstərərək, İqtisadiyyat Nazirliyinin Yanında Sahibkarlığa kömək fondunun xətti ilə 50 min manat məbləğində güzəştli kredit götrərək sözügedən təsərüffata yönəltmişdir. Qeyd olunanları 23 aprel 2021-ci il tarixli akt da təsdiq edir. Göstərilən işlər başa çatdıqdan və təsərrüfat normal fəaliyyətə başladıqdan bir müddət sonra Cavabdeh aralarında olan razılaşmadan kənarlaşaraq və özünü qeyri- səmimi apararaq ona qarşı əsassız narazılıq və iddialarla çıxış etməyə başlamışdır. Təxminən 1 il bundan əvvəl Cavabdeh onu həmin torpaq sahəsindən qovaraq, onun inşa etdiyi tikili və qurğulardan təkbaşına yararlanmağa başlamışdır. 22 iyun 2021-ci il tarixdə o, cavabdehin hərəkətlərindən şübhələnərək ona verilmiş etibarnamənin təsdiq edildiyi Bakı şəhər 48 saylı notariat kontoruna həmin etibarnamənin qüvvədə olub- olmaması ilə bağlı sorğu vermişdir. Ona verilmiş cavabda həmin etibarnaməyə 13 iyul 2020-ci il tarixdə xitam verildiyi bildirilmişdir. Bundan sonra da cavabdeh ona ziyan vurmaqla müşayət edilən hərəkətlərini davam etdirərək, ərazidə torpaq altında yerləşən asbest boruları, təsərrüfata məxsus 1200 yonca presini və 70 ədəd asbes şiferi gizli yolla talayaraq ona xeyli ziyan vurmuşdur. Bu fakt üzrə müraciəti əsasında Biləsuvar rayon polis idarəsində müvafiq araşdırılma aparılır. Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri hüquqa zidd olmaqla ona birbaşa ziyan vurmaqda ifadə olunur. Belə ki, o, həmin təsərüffatı yaradarkən və bu təsərüffatın qurularaq yaradılması üçün maddi məsrəflər çəkərkən bu təsəruffatın gələcəkdə mülkiyyət hüququ ilə ona qalacağına ümid etmişdir. Lakin cavabdehin hazırki hərəkətləri onu bu ümidlərimdən məhrum etmişdir. Göründüyü kimi, cavabdeh bu hərəkətləri ilə ona həm maddi, həm də psixoloji sarsıntılara səbəb olan mənəvi ziyan vurmuşdur. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın hazırki bazar dəyərini o, 150.000 manat, mənəvi ziyanın dəyərini isə 20.000 manat məbləğində dəyərləndirir. Buna görə də o, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənillməsi barədə Biləsuvar rayon Məhkəməsində iddia qaldırmışdır. Bununla əlaqədar İddiaçı iddiasının təmin edilməsi, vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədan xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddiaçının izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun tərəfimdən iddiaçının şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı hər hansı məlumat yayılmamışdır. Əgər iddiaçı hər hansı maddi ziyanın vurulması nəticəsində keçirilmiş əsəb gərginliyi, sarsıntı və sairə görə mənəvi ziyan tələb edirsə, o zaman ilk öncə maddi ziyanın vurulmasını sübut etməli və yalnız bundan sonra ona qarşı mənəvi ziyana dair iddia qaldırmalıdır. Lakin onun tərəfindən iddiaçıya heç bir maddi ziyan da vurulmamışdır. Belə ki, onunla iddiaçı arasında heç bir müqavilə bağlanmamış, iddiaçının hər hansı hüququ onun tərəfindən pozulmamışdır. İddiaçı icarə müqaviləsi əsasında onların istifadəsində olan torpaq sahəsində mal-qara saxlamaq üçün ondan və onun atasından razılıq verməklərini xahiş etmiş, onların razılıqları əsasında İddiaçı onlara məxsus təsərrüfatdan istifadə etməyə, yəni orada mal-qara saxlamağa başlamışdır. O heç bir vaxt İddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Onun İddiaçı notariat qaydasında təsdiq olunmuş etibarnamə verməsi isə öhdəliklərin yaranması əsası deyildir və iddiaçının bəhs etdiyi etibarnamədə torpaq sahəsinin icarəyə verilməsindən, yaxud bu məzmunda başqa öhdəliklərdən bəhs edilmir. Həmin etibarnamə yalnız avtomobil alqı-satqısı ilə bağlı işlərin nizamlanması məqsədilə iddiaçıya verilmişdir. İddiaçı özü isə onunla aralarında olan torpaq münasibətlərinin 2007-ci ildən başlandığını bildirdiyi halda etibarnamənin 2007-ci il tarixdə deyil, 2014-cü ildən verilməsinin səbəblərini izah edə bilmir. Əgər iddiaçının göstərdiyi həmin xüsusat həqiqətə uyğundursa və həmin etibarnamə torpağın idarəedilməsi ilə bağlı olubsa, o zaman iddiaçı etibarnaməyə qədərki 2007-2014-cü illər dövrlərində həmin torpağı etibarnaməsiz necə idarə etməsini də izah etməlidir. Bütün bunlar onu göstərir ki, iddiaçı baş vermiş hadisələri təhrif etməklə özünü zərəçəkmiş şəxs kimi təqdim etməkə ondan pul vəsaiti almaq təyir. İddiaçı həmçinin onun razılığı ilə ərazini yem bazası kimi göstərərək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa kömək fondundan 50.000 manat kredit götürərək, həmin vəsaiti təsərrüfata yönəltdiyini bildirir. İddiaçı həqiqətən də 50.000 manat kredit götürüb, amma o həmin pulun üzərinə pul əlavə etməklə həyat yoldaşının adına "Qalenvagen" markalı avtomobil almışdır. İddiaçının doğru və yaxud da yalan danışdığını müəyyən etmək üçün iddiaçının həmin krediti hansı tarixdə götürdüyünə, şor kanalının çəkilişinin nə vaxt aparılmasına, iddia ərizəsində göstərilən tikililərin nə vaxt tikildiyinə və bununla bağlı çəkilmiş xərclərin miqdarına, əraziyə elektrik xəttinin nə vaxt çəkildiyinə və buna sərf olunmuş vəsaitə diqqət yetirmək kifayətdir. Barəsində söhbət gedən tikililər xırda tikili və daxmalardır. Əsl həqiqətdəə həmin tikililərin qurulmasında, o və atası iddiaçı ilə bərabər iştirak etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi akt isə 2021-ci in yanvar ayında "xxxx" şirkəti həmin ərazi ilə bağlı məhkəmədə ona qarşı iddia qaldırdıqda, İddiaçı şəhid ailəsi statusundan "xxxx" şirkəti istifadə edərək, torpaq sahəsinin istifadə hüququnu özlərində saxlaya biləcəklərini deməsinə görə 23 aprel 2021- ci il tarixdə tərtib olunmuşdur. Həmin akt əvvəlcə kompyuter vasitəsi ilə çap üsulu ilə hazırlanmış, daha sonra İddiaçı aktın daha faydalı olması üçün əl yazma üsulu ilə yazılması zərurətinə görə onun öz xətti ilə yazılmış və imza edilmişdir. Həmin aktda da göstərilib ki, o, 2000-ci ildə Damazlıq Təsərrüfatından icarəyə 50 hektar torpaq sahəsi götürmüşdir və guya həmin ərazini abadlaşdırmaq və əkin üçün yararlı vəziyyətə gətirmək üçün maddi imkanı olmadığına görə İddiaçı 2014-2024-cü il dövrləri əhatə edən etibarnamə vermişdir. İddiaçı isə heyvan saxlamaq üçün yem bazası yaratmaq üçün 60 ha ərazidə arpa və yonca əkmişdir. Aktda həmçinin göstərilib ki, İddiaçı həmin torpaq sahəsini yem bazası kimi biznes planda göstərərək, 50.000 manat məbləğində kredit götürmüşdür. Daha sonra aktda göstərilib ki, İddiaçı bu günə qədər həmin 60 hektar ərazidə şor kanalı çəkdirmiş, keçidlərə borular qoydurmuş, əraziyə elektrik xətləri çəkdirmiş və tikililər tikmişdir. Daha sonra isə aktda belə bir cümlə də var ki, yuxarıda göstərilən bütün xərcləri İddiaçı atası öz şəxsi hesabına başa çatdırmışdır. Göründüyü kimi akta görə görülmüş işlər İddiaçı tərəfindən deyil, sonuncunun atası zərəfindən öz şəxsi vəsaiti hesabına başa gəlib. Yəni akta görə çəkilən xərcləri iddiaçı deyil, həmin şəxsin atası çəkmişdir. Həmçinin aktdan götürülmüş 50000 manat pulun əraziyə xərcləndiyi də görünmür. Qeyd olunan aktın sonunda ərazinin İddiaçı atasının adının göstərilməsi həmin şəxsin şəhid atası kimi "xxxx" MMC-nin iddiasından çəkindirmək məqsədilə şikayətlər göndərməsinə qanuni don geyindirmək məqsədilə həyata keçirilmişdir. Həmin ərazidə aparılmış işlər və tikilmiş tikililərdə o və atası iştirak etmişdir. İddiaçı əsassız olaraq bütün işləri öz adına çıxır. Ərazidə çəkilmiş şor kanalının inşası 2007-ci ildə aparılıb və uzun illər istifadə edildiyi üçün çoxdan öz səmərəsini itirib. İddiaçı 14 il əvvəl çəkilmiş şor kanalının əraziyə verdiyi xeyirdən faydalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən və iddia ərizəsindən görünür ki, iddiaçı ərazidə arpa və yonca bitkilərini əkib becərmişdir. Cavabdeh həmçinin bildirdi ki, "xxxx" şirkəti ona qarşı məhkəmədə iddia qaldıraraq, onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etmiş və Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" şirkətinin iddiası təmin edilmişdir. Həmin mülki işə məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi "xxxx" şirkətinin mülkiyyətindədir və onun həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi icarə müqaviləsi etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin M.Ə.Sabir adına Qoyunçuluq üzrə Damazlıq təsərrüfatının hazırda vəfat etmiş, keçmiş rəhbəri onunla 60 hektar torpaq sahəsinə dair 06 iyun 2007-ci il tarixli icarə müqaviləsi bağlasa da, həmin şəxsin qeyd edilən topraq sahəsinə dair sərəncam vermək hüququnun olmadığı məlum olmuşdur. Buna görə də məhkəmə onun mübahisəli torpaq sahəsindən qanunsuz istifadə etməsini əsas tutaraq Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən onun həmin torpaq sahəsini boşaltması qət edilmişdir. Qeyd edilən qətnamə artıq qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Buna görə də İddiaçı həmin torpaq sahəsində inşa etdiyini iddia etdiyi tikililərə görə çəkdiyi xərcin əvəzini ondan yox, "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tələb etməlidir. Cavabdeh habelə bildirdi ki, İddiaçı mübahisəli torpaq sahəsinin "xxxx" şirkətinin mülkiyyətinə verildiyi və həmin şirkətin onlardan mübahisəli torpaq sahəsini boşaltmalarını tələb etməsi barədə xəbər tutduqdan sonra onlara həmin sahənin onun təkbaşına sərəncamına verilməsini təklif etmişdir. Həmin vaxt İddiaçı mübahisəli torpaq sahəsində müxtəlif qanunsuz tikililər tikmək və kənar şəxsləri oraya köçürmək yolu ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən külli miqdarda pul vəsaiti alacağını bildirmiş və həmin şirkətdən alacağı pul vəsaitindən onlara da xeyrli pay ayıracağını vəd etmişdir. Lakin o və atası İddiaçı şantaj xarakterli əməllərindən xəbərdar olduqları üçün həmin şəxsin oyunlarına getmək istəməmiş və İddiaçı mübahisəli torpaq sahəsində öz qanunsuz planlarını həyata keçirməsinə imkan verməmişlər. İddiaçı isə onların bu addımını güya onun mübahisəli torpaq sahəsindən qovulma kimi dəyərləndirərək, məhkəmədə iddia qaldırmışdır. Hazırda isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən o, özü həmin sahədən çıxarıldığına və həmin torpaq sahəsi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətində və sahibliyində olduğuna görə onlar İddiaçı mübahisəli torpaq sahəsinə buraxa bilməzlər. Buna görə də Cavabdeh ondan hər hansı pul tələb etməsinə əsaslar yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili Vəkil1 cavabdehin izahatını müdafiə edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim R.Əliyev) İddiaçı Əİi oğlunun Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasının rədd edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu İddiaçı Əİi oğluna aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 324.1, 324.4, 389.1, 391, 362.1, 365.1.3, 1096, 1096.1, və 1097.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh X4 məhkəmə kollegiyasına İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz ünvanlayaraq etirazında, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyini və gəlinən nəticənin işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmasını qeyd etmişdir. Həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrdən ibarət olması səbəbindən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 iyun 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən 60 hektar örüş sahəsi 06 iyun 2007-ci ildən 06 iyun 2025-ci il tarixədək Cavabdeh icarəyə verilmişdir. Həmin Müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Cavabdeh icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. İşdə olan 15 oktyabr 2014-cü il tarixli, ƏN-İ seriyalı, 461949 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus mülki hüquqların həyata keçirilməsi üçün İddiaçı 15 oktyabr 2024-cü il tarixədək etibarnamə vermişdir. İş materiallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 15 oktyabr 2014-cü il tarixdə İddiaçı verilmiş ƏN-İ seriyalı, 461949 saylı etibarnamə 13 iyul 2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(022)-12/2022 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh və digərlərinə qarşı cavabdehlərin və digər hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 iyun 2016-cı il tarixdə verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa (seriya RX, 0889525) əsasən iddiaçının icarəsində olan torpaq sahəsindən çıxarılmaları, həmin sahənin cavabdehlərin hesabına tamamilə boşaldılaraq, iddiaçıya təhvil verilməsi və iddiaçı tərəfindən məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli Çıxarışa əsasən «Azərsun Holding» məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş Biləsuvar rayonu, X7 torpaqlarına aid 1681.83 hektar torpaq sahəsinin ölçüləri hazırda «Azərsun Holding» məhdud məsuliyyətli cəmiyyətinin faktiki sahibliyində olan torpaq sahəsinin ölçülərinə və mərzlərinə uyğun gəldiyi və həmin torpaq sahəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi «Biləsuvar kənd təsərrüfatı istehsalat müəssisəsi» məhdud məsuliyyətli cəmiyyətinin (keçmiş M.Ə.Sabir adına Dövlət kənd təsərrüfatı istehsal müəssisəsinin) daimi istifadəsinə verilmiş torpaq sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********23 reyestr nömrəli Çıxarışa əsasən «Azərsun Holding» məhdud məsuliyyətli cəmiyyətinə icarəyə verilmiş torpaq sahəsi ilə Cavabdeh, X1 yə X2 ayrı-ayrılıqda faktiki istifadəsində olan torpaq sahələri müvafiq olaraq şimal-qərb, cənubqərb və cənub-şərq istiqamətdə üst-üstə düşdüyü və həmin torpaq sahələrində tikililərin mövcud olduğu müəyyən edilmişdir. Buna görə də həmin qətnamə ilə Cavabdeh və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin icarəsində olan 262.1603 hektar torpaq sahəsinin “Kadastr və Yerquluşu Layihə-Tədqiqat” məhdud məsuliyyətli cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C-204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən şimal-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsi Cavabdeh hesabına tamamilə boşaldılaraq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilədə 60 hektar örüş sahəsinin 06 iyun 2007-ci ildən 06 iyun 2025-ci il tarixədək Cavabdeh icarəyə verildiyi göstərilmiş və həmin Müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Cavabdeh icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. 15 oktyabr 2014-cü il tarixli, ƏN-İ seriyalı, 461949 saylı etibarnaməyə əsasən isə Cavabdeh ona məxsus mülki hüquqların həyata keçirilməsi üçün İddiaçı 15 oktyabr 2024-cü il tarixədək etibar etmiş və həmin etibarnamə 13 iyul 2020-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh isə ona icarəyə verdildiyini bildirdiyi torpaq sahəsinə dair hər hansı mülki hüquqi müqavilələr bağlamaq səlahiyyəti olmamış və tərəflər arasında qeyd olunan xüsusatla bağlı hər hansı müqavilə bağlanmamışdır. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli ərazi əslində mülkiyyət hüququ əsasında "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsində Cavabdeh və qeyriləri tərəfindən qanunsuz inşa edilmiş tikililərin məhz Cavabdeh vəsaiti hesabına sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcüddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.4-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinə görə tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin ləğv əsaslarından biridir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi tərəflərin hüquq öhdəlikləri bir qayda olaraq tərəflər arasında bağlanmış mülki hüquqi müqavilələrdən yaranır. Hazırki halda iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunmaqla, verilmiş etibarnaməyə istinad etsə də, etibarnamə hər hansı öhdəliklərin yaranma əsası deyildir. Digər tərəfdən isə şəxsin hər hansı daşınmaz əmlakı digər şəxsin mülkiyyətinə, icarəsinə, yaxud istifadəsinə verməsi üçün qeyd olunan əmlak üzərində yalnız istifadə hüququnun olması kifayət deyil. Bunun üçün əmlak üzərində mülkiyyət hüququnun olması və belə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, yaxud ilkin icarə müqaviləsində subicarənin nəzərdə tutulması zəruridir. Cavabdeh isə yuxarıda da qeyd olunduğu kimi belə hüquqa malik olmamışdır. M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə Cavabdeh arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi kimi götürüldüyü qəbul edilsə belə, həmin müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Cavabdeh icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. Həmin halları isə iddiaçı əvvəlcədən bilmişdir. Buna görə də iddiaçının məhz ona verilmiş etibarnamə əsasında təsərrüfatın onun mülkiyyətinə keçməsi qənaətinə gəlməsi və həmin təsərrüfata 150.000 manat məbləğində xərc çəkməsi inandırıcı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, İddiaçı Cavabdehla aralarında mülki hüquq münasibətlərinin yaranma əsası qismində hər hansı müqavilənin bağlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməməklə yanaşı, Cavabdeh ona maddi zərərin vurulmasına dair təqsirli hərəkətlərinin mövcudluğunu və belə hərəkətlər nəticəsində həqiqətən də ona maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş olsaydı belə, həmin işlərin aparılmasına dair subyektiv hüquqa malik olmamışdır. Belə ki, Biləsuvar rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(022)-12/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh nəinki mübahisəli torpaq sahəsinə heç bir hüquqları yoxdur, Cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə onun həmin torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş tikililərin məhz Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir. Hətta İddiaçı özünün iddia ərizəsinin əsası qismində məhkəməyə təqdim etdiyi 23 aprel 2021-ci il tarixli aktlarda da formal əsasla olsa belə, torpaq sahəsinin alqı-satqısından və buna görə hər hansı ödənişin edilməsindən deyil, onun etibarnamə əsasında verilməsindən bəhs edilmişdir. Bundan başqa o, da qeyd edilməlir ki, həmin aktda göstərilən xərclərin iddiaçının atası Əli Hüseynovun öz şəxsi vəsaiti hesabına başa çatdırıldığı qeyd olunmuşdur. Bu isə ona dəlalət edir ki, iddia tələbi sübut olunduğu halda belə iddiaçının iddia tələbi təmin oluna bilməz, çünki iddia edilən 60 hektar torpaq sahəsində aparılmış tikintiyə sərf olunan pul vəsaitini tələb etmək səlahiyyətinin ona verildiyini, yəni həmin pulu subyektiv olaraq tələb etmək hüququnun olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İlk əvvəl iddiaçının subyektiv hüququ sübut olunmadığı üçün iddia tələbi cavabdehə münasibətdə təmin edilə bilməz. İddiaçının istəyinə uyğun olaraq bu subyektiv hüquq əldə edildikdən sonra və ya Əli hüseynovun özü tərəfindən birbaşa müraciət edilməklə ayrıca mülki icraat qaydasında mübahisəli torpaq sahəsində aparılmış tikiliyə (tikililərə və qurğulara çəkilmiş xərclərin) sərf olunmuş pul vəsaitinin geri qaytarılması ilə bağlı mübahisəyə baxılarkən işin bu halları araşdırıla bilər. Hazırki icraatda iddiaçının subyektiv hüququ olmaması əsası ilə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiya həmçinin iddiaçı tərəfindən məhkəməyə ünvanlamış vəsatətlə bağlı qeyd edir ki, vəsatətə əlavə edilmiş “Biləsuvar rayonu, Arazbari kənd ərazisində 60,0 ha torpaq sahəsi üzərində aparılmış tikinti və abadlaşdırma xərclərinin bazar dəyəri haqqında” qiymətləndirmə hesabatı ilə bağlı qeyd olunmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi iddiaçının birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. İddiaçının apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Bundan başqa, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını, bu zərərin nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İş materiallarında cavabdehin hər hansı qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi barədə hər hansı mötəbər sübut yoxdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirmiş, iddiaçının iddia tələbinin təmin olunmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmaqla, Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas hesab oluna bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)44/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-231/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-231/2023
24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver