Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2313/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, onun vəkili Quliyev Vəkil Yelmar oğlunun və Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 dekabr 2022-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh xx.xx.1969-cu ildə anadan olmuş Cavabdeh 5300 манат borc pulun və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Beyləqan rayonu qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cavbdeh, qohumu, yəni dayısıoğlu olan Cavabdeh ondan pul istəmişdiri və o da tanıdığı insan kimi vermək fikrinə düşmüşdür. O cavabdehlə münasibətdə olduqda ondan borc adı altında söhbətləri olmuşdur. Eyvaza vacib pul lazım olduğuna görə 6300 manat pul vermişdir. Pulu verənkən ailə üzvləri onların yanında Vaxt tamam olanda pulunu ondan istədikdə o, ona yalan vədlər vermiş və aldatmışdır. Uzun müddətdir ki, cavabdeh onun pulunu özlərində saxlayaraq qazanc əldə edir və onu qazancdan məhrum edir. O, kənddə yaşayır və heyvanları saxlamaqla, xırda sahibkarlıqla məşğul olaraq qazanc əldə edəcəkdir. Cavabdeh borclu olduğu pulu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Məcburiyyət qarşısında qalıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh 5300 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, o İddiaçı pul almış, lakin aldığı pulları Cəmil Zeynalova vermişdir. Aralarında heç bir müqavilə olmamış, şifahi razılıq əsasında pul almışdır. İddiaçı olan borc pulunu hissə-hissə vermiş, onun iddiaçıya borcu qalmamışdır. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı və Cavabdeh hər ikisi onların qohumudur. O, Cavabdeh pul almış lakin həmin pulu hərbiçi yoldaşları ilə birlikdə hissə-hissə Cavabdeh qaytarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə (Hakim S.Seyfullayev) iddianın təmin edilməsi, Cavabdeh borca görə 5300 (beş min üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 73(yetmiş üç) manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1 739.1 və 740.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının vəkili Quliyev Vəkil Yelmar oğlu apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin; 106.1ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin əsaslı olması nəticəsinə gəlməsini cavabdehin iddianı qismən etiraf etməsi və şahid ifadəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında borc münasibətləri olduğundan apelyasiya baxışının predmeti olan borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən cavabdehin iddiaçıya borcu olması və borcun qaytarılmaması olmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 739.1, 740, 442, 443-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında hansı məbləğdə borcun olması və cavabdehin iddia tələbinə qarşı etirazlarının əsaslı olubolmaması araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh onun qohumudur. O, mart 2020-ci ildə ondan pul istəmiş və o da tanıdığı insan kimi vermək fikrinə düşmüş və ona 6300 manat pul vermişdir. Cavabdeh borc aldığı puldan 1000 manatını qaytarsada qalan 5300 manatı qaytarmamış o, da məcburiyyət qarşısında qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh 5300 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, o, həqiqətən iddiaçı ilə qohumluq münasibətindədir və onların arasında borc münasibəti olmuş və aldığı borcu qaytarmış, iddiaçıya hər hansı borcu qalmamışdır. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında aldığı borcun hansı məbləğdə olması və iddiaçıya hansı məbləğdə pulun qaytarılması qeyri müəyyən olduğundan apellyasiya icraatı zamanı buna aydınlıq gətirilmiş, cavabdeh göstərmişdir ki, o, birinci instansiya məhkəməsində 600 manat borc alması və aldığı borcun üç aya müddətində aralarında razılaşdığı kimi 726 manat pul qaytarmasını bildirmiş, lakin onun izahatı qətnamədə tam qeyd olunmamışdır. Odur ki, hazırda da bəyan edir ki, cavabdehdən heç vaxt 6300 manat borc almamış, tələb olunan borcun ona aidiyyəti yoxdur, iddiaçı həmin pulu bildiyinə görə ayrı-ayrı şəxslərə vermişdir. Hazırda həmin pulun ondan tələb etməsinin əsasını guya borc pulu verdiyi şəxsləri onun vasitəsi ilə tanıması səbəbindən vermiş, onlar aldığı pulu qaytarmadığından ona qarşı qərəzli olaraq hazırkı iddianı qaldırmışdır. O, iddiaçıdan razılaşdığı kimi 600 manat borc almış və üç ay müddətinə aldığı pulun müqabilində iddiaçıya 726 manat pul qaytarmasına söz vermişdir. Aralarında razılaşdırılmış müddətdə iddiaçıya 726 manat borcu qaytarmışdır. Hazırda iddiaçıya borcu qalmamışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, İddiaçı və cavaddeh Cavabdeh hər ikisi onların qohumudur. O, Cavabdeh pul almış lakin həmin pulu hərbiçi yoldaşları ilə birlikdə hissə-hissə Cavabdeh qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verənə) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında borc münasibətinin olması, yəni cavabdehin iddiaçıdan qaytarmaq şərti ilə pul alması işin mübahisəsiz halıdır. Mübahisəli hal yalnız borc alınan məbləğ və həmin borca görə qaytarılan vəsaitdir. İddiaçı tələbinin əsası kimi sübut olaraq borc verərkən ailə üzvlərinin yanında verdiyini istinad edir. Cavabdeh isə ondan yalnız 600 manat borc alması və həmin borcu da razılaşdıqları vaxtda qaytardığını iddia edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutlarla bağlı yuxarıda göstərilən prosessual hüquq normalarına görə hazırkı iş üzrə iddiaçı tələb etdiyi pul vəsaitini həqiqətən də cavabdehə borc verməsi barədə təkzibedilməz, mötəbər, aydın, güclü sübutlar təqdim etdiyi halda, məhkəmə onun bu barədə iddiasını təmin edə bilərdi. Lakin işdən görünür ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi borc pulu verərkən yalnız onun ailə üzvlərinin orada olduğunu qeyd etsədə cavabdehə 5300 verməsi sübut edilmir. Yalnız 2018-ci ildə cavabdehin etiraf etdiyi borc məbləği 600 manat təşkil etdiyindən tərəflər arasında göstərilən məbləğdə, yəni 600 manat borc münasibəti olmuşdur. Mülki Məcəllənin 740.2-cı maddəsinə 2016-cı ilin 31 may tarixdə edilmiş dəyişikliyə görə 3000 manatdan yuxarı borc müqavilələri yazılı formada bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasındakı münasibətlər qanunvericiliyə dəyişiklik edildikdən sonrakı dövrə yəni mart 2018-ci il tarixə düşdüyündən iddiaçının aralarında olan borc münasibətinə istinad edib cavabdehdən pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbləğdə borc münasibətinin mövcud olmasını yazılı formada borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bu xüsusatı da nəzərə almamış, nəticədə maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair» 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir (Mülki Məcəllənin 417.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında, həmçinin göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Göründüyü kimi qanunvericilik hər hansı əqdin müqavilə sayılması üçün onun tərəflərinin bu barədə iradə ifadəsinin olmasını və tərəflərin onu imzalamasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Qeyd olunan normadan görünür ki, cavabdeh iddiaçıdan 6300 manat deyil 600 manat borc aldığını və 726 manat qaytarmalı olduğunu etiraf edir. Belə olan halda cddiaçı cavabdehə 6300 manat pulun borc verilməsini sübut etməlidir. Lakin iddiaçı nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı bu halı sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini tam həcmdə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəli 5300 manat pulun cavabdehə verilməsi barədə yazılı müqavilə olmadığından və iddiaçının tələb olunan pulu verməsi təsdiqin tapmadığından, cavabdehin isə iddiaçıdan yalnız 600 manat (işdə cavabdehin iddiaçıdan 600 manat borc alması barədə yazılı etiraf ərizəsi mövcuddur) borc almasını və bunun müqabilində iddiaçıya 726 manat qaytarmalı olduğunu etiraf etdiyindən, həmçinin borc aldığı pulun qaytarılması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən, iddia tələbi məhz iddianın etiraf edildiyi həddə yəni 726 manatın qaytarılması hissəsində əsaslı hesab oluna və təmin oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 726 (yeddi yüz iyirmi altı ) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 756 (yeddi yüz əlli altı) manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında 5300 manat borcun ondan tutulması hissəsində mübahisələndirmiş və onun apellyasiya şikayəti təmin olunmuşdur. Təmin olunan hissə 726 manat təşkil etmiş, təmin olunmayan hissə isə 4574 manat təşkil etmişdir. Belə olan halda cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti təmin olunan hissədə 726 manat, təmin olunmayan hissədə isə 4574 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. İddia qiymətləndirilən iddia olduğundan və qətnamənin mübahisəndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğundan cavabdeh və iddiaçı qətnamənin borc müqaviləsi üzrə təmin olunan və təmin olunmayan hissəsindən kassasiya şikayəti verə bilməzlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)704/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 726 (yeddi yüz iyirmi altı ) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 756 (yeddi yüz əlli altı) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2313/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2313/2022
15.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver