Məhkəmə qərarları › İş №2(106)-233/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-233/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-233/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X7, iddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı uşağın ölkədən xaricə getməsinə icazə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cavabdeh ilə İddiaçı 12 iyun 2017-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir uşaq- 30 may 2018-ci il təvəllüdlü X13 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və azyaşlı X13 anasının yanında saxlanılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh övladı- 30 may 2018-ci il təvəllüdlü X13 ilə ay ərzində 8 gün (hər həftənin cümə və bazar günü olmaqla), uşağın ad gününün ikinci günü, Qadınlar günü, Yeni il bayramı, Novruz bayramı, Ramazan bayramı və Qurban bayramı, hər birində bir gün olmaqla bayramların ilk günü səhər saat 10:00- dan axşam saat 20:00- dək (birinci bir ay ərzində ananın– X9 iştirakı ilə, daha sonra şəxsi görüş formasında) görüş vaxtı müəyyən edilmişdir. Hazırki tələbində İddiaçı 30 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdehlə nikahları pozulduqdan sonra o, yenidən qızlıq soyadını, yəni “Məmmədova” soyadını qəbul etmişdir. Övladının dünyagörüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq üçün Cavabdeh razılığını almaq istəmiş, lakin sonuncu ona yazılı razılıq verməmişdir. Bu səbəbdən azyaşlı uşağı X1 surətdə Azərbaycan Respublikasından kənara apara bilmir. Belə ki, qızı azyaşlı olduğu üçün onun Azərbaycan Respublikası ərazisindən kənara aparılmasına cavabdehin yazılı razılığı tələb olunur. Hazırda cavabdeh buna müxtəlif bəhanələrlə razılıq verməkdən yayınır. Bu da övladının xaricə aparılmasını qeyri-mümkün edir. X22 azyaşlı olduğu üçün onu kiminsə yanında qoyub gedə bilmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, iddiaçı ona olan inamından sui-istifadə edərək, uşağın onunla ölkə xaricinə çıxarılmasına icazəsinə dair üç aylıq müddətə verdiyi etibarnamə əsasında uşağı 2020-ci ilin mart ayında Rusiyaya, Moskva şəhərinə valideynlərinin yanına aparmış və orada 2 yaşlı körpəni onun razılığı olmadan bağçaya qoymuşdur. Artıq etibarnamə müddətinin bitməsinə baxmayaraq o, uşağını görmədiyindən, ondan telefon vasitəsi ilə tələb etmişdir ki, uşağı gətirsin. Uzun müddət təkidlərindən sonra, hətta ona qarşı boşanma iddiası qaldıracağı hədəsindən sonra, o, altı aydan sonra, yəni 2020-ci ilin oktyabr ayında, uşağı valideynlərinin yanında qoyaraq, Türkiyə ərazisindən keçməklə Azərbaycana gəlmişdir. Uşağı niyə uzun müddətə apardığını və özü ilə niyə gətirmədiyi suallarına da müxtəlif bəhanələr demiş, eləcə də etibarnamənin vaxtının bitdiyini əsas gətirmişdir. Ondan uşağı təcili gətirməsi tələbinin təsiri altında o, Rusiyaya qayıtmış və yenə də bir müddət orada qaldıqdan sonra, nəhayət 2021-ci ilin fevral ayında ona göndərdiyi etibarnamə ilə uşaqla birlikdə Azərbaycana gəlmişdir. İddiaçının valideynlərinin Rusiya vətəndaşları olaraq orada yaşamaları və iddiaçının özünün də Rusiyaya meyilli olması (onun daimi yaşamaq məqsədi ilə Moskvaya valideynlərinin yanına köçmək və vətəndaşlıq almaq niyyəti) səbəbindən, iddiaçının uşağı icazə olmadan, üstəlik ona məlumat belə verilmədən ölkə xaricinə çıxarılması tələbi, onun uşaq üzərində valideynlik hüquqlarının pozulması baxımından təmin oluna bilməz. Əvvəla, ona məlumat verilmədən övladının hara, kiminlə, nə məqsədlə, hansı müddətə aparılması aşkar onun uşaq üzərindəki valideylik hüquqlarının kobud surətdə pozulması ilə nəticələnə bilər. Bundan başqa, iddianın təmin olunması yuxarıda qeyd etdiyi ki, uşağın anasının valideynlərinin Rusiya vətəndaşları olması, eləcə də iddiaçının özünün Azərbaycanda yaşamaq istəməməsi, Azərbaycanla bağlılığının olmaması (iş yerinin və sair olmaması), onun uşağı özü ilə birdəfəlik Azərbaycandan aparılmasına şəraitin yaradılması deməkdir. İddiaçının mövcud iddiada məqsədi uşağın yaddaşında onun atası olduğunu uşağa unutdurması və aralarında bərpa etdiyi isti münasibəti və uşağın ona olan bağlılığın uşağın yaddaşından silinməsinə nail olmaqdır. Hazırda Rusiya Federasiyasının ərazisində müharibənin getməsi ilə əlaqədar uşağının təhlükəli yerlərə aparılmasına qəti razı deyil. Lənkəran Rayon Məhkəməsinin (hakim N.Ağabəyov) 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə birgə nikahdan doğulmuş 30 may 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə (uşağın atası Cavabdeh məlumat göndərilməklə və məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və hansı məqsədlə aparılması qeyd edilməklə, eyni zamanda səfərdən öncə, səfər edilən ölkə və səfərin tarixləri barədə icraatında uşaqla ünsiyyətə dair icra sənədi olan icra məmuruna məlumat verməklə) Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə (daimi olmamaq şərtilə) icazə verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(106)-640/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə Cavabdeh kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3400/2023 saylı qərarı ilə cavabdehin kassasia şikayəti təmin edillmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(106)-640/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yeni baxışa göndərilmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə sübutlar (iddiaçının ata ilə uşağın görüşünü süni olaraq ertələməsi, atanın iddiaçıya hələ evli olarkən verdiyi icazədən iddiaçının sui-istifadə edərək Moskva şəhərindən uşağı könüllü geri qaytarmaması) təqdim olunsa da, məhkəmə bu halları aydınlaşdırmamış və bunlara hüquqi qiymət verməmişdir. Halbuki, İddiaçı mövcud qətnaməyə söykənərək uşaqla birgə gizlin öz valideynlərinin yanına Moskva şəhərinə daimi yaşamağa köçmək fikri təqdim olunmuş sübutlardan aydın şəkildə görünürdü. Cavabdehin etirazına görə, xx.xx.2023-cü il tarixdə İddiaçı ”tik-tok” sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq müəyyən məlumatları bildirmişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasında ailəsinin yaşadığını və onların yanına daimi yaşamağa köçəcəyini, Azərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir. Şikayətə görə, iddiaçı məhkəmədə uşağın inkişafı və dünya görüşünün artırılması məqsədi ilə alınmasını bildirsə də, əslində əvvəldən məqsədi valideynlərinin yanına, yəni Rusiya Federasiyasına köçməkdir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsində sübut olaraq, iddiaçının səs yazısını (“flash kart”ı) təqdim edəcəyini bildirmiş, lakin məhkəmə onun sübutunu araşdırmamışdır. Ona görə də bu sübutun araşdırılması zəruridir. Təqdim edilən “flash kart”dakı səs yazısında iddiaçı uşağı daimi olaraq apardığını, hətta Moskva şəhərində işinin hazır olduğunu, valideynlərinin orada yaşadığını bildirir. Həmin “flash kart” təqdim edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutları qiymətləndirməmişdir. Bundan başqa, cavabdehin bildirdiyinə görə, onun uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var, uşağın daimi əsaslarla ölkə hüdudlarından kənara çıxarılması digər məhkəmə qətnaməsini əhəmiyyətsiz edir. Cavabdeh izahatında onu da qeyd etmişdir ki, səs yazısında montaj əlaməti yoxdur. Qarşı tərəf özü deyib ki, uşağı Rusiya Federasiyasına aparacaqdır. Əgər qarşı tərəf uşağı ölkədən çıxararsa aparsa o uşağını görə bilməyəcəkdir. Uşaq ondan uzaqlaşacaqdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə İ hissədə (səs iddiaçının səsidir) razıdır, amma İİ hissədə (montaj əlamətləri müəyyən edilir) razı deyil. İş üzrə yeni ekspertiza təyin edilməlidir. İddiaçının məqsədi Rusiyaya daimi köçməkdir. İddiaçının Azərbaycanda daimi yaşamaq və işləmək niyyəti yoxdur, onun təqdim etdiyi arayış isə məhkəmə mübahisəsindən sonra əldə edilmişdir, səs yazısı ortaya çıxandan sonra işə girib. Əvvəllər işləməyib. İşdən çıxmaq çətin deyil. Cavabdehin nümayəndəsi onu da qeyd etmişdir ki, hazırda uşaq atasına çox bağlıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının daimi olaraq Rusiyaya köçmək və orada yaşamaq niyyəti yoxdur. İddiaçı özünün və valideynlərinin Bakıda daimi yaşayış yeri, iddiaçının özünün iş yeri vardır. Moskvada iddiaçının valideynlərinin iş yeri, yaşayış ünvanı bəllidir. Müəyyən vaxtlarda müvəqqəti olaraq uşağın Azərbaycanın hüdudlarından çıxarılaraq Rusiyaya, öz baba və nənəsinin yanına aparılması uşağın mənafeyinə uyğundur. Moskva şəhəri cavabdeh tərəfin bildirdiyi kimi, təhlükəli deyil. Orada çoxlu azərbaycanlılar yaşayır və işləyirlər. Ona görə uşağın ölkə hüdudlarından çıxarılmasına qadağan qoymaq düzgün deyil. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin rəsmi nikahından 1 uşaq- 30 may 2018-ci il təvəllüdlü X13 doğulmuşdur. İddiaçı hazırda azyaşlı uşağın atanın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsini xahiş etmişdir. İddiaçının tələbi aşağıdakılara əsasən keçərlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci madddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasma şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial- hüquqi və digər tədbirlər görməyə, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Uşağı ilə birgə yaşayan iddiaçı azyaşlı uşağının ölkə hüdudlarından kənara çıxarılmasına icazə verilməsini istəyir. Bu, onun hüququdur. Bu, müxtəlif məqsədlərdən irəli gələ bilər: gəzmək, istirahət etmək, müayinə olunmaq, müalicə olunmaq, təhsil almaq və s. Belə hüquqlara uşaqlar da malikdirlər. İşin hallarından görünür ki, cavabdeh uşağın ananın müşayiəti ilə ölkədən çıxarılmasına razı deyil. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququ yalnız Qanunda nəzərdə tutulmuş hallarda müvəqqəti məhdudlaşdırıla bilər: Bunlar- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək və i.a. (Maddə 9.3) Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən həmin Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Qanunun 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndində göstərilir ki: 7.17. Uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. 7.18. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19. Bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. 7.20. Qeyd edilməlidir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz. 7.21. Məhkəmə bu halda yuxarıda qeyd edilənlərdən fərqli olaraq, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. 7.22. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə göstərişləri ondan ibarət olmuşdur ki: -cavabdehə apelyasiya şikayətində istinad etdiyi sübutları məhkəməyə təqdim etməyə şərait yaradılmalıdır; -valideynin birinin razılığı olmadan uşaqların müxtəlif məqsədlərlə xarici ölkələrə getməsinə icazə veriməsi, eləcə də daimi yaşamaq məqsədilə ölkədən getməsinə icazə verilməsi halında, həm iddianın uşaqların üstün mənafelərinə uyğunluğunun yoxlanılması, həm də sübutetmə yükünün bölüşdürülməsi baxımından qiymət verilməlidir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. İddiaçı tələbində övladının dünyagörüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq istədiyini bildirmişdir. Belə ki, Moskvada onun valideynləri yaşayır və işləyirlər. İddiaçı tərəf göstərmişdir ki, onun daimi olaraq Rusiyaya köçmək və orada yaşamaq niyyəti yoxdur. Onun özünün və valideynlərinin Bakıda daimi yaşayış yeri, özünün iş yeri vardır. Moskvada iddiaçının valideynlərinin iş yeri, yaşayış ünvanı bəllidir. Müəyyən vaxtlarda müvəqqəti olaraq uşağın Azərbaycanın hüdudlarından çıxarılaraq Rusiyaya, öz baba və nənəsinin yanına aparılması uşağın mənafeyinə uyğundur. Cavabdeh etirazında iddiaçının uşağı xarici ölkəyə aparmasının düzgün olmamasını onunla izah etmişdir ki, iddiaçı daimi olaraq uşağı ölkə xaricinə aparmaq istəyir. Cavabdeh etirazının əsaslandırmaq üçün iddiaçının səsi yazılmış yaddaş kartını təqdim etmişdir və göstərmişdir ki, 01 fevral 2023-cü il tarixdə iddiaçı ”tik-tok” sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq Rusiya Federasiyasında ailəsinin yaşaması və onların yanına daimi yaşamağa köçəcəyini, Azərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir. Cavabdehin bildirdiyinə görə, iddiaçı uşağın inkişafı və dünya görüşünün artırılması məqsədi ilə alınmasını bildirsə də, əslində əvvəldən məqsədi valideynlərinin yanına, yəni Rusiya Federasiyasına köçməkdir. Belə ki, cavabdehin etirazına görə, xx.xx.2023-cü il tarixdə İddiaçı ”tik-tok” sosial şəbəkədə özünə məxsus hesabdan canlı yayım açaraq müəyyən məlumatları bildirmişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasında ailəsinin yaşadığını və onların yanına daimi yaşamağa köçəcəyini, Azərbaycanda çox darıxdığını və Rusiyada ailəsi ilə birgə yaşamaq istədiyini, Rusiyada hazır işinin olmasını, Azərbaycanda ona iş təklif olunsa da, imtina etməsini, yəni Azərbaycan Respublikası ilə bağlığının olmadığı və gələcək həyatını uşaqla birgə burada görmədiyini və buradan köçənə qədər bu məlumatları gizli saxlamasını açıq şəkildə bildirmişdir. İddiaçı təqdim edilən səs yazısında onun daimi yaşamaq üçün Moskvaya getdiyini demədiyini, səs yazısının montaj edildiyini, iddiaçı isə səs yazısındakı səsin iddiaçıya məxsus olduğunu bildirmişdir. Cavabdehin təqdim etdiyi yaddaş kartlarında (flesh-kartlarda) olan və “Tik-Tok” sosial şəbəkələrdə danışıqları əks etdirən səs yazılarının İddiaçı məxsus olub-olmamasını, təqdim olunan səs yazılarında montaj əlamətlərinin olub-olmamasını, olduğu təqdirdə səsin özünün və yaxud hansısa konkret hissəsinin montaj olunub-olunmaması barədə məlumat verilməsi üçün məhkəmə fonoskopik ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş, 19 mart 2024-cü il tarixli məhkəmə fonoskopik ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kingston” markalı fləş yaddaş kartında olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Təqdim edilmiş səs yazısının mətnininə görə X18 ilə rəfiqəsi arasında təxminən aşağıdakı danışıqlar getmişdir: .... Q2 - Get də, nə var e burda. Q1 - Az, gedəcəm də. Bilirsən, nə əziyyətlə gedirəm? Q2 - Niyə? Mənə bax! Atası verir davernus uşağa? Q1 -1 ildir davernus gözdüyürəm e, 1 ildir. Q2 - Maya, məhkəmə ilə almaq olur da. Q1 - 1 ildir də, 1 ildir məhkəməynən almışam. 1 il bundan qabaq. Q2 - Niyə eiə 1 ilə çəkdi ki? Neynədi? Q1 - İcazə vermirdi. Q2 - Hə, sənə bilirsən nəyə görə, sənə verməz də. Çünki əsaslı səbəbin yoxdur. Q1 - Necə? Ailəm orda yaşayır, mən ailəmlə yaşamaq istəyirəm. Q2 - Bilirəm də, ürəyim. Uşaq ortaqdı axı. Tək sənin uşağın deyil. Q1 - Bilirəm. Diyir başqa ölkəyə get amma Moskvaya getmə, Moskva dağılacaq. Q2 - Kim deyir onu? Atası deyir? Q1 - Əşi özü də bilmir nə deyir. Nəysə. Q2 - Atası deyir? Q1 - Az, özü də bilmir nə deyir. Q2 - Hmm. Amma özü vermədi hə? Məhkəmə yolu ilə aldın? Q1 - Hə. Özü vermədi. Q2 - Heç dəxli var? Ailəm orda yaşayır. Mən burda uşağımla qalmışam. Q1 - Qalmışam burda tək. Darıxıram bütün gün. Q2 - Hə də. Ay sağol! Q1 - Orda ayrı da yaşasam, bilərəm, qonşuda yaşayaram. Belə bir yerdə də yaşasam bilərəm bir yerdə. Q2 - Hə də, deyə bilərsən işləmirəm, dolana bilmirəm. Mənim uşağıma kim baxmalıdır? Q1 - Söhbət ondan gedir ki, orda mənim işim də var. Burda yoxdur. Q2 - Az, burda iş kimə var ki, sən qalmısan? Q1 - Əslində işə girmişdim, sonra işləmədim. Çünki gedirəm, dedim işləmiyim. Oturdum evdə. Q2 - Amma sağolsunki veriblər də,vallah. Q1 - Məhkəmə verdi də. Bilirsən? Ahu! Q2 - Pulun çox çıxdı? Q1 - Uşaqsan? Q2 - Ay sağol! Bir dənə tanış qız var idi. Mən də hələ almamışam. Bir dənə tanış qız var idi. Mən necə? Bax! Pandemiyadan qabaq mən almışdım. Amma necə aldım da. Mən elə bil. Mənə davernus verdi. Mən guya ki, xəstəxanaya, həkimə aparmaq adı ilə Türkiyəyə getmişdik biz. İstirahətə getmişdik, pandemiyadan qabaq. Q1 - Nə əcəb həkim adı ilə verib? Q2 - Sənə də həkim adı ilə? Q1 - Yox, mənə yox e.Deyirəm nə əcəb həkim adı ilə verib? Q2 - Qulaq as da! Deyim də sənə. Bizdə qohum-əqraba falan hamı düşdü üstünə. Nə bilim e, yəni başa saldılar ki, dedilər ki, yəni gəzməyə getmir də guya da yəni uşağı həkimə göstərmək lazımdı. Hə, sonra icazə verdi, yox vermirdi. Dedi iki dünya bir ola icazə vermərəm. Dedim ki, məhkəmə ilə onsuzda alacam. Ay daaa! Mərdimazarı axtarmaqla deyil ki! Gəldi. Hə, sonra dava-qırğınla, dava-qırğın deyəndəki belə də yəni başa saldılar, elədilər, icazə verdi. Ondan sonra bir dəfə də istədik,vermədi. Q1 - Hə, 3 aylıq zadlıq verib, az verib? Q2 - Hə, az vermişdir. Q1 - Mənə də verib e ondan çox verib. Moskvaya Q2 - Yeganə insanam bir günə bir “ka” edirəm. TARİXİ: “19” mart 2024-cü il Q1 - Ay daa düzdü e. Ondan sonra vermir də? Q2 - Yox. Amma almalıyam bu yaxınlarda. Q1 - Hara getməlisən? Q2 - Yox. Mən getməli deyiləm. Mən getmiyəcəm harasa. Q1 - Uşağı göndərmək İstiyirsən? *** (06:34) Q2 - Hə. Göndərmək istəyirəm. Görək necə almalıyam? Necə alacam? Məhkəməynən. Bilirsən də yəni burdakı vəziyyəti. Hə, bir dənə qız var, onu deyirəm. K1 - Salam, axşamınız xeyir. Məhkəmə dediz gəldim. Q2 - Salam, Orxan. Necəsən? K1 - Maraqlı gəldi e. Nə söhbətdi? Məhkəmə, vəkil zad. Q1 - Boşanmışlar klubudu bura. Sənlik deyil. K1 - Aliment alırsız? Q1 - Eşitmədim. K1 - Aliment alırsız? Q1 - Əşi, mən almıram. K1 - Məzələnirsən? Niyə almırsan ki? Q1 - İstəmirəm mən. Q2 - Hə. Qız var İdi, o qızın da. Amma o, dalaşmışdı. Q1 - Hara getdi? Küsdü bu? Q2 - Niyə getdi? Orxan, niyə düşdün? Q1 - İmkan vermir ki, salam salam. Orxan onu deyirdim ki, xaricə çıxmağımız problemdi. Onun söhbətidi. Q2 - Hə, o qız. Zəng gəlir, bir dəqiqə. Yaxşı, yaxşı. O qız nə etdi. O qız uşağını idmana yazdırdı amma sənin uşağın balacadı da. Q1 - Niyə? 5 yaşdan da idman var. Ə çıx çölə! Q2 - O qız uşağını yazdırdı idmana. 6 ay getdi idmana. Sonra müəllimdən arayış aldı ki, guya uşağı Türkiyəyə yarışa göndərir. Başa düşürsən? Q1 - Ay sağol! Hə. Q2 - Yarışa göndərir. O, mənə düzü. Q1 - Təklif elədi. Q2 - Hə mənə dedi ki, eliyə bilərsən. İdmana yazdırırsan, 6 ay,7 ay da. Burdan səsimizi şey eliyib, paylaşarlar. Biabır olarıq. Q1 - Nə danışırıq ki? Kim tapa bilər səni? Q2 - Hə sonra şeydi. Dedi ki, 6 ay yazdırdı uşağını idmana. Ahu ayıb olsun aranı qatdın. Dostunun həyatında dəyişiklikləri puç etdin. Q1 - Sən atmısan da. Götürüb bilirsən nə edib? O skrini atıb Zaminin instaqramma. Q2 - Yalan demə! Hansı? Q1 - Originalını taparam. Qoy baxım originalı var məndə. Q2 - Skrin eləmişdin sən? Az, gərək skrin eliyərdin. Q1 - Yox eləməmişəm. Originalı yoxdu məndə. Onda olar originalı.Onu sürüyərəm indi. Q2 - Hə, Maya. O qız nə etdi? O qız 6 ay yazdırdı. Arayış aldı idmandan ki, bu uşaq guya yaxşı nəticələri var. Bu uşaq getməlidi Türkiyə şeyə, yarışa. Yarışa getməlidi, buna görədə xarici pasport lazımdı. Getdi verdi məhkəməyə. Yoldaşı ilə dava ilə ayrılmışdı. Qırğınla, biabırçı şəkildə ayrılmışdırlar. Original məndə var. 10K-ya əslini atıram. Lazım deyil. Q1 - Zaminə deyərəm 10k atar ona.Guya atmır? Gündə nə qədər jeton atır ona. Q2 - Sonra şeydi. Qız getdi.3 aya həll etdi. Bilirsən nədi? Uzanırda, 1-ci, 2-ci, 3-cü. Q1 - Hə çox uzanır. Mən deyirəm də lildir mən Biraz dava ilə ayrılmışıq. O da mən şey eləmişəm Q2 - İndi mənə bax! Heç olmasa 18 yaşına Q1 - Mən zatən qayıdacam onsuz 15 gün TARİXİ: “19” mart 2024-cü il Q2 - Yenə getdi votsapa. Aranı belə qatmışdın? Necə qatmışdım? Allahaqqı ara zad qatmadım mən. O, səhv başa düşdü. Hə, hə yaxşı, yaxşı. A tülküsən e,buna bax! Q1 - Az , bilirsən nələr başıma gələr? Q2 - Hə, ay sağol! Tamam, tamam. Onda o söhbətlər burda danışma. Q1 - Məncə vapşe səni tanıyan yoxduda hə? Sənə rahatdısa. Belə danışmaq istəmirsən danışma. Q2 - Mən Azərbaycanda yaşayıram. Mənim gedib hardasa yaşamaq fikrim yoxdur. Q1 - Əyrisinə Zamin olur bəyəm? Hə denən. Q2 - Hə, heç nədə ,bacı. Daha heç nə. Q1 - Uşağı çıxartmaq problemdidə. Uşaqla vapşe hər şey problemdi. Q2 - O söhbəti alma ağzına gedənə qədər. Sakit dur. Q1 - Ən yaxşısı ölə gərək, ayrılasan. Q2 - Nə bilim. Xeyirlisi nədisə o olsun. Q1 - Ay sağol! Nə bilim.Nə deyim, vallah. Q2- Yaxşı olar, inşallah. Darıxma. Q1 - Az, pis olub nolacaq ki? Yaxşı olacaq. Sənin dərdin nədi? Sən yaşını yaz bura. Q2 - Sənin neçə yaşın var? Rəyə görə: Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kingston” markalı fləş yaddaş kartında olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətninsə “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – X14 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kingston” markalı fləş yaddaş kartında olan mübahisəli videofonoqramda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olundu. Lakin həmin əlamətlərin hansı səbəbdən – yazılışdan sonra edilmiş dəyişiklik nəticəsində və ya kanalın xarakterindən asılı səbəblərdən yaranmasını müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, iddiaçının uşağı ilə bağlı malik olduğu təməl hüquqlardan biri də onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. İddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş üzrə məhkəmə fonoskopik ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. İddiaçı övladının dünyagörüşü və istirahəti ilə bağlı xarici ölkəyə müvəqqəti olaraq aparmaq istədiyini bildirmişdir. Belə ki, Moskvada onun valideynləri yaşayır və işləyirlər. Onun uşağı ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququ vardır. Onun öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Cavabdeh etirazında iddiaçının daimi olaraq Rusiyaya köçmək niyyətində olduğunu sübuta yetirmək üçün sübut olaraq iddiaçıya məxsus səs yazılarını təqdim etmişdir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş üzrə məhkəmə-fonoskopik ekspertizasının 19 mart 2024-cü il tarixli rəyinə görə, mübahisəli videofonoqramda tədqiqi hissədə qeyd olunan montaj əlamətləri müəyyən olunur (montaj istisna olunmur). Başqa sözlə, ekspert rəyi qəti deyil. Ona görə Kollegiyanın qənaətinə görə, təqdim edilmiş səs yazıları mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçının müvəqqəti olaraq uşağı ilə Rusiya Federasiyasına, öz valideynlərinin yanına getməsinə hər-hansı əngəl müəyyən olunmur. Belə ki, iddiaçının özünün və valideynlərinin Bakıda daimi yaşayış yeri, iddiaçının özünün iş yeri vardır. Moskvada iddiaçının valideynlərinin iş yeri, yaşayış ünvanı bəllidir. İş materiallarına əlavə edilmiş: - "xxxx" İKF-nin xx.xx.2024-cü il tarixli, 025-24 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən "xxxx" X3 mühasib vəzifəsində işləyir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13 nömrəli notarial qaydada təsdiq edilmiş arayışın surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdən indiyədək işçi kimi şirkətdə işləyir. - "xxxx" Moskva şəhər X12 08 dekabr 2023-cü il tarixli, 01-182/23 nömrəli xasiyyətnaməsindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X2 şəhəri Şipilovskaya, ev 62, küçı 1, mənzil 272 ünvanında yaşadığı müddət ərzində onu barəsində qonşulardan "xxxx" Moskva şəhər X15 heç bir şikayət daxil olmamışdır. - "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli, 227 nömrəli arayışından görünür ki, X6 və X4 həqiqətən Mətbuat prospekti 529-cu məhəllə ev 25, mənzil 104 ünvanında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi yaşayır və yaşadıqları dövrdə müsbət xarakterizə olunurlar. Bu günə qədər qonşular və digər şəxslər tərəfindən onlar haqqında heç bir şikayət daxil olmamışdır. - Bakı şəhəri Yasamal rayonu 82 saylı uşaq bağçasının arayışından görünür ki, X13 2021-ci ildən həmin bağçada təlim tərbiyə alır. Həftənin 5 günü bağçaya gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən Qərarının 7.19-cu bəndində göstərilir ki, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki halda cavabdeh tərəf uşağının öz anası ilə Rusiyanın Moskva şəhərinə səfər etməsi uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etməlidir. Kollegiya hesab edir ki, uşağının öz anası ilə müvəqqəti olaraq Rusiyaya səfər etməsinin uşağın mənafeyinə, tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını cavabdeh tərəf sübut edə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz (bənd-7.20). Bununla belə, iddiaçı öz ərizəsində və izahatlarında uşağın ölkədən daimi əsaslarla deyil, müvəqqəti olaraq çıxarmaq niyyətində olduğunu bildirmişdir. Belə ki, onun Bakıda iş yeri, daimi yaşayış yeri vardır. Daimi olaraq Rusiyaya köçmək niyyəti yoxdur. Rusiyada (Moskvada) isə onun valideynləri yaşayırlar, onların ünvanları və iş yerləri bəllidir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslıdır. Məhkəmə Kollegiyası hesab edir ki, uşağın anası ilə birgə ölkə hüdudlarından kənara getməsinə cavabdehin razılıq verməməsi nəticəsində iddiaçının uşağı ilə birgə, eləcə də uşağın özünün qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Halbuki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. (Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi). Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsi). Qanunun tələbinə görə, yalnız Qanunda nəzərdə tutulmuş müəyyən hallarda vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İddiaçının öz uşağı ilə birlikdə ölkədən getmək və gəlmək hüquqlarının məhdudlaşdırılması üçün Qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Cavabdeh tərəf etirazında Rusiyada müharibə getdiyini, tez-tez terror hadisələrinin olduğunu vurğulamışdır. Lakin izahatlardan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının getmək istədiyi yer müharibə zonasından aralıdadır. Bundan başqa, iddiaçının valideynlərinin yaşadığı və işlədiyi (Moskva və Moskva ətrafı) ərazidə Azərbaycandan olan kifayət qədər insanlar yaşayır və işləyirlər. Cavabdeh tərəf etirazında onu da qeyd etmişdir ki, onun uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və uşağın ölkə hüdudlarından kənara çıxarılması digər məhkəmə qətnaməsini əhəmiyyətsiz edir. Kollegiya cavabdehin bu arqumentini iddianı rədd etmək üçün əsas hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsində göstərilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Kollegiya hesab edir ki, cavabdehin (uşağın atasının) uşaqla ünsiyyətlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması uşağın digər valideynlə ölkə hüdudlarından kənara çıxarılmasını məhdudlaşdıran hal deyil. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti əmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Ekspertizanın təqdiqatına görə Cavabdeh 200 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(049)-187/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertizanın xərci olaraq Cavabdeh 100 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar