Məhkəmə qərarları › İş №2(106)-2342/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2342/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2342/2022 20.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 01 fevral 2022-ci il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən 809 manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh, xx.xx.2020-ci il tarixdən icbari qaydada sığortalanmış «SZAP 9328» yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, ** NF *** dövlət qeydiyyat nişanlı «Tofaş Şahin» markalı avtomobilə ziyan dəymişdir. Ziyan dəyən avtomobilin sahibinə "xxxx" ASC tərəfindən 809 manat sığorta ödənişi edilmişdir. İddiaçı "xxxx" ASC Cəlilabad Rayon Məhkəməsinə verdiyi hazırki iddia tələbində Cavabdeh 809 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-in xeyrinə tutulmasını tələb etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır. Cavabdeh, "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, idarə etdiyi «SZAP 9328» yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində ** NF *** dövlət qeydiyyat nişanlı «Tofaş Şahin» markalı avtomobilə zərər vurmuşdur. İnzibati xəta protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadiəsinin baş verməsində təqsirli bilinmişdir. Belə ki, Cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Vurulmuş zərərə görə zərərçəkənə 809 manat sığorta ödənişi verilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olsa da, əsassız olaraq onun barəsində protokol tərtib edilmişdir. Həmin protokoldan sonradan məlumatı olmuşdur. Onun idarə etdiyi avtomobil "xxxx" ASC tərəfindən sığortalandığı üçün həmin şirkət tərəfindən zərərçəkənə sığorta ödənişi edilmişdir. Sığorta şirkəti ödənişi ondan əsassız olaraq tələb edir. Halbuki, onun təqsirli bilinməsi barədə tərtib edilmiş protokol Binəqədi Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir və bu barədə məhkəmənin qərarı qanuni qüvvədədir. Belə olan halda o, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli sayıla bilməz. Birinci instansiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qərarına əsaslanmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbi əsaslı olduğundan iddianın tam təmin edilərək cavabdehdən 809 manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Prosessual məsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, cavabdeh «SZAP 9328» yarımqoşqu markalı, ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi (sığorta hadisəsi) baş vermiş, ** NF *** dövlət qeydiyyat nişanlı «Tofaş Şahin» markalı avtomobilə ziyan dəymişdir. Ziyan dəyən avtomobilin sahibinə "xxxx" ASC tərəfindən 809 manat sığorta ödənişi edilmişdir. Hazırki tələbində iddiaçı sığorta şirkəti cavabdehdən subroqasiya qaydasında pul tələb etmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi, sığorta hadisəsi, üçüncü şəxsə məxsus «Tofaş Şahin» markalı avtomobilə ziyan vurulması, zərərçəkmişə sığorta ödənişinin edilməsi halları mübahisəsizdir. İddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hal subroqasiya hüququnun yaranması ilə bağlıdır. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2, 1096.2, 1097.1 və 1108.1-ci, habelə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsi təşkil edir. İddiaçının tələbi özlüyündə mümkün iddiadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108-ci maddəsinə müvafiq olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən, həmin Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş hal icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasıdır. Mübahisəli hal «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsi ilə bağlıdır. Həmin Qanunun 63.1-ci maddəsinin tələbinə görə, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin maddi-hüquqi əsası kimi ona istinad etmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən hadisə yerindən yayınmışdır. İddiaçının istinad etdiyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TXP ******* saylı inzibati xəta haqqında protokola görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara görə, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 (Yol hərəkəti qaydalarının pozulması) və 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilənərək, 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı apellyasiya şikayətində də bu hala əsaslanmışdır. Kollegiya iddiaçının dəlilini əsassız sayır və hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. İşin hallarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı qanuni qüvvədə deyil. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 3(001)-4330/2021 saylı qərarından görünür ki. Cavabdeh barəsində tərtib edilmiş Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı 07 yanvar 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Belə olan halda iddiaçı "Paşa Sığorta” ASC Cavabdeh subroqasiya qaydasında sığorta ödənişi tutulmasına dair tələbində haqlı deyildir. Beləliklə, Kollegiya, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin və iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 384.0.1, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(073)-134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar