Məhkəmə qərarları › İş №2(106)-2354/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2354/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2354/2022 22.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, ərizəçi İddiaçı, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakı ilə açıq məhkəmə iclasında, Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə Gürcüstan Respublikası Qardabani rayonunda anadan olmuşdur.1984-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə evlənmişdir.1998-ci ildən Azərbaycan Respublikasına köçməklə, Biləsuvar rayonunun Amankənd kəndində yaşayır.2002-ci ildən Azərbaycan Respublikasını tərk etməmiş və Biləsuvar rayonu Amankənd kəndində yaşayır.Hazırda şəxsiyyətini təsdiq edən sənəd SSRİ vətəndaşının pasportudur.Biləsuvar Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin olunmaqla, 2002-ci ildən hazıra kimi Azərbaycan Respublikası Biləsuvar rayonu Amankənd kəndində daimi yaşama faktı müəyyən edilmişdir, yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etsə də, 26 aprel 2022-ci il tarixdə müraciətindən imtina edilmişdir.İmtinada göstərilmişdir ki, onun heç bir ölkənin vətəndaşı olmaması məhkəmə qətnaməsi ilə müəyyən olunmamışdır.2002-ci ildən Azərbaycan Respublikasında yaşayır.Həmin ildən bir dəfə də olsun Azərbaycan Respublikasını tərk etməmişdir.Lakin bu günə kimi şəxsiyyət vəsiqəsi götürə bilməmişdir. Hazırda şəxsiyyət vəsiqəsi götürmək istəsə də, Azərbaycan Respublikasının vətəndaşlığına dair mənsubiyyəti müəyyənləşdirilmədiyindən bu mümkün olmamışdır. Halbuki, 20 ildən yuxarıdır ki, Azərbaycan Respublikasında yaşamaqla Azərbaycan Respublikasının vətəndaşıdır.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 aprel 2022-ci il tarixli imtina arayışını əsassız hesab edir və hesab edir ki, həmin idarə onu vətəndaşlıqdan məhrum edə bilməz.Odur ki, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsi ilə (sədrlik edən P.Əhmədov) ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi rədd edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə Biləsuvar Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin olunaraq 2002-ci ildən hazıra kimi Azərbaycan Respublikası Biləsuvar rayonu Amankənd kəndində daimi yaşama faktı müəyyən edilmişdir, yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığının mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etsə də, 26 aprel 2022-ci il tarixdə müraciətindən imtina edilmişdir. Apellyasiya şikayətində Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında ərizəçi İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 izahatında ərizənin təmin edilməsinə etirazları olmadığını bildirdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənədi əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsi ləğv edilərək ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi İddiaçı hazırkı tələbi qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin tələbinə əsasən heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi mümkün deyildir.Məhkəmə qeyd etmişdir ki, adıçəkilən faktların müəyyən edilməsi zamanı könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə münasibətdə həmin qanunun tətbiqi əsasları müəyyən edilmir.Belə ki, həmin normanın tətbiq dairəsindən görünür ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Habelə, işə əlavə edilmiş ərizəçiyə məxsus pasportdan müəyyən edilir ki, o, 15 may 1989-cu il tarixdə Gürcüstan Respublikasının Qardabani rayonu Kalinin kəndindən qeydiyyatdan çıxmışdır.Qeyd edilən tarixdə isə İddiaçı həmin dövrdə mövcud olmuş Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı olmuşdur, müvafiq sorğu əsasında əldə edilmiş Gürcüstan Səfirliyinin 15 sentyabr 2022-ci il tarixli №22/00008939/2022-02 saylı arayışının mətnindən aşkar olur ki, xx xxxxxx 1962-ci il təvəllüdlü Əliyeva X3 vətəndaşıdır. Baxmayaraq ki, eyni məktubda X1 Agentliyi tərəfindən araşdırılan sənədlərlə onun Gürcüstan vətəndaşı hesab olunmadığı göstərilmişdir.Bununla da, ərizəçi İddiaçı heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olmadığı üçün əsassız hesab etmişdir.Ona görə ki, məhkəmə işdə olan rəsmi sənədlərə düzgün qiymət verməmişdir. İşdə olan Gürcüstan Səfirliyinin 15 sentyabr 2022-ci il tarixli №22/00008939/2022- 02 saylı arayışında qeyd edilmişdir ki, xx xxxxxx 1962-ci il təvəllüdlü Gürcüstan vətəndaşı İddiaçı X1 Agentliyinə təqdim olunan və Agentlik tərəfindən araşdırlan sənədlərlə Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmə kollegiyasının iclasında həmin arayış araşdırılarkən arayışda Gürcüstan vətəndaşı İddiaçı yazılsada arayışın məzmunu ilə İddiaçı Gürcüstan vətəndaşı hesab olunmadığı təsdiq edilir. Həmçinin işdə olan maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi ərizənin məzmunundan görünür ki, ərizəçi İddiaçı tərəfindən heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə Gürcüstan səfirliyindən sənəd təqdim edildiyi halda müraciətin təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli 2(022)- 914/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı 2002-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikası Biləsuvar rayonu Amankənd kəndində dimi yaşaması faktı müəyyən edilmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Əliyeva X4 rayon sakini Azərbaycan vətəndaşı X2 ilə 07 fevral 1985-ci ildə rəsmi nikaha daxil olublar. Habelə, işdə olan məhkəmə kollegiyası tərəfindən əslinə baxış keçirilmiş SSRİ vətəndaşının pasportundan görünür ki, İddiaçı Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı olmuşdur.Ərizəçi keçmiş SSRİ vətəndaşının pasportu əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək Azərbaycan Respublikası Biləsuvar rayonu Amankənd kəndində daimi yaşamaqla daimi yaşaması faktı müəyyən edilmiş, şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməməsi ilə qəbul edildiyindən qanunsuz və əsassızdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsaslı sayılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.2-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(022)-714/2022 saylı qətnaməsi ləğv edilsin.Ərizə təmin edilsin.İddiaçı heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar