Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2386/2022 12.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mirzəyev Nüsrət Fətulla oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məsuliyyətsizliyi səbəbindən iddiaçının əmlakın dəymiş 8465 manat məbləğində maddi zərər və 105 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8570 manat pul məbləğinin cavabdehdən tutulub ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarının tələblərinə əməl edilmədən Sabirabad Rayon Məhkəməsinə ünvanlandığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş MAPS arayışından görünür ki, Cavabdeh qeydiyyat ünvanı barədə məlumat yoxdur. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadının ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət Mülki Prosessual Məcəllənin 36-cı maddəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya məlum olan sonuncu yaşayış yeri Sabirabad rayonudur. Sabirabad Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadından vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında verilmiş şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)- 1761/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2022-ci il tarixinə olan arayışından görünür ki, Cavabdeh barədə məlumat yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən Ağsu Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 3(016)-387/2022 saylı qərarında göstərilmiş məlumatlar üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə də Cavabdeh barəsində sorğu edilsə də, həmin adda hər hansı şəxsə dair məlumatlar aşkar edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddia ilə məhkəməyə müraciət etmək istəyən şəxs iddia ərizəsində cavabdehin barəsində MPM-in 149.2.2-ci maddəsində qeyd edilmiş məlumatları göstərməli, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları iddia ərizəsində qeyd etməlidir. Bu vəzifə sonradan məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlərin həmin tərəfə çatdırıla bilməsi məqsədinə xidmət edir və bu vəzifənin yerinə yetirilməsi iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdeh kimi göstərdiyi Cavabdeh adlı şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları təqdim edə bilməməklə yanaşı, həmin adda hər hansı şəxsin mövcudluğunu da təsdiq edə bilməmişdir. İşdəki Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2022-ci il tarixinə olan arayışı da Cavabdeh barəsində hər hansı məlumatın olmaması faktını təsdiq edir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)- 1761/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149-152, 263-269, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(056)-1761/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2386/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2386/2022
12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver