Məhkəmə qərarları › İş №2(106)-247/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-247/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-247/2023 10.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Füzuli Rayon Məhkəməsinin 2(064)1627/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumu olmaqla cəmi 830 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “OPEL ASTRA” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli, PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il sentyabrın 30-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “OPEL ASTRA" markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində “HYUNDAİ ELANTRA” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhər DYP tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər DYP-nin xx.xx.2020-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. “AUTOBOX" MMC tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ELANTRA” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobilə 800 manat məbləğində zərər dəymişdir. İddiaçı 04.11 2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. Ona görə də, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)1627/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Y.Həşimov) ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən "xxxx" ASC apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan "xxxx" ASC Füzuli Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(064)-1627/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Odur ki, kollegiya apelyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasına məqsədə müvafiq hesab edir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin apelyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)1627/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikas Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün təvsir etməmiş, nəticədə qəbul olunmuş qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı "xxxx" ASC-nin iddiasının mahiyyətindən müəyyən edilir ki, onunla iş üzrə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə №PXA********** saylı icbari sığorta müqaviləsi bağlanaraq, “Opel Astra” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə icbari sığortalanmışdır. Daha sonra Cavabdeh yuxarıda göstərilən avtomobili etibarnamə olmadan idarə etmiş və 30 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Babək prospektində “Hyundai Elentra” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Hyundai Elentra” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobilə 800 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək subroqasiya qaydasında 800 manat pulun və ödənilmiş dövlət rüsumu olan 30 manat cəmi 830 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 936.1, 936.2, 922.1 və “İcbari sığortalar haqqında” qanunun 25.1.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli №PXA********** saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilə üzrə “Opel Astra” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə icbari sığortalanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli TP3973731 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Opel Astra” markalı **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edilməsinə və araməsafəsi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında « “OPEL ASTRA” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-cı il tarixində etibarnamə olmadan idarə etdiyi “OPEL ASTRA" markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Babək prospektində “HYUNDAİ ELANTRA” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisədə Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinməklə inzibati qaydada tənbeh edilmişdir. “AUTOBOX" MMC tərəfindən 01,10.2020-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “HYUNDAİ ELANTRA” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobilə 800 manat zərər dəydiyi müəyyən edildiyindən iddiaçı tərəfindən sığorta ödənişi həyata keçirilməklə həmin məbləğ zərərçəkmiş şəxs H.Məmmədova ödənilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə “icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.” istinad etmiş və qənaətini aşağıdakı kimi əsaslandırmışdır “avtomobillərə münasibətdə tətbiq edilərkən «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə olunması ilə bağlı istər nəzəri, istərsə də təcrübi biliklərə malik olmur ki, nəticədə bu cür şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırmış olur.”. Lakin məhkəmə nəzərə almamışdır ki, qeyd olunun maddədə yalnız əmlakı idarə etmək deyil, həm də istifadə edilməsi və istismar edilməsi nəzərdə tutulmuşdur. İstifadə edilməsi dedikdə isə nəqliyyat vasitəsini idarə etmək hüququ olan yəni sürücülük vəsiqəsi olan lakin etibarnamə olmadan avtomobilin idarə olunması kimi başa düşülür. Bundan başq qeyd olunan maddənin dispozitiv şərtində həmçinin icbari sığorta şəhadətnaməsində göstərilən əmlakdan istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.” müddəası da, yer almışdır ki, bu halın sübut olunması isə əmlakı istifadə etməyə hüququ olmayan şəxsin üzərinə düşür. Hansı ki, sığorta hadisəsinin baş verməsində təqsirli olan Cavabdeh bu halı mübahisələndirməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan maddəni düzgün təvsir etməyərək iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Bundan başqa o, da, qeyd olunmalıdır ki, Cavabdeh « “OPEL ASTRA” markalı, **-NU-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə bir il müddətində sığorta etdirmiş və sığorta müqaviləsinin tərəfi olaraq sığortalı kimi tanınmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Opel Astra” markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edilməsinə və ara məsafəsi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrinə əsasən təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının “İcbari sığorta haqqında” qanununun; 25.1-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Göründüyü kimi Cavabdeh avtomobili etibarnamə olmadan idarə edərək yol nəqliyyat hadisəsi törədərək, “HYUNDAİ ELANTRA” markalı, **-ND-*** dövlət nömrə nişanlı avtomobilə 800 manat zərər vurmuş, nəticədə sığorta hadisəsinin baş verməsində təqsirli olmuşdur. İddiaçı "xxxx" ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sığorta ödənişi ilə dəymiş zərəri aradan qaldırmış və haqlı olaraq cavabdehdən ona keçmiş hüquq (Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir) əsasında subroqasiya qaydasında pul tələb etmişdir. Beləliklə məhkəmə kollegiyası iş materialları və verilmiş apellyasiya şikayətinin dəlillərinin əsasları ilə birlikdə maddi və prosessual hüquq normalarına uyğun müqayisəli təhlil edərək yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar sübut olunmamış və gəlinən nəticə işin faktiki hallarına uyğun gəlmir. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)1627/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 800 manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş 15 manat, cəmi 845 manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının iddia tələbi mübahisələndirilən hissəsində iddianın qiyməti 800 manat, yəni beş min manatdan az olduğundan tələb üzrə qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)1627/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 800 manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş 15 manat, cəmi 845 manat tutularaq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamə qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar