Məhkəmə qərarları › İş №2(106)-248/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-248/2024

18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-248/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı F MMC Cavabdeh qarşı şərəf ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin (hakim Səidə Məmmədova) 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 saylı qətnaməsindən iddiaçı F tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı F MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "Facebook” internet portalının "Şirvan şəhəri” səhifəsində F MMC-nin ünvanına şəxsiyyəti onlara məlum olmayan "Roşka Bayram” adlı istifadəçi ilə yazışmada "bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələr yazaraq, həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla, onun və Şirkətinin işgüzar nüfuzunun ləkələnməsi kimi qiymətləndiirlməklə, həmin yazıların təkzib edilməsini, ondan üzr istəməsini və ona vurulmuş mənəvi zərərin əvəzində 10.000 manat və ödənilmiş dövlət rüsumu əvəzi pulun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, F MMC 25 oktyabr 2002-ci il tarixdən 0602A1-191 saylı şəhadətnamə əsasında qəbul etdiyi Nizamnaməyə uyğun olaraq ərzaqlıq toyuq yumurtası istehsalçısı kimi fəaliyyət göstərir. Fəaliyyəti dövründə Şirkət istehsal etdiyi məhsulun satışını daxili və xarici bazarlarda təşkil etmiş, satılan məhsulun keyfiyyəti ilə bağlı hər hansı bir nöqsan və irad ünvana daxil olmamış, əksinə olaraq istehsal edilən məhsul bütün normativlərə cavab verən yüksək keyliyyətli məhsul kimi istehlakçılar tərəfindən bəyənilmiş və bazarda öz yerini tutmuşdur. Şirkətdə 399 nəfərdən çox işçi çalışır. Şirkət Kənd təsərrüfatı təyinatlı sahə olduğu üçün həftənin 6 günün işləyir, iş vaxtı saat 08 radələrindən başlayır, 16 radələrində sona çatır. İşçilərin işə gedib gəlməsi şirkətə məxsus nəqliyyat vasitələrilə həyata keçirilir. İşçilər hər gün bir dəfə, növbədə olanlar isə 3 dəfə isti yeməklə təmin olunur. Şirkət Respublikanın ərzaqlıq toyuq yumurtasına olan tələbatının 40%-ni təmin edir, bununla yanaşı Ölkənin Müdafiə Nazirliyinin, Sərhəd xidmətinin və Daxili qoşun hissələrinin şəxsi heyətini ərzaqlıq toyuq yumurtası ilə təmin edir. Şirkətin iş rejimi qaydalarına görə işçilər tərəfindən hər hansı bir iradlar dövlət orqanlarına və şirkət rəhbərliyinə daxil olmamışdır. Şirvan şəhər sakini Cavabdeh 2016- cı ildən 2022-ci ilə qədər şirkətin avtomobil təsərrüfatında mexanik vəzifəsində çalışmış, öz xahişi ilə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən işdən xaric edilmişdir. İlham Qasmov "Facebook” internet portalında yayımlanan "Şirvan şəhəri” səhifəsində F MMC-nin işgüzar nüfuzuna xələl gətirən həqiqəti əks etdirməyən yazılar dərc edərək, şəxsiyyəti onlara məlum olmayan "Roşka Bayram” adlı istifadəçi ilə yazışmada "bəli Quşçuluqda çox çətin iş refimidir, düz söhbət, Birini mən yazım "Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz.ayın 30 günü 14 saat iş rejimi” kimi yazılar dərc edərək şirkətin işgüzaq nüfuzuna xələl gətirmiş və bu hərəkətləri ilə şərəf və ləyaqətinin alçaltmışdır. Cavabdeh yazısına cavab olaruq şəxsiyyəti onlara məlum olmayan "Səbuhi Sayetə”adlı istitadəçi də "nə yaxşı oldu ki, bunu təsadüfi oxudum, məndə ora iş üçün müraciət etmək istəyirdim, ümumiyyətlə orda vəziyyət necədir siz orda işləmisiz?” kimi sözlər yazmışdır. Buradan göründüyü kimi həmin şəxsdə şirkətə iş üçün müruciət etmək istəmiş, lakin Cavabdeh həqiqətə uyğun olmayan yazılarına inanıb öz fikrindən daşınmış və insanlarda şirkətə qarşı çox mənfi bir fikir oyanmış və bu hal həm də şirkət üçün antireklam xarakterlidir. Cavabdeh bu hərəkətləri şirkətin təsisçisi və icraçı direktoru kimi ona çox pis təsir etmiş, bunu oxuyan və onu tanıyan insanlar zəng edərək belə bir halın doğurdan da olub-olmamasını soruşduqda bundan çox sarsıntı keçirmiş və hər bir kəsə izah edib şirkətdə belə bir halın olmadığını, İlhamın işdən çıxdığı üçün bunu qərəzli şəkildə edərək şirkətin imicinə xələl gətirmək məqsədilə etməsini desə də kimisə inandıra, kimisə də inandıra bilməmişdir. Onun bu kimi hərəktlərinə görə son vaxtlar şirkətə işçi axını da azalmış, işçilər arasında mənəvi ruh düşgünlüyü yaranmışdır. Şirkət yumurta istehsalçısıdır. Burada işin 50-60 % avtomatlaşdırılmış, əl əməyi isə olduqca çox yüngül görülən işlərdir. İşin əsas mahiyyəti yumurtanı kasetlərə yığıb qutularda qablaşdırmaqdan ibarət olduğu halda burada hansı çətin iş rejimindən söhbət gedə bilər. Tarix boyu hazırda da toyuq-cücə ilə qadınlar məşğul olmuşdur. İşçi kontinqentinin əsasını da elə qadınlar təşkil edir. Əgər iş rejimi burada çətin olsaydı, yəqin qadınlar bura iş üçün gəlib müraciət etməzdilər. Eyni zamanda, Cavabdeh 2016-cı il tarixdən 2022-ci il tarixə kimi Şirkətdə mexanik vəzifəsində çalışmışdır. Əgər şirkətdə iş refimi onun dediyi kimi alçaldısı bir formada olmuş olsaydı necə ola bilərdi ki, onun kimi bir ali təhsilli insan alçaldıcı bir yerdə 6 il davamlı olaraq işləmiş olsun. Beləliklə, cavabdehdən səhvini etiraf edərək yazdığı məlumatları təkzib etmək, həmçinin onun tərəfindən yazılan əsassız yazılara görə insan olaraq çəkdiyi mənəvi, psixoloji əzab hissləri, narahatçılıq, həmin yazını oxuyan insanlar tərəfindən onun və şirkəti barədə yaranan fikirlərə görə əsəb gərginliyi keçirməyi, vaxtını şirkətin inkişafına sərf etmək əvəzinə boş şeylərə sərf etməyə məcbur olduğundan vurulmuş zərər tələbidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında F MMC-də 6 il işlədiyini, məzuniyyətin olmadığını, bununla əlaqədar əmək müfəttişliyi tərəfindən iddiaçı qurumun cərimələndiyini, həmin şirkətdə iş rejiminin ağır olduğunu, işçilərin iş saatından artıq işlədiklərini bildirmiş, "Facebook” sosial şəbəkəsində bununla bağlı etdiyi paylaşımın həqiqət olduğunu qeyd etmişdir. Əgər qarşı tərəf onunla barışığa adım atarsa o da təkzib verilməsinə etiraz etmir. Hazırda onlar arasında məzuniyyət pullarının hesablanması ilə əlaqədar Hacıqabul rayon Məhkəməsinin icraatında başqa bir mülki mübahisə vardır, bu səbəbdən də iddiaçı şirkət onu hazırda məhkəməyə vermişdir. Onun paylaşdığı yazıya isə cavab verən şəxs elə iddiaçının öz tanıdıqları şəxsdir, yalançı profildir. İddiaçının sözü ilə onu sonradan narkotik vasitə istifadə etməsi səbəbindən işə düzəldiyi başqa şirkətdən işdən çıxarmaq istəmişlər. Halbuki o narkotik vasitələrdən istifadə etməmişdir. İddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən "Facebook” sosial şəbəkəsində "Şirvan şəhəri” profilində paylaşdığı "bəli Quşçuluqda çox çətin iş rejimidir, düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi ifadələrin həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, Cavabdeh tərəfindən yayılan məlumatlarla əlaqədar "Facebook” sosial şəbəkəsində eyni profildə, yəni "Şirvan şəhəri” profilində təkzib verilməsi, təkzibin qətnamə qanuni qüvvəyə mindikdən sonra 15 (on beş) gün müddətində verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmayan hissəsində iddianın təmin edilib, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 10.000 manat və dövlət rüsumu olaraq 195 manat pulun iddiaçıya ödənilməsi barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Məhkəmənin mübahisə üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarını pozması işin faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməməsi, Cavabdeh tərərfindən “Facebook” internet portalında “bəli quşçuluqda çox çətin iş rejimidi, düz söhbət.birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. ayın 30 günü 14 saat iş rejimi” kimi yazıların dərc etdirilməsi məhkəmə tərəfindən həqiqətə uyğun olmayan məlumat kimi qəbul edilib, cavabdehdən təkzib edilməsi barədə qətnamə çıxarıldığı halda mənəvi zərərin əvəzinin ödənilməməsi, işin müəyyən edilmiş hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması, tədqiq olunan sübutlara obyektiv qiymət verilməməsi, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etməsində ifadə olunur. Maddi zərərin ödənilməsi MM-in 21-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Mənəvi zərərin ödənilməsi miqdarı və qaydası isə hər bir konkret halda məhkəmələr tərəfindən müəyyən edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin vurulması eyni zamanda işguzar nüfuzunun ləkələnməsi formasında da özünü biruzə verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cümaddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Qanunvericiliyin tələbinə görə işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin peşəkarlıq keyfiyyəti, ictimai, iqtisadi, siyasi fəaliyyəti haqqında formalaşmış müsbət ictimai rəydir. Şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən məlumat yalan olduqda, onu yayan şəxs onun doğruluğunu sübut edə bilmədikdə təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Plenum qərarına əsasən nəzərdə tutulmuş həminmüddəa belə bir redaksiyada qəbuledilməlidir ki, yayılmış məlumat həqiqətə uyğun deyilsə və vətəndaş barəsində əsassız mənfi rəy yaradarsa, şərəf və yaləyaqəti ləkələyən məlumat kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki MəcəlləsininKommentariyasında (birinci cild, səhifə 76, redaktor X10, müəllif X18) qeyd edilmişdir :“Şəxsin şərəfini, ləyaqətinivə işgüzar nüfuzunu ləkələyən məlumatlar yalnız yayıldığı halda məsuliyyətə səbəb olur. Məlumatın yayılması dedikdə,onun başqa bir şəxsə və ya bir neçə şəxsə, yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməsi anlaşılır. Məlumatların yayılması çoxsaylı üsullarla həyata keçirilə bilər. Məlumat başqa şəxslərə məlumatı yayan şəxsin şəxsi görüşlərizamanı bilavasitə bildirilməsi, mətbuatda, radio və televiziya verilişlərindəsəsləndirilməsi, kütləviçıxışlarda deyilməsi, əsərlərdə, eləcə də məktublarda,ərizələrdə və şikayətlərdə, rəsmisənədlərdə göstərilməsi vəs. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 32 və 46-cı maddələrinə görə fiziki şəxs şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsitoxunulmazlığını pozan məlumatların, hüquqi şəxs isə özünün işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını və onların yayılması nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər. Hüquqi şəxsin işgüzar nüfuzunu ləkləyən məlumatı yaymış şəxs həmin məlumatın doğruluğunu sübut etməzsə, məlumat təkzib edilir və onu yaymış şəxsinməsuliyyəti yaranır. Qanunveriliciliyin tələbinə əsasən şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ya ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların yayılması ciddi hüquq pozuntusudur və müvafiq məsuliyyətəsəbəb olmalıdır Şirvan Şəhər Məhkəməsi Cavabdeh "xxxx" MMC-yə həqiqətə uyğun olmayan yalan məlumatların sosial şəbəkədə yayılması qənatinə gəlsədə, iddia tələbini qismən təmin edərək, cavabdehin iddiaçıya vurmuş olduğu mənəvi zərərin ödənilməsi məsələsində iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsi hallarına düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə iddiaçının bu hala görə mənəvi sarsıntı və iztirab keçirmədiyi qənaətinə gəlmişdir. Şərəf və ləyaqətin alçaldılması zamanı insan bundan hər hansı bir formada fiziki olaraq zərbə almır. Bu zaman insan ətrafdakılardan və onu tanıyanların bu halı bilmələrinə görə, ən əsası isə özünə qarşı yalanların nəticəsi olaraq əzab və sarsıntı keçirir, bu da gözlə görünən bir hal olmasada şəxsin özünün çəkdiyi iztirabla təzahür olunur. Əgər iddiaçı mənəvi sarsıntı iztirab və əzab çəkmədiyi halda buna laqeyd qalar və bu hal üzrə məhkəmədə iddia qaldırıb özünün və məhkəmənin vaxtını almazdı. Məvəzi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərər vuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərçəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci insansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməyən hissəsində iddianın tam təmin edilməsini xahiş etməklə qətnaməni qismən-iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) olan məlumatların təkzib ediməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli tövsiyyə xarakterli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması və bu məlumatların yayılması. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: F MMC-nin xx.xx.2023-cü il tarixli, 50 № arayışında göstərilmişdir ki, F MMC Hacıqabul rayonu, Ağacanlı kəndində yerləşir. Şirkət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, ərzaqlıq toyuq yumurtası istehsal edir. İşçilər altı günlük iş rejimi ilə həftədə 40 saat çalışırlar. Həftənin beş günü səhər saat 09-dan axşam saat 17-ə qədər, şənbə günləri saat 09-dan saat 15-ə qədər, saat 13-dən saat 14-ə qədər nahar və istirahət vaxtı təyin edilib. Hazırda şirkətdə 399 nəfər işçi çalışır. Əmək müqaviləsinin surətindən görünür ki, F MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu 200 manat əmək haqqı müqabilində mexanik vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İş saat 09:00 başlayır, saat 17:00-da bitir. Nahar vaxtı 13:00-dən saat İ4:00-dəkdir. İstirahət günləri hər həftənin bazar günləridir. əsas məzuniyyətin müddəti 30 təqvim günüdür. F MMC-nin xx.xx.2022-ci il tarixli 30/A № əmrində göstərilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. DƏMX-in X3 12 avqust 2022-ci il tarixli, ******* nömrəli qərarına əsasən F MMC şikayətçilər Cavabdeh istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, D.İsgəndərovaya gecə vaxtı işə görə əmək haqqına əlavə ödənilməmişdir. Bununla əlaqədar N.Babayev Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1300 manat məbləğində cərimə edilmişdir. F MMC-nin DƏMX-in X4 ünvanladığı 117 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh ilə şirkət arasında bağlanmış əmək müqaviləsinə xitam verilən zaman onun istifadəsində olmuş xidməti avtomobilə vurmuş olduğu 1700 manat dəyərində maddi ziyanın ödənilməsi təklif edildi, lakin o həmin pulu ödəmədiyi üçün əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmiş saxlanılmış, məsələyə gələcəkdə məhkəmə qaydasında baxılacaqdır. “Facebook” proqram vasitəsi ilə məhkəməyə təqdim edilən sübutlardan görünür ki, cavabdeh işdən çıxdıqdan sonra “Facebook” sosial şəbəkəsində Roşka Bayram - “Cavabdeh bəli. Quşçuluqda çox çətin iş rejimidir. Coca-cola işçilərinə pul verən deyil, digərlərində də həmçinin çox çətin iş rejimidir. O müəssisələrə gündə bir işçi qəbul olub 5 işçi istefa verib işdən çıxır. Əhali üçün çalışırdılarsa, Gilan gələydi, Paşa gələydi, Qədirxum gələydi. Bunların heç birinin işçiyə yalvarmağa ehtiyacı yoxdur çünki çox ədalətli şirkətlərdir. Cavabdeh-“Roşka Bayram düz söhbət. Birini mən yazım Hacıqabul Quşçuluq heç kim orda alçaldıcı formada işləməz. Ayın 30 günü 14 saat iş rejimi. Səbuhi Sayet-“Cavabdeh nə yaxşı oldu ki, bunu təsadüfü oxudum, mən də ora iş üçün müraciət etmək istəyirdim. Ümumiyyətlə orda vəziyyət necədir siz orda işləmisiz? Kimi rəylər yazılmışdır. xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "Suraxanı OYL Opereyşn Kompany S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə işə qəbul edilmişdir (əmr K № 66/01). 2022-ci ilin sentyabr ayında nümayəndəliyin işçiləri narkoloji testdən keçirilmişdir. Testin cavabında şirkətin bir neçə əməkdaşında və o cümlədən Cavabdeh narkotik vasitələr və güclü təsir edən psixotrop maddələr aşkar edilmişdir. Narkoloji testin nəticəsi "pozitiv” çıxan əməkdaşlara və o cümlədən Cavabdeh yenidən narkoloji dispanserdə analiz verməyi və müalicə olunmağı təklif edilmişdir, lakin o, analiz və müalicə almaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh öz xahişi ilə işdən azad olunması barədə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndinə əsasən (işçinin öz xahişi ilə) işdən azad edilmişdir. (əmr K № 130/04). Tibbi müayinənin keçirilməsinə dair 4166 nömrəli aktın surətindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh ekspress test üsulu ilə müayinəsi aparılmış və hər hansı narkotik vasitə aşkar edilməmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh F MMC-yə qarşı əmək haqqı tələbinə dair mülki işin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Məhkəmə icraatı məhkəmə MPM 14.3-cü maddəsinə əsasən tərəflərə barışıq təklif etmiş, bununla əlaqədar müzakirələr aparılmış, lakin tərəflər arasında barışıq olmamışdır. Tərəflər arasında barışığın mümkünsüzlüyündən sonra, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddiaya etiraz etdikləri dəlillərə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X8 ifadə verərək bildirmişdir ki, F MMC-də 2022-ci ildən İnsan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. F MMC-də iş rejimi səhər saat 09:00-dan axsam saat 17:00-a kimidir. Həftənin 6-cı günləri isə 09:00-dan 15:00-ə kimidir. F MMC-nin işçilərin işə gətirilməsi və işdən sonra evə çatdırılması üçün ayrıca avtobusları və sürücüləri vardır. Hər gün səhər işçiləri evlərindən götürür və onları şirkətə çatdırır, işçilər yoxlanışdan keçdikdən sonra iş formalarını geyinib saat 9:00-da artıq işə başlayırlar. Axşam saat 17:00-da iş bitir. işçilər paltarlarını soyunub, hamama girirlər, sonra özləri hazırlaşıb avtobuslara minib evlərinə gedirlər. Avtobus sonuncu işçini evinə aparana qədər işləyir sonra isə öz evinə gedir. Bizim şirkət avtobus sürücülərinə azad iş qrafiki qurub, işçiləri işə gətirmə və axşam evə çatdırmadan başqa onlar gün ərzində boş olduqlarından rəhbərlik onları sərbəst buraxır, yəni istəsələr evlərinə gedib dincələ də bilərlər. Həmçinin işçilər iş saatından artıq işlərə cəlb olunmurlar, yalnız öz razılıqları ilə və əmək müqaviləsində nəzərdə tutulmuş halda bəzi şöbə işçiləri vardır ki, onlar gecə növbəsində qalırlar. İndiyədək bununla əlaqədar işçilərlə şirkət arasında heç bir problem yaşanmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X1 Orxan Məzahir oğlu ilə eyni məzmunlu ifadə verərək, bildirdi ki, şirkətdə təmir tikinti fəhləsi kimi işləyir. Hər gün səhər işçiləri evlərindən götürür və onları şirkətə çatdırır, işçilər yoxlanışdan keçdikdən sonra iş formalarını geyinib saat 9:00-da artıq işə başlayırlar. Axşam saat İ7:00-da iş bitir. işçilər paltarlarını soyunub, hamama girirlər, sonra özləri hazırlaşıb avtobuslara minib evlərinə gedirlər. Şənbə günləri də iş saatları 09:00-dan 15:00- ə kimidir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahid X6 ifadə verərək bildirmişdir ki, 2019-2021-ci illər ərzində F MMC-də sürücü işləyib. İşçilər üçün iş rejimi hər gün səhər saat 09:00-dan axsam saat 17:00-a kimidir. Lakin gecə növbəsində qalanlar da olur. O özü sürücü olduğundan səhər 7-dən avtobusla evindən çıxıb işçiləri evlərindən yığıb şirkətə gətirir, axşam işçilər saat 17:00-də onlar işlərini bitirir. Sonra hazırlaşıb avtobuslara minirdilər, o isə sonuncu işçiyə qədər onları evlərinə çatdırıb, evə təxminən saat 22- 23:00-da çatırdı. İş rejimi ağır idi. Hər gün 1 saat nahar fasiləsi olurdu. İstirahət günləri olmurdu. İşdən evə gec gəlmiş, səhəri günü isə müdiriyyət hansı səbəbdən işə gec gəldiyini və onu işə çağırdığına görə ora getməkdən imtina etmiş, işdən çıxmışdır. Cavabdehin vəsatəti ilə dindirilmiş şahid X2 Bayraməli Həbib oğlu ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, 2018-ci ildə F MMC-də sürücü işləyib. Onun işi ərzaq daşımaq idi. İşlədiyi dövrdə iş rejimi çətin idi. Gecə növbəsinə qalan işçilər də olub. İşçilər özləri axşam saat 17-18 də çıxıb avtobuslarla evə gedirdilər. O özü istirahət günlərində də işə çıxırdı. Nəqliyyat vasitəsində icazəsiz işçi mindirdiyinə və gəzdirdiyinə görə işdən çıxarılmışdır. Beləliklə birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, cavabdeh 6 ildən artıq müddət ərzində iddiaçı şirkətdə mexanik vəzifəsində çalışıb, sonradan öz ərizəsi ilə işdən çıxıb. Sonradan müxtəlif yerlərdə çalışıb. Dediyinə görə iddiaçı şirkət ona istifadə etmədiyi əmək məzuniyyətlərinə görə pul borcludur və hazırda tərəflərin bununla əlaqədar mübahisələri başqa məhkəmənin icraatında davam edir. Cavabdeh "Fecebook” sosial şəbəkəsində, Şirvan şəhəri səhifəsində yazdığı məlumatların onun tərəfindən yazıldığını və həmin məlumatların həqiqəti əks etdirdiyini bildirir. İddiaçı şirkət əsaslandığı rəsmi sənədlərə və şahid ifadələri ilə sübut etməyə çalışdı ki, iş saatı əmək qanunvericiliyinə uyğun tənzimlənir və bununla əlaqədar hər hansı pozuntu ola bilməz. cavabdehin yaydığı məlumat isə internet səhifəsindən də göründüyü kimi şirkətin işgüzar nüfuzuna xələ gətirir, həqiqətəuyğun məlumat deyil, bu məlumatların rəsmi internet səhifələrində qalması bir işəgötürən kimi onlara xələl gətirir, nəticədə insanların şirkətdə işləməkdən çəkinir və bu işçi qüvvəsinin azaldılmasına gətirib çıxarır. Həmçinin bu məlumatla əlaqədar şirkət rəhbəri kimi iddiaçıya mənəvi zərər dəymişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək, cavabdehin üzərinə sosial şəbəkə hesabında yazdığı məlumatların təkzib edilməsi vəzifəsini qoymuşdur. Apellyasiya kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin iddiasında və apellyasiya şikayətinin dəlillərinə qeyd edilmişdir ki, iddiaçı tərəf baş verən hadisə nəticəsində iztirab keçirmiş və buna görə də, ona mənəvi zərər dəymişdir. İşin hallarından görünür ki, iddiaçı hüquqi şəxsdir. Hüquqi şəxsin fiziki cəhətdən iztirab keçirməsi heç bir məntiqə sığmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Göründüyü kimi, hüquqi şəxsin mənəvi zərər tələb etməsi qanunvericiliyin tələblərinə ziddir. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış, həmin məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi müəyyən edilmiş, yayılan məlumatların həqiqətə uyğun olması isə cavabdeh tərəfindən sübut edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini araşdırıb hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməyən hissəsində təmin edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı qətnamə ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(032)-660/2023 saylı qətnaməsi iddiaçı F MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar