Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-271/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-972/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin onun barəsində X3 qaydalarının pozulmasına görə hesablanmış borcun silinməsi və bununla bağlı tərtib olunmuş 033631 saylı aktın etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Bəydili kəndində yaşayır. Onun evinə qanuna müvafiq qaydada işıq xətti çəkilmiş və uzun illərdir ki, sayğac da quraşdırılmışdır. Hər ay 30-40 manatlıq X3 edir və pulunu ödəyir. Son günlər həyətinə kanaldan su gətirmək üçün motora əlavə xətt çəkmişdir. O, evdə olmayan zaman işıq idarəsinin əməkdaşları gəlib həmin xətti ləğv etmiş və akt yazmışlar. Akta görə guya iddiaçı 800 manat dəyərində işıqdan istifadə etmişdir. Halbuki, iddiaçı bu xətti motora çəkmişdi və ondan da cəmi bir neçə dəfə istifadə etmişdir. İddiaçı cavabdeh təşkilatın onu cərimə etməsinə dair həmin 033631 saylı aktı qanunsuz hesab edir. O, cavabdehin hansı metodla hesablama aparmasını başa düşə bilmir. İddiaçıya verilən aktda hal şahidləri qrafasındakı şahidlər işıq idarəsinin işçiləridir. Halbuki, qanunvericiliyin tələbinə görə aktın tərtibatı iddiaçıya bildirilməli, iddiaçı imtina edərsə, bu barədə akta qeyd yazılmalı və iki hal şahidi iştirak etməlidir. Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-972/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nüsrət Mirzəyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-972/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Bəydili kəndində yaşayır. Yaşadığı evə qanuna müvafiq qaydada elektrik xətti çəkilmiş və işlədilən elektrik cərəyanını qeyd etmək üçün sayğac quraşdırılmışdır. İşlətdiyi elektrik cərəyanının da pulunu vaxtlı-vaxtında ödəyir. Hər ay təxminən 30-40 manatlıq elektrik cərəyanından istifadə edir və onun pulunu da vaxtlıvaxtında ödəyir. Son illərdə su problemi yarandığından həyətinə su gətirmək üçün elektriklə işləyən su motoru qurmuşdur. Həmin su motoruna elektrik cərəyanı sayğacdan keçdikdən sonra daxil olur. Hər yay aylarında təxminən 1-2 dəfə su motorundan istifadə edir. İddiaçı evdə olmayan vaxtlarda cavabdeh təşkilatın əməkdaşları həyətinə gəlib əsassız olaraq həmin xətti ləğv etmiş və iddiaçının 800 manat enerji itkisinə yol verməsi barədə akt tərtib etmişlər. Qanunun tələbi baxımından 033631 saylı akt etibarsız hesab edilməlidir. Birincisi, həmin elektrik xətti qanunsuz çəkilməmişdir. Xəttə elektrik cərəyanı sayğacdan keçdikdən sonra daxil olur. Əgər işlətdiyi su motoruna elektrik cərəyanı sayğacdan keçdikdən sonra daxil olursa, deməli, həmin vəziyyət də xəttə qanunsuz qoşulma halı hesab edilə bilməz. İkincisi, əgər cavabdeh təşkilatın əməkdaşlarının dediyi kimi, xəttə qanunsuz qoşulma halı varsa, bunun da qanunauyğun hesablanma qaydası vardır. Cavabdeh təşkilatın əməkdaşlarının hansı qaydada, hansı meyarlara, hansı normativ akta əsasən 800 manat enerji itkisini müəyyən etməsi məlum deyildir. Lakin məlum olduğu kimi “X3 qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı mövcuddur. Həmin qaydalarda elektrik enerjisindən qanunsuz istifadə halları müəyyən edildikdə ziyanın-itkinin hesablanması qaydası müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları ziyan-itki müəyyən edərkən onların gündəlik fəaliyyətini tənzimləyən Qaydaların tələblərini kobud surətdə pozmuş, ziyanı düzgün hesablamamış və nəticədə də qərar qəbul edən Biləsuvar Rayon Məhkəməsi heç bir qanuni və hüquqi əsas olmadan iddianı əsassız olaraq rədd etmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və hazırda qanuniliyi mübahisələndirilən qətnamə ilə istehlakçı kimi hüquqları kobud surətdə pozulmuşdur. Buna görə də hesab edir ki, apellyasiya kollegiyası tərəfindən buna xüsusilə diqqət yetirilməlidir. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehlakçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi həyata keçirir. Normanın mənasına görə, əgər iddiaçı tərəfindən X3 qaydalarının pozulması halı müəyyən edilmişdisə, onda Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyi tərəfindən qəbul edilmiş müvafiq rəy və ya qərar olduqdan sonra enerjitəchizatı müəssəsi iddiaçıdan elektrik enerjisi itkisinə görə müvafiq qaydada pul tələb edə bilərdi. Lakin məhkəməyə təqdim edilmiş sübutlar içərisində belə bir sənəd mövcud deyildir. Deməli, qanunun mənasına görə cavabdeh təşkilatın hər hansı bir akt əsasında iddiaçıdan pul tələb etməsi yol verilən bir hal hesab edilə bilməz. Onların tərtib etdikləri akta əsasən qeyd edilmiş prosessual mərhələ keçmədən iddiaçıdan pul tələb edə bilməz. Lakin qərar qəbul edən məhkəmə işin pu halını nəzərə almadan nəticə etibarı ilə iddiaçının hüquqlarının pozulmasına səbəb olan iddianın rədd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X2 Agentliyinin səlahiyyətlərinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X2 Agentliyi tərəfindən inzibati tənbeh növləri təbiq edilir. Qaydaların mənasına görə, əgər tərəfindən şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edilmişdisə, onda İXM-in tələbinə əsasən inzibati məsuliyyətdə cəlb edildikdən sonra itirilmiş enerjiyə görə iddiaçıdan 800 manat pul tələb oluna bilərdi. Nə qədər ki, qanunun tələbinə uyğun olaraq qeyd edilmiş hala görə inzibati məsuliyyətə cəlb edilməmişdirsə, iddiaçıdan enerji itkisinə görə hər hansı bir pul məbləğinin tələb edilməsi qanunamüvafiq hesab oluna bilməz. Deməli, qeyd etdiyi əsaslara görə iddiaçıya qarşı münasibətdə cavabdeh təşkilatın əməkdaşları qanunun tələbini kobud surətdə pozmuş, qərar qəbul edən birinci instansiya məhkəməsi isə işin bu halına hüquqi qiymət verməmiş və nəticədə istehlakçı kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan yekun qərar qəbul etmişdir. Başqa sözlə, məhkəmə tərəfindən iddianın rədd olunması barədə qərar qəbul edilərkən düzgün nəticəyə gəlinməmişdir. Buna görə də hesab edir ki, apellyasiya kollegiyası iddianın təmin olunması barədə qərar qəbul edərək pozulmuş hüquqlarını bərpa edəcəkdir. Qərar qəbul edən məhkəmə “X3 Qaydaları”nın tələblərinə müvafiq olaraq enerji itkisinin müəyyən edilməsi üçün X2 Agentliyinin rəyinin olmamasına əhəmiyyət verməyərək təkcə videogörüntünü əsas götürməklə qərar qəbul etmişdir. Məhkəmə enerji itkisinin hesablanması ilə əlaqədar Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abinentlərinə münasibətdə sutkanın 24 saatı üçün hesablanması qaydasını nəzərə almamışdır. Primitiv formada tərtib edilmiş, heç bir normaya istinad etməməklə yazılmış, qeyri-mötəbər bir aktı əsassız olaraq sübut kimi qəbul etmişdir. Apellyasiya məhkəməsinin 06 mart 2024-cü il tarixli iclasında iş materiallarında olan videodiskə baxış keçirildi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, videodiskdə onun evinin yaxınlığında yerləşən işıq dirəyi və evi üçün quraşdırılmış işıq sayğacı əks olunmuşdur. Həmin dirəkdən onun evinin damının altına daxil olan bir bağlantının olması videogörüntüdə öz əksini tapsa da, əslində həmin bağlantıdan uzun müddətdir ki, istifadə edilmir. Həmçinin, o xəttin ucu açıqdır və həmin xəttdən hər hansı bir cərəyan keçmir. O bildirdi ki, cavabdeh təşkilat tərəfindən onun barəsində akt tərtib olunarkən hal şahidlərinin iştirakı təmin olunmamış və həmin qanunsuz akt əsasında ona əsassız şəkildə 800 manat məbləğində cərimə hesablanmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 11 iyul 2023-cü il tarixli, NDM 033631 seriya nömrəli aktın surətindən görünür ki, “X3 Qaydaları”na uyğun olaraq abonent İddiaçı elektrik sayğacına baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması, kənar xəttin sip xəttindən 1×2,5 kv.m en kəsikli alüminium naqil vasitəsilə çəkildiyi və kənar xəttin en kəsiyinə görə qoyulmuş gücünün 4,4 kvt/saat olması müəyyən edilmişdir. Aktda kənar xəttin ləğv edilməsi tələbi qoyulmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları Ə.Dadaşov, X.Allahverdiyev və A.Verdiyev tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın (bundan sonra – Qaydalar) 8.17-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-1-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci maddəsinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Apellyasiya məhkəməsinin iclasında tədqiq edilmiş videogörüntüdən də məlum olduğu kimi, iddiaçının evinə sayğacdan kənar xətt çəkilmişdir. İddiaçı apellyasiya məhkəməsinin iclasında həmin xəttdən cərəyan axınının olmadığını qeyd etsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iddiaçı həmin xəttin uzun müddətdir ki, istifadə edilmədiyini bildirməklə, əslində sayğacdan kənar qeyri-qanuni qoşulma yolu ilə X3 etmiş olduğunu qəbul etmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində həyətinə kanaldan su gətirmək məqsədilə motor üçün əlavə xətt çəkdiyini, apellyasiya şikayətində isə motor üçün olan xəttin əslində sayğacdan keçməklə quraşdırıldığını bildirməklə, ziddiyyətli mövqe sərgiləmişdir. Cavabdeh təşkilat tərəfindən aparılmış baxış zamanı çəkilmiş videogörüntü isə iddiaçının sayğacdan kənar qeyri-qanuni qoşulma vasitəsilə X3 etməsi faktını təsdiq edir. Bundan başqa, iddiaçı hazırda mübahisələndirilən aktın onun və hal şahidlərinin iştirakı olmadan tərtib edildiyini qeyd etsə də, məhkəmə kollegiyası bildirir ki, iddiaçının sayğacdan kənar qeyri-qanuni qoşulma yolu ilə X3 etməsi halı videoçəkiliş aparılmaqla müəyyən edilmişdir. Bu baxımdan baxış keçirilən zaman videoçəkiliş aparıldığından, aktın tərtib olunmasında onun və hal şahidlərinin iştirak etməməsi də aktın etibarsızlığına səbəb olmamışdır. Odur ki, hazırda mübahisələndirilən 11 iyul 2023-cü il tarixli, NDM 033631 seriya nömrəli aktın etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. İddiaçı sözügedən akt əsasında ona 800 manat məbləğində borc hesablandığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə kollegiyası isə bildirir ki, 11 iyul 2023-cü il tarixli, NDM 033631 seriya nömrəli aktın etibarsızlığı üçün hər hansı əsas müəyyən edilmədiyindən, həmin akt əsasında hesablandığı iddia edilən borc məbləğinin də əsassızlığı üçün hər hansı səbəb yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-972/2023 saylı qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-972/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-271/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-271/2024
06.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver