Məhkəmə qərarları › İş №2(106)-272/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-272/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-272/2024 29.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərə görə pul tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 2(022)521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurduğu zərərə görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində 90VC403 KİA GEED MİNİK markalı avtomobili vardır. Adı çəkilən avtomobilini etibarnamə ilə idarə etmək üçün qohumu X1 vermişdir. 11 fevral 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Biləsuvar rayonunda həmin rayonun Bəydili kənd sakini Cavabdeh idarə etdiyi VAZ 21063 MARKALİ ** BB *** dövlət nömrə nişanlı avtomobillə onun avtomobilini vuraraq zərər yetirmişdir. Baş vermiş qəza Biləsuvar rayon RPŞ-nin X8 tərəfindən araşdırılmış və TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərara görə VAZ.21063 markalı avtomobilin sürücüçü Cavabdeh təqsiri üzündən inzibati xəta baş verdiyi müəyyən edilmiş və o, İXM-nin 332.1 və 372.2-ci maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. Ona isə bildirilmişdir ki, dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilər. Avtomobilinə dəymiş zərərlə bağlı o, "X9 " oğlunun Servisinə müraciət etmişdir. Orada avtomobilinə dəymiş zərərlə bağlı baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, onun avtomobilinə Cavabdeh törətdiyi qəza nəticəsində 7680 manat zərər dəymişdir. Bununla bağlı ona 15 yanvar 2023-cü il tarixdə Qüsur aktı da verilmişdir. Dəfələrlə cavabdehdən avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etsə də, ödəməmişdir. Ona görə də Cavabdeh onun avtomobilinə vurduğu zərər görə 7680 manat və 100 manat vəkilə ödənilmiş məbləğ, cəmi 7780 manat pulun və dövlət rüsumuna görə ödədiyi 100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə etdiyini, ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı avtomobilə dəymiş zərərə görə ondan 7780 manat pul tələbi barədə iddia qaldırmışdır. Həmin iddianı qanuni və əsaslı hesab etmir. Belə ki, hadisədən sonra dərhal həm öz avtomobilinin və həm də əzdiyi avtomobilin şəkilini çəkmişdir. Hadisə vaxtı İdarə etdiyi VAZ 21063 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil KİA markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissədən sağ tərəfinə dəymişdir. Hadisə vaxtı avtomobilə dəymiş ziyan 7680 manat ola bilməz. Yuxarıda qeyd etdiyi kimi KİA markalı avtomobildə elə bir ciddi zədə yox idi. Ola bilər ki, İddiaçı artomobilini əsaslı şəkildə təmir etmək istəyir. Buna görə də ondan 7680 manat avtomobilə dəymiş zərərə görə pul tələb edir. Lakin tam qətiyyətlə bildirir ki, avtomobilə maksimum 1000 manat zərər dəymişdir. İlk öncə bildirmək istəyir ki, avtomobilə dəymiş zərərə görə Qüsur aktı tərtib edən “X2 Aslan Məmmədrazayevlə öz şəxsi marağı ucbatından həmfikir olmuşdur. Buna görə də onun mənafeyinə uyğun olaraq qüsur aktı vermişdir. Avtomobilə dəymiş zərər maksimum 1000 manat təşkil edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 2(022)521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Nüsrət Mirzəyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 6670 (altı min altı yüz yetmiş) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat və Biləsuvar rayon Vəkil Bürosuna ödənilmiş vəkil xidmətinə görə 100 (bir yüz) manat pulun alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının aparılmasına görə Cavabdeh 50 (əlli) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, avtomaşının əzilmiş hissələrinin sayının mütəxəssis tərəfindən şişirdilməsindən narazı olduğu üçün ekspertizanın təyin olunması barədə vəsatət vermişdir. Vəsatət təmin olunsa da, ekspert əzilmiş abvtomobilə baxış keçirmədən,avtomaşının əzilmiş hissələrini dəqiqləşdirmədən, əvvəlcədən tərtib edilmiş “ziyan aktı”nda göstərilənlərə əsasən rəy vermişdir. Buna görə də apellyasiya baxışında mütləq nəzərə alınmalıdır ki,“ziyan aktı”nda göstərilənlənlə razı deyillər və əsası “ziyan aktı”nda əzilmiş hissələrin sayı süni surətdə şişirdildiyindən real rəy verilməsi ilə əlaqədar ekspertiza təyin edilmişdi. Məhkəmə qanunamüvafiq qərar qəbuletsə də, ekspert həmin rəyi “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olmayaraq icra etmişdir. Lakin yekun qərar qəbuledən birinci instansiya məhkəməsi işin bu halını nəzərə almamış və nəticədə qanuniliyi mübahisələndirilən hazırkı qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-521/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddia həcminin 1000 manat həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və cavabdehin vəkili keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının, cavabdehin və onun vəkilinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-521/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini tərəflərin izahatı və iş materiallarında olan sübutlarla əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətində onun avtomobilinə dəymiş zərərin məbləği ilə razı olmadığını, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-521/2023 saylı qətnaməsinin dəyişdirilərək, avtomaşına dəymiş real zərərin müəyyən edilməsindən ötrü ekspertiziya təyin edilməsini, iddia tələbinin 1000 manat həcmində təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Biləsuvar RPŞ-nin YPXnin TP ******* saylı Qərarından görünür ki, Cavabdeh İXM-nin 327.2 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan 15 yanvar 2023-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X6 ** VC *** KİA GEED minik markalı avtomobilin təmiri üçün İddiaçı 2590 manat və 5090 manat ödəniş etmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli № 9/4232 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan fiziki şəxs X7 (VÖEN **********) tərəfindən tərtib edilmiş 15 yanvar 2023-cü il tarixli “kassa mədaxil orderinin qəbzi”ndəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “KİA GEED” minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərci hadisı baş verən tarixə təxminən 6670.00 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 11 fevral 2023-cü il tarixdə Biləsuvar rayonu Bəydili kənd sakini Cavabdeh idarə etdiyi VAZ 21063 MARKALİ ** BB *** dövlət nömrə nişanlı avtomobillə onun avtomobilini vuraraq zərər yetirmişdir. Baş vermiş qəza Biləsuvar rayon RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən araşdırılmış və TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Həmin qərara görə VAZ.21063 markalı avtomobilin sürücüsü Cavabdeh təqsiri üzündən inzibati xəta baş verdiyi müəyyən edilmiş və o, İXM-nin 332.1 və 372.2-ci maddələri ilə təqsirli bilinib cərimə edilmişdir. 06 sentyabr 2023-cü il tarixli № 9/4232 saylı ekspert rəyinə əsasən 2007-ci il buraxılışlı “KİA GEED” minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6670.00 manat müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 vermiş olduğu apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunsa da ekspert tərəfindən rəy verilərkən avtomobilə real baxış keçirilməmiş, nəzəri hesablama yolu ilə ziyan aktı əsasında rəy verilmişdir. Fotoşəkillərdən də görünür ki, “KİA GEED” minik markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomibilə dəymiş ziyanın həcmi 1000 manatdan artıq ola bilməz. Odur ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-521/2023 saylı qətnaməsinin dəyişdirilməsini və iddia həcminin 1000 manat həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya bununla əlaqədar aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində ekspert tərəfindən rəy verilərkən ziyan aktının təkrarlanması yolu rəy verildiyini və həmin rəy ilə razı olmadığını qeyd etsə də, ekspert rəyinin əsassızlığını təsdiq edəcək sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (yenidən ekspertiza təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar