Məhkəmə qərarları › İş №2(106)-273/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-273/2023

01.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-273/2023 01.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X2, Cavabdeh, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli 2(018)-1152/2022 saylı qətnaməsindən (hakim M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, 10000 (on min) ABŞ dollar pulun icra vaxtı Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq və 141 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır. Belə ki, cavabdeh ona başqa kişilərlə xəyanət etdiyinə görə onlar ayrılmışlar. Birgə nikah dövründə 2019-cu il tarixdə Rusiya Federasiyasında yaşayan dayısı X1 rayonu, Kijəbə qəsəbəsində inşa etmiş evinin təmiri üçün “Zolotaya Korona” sistemi vasitəsilə Səbuhi Abdullayevdən əlavə üç nəfərin vasitəsi ilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulu onun adına köçürmüşdür. Həmin puldan 10000 (on min) ABŞ dolları hissəsi evin təmiri üçün xərclənmiş, digər 10000 (on min) ABŞ dolları məbləğindəki pulun saxlanılmasını dayısı ona etibar etmişdir. O, isə həmin pulun saxlanılmasını Cavabdeh vermişdir. Aralarında mübahisələr başlayandan, cavabdehin ona xəyanət etməsindən sonra, cavabdehdən pulları tələb etdikdə, cavabdeh pulun evdə olduğunu bildirmişdir. Evdən çıxıb getdikdən sonra isə mübahisələrinin daha ciddi vəziyyət aldığını və vəziyyətin çıxılmaz olduğunu gördükdə, pulun cavabdeh tərəfindən oğurlanması faktı ilə bağlı 11 may 2022-ci ildə Astara raon Polis Şöbəsinə müraciət etmişdlir. Polisdə müvafiq araşdırmalar aparılandan sonra rəsmi məktubla ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onu da qeyd edir ki, cavabdehin xəyanəti ilə bağlı hər şey bəlli olandan sonra, cavabdeh bir müddət pulu Elvin Qəmbərov adlı şəxsə avtomobil almaq məqsədilə verdiyini bildirmişdir. Məhkəməyə əvvəl müraciət etmiş olduğu ərizəsində də vuruğlayırdı ki, 10000 ABŞ dolları pulları olub. Beləliklə dayısı Səbuhi Abdullayevin onda saxlanılan 10000 ABŞ dolları məbləğində pulunun cavabdehin hansı istiqamətdə apararaq mənimsədiyini bilməsə də, oğurlandığına əmin olmaq üçün evi axtardıqdan sonra heç-nə tapmaması onda əminlik yaratmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh tərəfindən pulun götürülməsi barədə “whatsapp” yazışmaları və onunla telefon danışıqları olmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X7 iddianın tam əsaslı olduğunu bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib rədd olun6masını xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahları dövründə iddiaçı və valideynləri onu bir ailə üzvü kimi qəbul etməmişlər. İddiaçı onun yanında telefonla başqa qadınlarla danışmış, günlərlə evə gəlməmişdir. İddia edilən pul onda olmamış, iddiaçı tərəfindən ona heç vaxt verilməmiş, həmin pulu Elvin Qənbərov adlı şəxsə avtomobil almaq məqsədilə verməsi kimi heç vaxt ifadə işlətməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi (atası) X12 Cavabdeh ilə oxşar məzmunlu izahat verərək Cavabdeh gösətdiyini xüsusatları bir daha da təsdiq etmişdir. Astara Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli 2(018)-1152/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh iddianı qəbul etməmiş, əsassız olduğunu bildirmiş, iddiaçı isə məhkəməyə iddiasını təsdiq edə biləcək mötəbər sübutlar təqdim etməmişdir. İddia sübut olunmadığından rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Tələblə bağlı məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmiş Cavabdeh ilə Elvin Qəmbərov arasında aparılan telefon vatsap yaşımaları vardır. Cavabdeh tərəfindən digər tələblərlə bağlı həmin məhkəmə iclaslarında bu cür vatsap yazışmalarının sosial şəbəkələrdə tanış olduğu Bakı şəhər sakini Elvin Qəmbərovla apardığını etiraf etmişdir. Həmin vatsap yazışmalarının 15-ci vərəqinin 3-cü sətirində onların arasında yazışmalarda “Nə qədər pul yığmısan”, 5-ci sətrində “Mənə pul yığın maşın alım, yayda gedəy Qəbələyə”, 17-ci vərəqinin 1-ci sətrində “Sən bir aya dirəşsən mənə maşında alarsan prostu etmirsən” kimi ifadələr yer alır. Məhkəmə isə bu sübutu iş materiallarından kənarlaşdıraraq, qiymətləndirməkdən vaz keçir. Bundan başqa hazırki iş üzrə birinci instansiya məhkəməsinə audio yazı qeydə alan telefon cihazını təqdim edərək, məhkəmə fonoskopik və lingvistik ekspertizası keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Həmin audio yazıda iddiaçı qeyd edir ki, “mən pulun hamısını yox, üstündən bir dənəsini götürmüşəm”. Lakin məhkəməyə təqdim edilmiş sübutlardan və cavabdehin qismən etirafından aydın olur ki, cavabdeh həmin pul vəsaitlərindən xəbardar olmuşdur. Pul vəsaitinin saxlanığı yeri bilməklə üstündən bir dənə götürmüşəm” ifadə etməklə iddianı qismən etiraf etmişdir. Məhkəmə həmin sübutları araşdırmaq və ekspertiza keçirmək əvəzinə, bu barədə verilmiş vəsatəti rədd etmişdir. Bundan başqa məhkəmə bütün iştirakçıların izahatlarını protokola düzgün qeyd etməmişdir. (Bu barədə xx.xx.2022ci il tarixdə nümayəndəsi və vəkili iş materialları ilə tanış olduqdan sonra dərhal protokola qeydlər vermişdir.) Belə hesab edir ki, məhkəmə bütün prosesin gedişatını, müəyyən edilən halları təhrif edərək, nəticə düzgün olmayan qətnamə çıxarmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun gəlmir. Yeni sübutları hələ ki, yoxdur. Bütün mötəbər sübutları və dəlilləri birinci instansiya məhkəməsində təqdim etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, dayısı tərəfindən göndərilən 20000 ABŞ dolları puldan dayısının evinin təmiri üçün 10000 ABŞ dolları xərclənəndən sonra, qalan 10000 ABŞ dolları məbləğində pulu həmin vaxt həyat yoldaşım kimi cavabdehə güvəndiyimdən, ona əmanət etmişdi. 2021-ci ildə cavabdehin instaqramda Elvin adlı şəxslə danışdığını öyrəndim. Cavabdeh yalvardı ki, səhv etmişəm bağışla və mən də uşaqları düşünüb ailəni dağıtmamağı qərara aldım. Bundan sonra hər şey normal davam etdi. Bir dəfə cavabdeh mənə zəng vurdu və özünü pis hiss etdiyini bildirdi. Mən də ona dedim ki, atana xəbər et, gəlib səni həkimə aparsın. O atası ilə gəlib mənim iş yerimdə məndən 100 manat pul götürdü. Bir müddət sonra evdə oturan zaman cavabdehin ikinci telefonunu tutdum və eyni şəxslə yazışmalarını gördüm. Aprel ayının 8-də atası və əmisi gəlib onu apardılar. Cavabdeh birinci instansiya məhkəməsində həmin pulun üstündən 1 dənə götürdüyünü etiraf edib, burada da bildirə bilər. Pullar dayısı Səbuhiyə məxsusdur, sadəcə onun saxlancında idi. Hazırda dayısı həmin pulları ondan tələb edir. Cavabdeh də pulların onun dayısına məxsus olduğunu bilirdi. Cavabdeh evdən gedənədək, yəni aprel ayının 8-dək həmin pullarla bağlı aralarında hər hansı bir mübahisə olmamışdır. Həmin pul məbləğindən öz istifadəsi üçün xərcləməmişdir. Məhkəmədə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinə yazışmalar təqdim etmişdik, lakin iş materiallarından çıxarılıb həmin yazışmalar. Bu barədə məhkəməyə verdiyimiz qeydimizdə də yazmışıq. Belə ki, cavabdeh əgər mübahisəli pul məbləğini götürməmişdisə, niyə Elvin Qəmbərov adlı danışdığı şəxslə həmin pullar barədə danışıb ? Yazışmalarda Elvin cavabdehə deyir ki, mənə avtomibil al. Cavabdeh hansı işin, hansı maddi qazancın sahibidir ki, Elvin ona mənə avtomobil al deyir ? Elvin Qəmbərova 10000 ABŞ dollarının şəklini çəkib göndərib cavabdeh. İstəyimiz budur ki, məhkəmə cavabdehlə Elvin Qəmbərov arasında olan “whatsapp” yazışmasını sorğu verərək çıxarılmasını təmin etsin. O yazışmalarda işin hallarını sübut edəcək hər şey əks olunub. Möhtərəm məhkəmə kollegiyası, cavabdeh özü etiraf edir ki, pulun üzərindən 1 ədədini götürmüşdür. Burdan belə nəticəyə gəlmək olar ki, pul cavabdehin götürə biləcəyi yerdədir və o bu etdiyini təkrar edə bilərdi. Birinci instansiya məhkəməsi qərəzli şəkildə işin mahiyyəti üzrə araşdırmasına səthi yanaşaraq qanunsuz qərar vermişdir. Sizdən xahişimiz odur ki, işin hərtərəfli araşdırılması üçün cavabdehlə Elvin arasındakı “whatsapp” yazışmalarını əldə edəsiz və belə olan halda işin halları tam aydın olacaqdır. Əgər bu dediyimiz yazışmalar əldə olunsa və bizim zərərimizə qətnamə qəbul olunsa belə, biz kassasiya şikayəti də verməyəcik. Məhkəmədə Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iddiaçının dayısının 20000 pul göndərməsi doğrudur. Lakin həmin pulu ev tikintisi üçün yox, bacısı oğluna saxlaması üçün və əgər lazım olarsa xərcləri üçün istifadə etməsi məqsədi ilə göndərmişdi. İddiaçı həmin pulu evdə saxlyarıdı və pulun yerini uşaqlar da daxil hamı bilirdi. Bundan başqa iddiaçı tez-tez həmin pulun üzərindən götürüb xərcləyirdi. Mən bir dəfə xəstəxanaya gedən zaman həmin pulun üstündən 1 dənəsini götrmüşəm. Həmin pulun 80-90 manatına bir samsung telefonu və qalanına kontur almışam. İddiaçının dedikləri hamısı yalan, şər və böhtandan başqa bir şey deyil. Mən o pulları götürməmişəm. Pullar iddiaçının dayısı Səbuhiyə məxsus idi. Arazın dayısının imkanı yaxşıdır, pulu göndərdi ki, saxlasın, özünə lazım olanda xərcləsin və nə vaxtsa imkanı olanda geri verər. Pulların iddiaçının dayısı Səbuhiyə aid olduğunu bilərək, əmlak tələbi barədə iddiasında həmin 10000 ABŞ dollar məbləğini istəməkdə səhv etmişdir, sonradan həmin 10000 ABŞ dollarla bağlı hissədə iddiasından imtina etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və izahatında göstərdi ki, iddiaçının dərdi uşaqlarıdır. O uşaqları anasından almaq istəyir. Ona görə belə iddialarla onları məhkəməyə verir. Dəfələrlə onunla görüşüb uşaqları vermələri üçün pul təklif ediblər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq mülki iş üzrə üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan “Zolotaya Korona” surətli pul köçürmə sistemi üzrə 09 oktyabr 2019-cu il tarixli fiziki şəxsin vəsaitin alınması üçün müraciətlərindən görünür ki, X3, X14, X11 və Məmmədov Yasin oğlu tərəfindən hər biri 5000 ABŞ dolları olmaqla İddiaçı ümumilikdə 20000 (iyirmi min) ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Astara rayon Ojakəran kənd sakinləri Cavabdeh və X8 müraciətləri əsasında toplanmış HK-1/484 saylı material üzrə Astara rayon polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Qasım Hüseynovun 18 aprel 2022-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə müəyyən edilmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində Cavabdeh yaşadıqları evdə ailə daxili və qısqanclıq zəminində yaranan mübahisə nəticəsində əri Azad Ağayev tərəfindən qəsdən döyülmüş, dərəcəsi təyin olunmayan xəsarət almışdır. Qeyd olunan HK-1/484 saylı material üzrə təhqiqat zamanı izahatı alınmış Astara rayon Ojakəran kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır, evlidir, 2 övlad anasıdır, rəsmi olaraq heç yerdə işləmir və evdar qadındır. İddiaçı onun əridir, aralarında əvvəllər münasibətləri yaxşı olmuşdur. 01 yanvar 2022-ci il tarixdə əri İddiaçı xəbərsiz olaraq mağazadan mobil telefon alaraq, Bakı şəhər sakini Elvin adlı şəxslə vhatsappda yazışıb danışmağa başlamışdır. 11 fevral 2022-ci il tarixdə axşam saatlarında, əri Araz Abbasov yaşadığı evə gəldiyi vaxt digər telefonuna zəng gəldiyini eşitdiyi üçün aralarında mübahisələri yaranmış, mübahisə zamanı Araz Abbasov ondan ikinci mobil telefonu işlətməsinin səbəbini soruşduğunda, heç bir söz tapıb deyə bilmədiyi üçün döyülmüş, daha sonra Araz onun atası Malik Zülfüqarova zəng vurub gəlib onu evinə aparması demişdir. Atası Malik onun yaşadığı evə gəlmiş, Araz Abbasova xəstə olduğunu və bir müddətdən sonra gəlib qızını aparacağını demiş, bundan sonra o iki ay İddiaçı ilə birlikdə yaşamışdır. Müxtəlif vaxtlarda İddiaçı işdən gəlib onun bucür səhfə yol verdiyini bağışlaya bilmədiyi üçün döymüşdür. 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində İddiaçı azyaşlı övladlarının ağlamağını eşitdiyi üçün ona əsəbləşib, sözlə mübahisə etməyə başlamış, mübahisə zamanı onun sifət və bədən nahiyəsinə təpik yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. Bu səbəbdən yaşadığı evdən çıxıb, atası Malik Zülfüqarovun evinə getmiş, atası ilə məsləhətləşdikdən sonra, Astara rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Qeyd olunan HK-1/484 saylı material üzrə təhqiqat zamanı izahatı alınmış Astara rayon Tüləgüvan kəndində qeydiyyatda olan və yaşayan İddiaçı izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır, evlidir, 2 övlad atasıdır, rəsmi olaraq Astara çay fabrikində mühasib işləyir. Cavabdeh onun arvadıdır, aralarında əvvəllər münasibətlərinin yaxşı olmuşdur. 02 dekabr 2021-ci il tarixdə arvadı Cavabdeh ondan xəbərsiz yaşadığı evin eyvanından özünü yerə ataraq xəsarət aldığı üçün səhəri gün atası Malik ilə birlikdə Lənkəran rayon xəstəxana getmək adı ilə evdən çıxmış, lakin arvadı atası ilə xəstəxanaya getməmişdir. Evə gəldiyində telefon mağazasında mobil telefon alıb, Bakı şəhər sakini Elvin adlı şəxslə vhatsappda yazışıb danışmağa başlamışdır. 11 fevral 2022ci il tarixdə axşam saatlarında, o işdən yaşadığı evə gəldiyi vaxt arvadı Cavabdeh digər telefonuna zəng gəldiyini eşitdiyi üçün aralarında mübahisələri yaranmış, mübahisə zamanı arvadı Fəridədən ikinci mobil telefon işlətməsinin səbəbini soruşduğunda, Fəridə ona əcəb etdiyini bildirdiyi üçün döymüş, daha sonra qaynatası Malik Zülfüqarova zəng vurub Fəridəni gəlib evinə aparmasını bildirmişdir. Malik yaşadığı evə gəlib, xəstə olduğunu və bir müddətdən sonra gəlib qızı Fəridəni aparacağını ona deyib evindən getmişdir. Həmin vaxtdan sonra Fəridə onunla birlikdə yaşamağa davam etmiş, 08 aprel 2022-ci il tarixdə atası Malikin evinə çıxıb getməsini bildirdiyi üçün aralarında təkrarən mübahisələri yaranmışdır. Fəridə atası Malikin evinə getdikdən sonra polisə onun barəsində şikayət edib tuturacağı ilə hədə-qorxu gələrək evdən çıxıb getmiş, həmin günü o, Cavabdeh döyməmiş və heç bir xəsarət yetirməmişdir. Arvadı Fəridə və atası Malik boşanmağına əngəl yaratması səbəbindən 14 aprel 2022-ci il tarixdə qərəzli olaraq polisə gəlib ərizə ilə döyülməsi barədə müraciət etmişlər. İş materiallarına əlavə edilmiş İddiaçı şikayəti əsasında Astara rayon Polis Şöbəsinə aparılan araşdırma çərçivəsində verdiyi izahatından görünür ki, Fəridə ilə evli olduqları vaxt ərzində Fəridənin, onun dayısı tərəfindən ona göndərilmiş 10000 dollar pulu götürərək müxtəlif şəxslərə xərclədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı şikayəti əsasında Astara rayon Polis Şöbəsinə aparılan araşdırma çərçivəsində Cavabdeh verdiyi izahatından görünür ki, ərinin onun tərəfindən evdən 10000 dollar pul götürməsi barədə yazdıqlarının yalan olduğunu, evdən pul götürmədiyini, evdən çıxan zaman heç-nə götürməyərək əyin paltarı ilə çıxdığını, ərinin ona böhtan atdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İşin mübahisəsiz müəyyən olunan hallarına əsasən tərəflər el-adəti ilə ailə quraraq nikahlarını 15 yanvar 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 16 fevral 2014 və 19 iyun 2019 təvəllüdlü iki uşaqları vardır. Cavabdehin ərindən xəbərsiz mobil telefon alaraq başqa şəxslə vatsapda yazışmasını 11 fevral 2022-ci ildə iddiaçı biləndən sonra mübahisələri düşmüş, iddiaçı həmin gün cavabdehin atasına zəng edərək gəlib qızını aparmasını bildirmişdir. Cavabdehin atası iddiaçının evinə gəlsə də, xəstə olduğunu və bir müddət sonra gəlib qızını aparacağını bildirərək iaparmamış, tərəflər 08 aprel 2022-ci il tarixinədək bir yerdə yaşamağa davam etmişlər. 08 aprel 2022-ci il tarixdə saat 11 radələrində Cavabdeh yaşadıqları evdə ailə daxili və qısqanclıq zəminində yaranan mübahisə nəticəsində əri Azad Ağayev tərəfindən qəsdən döyülmüş, bu səbəbdən yaşadığı evi tərk edərək atası evinə getmişdir. Hazırda iddiaçı dayısı tərəfindən ona göndərilən, dayısına məxsus 10000 ABŞ dolları məbləğində pulu birgə yaşadıqları dövrdə saxlamaq üçün arvadı olan cavabdehə verdiyini, cavabdeh evdən çıxıb getdikdən sonra pulları evdə tapmayaraq, cavabdeh tərəfindən oğurlanması ilə bağlı polisə şikayət etdiyini, polisdə müvafiq araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, cavabdehə qarşı həmin pulların tələbini irəli sürür. Cavabdeh isə 08 aprel 2022-ci il tarixdə əri olan iddiaçı tərəfindən döyüldüyündən ər evini əynindəki paltarda evdən heç-nə götürmədən tərk edib atası evinə getdiyini, iddiaçının tələb etdiyi pulları isə onun saxlancına vermədiyini və özünün evdə saxladığını, pulun yerinin uşaqlar da daxil hamının bildiyini, bir dəfə xəstəxanaya gedən zaman həmin pulun üstündən bir dənəsini götürərək mobil telefon və kontur aldığını, həmin pulları götürmədiyini və iddiaçının dediklərinin hamısının şər-böhtan olduğunu bildirir. İşin mübahisəli halları ilə bağlı kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə yaşadıqları dövrdə evlərində 10000 ABŞ dolları məbləğində pulun olması müəyyən olunsa da, iddiaçı tərəfindən həmin pulların cavabdehin məsul saxlancına verilməsinə, əlaxsüs cavabdeh tərəfindən münasibətləri korlanarkən götürülməsinə, yaxud israf edilməsinə dair hər hansı bir sübut verilməmişdir. Tərəflərin münasibətləri isə 11 fevral 2022-ci il tarixindən, yəni iddiaçının cavabdeh tərəfindən ikinci mobil telefondan istifadə olunması halı aşkarlanandan sonra pozulmağa başlasa da, tərəflər həmin tarixdən 08 aprel 2022-ci il tarixinədək birlikdə yaşamışlar. Qeyd olunan zaman kəsiyində iddiaçının hazırda tələb etdiyi pullarla bağlı cavabdehə qarşı hər-hansı bir iddiası olmamış, zamanzaman mübahisələri olsa da, mübahisələr yalnız iddiaçının cavabdehin başqa şəxlə vatsapda yazışmasını bağışlaya bilməməsindən dolayı baş vermişdir. Nəhayət 08 aprel 2022-ci il tarixində baş vermiş növbəti mübahisə zəminində cavabdeh iddiaçı tərəfindən döyülərək(18 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarı ilə müəyyən olunan hal) əynindəki paltarla ər evini tərk edərək atası evinə getməli olur. İşin mübahisəli hallarını təhlil edən kollegiya qeyd edir ki, hətta fərz etsək ki, iddiaçı tərəfindən iddia olunan pul məbləği həqiqətən cavabdehə məsul saxlanca verilib, tərəflərin münasibətlərinin pozulmağa başladığı 11 fevral 2022-ci il tarixindən 08 aprel 2022-ci il tarixinədək birlikdə yaşadıqları dövrdə iddiaçının həmin pul vəsaiti ilə maraqlanmaması inandırıcı deyildir. Apellyasiya baxışı zamanı iddiaçının özü də verdiyi izahatında cavabdeh evdən gedənədək, yəni aprel ayının 8-dək həmin pullarla bağlı aralarında hər hansı bir mübahisənin olmadığını təsdiq etmişdir. Əgər aprel ayının 8-dək iddia olunan pul vəsaiti ilə bağlı tərəflər arasında mübahisə olmamışdırsa, demək pul vəsaiti yerində olmuş və belə olan halda iddiaçı pulun cavabdeh tərəfindən gedərkən özü ilə aparılmasının sübutunu verməli idi. Lakin işdən belə bir hal müəyyən olunmur, iddiaçı bununla bağlı hərhansı bir mötəbər sübut verə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli 2(018)-1152/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar