Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-290/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(073)-1134/2022 saylı qətnaməsindən iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 60000 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh Asif onun tələbə yoldaşı olduğundan aralarında səmimi münasibət olmuşdur. 2018-ci ilin əvvəllərində cavabdeh ona 28 May metrostansiyasının yaxınlığında icarəyə mağaza götürüb mobil telefonların alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Cavabdeh ona telefon satışında yaxşı qazanc olduğunu bildirərək ortaqlıq təklif etmiş və ortaq olaraq 10000 manat pul istəmişdir ki, satmaq üçün əlavə telefonlar alıb mağazaya gətirsin. O, da Asifin səmimiyyətinə inanaraq 2018-ci ilin əvvəllərində 28 May metrostansiyasının yaxınlığında işlədiyi mağazada Asifə 7000 manat pul vermişdir. Həmin vaxtdan şərik kimi onun yanında olmuşdur. Asif ona işlərin yaxşı getdiyi üçün əlavə pul qoyub al-veri daha da böyütmək istədiyini bildirmişdir. O, Asifin sözlərinə inanaraq mağazada telefon və aksessuar çeşidinin çoxalması üçün iki ay rəzində Asifə ümumilikdə 60000 manat pul verdikdən sonra Asif mağazaya müxtəlif çeşidli telefonlar gətirmişdir. Mağazada bütün satış işlərini Asif özü həyata keçirmişdir. Bundan sonra təxminən 6 ay ərzində ümumi qazancdan 2000 manat olmaqla təxminən 15000 manat pul götürmüş və götürdüyü pulun hesabı da Asif tərəfindən aparılmış və öz hesabat kitabında tarixlərin qeydini aparmışdır. 2018-ci ilin iyul ayında cavabdeh kredit götürmüş və o da cavabdehə zamin kimi kreditin götürülməsində iştirak etmişdir. Krediti cavabdeh öz məqsədlərinə istifadə etmişdir. 2020ci ilin əvvəllərində Covid-19 pandemiyası ilə bağlı mağazada satış azalmış və o, Asifdən heç bir qazanc tələb etməmişdir. Asiflə şərikli iş fəaliyyətinin zəif olduğunu görüb özü müstəqil fəaliyyətlə məşğul olmuşdur. Özü üçün geyim əşyaları mağazası açmışdır. Asifin də bu barədə məlumatı olmuşdur. Asif şərik olmaq üçün verdiyi 60000 manat pulu hissəhissə qaytaracağını ona söz vermişdir. O, da Asifə inanaraq öz işi ilə məşğul olmuşdur. Asiflə iş birliyi təxminən 6 ay olmuşdur. Cavabdeh Asiflə olan alverə dair danışıqlar yalnız öz aralarında olmuş, heç kim söhbətlərində iştirak etməmişdir. Şəriklikdən ayrılarkən hərhansı məbləğin Asifin ona qaytarması barədə danışığı olmamışdır və oturub haq-hesab etməmişlər. Lakin Asif 60000 manat borcunu müxtəlif vaxtlarda qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Nəticədə Asif aralarında yaranmış səmimi münasibətdən istifadə edərək onu aldatmış və pulu qaytarmaq fikrindən yayınmışdır. Bu məsələ ilə əlaqədar məcbur olaraq Bakı şəhəri Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsim rayon Polis İdarəsində onun ərizəsi əsasında araşdırma aparılmış, onların izahatları alınmış və Asif öz izahatında pulu yaxın vaxtlarda qaytaracağını göstərmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(073)-1134/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instsansiya məhkəməsində vermiş olduğu izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təmsil edərək hüquqlarını müdafiə etdiyi cavabdeh vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətini 01 noyabr 2019-cu ildən 01 noyabr 2024-cü ilədək dayandırmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil1 izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir, 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir, 1-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür, 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunur ki, 2019cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Plenum Qərarının 11-ci bəndində qeyd olunur ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Plenum Qərarının 12-ci bəndində qeyd olunur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Mülki işin apellyasiya baxışı zamanı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən edilmiş çıxarışlardan görünür ki, İddiaçı 17 dekabr 2010-cu ildən (VÖEN-**********), Cavabdeh isə 04 oktyabr 2004-cü ildən (VÖEN-**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kimi qeydiyyatdadırlar. Göründüyü kimi hazırki mübahisənin subyekt tərkibi ilə yanaşı, mübahisənin predmeti də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırki mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Cəlilabad Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli 2(073)-1134/2022 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilmədiyi halda, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-290/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-290/2023
15.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver