Məhkəmə qərarları › İş №2(106)-304/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-304/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-304/2025 25.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mİrlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 122.000 (yüz iyirmi iki min) manat məbləğində pul vəsaitinin, 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin, cəmi 142.000 (yüz qırx iki min) manat məbləğində pulun tutularaq ona verilməsinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 432 (dörd yüz otuz iki) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisini aparan zaman Cavabdeh tanımışdır. Həmin vaxt Cavabdeh həmin evin bütün təmir işlərini görəcəyini söz verərək, ilkin olaraq ondan hissə-hissə 29.000 manat məbləğində pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, evin tikintisi və təmiri üçün ödənilmiş məbləğin əvəzində heç bir iş görməmişdir. Bundan sonra cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh 4.000 manat məbləğində pulu geri qaytarmış, 25.000 manat məbləğini isə qaytarmamışdır. Sonradan Cavabdeh ona tikinti və təmir işlərini davam etdirəcəyini vəd etdiyindən, evdə işləmək üçun bir neçə ustanı evə göndərmişdir. Bundan sonra hissə-hissə olmaqla Cavabdeh 122.000 (yüz iyirmi iki min) manat məbləğində pul vermişdir. Lakin bundan sonra da cavabdeh vədinə əməl etməyərək, nə tikinti işlərini başa çatdırmamış, nə də aldığı məbləğləri geri qaytarmamışdır. Cavabdeh ona qarşı etibarından sui - istifadə etməklə, evi təmir etdirəcəyi vədi ilə aldadaraq, 122.000 manat pulunu ələ keçirməsi barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə mübahisə mülki xarakterli olması bildirilərək, cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə dəfələrlə xəbər göndərməyinə baxmayaraq iddiaçıya olan borcunu ödəmir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsi ilə (hakim A.Pənahov) İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş 432 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 X1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023cü il tarixli, HK1/873 nömrəli material üzrə qəbul etdiyi 30 aprel 2024-cü il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatı alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Hazırda iddia tələbində qeyd edilən borc 142.000 manat, yəni 3.000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. İddiaçı X4 iddia tələbini sübut etmək üçün məhkəməyə əlyazma ilə yazılmış qəbzlərin surətini təqdim edərək, bildirmişdir ki, Cavabdeh həmin qəbzləri yazmaqla ona borcunun olduğunu etiraf etmiş və bunun əvəzində girov kimi özünə məxsus olan Bakı şəhəri Binə qəsəbəsində yerləşən 6 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli evini ona verdiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd edilən qəbzlərin kimin tərəfindən yazıldığı və imzalandığını müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə cavabdehlə Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilmədiyindən iddia tələbi mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 21.2, 385.1, 386.1, 739.1, 739.2, 740.1, 740.2, 777.1, 777.2, 1096-cı maddələri, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndi, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı, «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 78.1, 81, 88, 107, 119.1, 217.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq məbləğin 3000 manatdan yuxarı olması və tərəflər arasında yazılı borc müqaviləsinin notarial qaydada təsdiq edilməməsi və pulun verilməsi və qaytarılmaması barədə sübutların təqdim edilməməsi qənaətinə gəlməklə formal araşdırma aparmışdır. Cavabdehə tikinti-təmirlə bağlı pulu verərkən hüquqlarını bilmədiyindən tapşırıq müqaviləsi bağlanması barədə düşünməmiş və cavabdeh tərəf də buna heç bir təşəbbüs göstərməmişdir. İşin mahiyyətindən göründüyü kimi pul məbləği cavabdehə borc kimi deyil, tikinti təmir işləri və fəhlələrin pullarının ödənilməsi ilə bağlı verilmişdir və cavabdeh iltizam yazaraq pulu almasını təsdiq etmişdir . Məhkəmə isə qəbzlərin kimin tərəfindən imzalanması və yazılmasının müəyyən edilməsinin mümkün olmadığını göstərmişdir. Halbuki qanunvericiliyə uyğun olaraq ekspertiza təyin etməklə bunun müəyyən edilməsi üçün tədbirlər görülməli idi. Həmin imzanın cavabdehə məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilə bilərdi. Həmçinin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır və cavabdeh imzanın ona məxsus olmamasına dair heç bir şey bildirməmişdir. İşin faktiki hallarından aydın olur ki, cavabdeh ondan borc almamışdır, hissə-hissə tikinti işləri aparacağı ilə bağlı almış, yerinə yetirməmiş və aldığı pulları da geri qaytarmamışdır. Polis İdarəsinin qərarında cavabdehin izahatının alınmaması işin mülki xarakterli olması səbəbindən alınmadığı bildirilmişdir. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Qanunun normasına uyğun olaraq cavabdehdən qeyd edilən məbləğdə pul alınaraq ona qaytarılmalıdır. Polisə şikayət etdikdən sonra pulun az bir miqdarını ödəməsi və digər hallar birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılmamışdır . Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin 2(049)-2629/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1-cı madddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsinin ləğv еdilməsini, iddianın təmin еdilməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еtmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi 2 hissədən ibarətdir: pul tələbi və mənəvi ziyan tələbi. Məhkəmə tərkibi ilk olaraq iddia tələbinin “pul tələbi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün tətbiq edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin borc və tapşırıq müqaviləsindən bəhs edən normalarına istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin podrat müqaviləsindən bəhs edən normalarına istinad etməli idi. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddianın pul tələbi hissəsində qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Qeyd edilməlidir ki, Mülki Məcəllədə podrat müqaviləsi üçün forma tələbi müəyyən edilməmişdir. Ona görə də, podrat müqaviləsi Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bununla yanaşı, Mülki Məcəllənin 406.2-ci maddəsində müəyyən edilmişdir ki, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Bu baxımdan podrat münasibətlərindən irəli gələn mübahisələrdə tərəflərdən hər hansı biri müqavilənin bağlanması halını mübahisələndirərkən tərəflərin müqaviləni müəyyən formada bağlamaq barəsində razılaşmasının olub-olmaması müəyyən edilməlidir. Belə razılaşmanın mövcud olması, lakin tərəflərin həmin razılaşmaya riayət etməməsi isə birmənalı olaraq müqavilənin bağlanmaması nəticəsinə gəlmək üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 407.1, 408.1, 409.1, 409.4-cü maddələrində müəyyən edilmişdir ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Oferta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. İddiaçı iddia edir ki, Cavabdeh iddiaçıya məxsus evin bütün təmir işlərini görəcəyini söz verərək, ilkin olaraq ondan hissə-hissə 29.000 manat məbləğində pul almışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, evin tikintisi və təmiri üçün ödənilmiş məbləğin əvəzində heç bir iş görməmişdir. Bundan sonra cavabdehdən pulunu geri tələb etdikdə, cavabdeh 4.000 manat məbləğində pulu geri qaytarmış, 25.000 manat məbləğini isə qaytarmamışdır. Sonradan Cavabdeh ona tikinti və təmir işlərini davam etdirəcəyini vəd etdiyindən, evdə işləmək üçun bir neçə ustanı evə göndərmişdir. Bundan sonra hissə-hissə olmaqla Cavabdeh 122.000 manat məbləğində pul vermişdir. Lakin bundan sonra da cavabdeh vədinə əməl etməyərək, nə tikinti işlərini başa çatdırmamış, nə də aldığı məbləğləri geri qaytarmamışdır. Məhkəmə tərkibi iddia tələbinə münasibət bildirərək qeyd edir ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırki işdə iddiaçı sübut qismində cavabdehin 119.750 manat almasına baxmayaraq pulu vermədiyini qeyd etdiyi əlyazmaları olan kitabçanı göstərmişdir. Məhkəmə tərkibi sözügedən kitabçada qeyd edilən ifadələrə nəzər yetirərək iş üzrə əhəmiyyət kəsb edən bu halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının həyata keçirilməsi üçün sərbəst yazı və imza nümunələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı 13 yanvar 2025-ci il tarixli məktub Cavabdeh ünvanlanmış, sözügedən məktub 22 yanvar 2025-ci il tarixində Cavabdeh təqdim edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 24 yanvar 2025-ci il tarixli, 4/121/2025 saylı ekspert vəsatətinə əsasən 12 fevral 2025-ci il tarixdə (səhifə 94) Cavabdehyla mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və Cavabdeh yazı və imza nümunələrinin götürülməsi məqsədi ilə məhkəməyə yaxınlaşmalı olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən məhkəməyə 01 aprel 2025-ci il tarixli, 121/2025 saylı məhkəməxətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat verilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi hazırda cavabdeh yazı və imza nümunələrini təqdim etməmişdir. Bu onu deməyə əsas verir ki cavabdeh a) Ekspertizanın keçirilməsinə əngəl yaradır. b) sübut hüququndan istifadə etmir. c)İşin nəticəsində maraqlı olmadığını nümayiş etdirir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, cavabdehin ekspertizanın keçirilməsini əngəlləməsi cavabdehin öz əleyhinə hüquqi nəticə kimi qiymətləndirilməlidir. Bu davranış prosessual hüquqdan imtina olmamaqla, əksinə, sübutların araşdırılmasına mane olmaq və məhkəmədən yayınmaq məqsədi daşıyır. Əgər cavabdeh yazıların ona aid olmadığını iddia etsəydi, ən sadə və obyektiv yol nümunə vermək olardı. Onun imtinası isə obyektiv qiymətləndirməyə imkan vermir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, sözügedən əlyazmalar həqiqətən də tərəflər arasında podrat müqaviləsi çərçivəsində razılaşmanın olduğunu, lakin cavabdehin bu müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini və yerinə yetirməkdən boyun qaçırdığını sübut edir. Hazırda diqqət yetirilməli olan əsas məqam görülmüş işlərin dəyəri ilə bağlıdır. Ona görə də görülmüş işlərin dəqiq həcmi, həmin işlərin bazar dəyəri obyektiv sübutlarla araşdırılmalıdır. Formalaşmış məhkəmə təcrübəsinə görə podrat müqaviləsində muzdun miqdarı müəyyənləşdirilmədiyi halda adi muzdun şərtləşdirildiyi hesab olunur. Adi muzd dedikdə isə yerinə yetirilmiş podrat işlərinin orta bazar dəyəri başa düşülür. Bununla bağlı nəzərə alınmalıdır ki, podrat müqaviləsində muzdun miqdarı müəyyənləşdirilmədiyi və müqavilə tərəfləri arasında bu məsələ mübahisəli olduğu hallarda, məhkəmə həmin məsələ ilə bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməli, zəruri hesab etdikdə ekspertiza təyin etməli və yaxud mütəxəssisin köməyindən istifadə etməli və sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsi nəticəsində əldə olunan məlumatlar əsasında yerinə yetirilmiş podrat işlərinin bazar dəyərini müəyyən etməlidir. Hazırda tərəflər arasında podrat müqaviləsi bağlanarkən muzdun miqdarı müəyyənləşdirilməmiş, iddiaçı iddia ərizəsində hissə-hissə olmaqla cavabdehə pul verdiyini qeyd etmişdir. Bu səbəblə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, keçirilmiş ekspertizanın nəticəsində rəydə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Fuad Aynulov küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə iddiaçının göstərdiyi təmir işlərinə sərf edilmiş materialların və işlərin həcmi (pilləkənin betondan quraşdırılması və döşəməyə beton vurulması) smetada göstərilmişdir. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən fərdi yaşayış evində pilləkənin betondan quraşdırılması və döşəməyə beton vurulması üçün çəkilmiş xərclərin və görülmüş xidmətlərinin dəyərinin qiymətləndirməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Hazırki mülki iş üzrə xx.xx.2025-ci il tarixdə qiymətləndirmə hesabatı Şirvan Allyasiya Məhkəməsinə daxil olmuşdur. Hesabat tədqiq edilərkən aydın olmuşdur ki, görülmüş işlərin dəyərinin 874 manat və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqı 1287 manat olduğu müəyyən edilmişdir. Qiymətləndirmə hesabatı nəzərdən keçirilərkən müəyyən olunur ki, hesabatın mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Vurğulanmalıdır ki, podrat işində qüsur dedikdə, işin müqavilə şərtlərinə uyğun olmaması başa düşülür (məsələn, düzgün materialdan istifadə edilməməsi, keyfiyyətsiz işin görülməsi, tikinti norma və qaydalarına əməl edilməməsi). Belə hallarda sifarişçi qüsurun aradan qaldırılması üçün podratçıya müraciət etməlidir. Hazırki mübahisədə isə vəziyyət tam fərqlidir. Sifarişçi (iddiaçı) ümumilikdə 120.000 manata yaxın pul ödəmiş, lakin faktiki görülmüş işlərin dəyəri cəmi 2.161 manatdır. Yəni burada qüsurların aradan qaldırılması məsələsi aktual ola bilməz, çünki görülmüş işlə müqayisədə ödəniş nisbətsizdir və işlərin böyük hissəsi ümumiyyətlə yerinə yetirilməmişdir. Nəticədə sifarişçinin podratçıya “qüsurların aradan qaldırılması” barədə müraciət etməsi mümkün ola bilməz. Beləliklə, məhkəmə tərkibi iş üzrə mövcud sübutları və tərəflərin davranışlarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi münasibətləri mövcud olmuş, lakin cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməmiş, aldığı külli miqdarda pul vəsaitini məqsədyönlü şəkildə xərcləmədiyi halda, faktiki görülmüş işlərin dəyəri ödənilmiş məbləğlə müqayisədə olduqca cüzidir. Cavabdehin ekspertizanın keçirilməsinə mane olması da onun öz əleyhinə hüquqi nəticə doğurmuş, işin hallarını obyektiv qiymətləndirməyə imkan verməmişdir. Bu baxımdan, iddiaçının tələbi sübutlarla əsaslandırılmış hesab olunmalı, görülmüş işlərin real dəyəri müəyyən edilməklə qalan vəsaitin iddiaçıya qaytarılması qanuni və ədalətli nəticə kimi qəbul edilməlidir. Məhkəmə tərkibinin qənaətinə görə işin müəyyən edilmiş mübahisəsiz halları bu nəticəyə gəlməyə əsas verir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməmiş, sifarişçiyə qüsurlu (mənzil sahəsinin təmir edilməsi baxımından) məhsul vermiş, cavabdehin yazılı qəbzdə etiraf etdiyi məbləğdə pul vəsaitini alaraq əvəzində verməli olduğu təmirli mənzili təhvil vermədiyindən, iddiaçı cavabdehdən təmirə görə ödənilmiş pulun geri qaytarılması tələbini irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı iddia tələbində evin təmir işlərini görməsi məqsədilə cavabdehə 122000 manat pul verdiyini qeyd etsə də, hal-hazırda iş materiallarında olan və sübut qismində tanınan kitabçada cavabdeh iddiaçıdan 119.750 manat pul aldığını bildirmişdir. İddiaçı cavabdehin qeyd etdiyi məbləğdən 2250 manat çox pul verməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Keçirilən qiymətləndirmə nəticəsində əldə edilmiş hesabatdan görünür ki, görülmüş işlərin dəyəri və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqı ümumilikdə 2161 manat təşkil edir. Buna görə də cavabdehin alıb qaytarmadığını etiraf etdiyi məbləğdən görülmüş işlərin dəyəri və fərdi yaşayış evində görülmüş təmir işlərinin xidmət haqqının ümumi dəyəri çıxılmalı (119750-2161=117589) və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə tərkibi iddia tələbinin mənəvi ziyan tələbi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, "...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərin ödənilməsi üçün iddiaçı faktiki olaraq hansı mənəvi iztirablara məruz qaldığını sübut etməlidir (məsələn, əsəb gərginliyi, nüfuz itirilməsi, gündəlik həyatına təsirlər və s.). Bunu yazılı sübut, şahid ifadəsi və hətta tibbi sənədlərlə əsaslandırmalıdır.Təkcə maddi zərərin mövcudluğu avtomatik mənəvi zərərə səbəb ola bilməz. İddiaçı mənəvi zərərə məruz qalmasını sübut edən hər hansı əsaslı dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də İddiaçı Cavabdeh qarşı iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 432 manatın yarısı, 216 manat məbləğ Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia tələbi qismən yerinə yetirildiyindən iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın yarısı, 50 manat İddiaçı, 50 manatı Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh 117.589 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, dövlət rüsumu kimi ödənilmiş 432 manatın yarısı, 216 manat məbləğ Cavabdeh alınaraq iddiaçıya ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın yarısı, 50 manat İddiaçı, 50 manatı Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-2629/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 117.589 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 432 manatın yarısı, 216 manat məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın yarısı, 50 manat İddiaçı, 50 manatı Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar