Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-308/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X4 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı pul tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Beyləqan Rayon Məhkəməsinin (hakim S.Seyfullayev) 10 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 300 manat pulun alınıb ona verilməsi barədə iddiası rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə hüquq xidməti göstərmiş, 2021-ci ilin əvvəllərində Beyləqan Rayon Məhkəməsinin 300 metrliyində açılmış “Vaqifoğlu” hüquq məsləhətxanasında işlədiyi zaman cavabdehin xx.xx.2021-ci il tarixdə imzaladığı məhkəmənin 25 yanvar 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini o yazmışdır. O vaxt cavabdehə izah etmişdir ki, həmin qətnaməni çıxaran hakim həmin işdə iddiaçı olan X1 lisenziyasız ticarətlə məşğul olmasına hüquqi qiymət verərək barəsində Azərbaycan Respublikası MPM-nın 265-ci maddəsinə əsasən onun vergidən yayınmasına görə xüsusi qərardad çıxararaq prokrorluğa göndərməli olduğu halda həddindən artıq hümanistlik edərək bunu etməmişdir. Apellyasiya şikayətinin 2-ci səhifəsi, 2-ci abzasında cinayət məsuliyyəti yaradacağını vurğulayaraq Cavabdeh demişdir ki, apellyasiya şikayətinin surətini alan Talıbov Mübariz onun şikayətinin qismən təmin olunması üçün razılığa gələcəkdir. Həmin vaxt cavabdeh ona söz vermişdir ki, “sənə, belə olduğu halda, əlavə 300 manat zəhmət haqqı” verəcəkdir. Bir ay ötməmiş, o, iddiaçının 050 ***-**-** saylı telefonuna zəng edərək Talıbov Mübarizin ona ən azı 4000 (dörd min) manat güzəşt edəcəyini və söz verdiyi 300 manatı tezliklə ödəyəcəyini bildirmişdir və xahiş etmişdir ki, ona apellyasiya şikayətindən imtina etdiyi barədə teleqram yazmaqda kömək etsin. O da bu barədə telefonla Şirvan Apellyasiya Məhkəməsinə teleqram da yazdırmışdır. Ona görə də, Cavabdeh 300 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, İddiaçı 150 manat pul vermişdir, iddianı udarsa əlavə pul verəcəyini bildirmişdir. İddia şər böhtan olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X5 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikasının MPM-nin 384.0.2-ci maddəsinin tələbini əsas tutaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun Fuada yazdığı apellyasiya şikayətindən sonra niyə onun şikayəti geri götürdüyünü aydınlaşdırmamışdır. Qətnamədə qeyd olunur ki, o, məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, yazdığı və sübut kimi təqdim etdiyi apellyasiya şikayətini hakim oxumuş olsa idi, ona qiymət verərdi. Psosessual məsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək bildirmişdir ki, qohumunun yas mərasimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ona görə işə onun iştirakı olmadan obyektiv baxılmasını xahiş etmişdir. Kollegiya şikayətə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı tapşırıq müqaviləsi üzrə göstərdiyi xidmətlər görə cavabdehdən muzd tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 783-cü maddəsinə əsasən: 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında yazılı müqavilə olmamışdır. Bununla yanaşı, tərəflər arasında şifahi razılaşmanın olması, onların tapşırıq münasibətlərində olması istisna edilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin hazırki halda iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsini sübuta yetirmək iddiaçının üzərindədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıran halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının göstərdiyi sübutlara qiymət verərək, onları iddianı təmin etmək üçün yetərli hesab etməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(020)-450/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-308/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-308/2023
14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver