Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-318/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, iddiaçı Ş.Novruzov, onun vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı Ş.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Əlı̇ kram oğlunun cavabdeh Şahbazova İ̇marət Əsgər qızına qarşı pul və əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X8 Cavabdeh qızına qarşı 17500 manat pulun və nənəsindən miras qalmış gümüş kəmərin cavabdehdən alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər 1997-ci il tarixdən faktiki, 05 yanvar 2007-ci il tarixdən rəsmi nikahda olmuşlar. Nikahdan 4 uşaq doğulmuşdur. Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan, yetkinlik yaşına çatmayan uşaqların- 01 iyul 2009cu il təvəllüdlü X3, 03 yanvar 2007-ci il təvəllüdlü X2 ananın yanında qalması müəyyən edilmiş, uşaqlara alimentin tutulması qət edilmiş, eləcə də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 15, 52 saylı mənzilə dair X4 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir. İddiaçı pul və əmlak tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdehlə birgə nikahdan doğulmuş 01 oktyabr 2001-ci il təvəllüdlü X9 05 oktyabr 2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Şəhid oğlunun dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailəyə maddi kömək məqsədilə cavabdehlə birgə nikah dövründə, yəni şəhidin “3 günü” mərasimində “X19” tərəfindən 10000 (on min) manat məbləğində, şəhidin “Birinci cümə günü” və “40 günü” mərasimlərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Şabran Rayon Şöbəsi tərəfindən ("xxxx" ASC və "Xalq Bank” ASC vasitəsilə) 14000 (on dörd min) manat məbləğində, digər imkanlı şəxslər və şirkətlər -“Qayalı” Market tərəfindən 1000 (min) manat məbləğində, “Bağçalı” Otel tərəfindən 1000 (min) manat məbləğində, xaricdə yaşayan azərbaycanlı şəxs X10 tərəfindən 1000 (min) manat məbləğində, “X20” tərəfindən 1000 (min) manat məbləğində, eləcə də, tanıdığı və tanımadığı şəxslər tərəfindən müxtəlif məbləğlərdə, ümumilikdə 35000 (otuz beş min) manat məbləğində pul verilmişdir. Müəyyən ailədaxili səbəblərə görə 03 iyun 2021-ci il tarixdə cavabdeh, azyaşlı uşaqları Reyhan və Billur ilə birlikdə yaşadığı evi tərk etmiş, evi tərk edərkən 35000 (otuz beş min) manat məbləğində pulu və nənəsindən miras qalmış dəyəri 20000 (iyirmi min) manat məbləğində olan əntiq əşya sayılan gümüş kəməri də özü ilə aparmışdır. O, bu barədə Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, Şabran Rayon Polis X11 təhqiqatçısı tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 avqust 2021ci il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh qızı izahatında bildirmişdir ki, şəhid övladları X1 dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailələrinə maddi kömək məqsədilə birgə nikah dövründə verilmiş 35000 (otuz beş min) manat məbləğində puldan 20000 (iyirmi min) manat məbləğində pulu "xxxx" ASC-də depozit hesaba qoymuşdur. İddiaçının tələbinə görə, şəhid övladı X1 dəfn və yas xərclərinin qarşılanması, eləcə də, ailələrinə maddi kömək məqsədilə birgə nikah dövründə verilmiş 35000 (otuz beş min) manat məbləğində pulun ½ hissəsi, yəni 17500 (on yeddi min beş yüz) manat məbləğində pul və nənəsindən miras qalmış dəyəri 20000 (iyirmi min) manat məbləğində olan əntiq əşya sayılan gümüş kəmər cavabdehdən alınıb ona verilməlidir. Birinc instansiya məhkəməsində Cavabdeh qızı iddiaya qarşı yazılı etiraz vermiş, etirazında iddianı qəbul etməmiş, göstərmişdir ki, birgə nikah dövründə aidiyyəti orqanlar, şirkətlər və müxtəlif şəxslər tərəfindən ailəyə 35000 (otuz beş min) manat məbləğində maddi yardım edilmiş, həmin pulun 15000 manatını iddiaçı xərcləmişdir. Cavabdehin bildirdiyinə görə, 15000 manat da onun (cavabdehin) payına düşür, qalan 5000 manatın 2500 manatını iddiaçı tələb edə bilər. Lakin bu məbləği də ödəməyə razı deyil, çünki onun yanında 3 övladı var, özü isə kirayədə yaşayır. Gümüş kəmərə dair hissədə isə iddianı qəbul etmir, belə ki, o, kəməri götürməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin (T.Nüsrətov) 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qızına qarşı “pul və əmlak” tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı”iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı Əlı̇ kram oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birgə nikah dövründə ailəyə verilmiş maddi yardım olan 35000 manat onların ümumi birgə mülkiyyətindədir. Bu məbləğdə pulun əldə edilməsi hazırkı iş üzrə, işin mübahisəsiz halı kimi qiymətləndirilsə də, məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi ilə o, ümumi mülkiyyətində olan paydan məhrum olmuşdur. Şikayətə görə, ailəyə verilən 35000 manat məbləğində pulun birgə nikah dövründə və hansı istiqamətdə xərclənməsi araşdırılmamış, eyni zamanda ona miras qalmış əşya ilə bağlı şahidlər dinlənilməmişdir. Tərəflərinizahatı Apellyasiya baxışında iştirak edən iddiaçı Ş.Novruzov və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya qarşı etirazın dəlillərini müdafiə etdiyini bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, tərəflərin mövqeyini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh 1997-ci il tarixdən faktiki, 05 yanvar 2007-ci il tarixdən rəsmi nikahda olmuşlar. Nikahdan 4 uşaq doğulmuşdur. Şabran Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Birgə nikahdan doğulmuş 01 oktyabr 2001-ci il təvəllüdlü X9 05 oktyabr 2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur Birgə nikahdan olan, yetkinlik yaşına çatmayan uşaqlar- xx.xx.2009-cu il təvəllüdlü Şahbazlı Nuray və xx.xx.2007-ci il təvəllüdlü Şahbazlı Billur anası ilə yaşayırlar. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 15, 52 saylı mənzilə dair tərəflərin 1/2 hissədə payın tanınması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı hazırkı tələblərində nənəsindən miras qalmış və özünə məxsus olan gümüş kəmərin cavabdehdən alınıb ona qaytarılmasını, eləcə də X6 şəhid olmuş övlada görə birgə nikah dövründə ailəyə edilmiş maddi yardımın (pul vəsaitinin) cavabdehlə aralarında bərabər bölünməsini xahiş etmişdir. İddiaçının tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 225-ci, Ailə Məcəlləsinin 32, 37-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Kollegiya qeyd edir ki, iddiaçı özünə məxsus gümüş kəməri özgəsinin qanunsuz sahibliyindən Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmlakın qanunsuz sahiblikdən tələb edilməsi zamanı tələb edilən əşyanın mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, onun fərdi əlamətlərini, cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etmə yükü iddiaçının üzərindədir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti non neganti incumbit probation” (“sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür”) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kollegiya hesab edir ki, iddiaçı tələb etdiyi əşyanın mövcudluğunu, həmin əmlak üzərində mülkiyyət hüququnun olmasını, faktiki sahibliyinin onun iradəsi əleyhinə itirilməsini, tələb edilən əşyanın fərdi-müəyyən əlamətlərini, əşyanın cavabdehin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilməmişdir. Ona görə də gümüş kəmərə dair hissədə iddia sübuta yetirilmədiyindən təmin edilə bilməz. Tərəflərin birgə nikahı dövründə pul şəklində ailəyə edilən maddi yardımın tərəflər arasında bərabər bölünməsinə dair iddia ilə əlaqədar Kollegiya aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, pul məbləğinin tərəflər arasında hər hansı paya uyğun bölgüsünün həyata keçirilməsinin heç bir hüquqi əsası yoxdur. Kollegiya hesab edir ki, tərəflərin birgə nikahı dövründə ailəyə pul şəklində edilən yardımın bölünməsinə dair hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan həmin hissədə qətnamə ləğv edilməli və pul vəsaiti tərəflər arasında bərabər bölünməlidir. Tərəflərin izahatlarından müəyyən edilir ki, birgə nikah dövründə aidiyyəti orqanlar, şirkətlər və müxtəlif şəxslər tərəfindən ailəyə 35000 (otuz beş min) manat məbləğində maddi yardım edilmişdir. Ümumi maddi yardımın məbləği mübahisələndirilmir. İddiaçı sözügedən pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir. Cavabdeh tərəf etirazında sözügedən maddi yardımdan 15000 manatını iddiaçının xərclədiyini, 15000 manat da onun (cavabdehin) payına düşdüyünü, qalan 5000 manatın 2500 manatını iddiaçıya vermək istəmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh polisdə verdiyi izahatında 20000 manatı Beynəlxalq Banka qoyduğunu bildirmişdir. Cavabdeh pul vəsaitini banka yerləşdirməsi faktının yoxlanılması məqsədilə Azərbaycan Beynəlxalq Bankından müvafiq məlumat əldə edilmişdir. Azərbaycan Beynəlxalq Bankından əladə edilən məlumata görə Cavabdeh qızının adına "xxxx" ASC-nin Siyəzən filialında xx.xx.2021-ci il tarixdə AZ46İBAZ******************** saylı əmanət hesabı açılmış və 24.100 manat (iyirmi dörd min yüz manat) məbləğində vəsait əmanətə qəbul olunmuşdur. Müştəri tərəfindən əmanətə vaxtindan əvvəl xitam verilmiş və xx.xx.2021-ci il tarixdə əsas əmanət məbləğindən 4.100 manat (dörd min yüz manat), xx.xx.2021-ci il tarixdə isə 20.000 manat (iyirmi min manat) məxaric edilərək götürülmüşdür. Əlavə olaraq, Cavabdeh tərəfindən Bankın Şabran filialında xx.xx.2021-ci il tarixdə AZ50İBAZ******************** saylı bank hesabı açılmış və 25.000 manat (iyirmi beş min manat) məbləğində vəsait əmanətə qəbul edilmişdir. Müştəri tərəfindən xx.xx.2022-ci il tarixdə əsas əmanət məbləği olan 25.000 manat məxaric edilərək əmanət müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Beləliklə, izahatlar və təqdim edilmiş sübutlarla müəyyən edilir ki, tərəflər arasında nikah münasibətləri faktiki pozulduqdan sonra Cavabdeh qızı iddia edilən pul vəsaitindən, özünün qismən etiraf etdiyi məbləği- 24.100 manat vəsaiti Azərbaycan Beynəlxalq Bankında Cavabdeh qızının adına "xxxx" ASC-nin Siyəzən filialında yerləşdirmiş və sonra oradan götürmüşdür. Kollegiya hesab edir ki, həmin vəsait tərəflərin birgə əmlakı hesab edilməli və tərəflər arasında bölünməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci bəndinə əsasən: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Cavabdeh tərəf iddiaya etirazında onun yanında azyaşlı uşaqlarının da olduğunu qeyd etmiş, ona görə, onun payının artıq müəyyən edilməli olmasını bildirmişdir. Lakin göründüyü kimi, qanunvericiliyin tələbinə görə, şəhidin ailə üzvləri sırasında, onun valideynləri daxildirlər, qardaş və bacılar güzəştlərin tətbiqi baxımından şəhidin ailə üzvləri sayılmırlar. Odur ki, Kollegiyanın qənaətinə görə bu hissədə iddia qismən təmin edilməli, aşkar edilən 24.100 manat pul vəsaitinə, hər bir tərəfin 12050 manat payı tanınmaqla tərəflərin (iddiaçı və cavabdehin) arasında bərabər bölünməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh qızından 12050 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı Əlı̇ kram oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(072)-543/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh qızından 12050 (on iki min əlli) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-318/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-318/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver