Məhkəmə qərarları › İş №2(106)-321/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-321/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-321/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, İddiaçı iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh Elbrus qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı nisyə alqı-satqıya və borca görə ödənilməmiş 2000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 40 manatın əvəzinin Cavabdeh Elbrus qızından alınıb ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xırda sahibkardır və yaşadığı evdə müxtəlif cehiz əşyalarının alverini edərək ailəsini dolandırır. Cavabdeh əvvəllər ondan alver etmiş, götürdüyü malın pulunu isə hissə hissə qaytarmışdır. Samirə axırıncı dəfə ondan qızı üçün 1300 manat dəyərində cehiz əşyaları almışdır. Bundan başqa, Samirə 06 noyabr 2021-ci ildə ondan 1000 manat da borc pul almışdır. O, Samirəni tanıdığından ona etibar edib borc pul vermişdir. Beləliklə Samirənin ona cəmi 2300 manat borcu yaranmışdır. Samirə ona borclu olması barədə yazılı qəbz də vermişdir. O, dəfələrlə Samirədən borcunu tələb etmişdir. Bir dəfə Samirə ona 300 manat pul qaytarmışdır, o da bu barədə Samirəyə qəbz vermişdir. Qalan 2000 manat borcu isə dəfələrlə zəng vuraraq pulunu tələb etsə də, ona pulu tez bir zamanda verəcəyinə dair yalan vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh Elbrus qızı iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçıdan pul almamışdır. Ondan alver edib cehiz əşyaları almış, 2300 manat borcu olmuşdur. Borcundan 300 manatı qardaşı, 800 manatı isə özü iddiaçının anasına ödəmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Qalan borcu da iddiaçının özünə vermişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh Elbrus qızından borca görə 2000 (iki min) manat və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iş materiallarına əlavə edilmiş yazılı qəbzə əsaslanmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 406.1, 407.2, 529.3, 739.1, 740.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh Elbrus qızı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Şikayətə görə, birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticə üzrə bütün faktiki halları araşdırmamışdır. Belə ki, onun iddiaçının anası ilə heç bir borc münasibəti olmadığı halda onun kartına bir neçə dəfə 400 manat göndərməyinin səbəbinə qiymət verməmişdir. İddiaçının anasının adına olan plastik karta göndərdiyi pulların qəbzlərin surətini təqdim edəcəkdir. Həmin qəbzləri birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə borc qəbzindən əvvəl ödənmiş pul olduğuna görə qəbzləri qəbul etməmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında cavabdehin borcundan ödədiyi pulu nəzərə alıb, 2000 manat pulun qaytarılmasını tələb edir. Cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı həmin gün məhkəmə iclasında iştirak edə bilməyəcək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı cavabdehdən, nisyə satdığı malların dəyərini və borca verdiyi pulu tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü və 739-cu maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış müqavilə (razılaşma) əsasında borc mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında nisyə alğı-satqı və borc münasibətlərinin mövcudluğunu hər iki tərəf qəbul edir. Yaranmış borcun məbləği də mübahisəsizdir. Belə ki, cavabdeh tərəf 2300 manat borcunun olduğunu yazılı qəbzlə etiraf etmişdir. İş materiallarına əlavə edilmiş, cavabdehin adından yazılmış qəbzdə göstərilmişdir: “Mən ki, Rəşidova X1 2300 manat borcum var. Onun 1000 manatın Vüsal verəndən sonra Sərəngülə 1300 manat borcum qalır”. Bu qəbzə görə hər iki tərəfin qəbul elədiyi hal ondan ibarətdir ki, borcun məbləği 2300 manatdan ibarət olmuşdur. Bu halı sübut etməyə ehtiyac yoxdur. Cavabdeh tərəf borcun qaytarıldığını, iddiaçı tərəf isə borcun 2000 manat hissəsinin qaytarılmadığını iddia edir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf izahatında borcun olduğunu etiraf etmiş, lakin borcunu qaytardığını, yaxud borcun miqdarının az olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, borcun ödənildiyini sübuta yetirmək cavabdehin üzərinə düşür. Cavabdeh borcun ödənilməsi, yaxud borcun miqdarının az olması ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Borcun ödənilməsi qənaətinə gəlmək üçün əsas yoxdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: Cavabdeh Elbrus qızının apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(020)-684/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar