Məhkəmə qərarları › İş №2(106)-324/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-324/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-324/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Anar Ağabala oğlu Şükürlünün katibliyi, İddiaçı, onun vəkili X5 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinə qarşı şəxsə məxsus və qanunsuz balansa keçirilmiş əmlakın geri alınması və vurulmuş ziyana görə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüseynov X8 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X9 idarəsindən, özünə məxsus ümumilikdə 20.000 (iyirmi min) manat dəyərində 500 ədəd diametri 250 mm olan 2500 metr uzunluğunda sink tərkibli dəmir su borularını, torpaq sahələrini suvarmaqdan ötrü 8000 ABŞ dolları dəyərində su nasosunu (motorunu), transformatoru və dinamosunu, həmçinin 2019-2021-ci illər ərzində sahibliyində olan 22,55 ha torpaq sahəsində yonca biçimində hər il üzrə 25 min manat olmaqla, maneələr nəticəsində ona vurulan zərərə görə əldən çıxmış fayda kimi 50.000 (əlli min) manat miqdarında pul kompensasiyasının alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh özünün mövqeyindən sui-istifadə edərək onun şəxsi (xüsusi) mülkiyyəti olan həm 500 ədəd 250 mm-lik 2500 metr uzunluğunda sink tərkibli dəmir borularını qanunsuz onun razılığı olmadan özbaşına ələ keçirərək mənimsəmiş, sahələri suvarmaqdan ötrü öz şəxsi vəsaiti ilə, yəni 8000 ABŞ dollarına satın aldığı su nasosunu (motorunu), transformatoru, dinamosu ilə birgə qanunsuz olaraq öz balansına keçirmiş, həm də onun əkin sahəsinə su vurmadığına görə 2019-2021-ci illər ərzində əldə edə biləcəyi gəlirdən, yəni hər il yonca biçimindən əldə etdiyi 25000 manatdan onu məhrum etməklə ona zərər vurmuşdur. İddiaçı ərizəsində göstərmişdir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayonunun Aran kəndi ərazisindən 2,55 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin su ilə təmin edilməsi məqsədilə məcbur olub öz şəxsi vəsaiti hesabına, yəni 10.000 (on min) manat müqabilində Beyləqan rayon Təzəkənd kənd sakini X10 özünə məxsus 2500 metr uzunluğunda olan 500 ədəd sink tərkibli dəmir su boruları alıb sahədə yerləşdirmişdir. Su borularını Beyləqandan Ağcabədi rayon Aran kəndinə daşınmasını hazırda Aran kəndində məskunlaşmış Ağdam rayon sakini X2 məxsus traktoru və dayısı X6 traktoru vasitəsilə həyata keçirmişdir. Həmin vaxt ona bu işdə dayısı uşaqları və kənd sakinləri, o cümlədən qonşu torpaq sahibləri Qaçay, Elvin, Yaqub və digər şəxslər kömək etmişlər. Əlavə olaraq fəhləyə günəmuzd zəhmət haqqı ödəməklə torpağı suvarmaq üçün dəmir boruları yerləşdirmişdir. Su borusunu 2000-ci ildən 2005-ci ilin sentyabr ayına kimi yanacaq motorundan istifadə etməklə həm onların, həm də qonşu pay torpaqlarının su ilə təmin edilməsini həyata keçirmişdir. 2005ci ildə yanacaq nasosu Aran kənd sakinlərinin yaşayış evlərinə yaxın olduğu üçün traktorun səsi kənd sakinlərini naharat etdiyi üçün həm də torpağın suvarılmasının asanlaşdırılması üçün elektrik nasosunu öz vəsaiti ilə 8000 ABŞ dollara (o vaxtkı manatın dollara məzənnəsi ilə 5.600 manata) alıb Xan qızı kanalının 5 metrliyində yerləşdirərək su borusuna birləşdirmişdir. Həmin vaxtdan da cavabdehin yaratdığı qanunsuz müdaxiləyə kimi su nasosundan istifadə etmişdir. Hətta borunu birləşdirdiyi su nasosunun işlək vəziyyətdə olmasının təmin edilməsi üçün işləyən işçi X3 da aylıq zəhmət haqqını özü öz vəsaiti ilə ödəmiş, nasosun və borunun qırılan hissələrinin dəyişdirilməsinin bütün xərcini də o, özü çəkmişdir. Ümumilikdə həmin su borularının, elektrik matorunun, dinamonun və digər ləvazimatların alınaraq işlək hala gətirilməsinə 20000 manat məbləğində xərci çıxmışdır. Mübahisə predmeti olan su boruları Beyləqan rayonunun Təzəkənd kənd sakini X18 rayonunun S.Vurğun adına kolxozun islahat komissiyası tərəfindən tərtib edilmiş 25 oktyabr 1999-cu il tarixli akta əsasən əmlak payı kimi verilmiş su borularıdır. O, həmin boruları Sadıq İmanovdan faktiki olaraq 2000-ci ildə aralarında şifahi alqı-satqı qaydasında əldə etmiş, rəsmi alqı-satqı müqaviləsini isə xx.xx.2020-ci ildə notariat qaydasında rəsmiləşdirmişlər. Onun həmin bu boruları 2000-ci ildən əldə edərək yəni Beyləqan rayonundan gətirib pay torpaq sahələrində suvarmaya yerləşdirdiyini şahidləri də təsdiq edərlər. Bu barədə akt tərtib edilmişdir. Hazırda özünə məxsus su borularından, nə də su nasosundan istifadə edə bilmir. Bu səbəbdən də 2019- 2021-ci illər üçün torpaqda əkin işləri də aparılmamış və torpaqdan əldə edə biləcəyi qazancdan da məhrum olmuşdur. O, məsələnin həll edilməsi üçün X9 İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin idarə Aran-1 su nasos stansiyasının xx.xx.2006-cı il tarixdən idarənin balansında olmasını bildirmişdir. Ona məxsus su borularına hansı səbəbdən maneə yaratmasına isə aydınlıq gətirməmişdir. Yəni görünən odur ki, cavabdeh su borularının ona məxsus olmasını bilə-bilə qeyd edilən qanunsuz müdaxiləni yaratmış və həmin boruları qanunsuz olaraq ələ keçirmək niyyətini güdmüşdür. O, onlara məxsus torpaq sahəsində əkin işləri aparmaqla ailəsinin maddi tələbatını əldə etdiyi qazancın hesabına ödəyir. 2000-ci ildən torpaqların suvarılmasını da ona məxsus həmin dəmir su boruları vasitəsilə həyata keçirmişdir. Cavabdehin su borularını ələ keçirməsi nəticəsində isə o, və ailə üzvləri 2019-2021-ci illər üçün əldə edə biləcəyi gəlirdən də məhrum olmuşdur. Torpaq sahəsində əkdiyi yoncanın biçilərək bağlamalarla satılmasından hər il 25000 manat qazanc əldə edirdi və ailə-uşaqlarının dolanışacağını təmin edirdi. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim S.Ləzimov) 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsindən 500 ədəd 250 mm diametrli 2500 metr uzunluqda sink tərkibli dəmir su borularının və ya onların dəyəri olan 10.000 manat, su nasosu (matoru), transformatoru və dinamosu və ya onun dəyəri 5.600 manat, əldən çıxmış faydaya görə 2000 manat və dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159, 164.1, 164.2, 162, 157.2, 152.1, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, iddia edilən su boruları Suvarma Sistemləri idarəsinin əmlakı kimi 2006-cı ildən balansındadır, borular, eləcə də su nasosu, transformator vətəndaşlarının torpaqlarının suvarılmasına xidmət edir. Şikayətə görə, bu əmlak iddiaçıya aid deyil, həmin əmlak idarənin qanuni sahibliyindədir. Şikayətdə o da qeyd edilir ki, su boruları ilə bağlı əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinə qarşı mülkiyyətində olan dəmir su borularından istifadəyə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması, su borularından istifadəyə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi tələbi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı iddia etdiyi su borularına mülkiyyət hüququnun olmadığı müəyyən edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında iddiaçının Suvarma Sistemləri idarəsinin əmlakı kimi 2006-cı ildən balansında olan boruları tələb etdiyini, boruların, eləcə də su nasosunun, transformatorun vətəndaşlarının torpaqlarının suvarmasına xidmət etdiyini, bu əmlakın iddiaçıya aid olmadığını, həmin əmlakın idarənin qanuni sahibliyində olduğunu bildirmişdir. Nümayəndə onu da əlavə etmişdir ki, su boruları ilə bağlı əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinə qarşı mülkiyyətində olan dəmir su borularından istifadəyə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması, su borularından istifadəyə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi tələbi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı iddia etdiyi su borularına mülkiyyət hüququnun olmadığı müəyyən edilmişdir. İddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, tələb etdiyi əmlakı X11 alqı-satqı yolu ilə əldə etmişdir. Su borularına dair 2020-ci ildə rəsmi alqı-satqı müqaviləsi olmuş, digər əmlak barədə onunla şifahi razılaşma olmuşdur. O, mülkiyyətçidir. Tələb etdiyi əmlak cavabdehin qanunsuz sahibliyindədir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı ərizəsində cavabdehin qanunsuz sahibliyində hesab etdiyi əmlakını- su borularını, torpaq sahələrini suvarmaqdan ötrü 8000 ABŞ dolları dəyərində su nasosunu (motorunu), transformatoru və dinamosunu, eləcə də əmlakından istifadə edə bilməməsi səbəbindən vurulmuş ziyanı tələb etmişdir. İddiaçının tələbi iki hissədən ibarətdir: əmlak tələbi və əmlakı qanunsuz saxlamaqla və ya əmlakdan istifadə etməyə imkan verməməklə bağlı vurulmuş ziyan. İddiaçı ona məxsus olduğunu iddia etdiyi əmlakını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən tələb etmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmlakın qanunsuz sahiblikdən tələb edilməsi zamanı tələb edilən əşyaların mövcudluğunu, onun iddiaçıya məxsusluğunu, onların fərdi əlamətlərini, cavabdehin qanunsuz sahibliyində qaldığını sübut etmə yükü iddiaçının üzərindədir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti non neganti incumbit probation” (“sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür”) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Əmlak tələbi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlərin ödənilməsi lazımdır: əmlak üzərində iddiaçının mülkiyyət hüququnun olması, iddiaçının əmlak üzərindəki faktiki sahibliyinin onun iradəsi əleyhinə itirilməsi, tələb edilən əşyaların digər eynicinsli əşyalardan fərdi-müəyyən əlamətlərlə seçilməsi (konkretləşdirilməsi), tələb edilən əşyaların cavabdehin qanunsuz sahibliyində olması. Bu şərtlərdən hər hansı birinin ödənilməməsi iddianı rədd etmək üçün kifayət edir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Məhkəmə iddiaçı tərəfin izahatına, iddiaçının təqdim etdiyi 02 iyun 2020-ci il tarixli, daşınar əmlakın alqı-satqı müqaviləsinə və şahid ifadələrinə əsaslanmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayır. Əvvəla, məhkəmə 2500 metr uzunluqda sink tərkibli dəmir su boruları ilə yanaşı, su nasosunun (motorunun), transformatorun və dinamonun cavabdehdən alınıb verilməsini təmin etmişdir. Halbuki, cavabdehin etirazından və iş materiallarından görünür ki, Ağcabədi rayonunun Aran kəndində «Aran-İ» su nasos stansiyası avadanlıqları ilə birlikdə (nasos, su boruları, transformator, elektrik xətləri və s.) 30 noyabr 2006-cı il tarixdə Ağcabədi rayonunun Aran Bələdiyyəsinin rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2006-cı il tarixli, 83 nömrəli qərarına uyğun qaydada sənədləşdirilərək X9 idarəsinin balansına qəbul edilmiş və həmin vaxtdan onun istismar-təmir xərcləri idarə tərəfindən ödənilmişdir. Həmin avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır və hazırda da qanunsuz sahibliyində deyil. Digər tərəfdən, su nasosuna (motoruna), transformatora və onun dinamosuna iddiaçının mülkiyyət hüququnun olduğu, hər bir halda müəyyən edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X16 göstərmişdir ki, əmlak payı kimi ona verilən 2500 metr uzunluğunda dəmir boruları 2020-ci ildə İddiaçı satmışdır. Digər şahid də təsdiq etmişdir ki, İddiaçı evinə su boruları aparmışdır. Məhkəmə hesab etmişdir ki, X13 verilmiş pay haqqı kimi verilmiş su boruları iddia edilən su borularıdır və 02 iyun 2020-ci il tarixli daşınar əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Su borularına münasibətdə qeyd edilməlidir ki, iddiaçı həmin su borularını alqı-satqı yolu ilə 2020-ci ildə əldə etdiyini iddia etdiyi halda, Suvarma Sistemləri idarəsinin 2006-cı ildən qanuni sahibliyində və balansında olan əmlakın hansı qaydada satılması bəlli deyil. Halbuki, hazırki halda su borularının satılması real olaraq balansdan çıxarılmaqla və həmin əşyaların verilməsi ilə mümkün idi. Satıcı real olaraq öz mülkiyyətində olan əmlakı sata bilərdi. İddia edilən su borularının satıcı S.İmanovun real mülkiyyətində olması və ya əvəzsiz verdiyi halda həmin əmlakını onun geri alması müəyyən edilmir. Məhkəmənin belə qənaəti ilə həm də ona görə razılaşmaq olmaz ki, əgər iddiaçı həmin su borularını traktora yığıb aparıbsa, onda həmin əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etməsinin əsası yoxdur. Bundan başqa, müəyyən edilir ki, suvarma sistemlərinə aid olan su boruları ilə bağlı əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. Belə ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinə qarşı dəmir su borularından istifadəyə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması, su borularından istifadəyə qanunsuz müdaxilənən cavabdehə qadağan edilməsi tələbi Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı iddia etdiyi su borularına mülkiyyət hüququnun olmadığı müəyyən edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvədədir və preyudisial qüvvəyə malikdir. MPM-in 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tələbinin əsasını o hal da təşkil edə bilər ki, ona məxsus (fərdi müəyyən edilməyən əşya olaraq) su borularını balansa götürüb istifadə etməklə cavabdeh İdarə əsassız varlanmışdır. İddiaçı hüquqlarının pozulduğunu güman etdiyi halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin tələbləri qaydasında vurulmuş ziyanı tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Kollegiya hesab edir ki, hazırki halda iddiaçıların tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Cavabdeh iddiaçının hesabına varlanmamışdır. Bu baxımdan da iddianı təmin etmək üçün əsas yoxdur. İddiaçının tələbinin ikinci hissəsi vurulmuş ziyanla (əldən çıxmış fayda ilə) bağlıdır. İddiaçı tələbində, cavabdeh tərəfindən əmlakı qanunsuz saxlamaqla və ya əmlakdan istifadə etməyə imkan verməməklə bağlı vurulmuş ziyanı tələb etmişdir. İddiaçı ərizəsində, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edə bilər. Bu zaman tələbin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 1096 və 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllnin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin belə hallar müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, vurulmuş ziyanla bağlı iddia tələbi təmin edilə bilməz. Çünki iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyində qalması, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində cavabdehə ziyan vurulması, ümumiyyətlə cavabdehin hər-hansısa ziyana düşməsi faktı müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Kollegiyanın qənaətinə görə iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən və apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 88 manat İddiaçı alınıb Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinin apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(017)-1073/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinə qarşı şəxsə məxsus və qanunsuz balansa keçirilmiş əmlakın geri alınması və vurulmuş ziyana görə pul tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 88 manat İddiaçı alınıb Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X9 idarəsinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar