Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-325/2023 28.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun vəkili Heydərov Hikmət İlyasxan oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərc qismində pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) İddiaçı Cavabdeh qarşı əlavə xərc qismində pul tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh çəkilmiş əlavə xərclərə görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini və Cavabdeh 4936 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı əlavə xərc qismində pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 05 fevral 2015-ci il tarixdə doğulmuş Tehranzadə Afilə Ruslan qızının xəstəliyi ilə bağlı laborator analizlər və müalicəsi üçün çəkilən 5372 manat məbləğdə pul vəsaitinin yarı hissəsinin, yəni 2686 manat və bundan əlavə 2250 manat olmaqla, cəmi 4936 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 05 fevral 2015-ci il tarixdə Tehranzadə Afilə Ruslan qızı adlı uşaqları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da, bir müddət sonra münasibətləri pozulmuş, aralarında tez-tez mübahisə və anlaşılmazlıqlar başlamışdır. Bunun nəticəsi olaraq nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaqları dünyaya gəldikdən bir müddət sonra ona məlum olmuşdur ki, uşaq serebrial iflic, özgüvən əksikliyi, diqqət defisiti, nitq ləngiməsi, zəka geriliyi, əqli gerilik, epilepsiya olduğu müəyyən edilmişdir. Hal-hazırda da nitq qabiliyyəti zəifdir. Uşağın xəstəliyi ilə bağlı mütəmadi olaraq həkim müayinələri, zəruri analizlər və təyin olunmuş dərman preparatlarının əldə edilməsi üçün xeyli miqdarda xərci çıxır. Çəkdiyi qeyd olunan xərclər uşağın sağlamlığı ilə birbaşa əlaqəli olduğu üçün borc olsa da, vəsait tapıb uşağın müalicə xərclərini qarşılamaq məcburiyyətində qalır. Ancaq onun aylıq sabit qazancı yoxdur. Uşağın müalicəsi ilə bağlı laborator analizlər üzrə xərclənmiş, 5372 manat məbləğ təşkil etmiş müalicə xərclərini təsdiq edən sənəd və arayışlar əlavə edilmişdir. Uşağın müalicəsi ilə bağlı ötən illər ərzində çəkdiyi xərclər bu məbləğdən dəfələrlə artıq olmuşdur. Sadəcə olaraq məhkəməyə müraciət etmək qərarına son vaxtlar gəldiyindən həmin müalicə və diaqnostika xərclərinin öz təsdiqini tapan arayışlar son dönəmləri əhatə edir. Çəkdiyi xərcləri təkbaşına qarşılamağı mümkün deyildir. Belə ki, bütün bu illər ərzində uşağın müalicəsi üçün çəkdiyi xərclərin böyük bir hissəsini yaxın qohumları və dost-tanışların köməkliyi ilə həyata keçirmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir əsaslı səbəb olmadan iddianı tam deyil, qismən təmin edərək cavabdehdən onun xeyrinə cəmi 2000 manat məbləğdə pul vəsaitinin tutulmasını qət etmişdir. Məhkəmə işi düzgün araşdırma aparmamışdır. İddia tam əsaslıdır və tam təmin olunmalı idi. Tibb müəssələri tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, Tehranzadə Afilə Ruslan qızının xəstəliyi ilə bağlı laborator analizlər və müalicəsinə cəmi 9872 manat məbləğində vəsait xərcləmişdir. Ona görə də, məhkəmənin qətnaməsindən narazıdır. Məhkəmə işi hərtərəfli və düzgün araşdırmamış, onun təqdim etdiyi sübutları nəzərə almamışdır. Halbuki, tibb müəssisələri tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzlərindən görünür ki, o Tehranzadə Afilə Ruslan qızının xəstəliyi ilə bağlı labarator analizlər və müalicəsinə cəmi 9872 manat məbləğində vəsait xərcləməyi tam sübuta yetirilir. İddiaçı və onun vəkili Heydərov Hikmət İlyasxan oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC-yə məxsus karta sosial şəbəkələrdə toplanmış ümumilikdə 6848 manat 73 qəpik məbləğdə pul vəsaiti uşağın müayinə və müalicəsinə xərclənmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, “Azəriqaz” İB-nin Tərtər RQİİ üzrə Füzuli rayonu ərazisində ictimai işlər üzrə köməkçi işləyir və aylıq əmək haqqı 300 manat məbləğ təşkil edir. Başqa gəliri yoxdur və bu səbəbdən də, qızının müayinə və müalicələri üçün əlavə xərclərə cəlb edilməsi imkanları xaricindədir. Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş məbləği çətinliklə olsa da, ödəməyə çalışacaqdır. Habelə, açılmış kart hesabı vasitəsilə ilə sosial şəbəkələrdə uşağın müalicəsi üçün ayrı-ayrı insanlar tərəfindən 6000 manatdan artıq məbləğdə maddi köməklik edilmişdir. Ona görə də, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün onun təmin edilməməsini, Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı və onun vəkili Heydərov Hikmət İlyasxan oğlunun və Cavabdeh izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Füzuli Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(064)-384/2019 saylı qətnaməsinə əsasən Cavabdeh və Tehranzadə Nuranə Nadir qızı arasında xx.xx.2013-cü ildə bağlanmış Füzuli rayon qeydiyyat şöbəsində 412 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının anası Tehranzadə Nuranə Nadir qızının yanında qalması və azyaşlı uşağın saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh Tehranzadə Nuranə Nadir qızının xeyrinə tutulması qət olunmuşdur. İşdə olan Füzuli Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(064)-747/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Tehranzadə Afilə Ruslan qızının saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq 130 manat məbləğ müəyyən edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərəkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Azərbaycan Respublikasının qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları - onlara əsas qayğı obyektidir. Habelə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə diqqətə çatdırır ki, AM-in 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Konstitusiyanın tələbinə görə cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi hallarda valideyndən əlavə xərclər alına bilər. Belə ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Ancaq adıçəkilən saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Beləliklə, mülki işin müəyyən edilmiş faktiki hallarına əsasən tərəflərin birgə nikahlarından doğulmuş 05 fevral 2015-ci il tarixdə doğulmuş azyaşlı Tehranzadə Afilə Ruslan qızı sağlamlıq imkanları məhdud olmaqla ona qoyulmuş diaqnozlar üzrə müxtəlif tibb müəssələri tərəfindən verilmiş sənədlərdən görünür ki, İddiaçı uşağı Tehranzadə Afilə Ruslan qızının müalicə, müayinə və əməliyyatları üçün kifayət qədər vəsait xərcləmiş və iddia tələbi olaraq həmin xərcin yarısı qismində ümumilikdə 4936 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsini xahiş etmişdir. İşdən görünür ki, Cavabdeh “Azəriqaz” İB-nin Tərtər RQİİ üzrə Füzuli rayonu ərazisində ictimai işlər üzrə köməkçi işləyir və hazırda aylıq əmək haqqısı 300 manat məbləğdir. Bundan başqa, aylıq gəliri yoxdur. Habelə, işdə olan "xxxx" ASC-yə məxsus kartdan məhkəmə qərarı əsasında əldə edilmiş məlumata əsasən sosial şəbəkələrdə ümumilikdə 6848 manat 73 qəpik məbləğdə pul vəsaiti toplanmışdır ki, iddiaçının məhkəmədə verdiyi izahatına görə həmin vəsait də (6847 manat 11 qəpik) çıxarılaraq uşağın müalicəsinə sərf olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin maddi vəziyyəti demək olar ki, bir-birindən ciddi şəkildə fərqlənmir. Habelə, iddiaçının izahatından belə anlaşılır ki, sağlamlıq imkanları məhdud qızı Afilənin müalicə, müayinə və əməliyyatları üçün çəkilmiş xərci qohuməqrəbalarının köməkliyi ilə çəkmişdir. Cavabdehin təqdim etdiyi sübutlardan onun aylıq əmək haqqısının 300 manat məbləğ təşkil etməsi və onun aylıq başqa gəlirlərə malik olmaması aşkar olur. Buna görə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək çəkilmiş xərclərə görə 2000 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını daha ağlabatan hesab etmişdir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları gözlənilməklə tərəflərin birgə nikahından 05 fevral 2015-ci il tarixdə doğulmuş Tehranzadə Afilə Ruslan qızının müayinəsi üzrə verilmiş analizləri və müalicəsi üçün çəkilmiş əlavə xərclər qismində Cavabdeh İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Habelə, diqqətə çatdırılmalıdır ki, "xxxx" ASC-yə məxsus kartda sosial şəbəkələr vasitəsilə toplanmış 6848 manat 73 qəpik məbləğdə pul vəsaitinin də uşağın müayinə və müalicəsinə xərclənməsi digər valideyni (hazırda atanı) əlavə xərclərdə iştirakdan azad edən hal olmasa da, nəzərə alınmalıdır. Belə ki, qeyd edilən vəsait uşağın sağlamlığının təminatını həyata keçirməkdə iddiaçıya maddi köməklik hesab olunmaqla uşağın sağlam yaşamasına yönəldilmişdir. Habelə, qanunvericilik əlavə xərclərdə iştirakı valideynlərin üzərinə tam olaraq bərbər qaydada bölgü əsasında qoymamış, bunu onların ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər maraqları ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.2, 385.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 2(064)-1092/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-325/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-325/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver