Məhkəmə qərarları › İş №2(106)-325/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-325/2024

24.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-325/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X14 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət məhkəmə tərkibində, X23 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili Nümayəndə3, İddiaçı cavabdehlər X4, Cavabdeh1, X7, Cavabdeh2 qarşı fərdi yaşayış evində payının naturada ayrılaraq ona verilməsi tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X4, X7 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsi, bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi tələbinə dair birləşdirilmiş mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Abdullayeva (Nəhmətova) Natəvan Eldar qızı, X12, Cavabdeh2 və onların nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X10, X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, X2, X5 və Cavabdeh2 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində payı ona atası X3 miras qalmışdır. X1 03 aprel 1979-cu ildə vəfat etmişdir. Onların nikahından 24 may 1945-ci ildə Eldar, 01 fevral 1947-ci ildə Ramiz, 27 yanvar 1954-cü ildə Mübariz, 06 dekabr 1955-ci ildə Mədinə, xx xxxxxx 1957-ci ildə Aydın və 20 mart 1965-ci ildə Məlahət adlı 6 uşaqları olmuşdur. Həmin uşaqlardan Eldar 30 iyun 2017-ci ildə vəfat etmişdir. Mərhum atasının birinci nikahdan olan uşaqları Ramiz, Mübariz, Mədinə və Məlahət mərhum atası Əliəskər Nəhmətovun sağlığında ailə həyatı quraraq, ayrılaraq digər yaşayış yerlərinə köçmüşlər. Birinci nikahdan olan uşaqlar Eldar və o, mərhum atası Ələsgər Nəhmətov ölən günə qədər və öldükdən sonra da həmin evdə yaşayıblar və miras əmlakı faktiki olaraq qəbul ediblər. Mərhum atası Ələsgər Nəhmətovun ikinci nikahdan olan qızı X8 da onun sağlığında ailə həyatı quraraq Salyan rayonuna gəlin köçmüşdür. Atasının ikinci həyat yoldaşı Cavabdeh1 isə 2004-cü ilədək miras evdə yaşamışdır. Miras evin 3/9 hissəsi ona məxsusdur. Hazırda o öz payına naturada ayırıb, ondan təkbaşına istifadə etmək etmək istəyir. Lakin cavabdehlər buna maneçilik törədirlər və aralarında bununla əlaqədar mübahisə mövcuddur. Birləşdirilmiş 2-ci iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhəri Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun mülkiyyətində olması nəzərə alınaraq həmin evin və yardımçı tikililərin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia tələbinin həcminin artırılması ərizə verərək paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə, fərdi yaşayış evinin qiymətləndirilərək hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evində vərəsələrdən Cavabdeh1 və İddiaçı Ələskər oğlunun hər birinə 3/9 hissədə, mərhum Eldar Nəhmətovun övladları, X2, X5 və Cavabdeh2 1/9 hissədə payları müəyyən edilmişdir. Evin 3/9 hissəsi onun xüsusi mülkiyyətində olsa da, cavabdehlər ona həmin evdə yaşamağa imkan vermirlər. Hazırda paylarının müəyyən edilməsinə və evin müəyyən hissəsi mülkiyyətlərində olsa da evdən və yardımçı tikililərdən faktiki olaraq istifadə edə bilmir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsi ilə (Rəşad Məmmədov) birləşdirilmiş 1-ci iş üzrə iddia rədd edilmiş, birləşdirilmiş 2-ci iş üzrə iddia təmin edilərək ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin Cavabdeh1 3/9 hissə, Cavabdeh3 1/9 hissə, Cavabdeh4 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə payına mütənasib şəkildə bölünməsi, ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 98600 manat müəyyən edilməsi, birləşdirilmiş 1-ci iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı, birləşdirilmiş 2-ci iddia üzrə ödənilmiş dövlət rüsumunun isə iddiaçı Cavabdeh1 aid edilməsi, ekspertiza xərci 50 manatın birləşdirilmiş 1-ci iş üzrə İddiaçı və birləşdirilmiş 2-ci iş üzrə iddiaçı Cavabdeh1 müştrək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsinin mümkünlüyü məsələsi xüsusi bilik tələb edən məsələ olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin yuxarıda qeyd olunan rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşşat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə məhz buna görə də hesab etmişdir ki, birləşdirilmiş 1-ci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, X10, X12 və Cavabdeh2 qarşı “ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, X2, X5 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Həmin iddia tələbində mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi İddiaçı cavabdehlər Cavabdeh1, X10, X12 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun, yəni İddiaçı, Cavabdeh1, X2, X5 və Cavabdeh2 ümimi birgə mülkiyyətinə verilmiş ümumi sahəsi 233.40 kv.m olan fərdi yaşayış evindən onun, yəni İddiaçı 3/9 hissə payını naturada ayıraraq ona verilməsi mümkün olmazsa həmin əmlakın açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına uyğun bölünməsini tələb edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, tərəflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçinin tərəflərin payına mütənasüb şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər. Buna görə də, məhkəmə Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbi baxımından hesab etmişdir ki, birləşdirilmiş 2-ci iddia təmin edilməli, ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti Cavabdeh1 3/9 hissə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə payına mütənasib şəkildə bölünməlidir. Məhkəmə açıq hərracda satılacaq ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiyməti ilə əlaqədar hesab edir ki, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə iki dəfə qiymətləndirici təyin edilmiş, mübahisə fərdi yaşayış evi orta bazar qiyməti “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən 130200 manat, "xxxx" MMC tərəfindən isə 65000 manat qiymətləndirilmiş, lakin tərəflər qeyd olunan rəylərlə razılaşmamışlar. Məhkəmə yenidən qiymətləndirmə təyin edilməsini işin lüzumsuz uzadılmasına səbəb olacağı qənaətinə gələrək belə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin hər iki qiymətləndirici tərəfindən müəyyən edilmiş məbləğin toplamaqla yarıya bölünməsi qaydasında (130200+65000)/2=98600) müəyyən edilməsini ədalətli hesab etmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. X10, Cavabdeh4, Cavabdeh2 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və 2-ci iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələblərinə zidd olaraq mübahisə predmetinə baxılarkən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi məsələsini müzakirə etməmiş, bununla bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, tərəflərin təqdim etdiyi sənədlərə əsasən formal dəyərləndirmə həyata keçirilmişdir. Həmçinin məhkəmə Cavabdeh1 mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını, halbuki digər cavabdehlərin və iddiaçının yaşadığını da nəzərə almamışdır. İddiaçı 20 ildən artıq müddətdir ki, Salyan rayonu ərazisində yaşayır. Faktiki olaraq Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Həmin şəxsin əsas məqsədi həmin yaşayış sahəsini istifadə etmək yox, məhz iş üzrə cavabdehlərin mülkiyyət hüququnu məhdudlaşdırmaq olmuşdur. Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Fərdi yaşayış evində onlar uzun müddət yaşamışlar. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023- cü il tarixli 2(106)-736/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) İddiaçı tərəfindən ayrılıqda və cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsinin iddianın təmin edilməsinə dair hissədə, yəni Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi, eləcə də ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq Cavabdeh1 10 manat, İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada 40 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tikinti-texniki ekspertizasının rəyini əsas tutaraq İddiaçı iddiasını rədd etmiş və bu hissədə qətnamə mübahisələndirilməmişdir. Bununla yanaşı, məhkəmə Nəhmətova (Qasımova) Hürnaz Yadulla qızının iddiasını təmin etmişdir. Məhkəmə evin naturada bölünməsi mümkün olmadığından onun hərracda satılması və satış pulunun paylara uyğun bölünməsini mümkün hesab etmişdir. Kollegiya bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmamış, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmamasına qiymət verməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olubolmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə riayət etmədən, yalnız əmlakın bölünməsinin mümkünsüzlüyünə əsaslanmaqla birbaşa Mülki Məcəllənin 220.6-cı maddəsini tətbiq etmişdir. Kollegiyanın qənaətinə görə, məhkəmə müvafiq maddi hüquq normasına istinad etsə də, qanunu səhv təfsir etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin apellyasiya şikayətinin təmin edilmiş hissəsində ləğv edilib, ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitindən Cavabdeh1 3/9 hissə, X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə paylarına mütənasib şəkildə bölünməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 98600 manat müəyyən edilməsi hissəsində təmin edilməsinə dair yeni qərar qəbul edəməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 215.1-ci maddəsi pozulmuşdur. Qeyd olunan maddəyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Məhkəmə hazırkı maddi normanı əsaslandırsa belə ilk məhkəmə icraatından tərəflərin müəyyən formada razılıq məhkəmə icraatından tərəflərin müəyyən formada razılıq əldə edilməsi üçün addımlar atması, eyni zamanda bu addımların yekunu olaraq iş apellyasiya icraatında davam edərkən tərəflər arasında pay alqı-satqısı üçün məhkəmədən vaxt istəməsini nəzərə almamışdır. Faktiki olaraq hazırkı forma qətnamənin qəbulu tərəflərin işin yekunlaşdırmasına mane olmaqla eyni zamanda qarşı tərəfin ilkin iddia üzrə iddiaçının və digər apellyatorların alqı-satqıdan yayınmasına səbəb olmuş və demək olar ki, pay alqısatqı məsələsi öz həllini tapmamışdır. Bu da həqiqətdir ki, müəyyən formada bu iş yekunlaşacaqdır. Lakin qarşı tərəfin işi uzatması hazırda mülkiyyət hüquqlarının kobud pozuntusudur ki, bununla bağlı hazırkı gündə də istifadə edə bilmədikləri paylarına görə kompensasiya hüquqlarından istifadə etməmə səbəbləri məhz işin məhkəmə baxışında olması, payların alqı-satqısına dair tərəflərin danışıqları və sair olmuşdur. Bir daha qeyd edir ki, apellyasiya icraatında məhkəmə iclasının təxirə salınma səbəbi də məhz alqı-satqı aparılması ilə bağlı olmuş, müəyyən sənədlər çatışmadığından notarial hərəkət bir müddət ertələnmiş, məhkəmənin hazırkı qətnaməsindən sonra isə ümumiyyətlə mümkünsüz hala gəlmişdir. Dolayısı ilə hazırda pay bölgüsü tələbilə məhkəməyə müraciət etmələri işin həlli üçün deyil, yalnız məhkəmənin iş yükünün artırılması və qarşı tərəfin mənafeyinə uyğundur ki, bu da əsaslı konstitutsion mülkiyyət hüquqlarını pozmaqdadır. Kassator Mülki Məcəllənin 220-ci maddəsinə istinad edərək göstərmişdir ki, maddə bütövlükdə hazırkı işin gedişatını, eyni zamanda tərəflərin münasibətlərini özündə ehtiva edir. Paylarla bağlı alqısatqı məsələsidə məhz məhkəmə iclasında müzakirə predmeti olmuşdur, lakin birdaha qeyd edir ki, müzakirə predmeti olmuşdur, lakin müəyyən texniki məsələlər, çıxarışda adın düz yazılmaması və sair kimi hallara görə ilk mərhələdə alqı-satqı baş tutmamış, daha sonra isə hazırkı qətnamənin qəbulu ilə qarşı tərəf ümumiyyətlə müqavilə bağlanmasından yayınaraq, yəni öz xeyrinə vaxtın uzadılmasına münasib şəraitin olduğunu gördükdən sonra ümumiyyətlə müqavilə bağlamaqdan, alqı-satqıdan yayınmışdır. Qarşı tərəfin birmənalı məqsədi vaxtı uzatmaq, məhkəmənin iş yükünü artırmaqdır ki, bu da işin ədalətli həlli baxımından qəbuledilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3694/2023 saylı qərarı ilə (X13 (məruzəçi), hakimlər X15 və X11) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2023-cü il tarixli 2(106)-736/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddia ərizəsi və iddianın həcminin artırılmasına dair ərizə ilə müraciət edərək Lənkəran şəhəri Müzəffər Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin 3/9 hissəsinin onun istəkləri nəzərə alınaraq natura qaydasında bölünməsi barədə, natura qaydasında bölünmə mümkün olmadığı təqdirdə fərdi yaşayış evinin qiymətləndirilərək hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni Cavabdeh1 fərdi yaşayış evinin naturada bölgüsünün mümkün olmadığı təqdirdə, nail olmaq istədiyi nəticəni ifadə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən halda ayrıca kompensasiya tələbi irəli sürməyə lüzum yoxdur. İşə baxan məhkəmə Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmalı və bununla əlaqədar məsələlərə hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, payının naturada ayrılmasının mümkünsüzlüyünə əsaslanan iddiaçı payının dəyərini digər mülkiyyətçilərdən tələb etmədən birbaşa paylı mülkiyyətdə olan evin hərracda satılmasını tələb etmiş, məhkəmə də bu hissədə iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 220.3-cü maddəsinin tələbi qaydasında ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsini, habelə Mülki Məcəllənin 220.4-cü maddəsinin tələbləri qaydasında ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyünü, onun və digər mülkiyyətçilərin buna razılığını aydınlaşdırmadığını, eləcə də ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmamasına və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmamasına qiymət vermədiyini qeyd edərək özü də həmin məsələləri aydınlaşdırıb hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, tərəflər öz payının digər mülkiyyətçilər tərəfindən ona ödənilməsi, həmçinin tərəflərin payına mütənasüb şəkildə pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılmasında razılığa gəlməmişlər. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. 23 aprel 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, tərəflər arasında barışığın əldə edilməsi mümkün olmamışdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsi ilə ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 98600 manat müəyyən edilməsinə rəğmən qarşı tərəfə ağlabatan məbləğ olaraq 30000 manat kompensasiya təklif etsələr də, onlar bununla razılaşmamışdır. Cavabdeh1 mübahisəli evi 2003-cü ildən tərk etmişdir və hazırda Salyan rayonunda yaşayır. Orada hazırda Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və bir neçə ailə yaşayır. Evin yaxşılaşdırılması üçün öz hesablarına müəyyən əsaslı təmir işləri aparılmışdır. Həmin xərclərin qarşı tərəfdən tələb edilməsi ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər. Dəfələrlə qarşı tərəflə ortaq məxrəcə gəlməyə səy göstərsələr də, bu mümkün olmamışdır. Qarşı tərəfin məqsədi hərrac zamanı evin qiymətini qaldıraraq hazırkı situasiyadan istifadə etməkdir. Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən də, hazırkı məsələ ilə bağlı ardıcıllıq gözlənilməli idi. Lakin qarşı tərəf onların mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədir. 23 aprel 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 əmi uşaqlarıdır. Mübahisəli evdə onlar, atası İddiaçı və onun uşaqları yaşayır. Cavabdeh1 uzun müddətdir ki, orada yaşamır. Ağlabatan məbləğdə kompensasiya təklif edilsə də, qarşı tərəf bununla razılaşmır. 23 aprel 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə3 izahatında bildirmişdir ki, hazırkı halda tərəflər arasında barışıq əldə edilməmişdir. Qarşı tərəfin təklif etdiyi 30000 manat məbləğində kompensasiya ilə razılaşmırlar. Əvvəlki apellyasiya baxışı zamanı 41000-42000 manat məbləğində kompensasiya ilə razılıq əldə olunmuş, alğı-satqını həyata keçirmək üçün notariusa müraciət edilmiş, lakin Çıxarışdakı müəyyən yanlışlığa görə bunu həyata keçirmək mümkün olmamışdır. Evin qiyməti 90000 manat olaraq müəyyən edilir və Cavabdeh1 həmin evdə payı 1/3 hissədən ibarətdir. Hazırda təklif olaraq 45000 manat kompensasiya tələb edirlər. Eyni zamanda qeyd edir ki, ev hərraca çıxarılacağı zamanı həmin evi ala da bilərlər. Tərəflərə 24 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətləri üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3694/2023 saylı qərarında əksini tapmış icrası məcburi olan göstərişlərə əsasən araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2019-cu il tarixli 25730 №-li rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin 3/9 hissə paylarına uyğun olaraq naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.1, 2.2, 2.9-cu bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 233.4 kv.m-dən ibarət olan 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 130200 manatdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hesabata əsasən, Lənkəran şəhəri M. Nəsirli küçəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 139.9 kv.m yaşayış, 93.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə orta bazar qiyməti 65000, orta likvid qiyməti 55000 manat təşkil edir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli və xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışlardan görünür ki, ünvan 5 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində Cavabdeh1 3/9 hissə X2 1/9 hissə, X5 1/9 hissə, Cavabdeh2 1/9 hissə və İddiaçı 3/9 hissə paylı mülkiyyəti qeydə alınmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(102)- 2877/2023 saylı qərarındakı göstərişlərə əsasən araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Belə ki, kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 220.4 və 220.6-cı maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsi əmlakın bölünməsi və ayrılması üzrə müxtəlif hallarda tənzimləməni müəyyən edir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Qeyd edilməlidir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyibsə, həmçinin öz payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bu qayda Mülki Məcəllənin 220.3 və 220.6-cı maddələrində müəyyən olunmuşdur. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsində tərəflərin izahatlarından görünür ki, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı tərəfə mübahisəli ünvan 2 ünvanında 0,05 ha torpaq sahəsində yerləşən 233,4 kv.m sahəsi olan fərdi yaşayış evinin birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 98600 manat ilkin satış qiymətinin təqribən 1/3 hissəsi olan məbləğdə - 30000 manat kompensasiya təklif edir, lakin digər tərəf bununla razılaşmır. Tərəflərin izahatlarından aşkar olur ki, Cavabdeh1 mübahisəli evi uzun illər öncə (2003-cü ildən) tərk etmiş və başqa ünvanda (Salyan rayonunda) yaşayır. Mübahisəli ünvanda isə hal-hazırda Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, İddiaçı və digər şəxslər yaşayır. Habelə Cavabdeh1 vəkili Nümayəndə3 məhkəmədə izahatında qarşı tərəfin təklif etdiyi 30000 manat məbləğində kompensasiya ilə razılaşmadıqlarını bildirmişdir. O, əvvəlki apellyasiya baxışı zamanı hətta 41000-42000 manat məbləğində kompensasiya ilə bağlı danışıqlar getdiyini demişdir. Nümayəndə həmçinin mübahisəli evin qiyməti 90000 manat müəyyən edildiyindən Cavabdeh1 həmin evdə payının 1/3 hissə təşkil etdiyini və buna görə də, 45000 manat kompensasiya tələb edirlər. Eyni zamanda qeyd etmişdir ki, sözügedən ev hərraca çıxarılacağı təqdirdə, onu ala da bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə kollegiyası ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ödənilməsi, habelə ayrılmaq istəyən mülkiyyətçiyə kompensasiya ödənilməsinin mümkünlüyü, onun və digər mülkiyyətçilərin buna razılığı, həmçinin ayrılmaq istəyən mülkiyyətçinin payının cüzi olub-olmaması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olub-olmaması hallarını araşdıraraq həmin məsələlərə lazımi hüquqi qiymət verir. Beləcə, kollegiya qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri (maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsi, Cavabdeh1 uzun illər öncədən mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığını və digərlərinin yaşadığı, Cavabdeh1 ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması və onun məqsədinin həmin yaşayış sahəsinndən istifadə etmək deyil, digərlərinin mülkiyyət hüququnun məhdudlaşdırılması olması hallarının araşdırılaraq nəzərə alınmaması) mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onların nümayəndəsi Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2(049)-347/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar