Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-342/2023 23.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh 300000 (üç yüz min) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 53-cü maddəsinə əsasən 20 oktyabr 2022-ci il tarixdə məhkəməyə “iddia həcminin artırılmasına dair” ərizə ilə müraciət edərək, 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh 396500 (üç yüz doxsan altı min beş yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu nümayəndəsi (atası) X2 təmsil etmişdir. Məhkəmə mülki işə İddiaçı nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi (atası) X2 iddianı müdafiə edib izahat verərək bildirmişdir ki, iddiaçı keçmiş Astara rayon Şiyəkəran kənd icra nümayəndəsi olmuş Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat pul vermişdir. Cavabdeh iddiaçıya həmin torpaq sahəsinin hərrac yolu ilə satılacağını bildirmişdir. Həmin torpaq sahəsi iddiaçıya ayrılmış, iddiaçı həmin torpaq sahəsində mal-qara saxlamaq üçün tövlə tikmiş, 3000 metr uzunluğunda kanallar qazmış və 16000 ağac əkmişdir. Qeyd etdi ki, torpaq sahəsi əvvəllər tamamilə yararsız halda olduğundan həmin torpaq sahəsinin yararlı hala gətirilməsi üçün bir neçə aylar fasiləsiz olaraq həmin torpaqlarda texnikalar işləmişdir. Lakin, sonradan iddiaçıya cavabdeh tərəfindən verilmiş sənədlərin saxta olduğu məlum olmuş və cavabdeh barəsində cinayət işi açılmışdır. X3 Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)-421/2021 nömrəli hökmü ilə Cavabdeh 08 il, 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökm Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı torpaq sahəsinin yararlı hala salınması üçün 396500 (üç yüz doxsan altı min beş yüz) manat məbləğində pul xərcləmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq, o, hazırda cəzaçəkmə müəssisəsində olduğundan hazırki mülki iş üzrə iştirak etməmiş, iddia ərizəsinə qarşı da öz mülahizələrini bildirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:M.Məmmədov), İddiaçı Cavabdeh qarşı “396500 (üç yüz doxsan altı min beş yüz) manat pulun ödənilməsi tələbi barədə” iddiasının əsassız olmasına görə rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 139.1, 139.3 və 139-1.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətində qeyd etmişdir ki, məhkəmə “Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə istinad edərək mənim cinayət işi üzrə zərərçəkmiş şəxs qismində deyil, şahid qismində dindirildiyimi və ifadəmi əsas göstərərək, həmin iş üzrə zərərçəkmiş şəxs kimi cəlb edilmədiyimdən cinayət işi üzrə təqsirləndirilən şəxsdən hazırki cavabdehdən cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini tələb edə bilməyəcəyimi, 2015-ci ilin iyun ayında Cavabdeh 06 ha torpaq sahəsinə görə 20.000 ABŞ dolları, 29 ha torpaq sahəsinə görə isə 14.000 manat pul verərkən həmin pulun rüşvət kimi qəbul edildiyini bildiyimi qeyd etmiş və CM-nin 7.0.36, 87.1, 87.4 və MPM-nin 82.4-cü maddələrinə istinad etmişdir.” Daha sonra onun cavabdehdən aldığı torpaq sahəsinə xərc çəkdiyinə dair tələbində dövlət reyesterindən hüquqmüəyyənedici sənədlər almadan işlər apardığına görə əsassız olması qənaətinə gəlmişdir. Buna dair möhtəbər sübut olmadığını vurğulayan məhkəmə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatını qətiyyən nəzərə almamışdır. Həmin hesabatda Siyəkəran kəndində yerləşən Fermanın və əkin sahəsinin təmir-tikinti işlərinin həcmi və dəyəri 396.500 manat təşkil etməkdədir. O, aldığı torpaq sahsəində təmir-tikinti işləri aparmış ora külli miqdarda vəsait xərcləmiş və cavabdehin verdiyi torpağın üçüncü şəxslərə aid olmasından məlumatsız olmuşdur. Nəticədə isə əlavə xərclərlə üzləşmişdir. Məhkəmənin yuxarıda qeyd olunan maddələrə istinad etməklə iddianı rədd etməsi məntiqli görünə bilməz, bir sıra qərarlarda pul mülkiyyət kimi dəyərləndirilmiş, mənim zərərçəkmiş, yaxud şahid kimi tanınmağım mənim mülkiyyət hüququmdan məhrum edilməyim qanunsuz və ədalətsizdir. Odur ki, kollegiyadan Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh vəkili Vəkil1 apellyasiya icraat zamanı verdiyi izahatında apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələbi rüşvət kimi verdiyi 20.000 (iyirmi min) ABŞ dolları və 14.000 (on dörd min) manat hissəsində ona görə əsassızdır ki, iddiaçının məlum cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasından asılı olmayaraq, qeyd edilən pul məbləği rüşvət alma cinayətinin predmeti olduğu üçün onu geri tələb edə bilməz. İddia tələbinin digər hissəsinə gəldikdə isə, iddiaçı tərəf özü də etiraf edir ki, ona qanunsuz satılan torpaq sahələrində tikdirdiyi tikililər, çəkdirdiyi kanal, gördürdüyü digər işlər hal-hazırda da onun istifadəsindədir. Yəni həmin torpaq sahələrini müxtəlif insanlardan alaraq mülkiyyətinə keçirmişdir. İddiaçı öz istifadəsində olan əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlı deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsini İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışın 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1100.“dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, iddiaçının birinci xahişi üzrə İddiaçı 2015-ci ilin iyun ayında Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat pul verərkən həmin pulun Cavabdeh rüşvət verməsini, onun tərəfindən isə rüşvət kimi qəbul edilməsini bilməsi, həmçinin də İddiaçı törədilmiş cinayətində zərər çəkmiş şəxs olmadığından, o, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün tələb etmək hüququnun olmaması, ikinci xahişi isə İddiaçı yuxarıda qeyd edilən əsaslara görə Cavabdeh almış olduğu torpaq sahəsinə xərc çəkməsinə görə 396500 (üç yüz doxsan altı min beş yüz) manat ziyan dəyməsi barədə tələbinin də əsaslı olmaması, Cavabdeh hərəkətləri nəticəsində ona 396500 (üç yüz doxsan altı min beş yüz) manat məbləğində ziyan dəyməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan münasibət cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi ilə bağlıdır. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 1096,1097,1100-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası iddia tələbi üzrə araşdırma apararaq müəyyən edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi iki (xahişdən) hissədən ibarət olmuşdur. Birinci (xahişdə) hissədə İddiaçı 2015-ci ilin iyun ayında Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat rüşvət kimi verdiyi pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci (xahişdə) hissədə İddiaçı yuxarıda qeyd edilən əsaslara görə Cavabdeh almış olduğu torpaq sahəsinə xərc çəkməsinə görə ziyan dəyməsi və həmin ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə tərəflər arasında yaranan münasibətin xarakteri, cavabdehə dəymiş ziyana görə mülki məsuliyyətinin yaranıbyaranmaması, ümumiyyətlə iddiaçının cavabdehə qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması araşdırılaraq hüquqi qiymət verilməsi gəlinən hüquqi nəticələrin asan başa düşülməsi baxımından məqsədə uyğundur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin birinci (xahişi) hissəsi yəni İddiaçı 2015-ci ilin iyun ayında Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat rüşvət kimi verdiyi pulun geri qaytarılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddiaçının iddia tələbinin birinci xahişi ilə müəyyən edir ki, İddiaçı tələblərini Cavabdeh o əsaslarla yönəldir ki, o, 2015-ci ilin iyun ayında Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat rüşvət vermiş, sonradan ona verilən mülkiyyət sənədinin saxta olduğunu bilmiş və müvafiq olaraq hüquq mühafizə orqanlarına müraciət etmiş, nəticədə Cavabdeh tərəfindən ondan qeyd olanan məbləğdə rüşvət aldığı və aldadıldığı təsdiq olunaraq onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)- 421/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Cavabdeh ondan aldadaraq aldığı 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat pul məbləği geri qaytarılmamışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edrək məhrum olduğu pulun geri qaytarılmasını tələb edir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1-(099)-421/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 311.3.1, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 311.3.1, 311.3.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cavabdeh Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə əsas və əlavə cəzanın təyin edilməməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökm edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı şahid qismində tanınmaqla, şahid qismində dindirilmişdir. Həmin hökmdən həmçinin müəyyən edilir ki, X1 da digər cinayət əməlləri ilə yanaşı AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3-cü maddələri ilə (rüşvət alma) təqsirli bilinmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 23 may 2022-ci il tarixli, 1(106)- 185/2022 nömrəli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(099)-421/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Kollegiya iddiaçının Cavabdeh 06 hektar torpaq sahəsinə görə 20000 (iyirmi min) ABŞ dolları, 29 hektar torpaq sahəsinə görə isə 14000 (on dörd min) manat rüşvət kimi verilmiş pulun geri qaytarılması təmin oluna bilməz. Çünki bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri CM-nin 99-1.1.2-ci maddəsinin tələblərinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Bundan başqa o da qeyd olunmalıdır ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət birbiri ilə sıx bağlı əməllərdir və eyni zamanda obyektə (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanalarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər) qəsd edirlər. Təqsirkarın digər şəxsi rüşvət verməyə təhrik edib aldatmaqla ona məxsus əmlakı ələ keçirməsi halında əmlakından məhrum olunmuş şəxsin zərərçəkmiş qismində tanınmasının istisna edilməsi mövqeləri onunla əsaslandırıla bilər ki, belə hallarda aldadılan şəxs öz əməli ilə rüşvət vermə cinayətini törətməyə cəhd göstərmişdir. Bunun əksi baş verdikdə, yəni rüşvət verən zərərçəkmiş şəxs qismində tanındıqda, ictimai münasibətlərin cinayət-hüquqi müdafiəsinin məqsəd və vəzifələri heçə endirilir. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, cinayət qanununun məqsədi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə Cinayət Məcəlləsi yalnız qanuni maraqları və mənafeləri öz mühafizəsi altına alır. Rüşvət verənin maddi maraqlarını isə hətta ona qarşı dələduzluq cinayəti törədildikdə belə, qanuni adlandırmaq olmaz (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 07 saylı qərarında qeyd edilir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. (36-cı bəndinin 3-cü, 36-cı bəndinin 8-ci və 36-cı bəndinin 9-cu hissələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin həqiqi hallarından görünür ki, iddiaçı maddi nemətlər əldə etmək üçün (torpaq sahəsi əldə etmək) vəzifəli şəxslərə rüşvət verdiyini bilir və arzulayırdı. Ona görə ki, Azərbaycan Respublikası vətəndaşının müvafiq kateqoriyalı torpaq sahəsini qanuni əsaslarla alma yollarını bilməməsi mümkün deyildir. Bilmədiyi halda bunu öyrənməsi üçün rəsmi müraciət hüququ mexanizimi mövcuddur. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Onun aktiv rüşvətxorluğa görə cinayət məsuliyyətindən kənarda qalmasına əsas aktiv rüşvətxorluğu barədə könüllü surətdə müvafiq hüquq mühafizə orqanına vaxtında məlumat verməsi olmuşdur. Həmçinin o da müəyyən edilir ki, cinayət işi üzrə passiv rüşvətxorluğa görə iki şəxs X1 və Cavabdeh məsuliyyətə cəlb edilərək cinayət əməlləri sübut edilmişdir. Lakin, iddiaçı rüşvətin predmetini təkcə Cavabdeh geri tələb edir. Hüquqi qüvvəsini almış cinayət işi üzrə hökm və qərardan müəyyən edilir ki, iddiaçının hazırda bir məhkum şəxsdən tələb etdiyi 20.000 ABŞ dolları və 14.000 manat pul vəsaitləri əslində X1 və Cavabdeh törətdiyi passiv rüşvətxorluq cinayətinin predmeti olmuş, istintaq dövründə predmet əldə olunmadığı üçün müsadirəsi də mümkünsüz olmuşdur. Ona görə birinci instansiya məhkəməsinin hüquqi mövqeyindən fərqli olaraq, iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınsaydı da, 20.000 ABŞ dolları və 14.000 manat pul vəsaitləri zərər kimi deyil, cinayətin predmeti kimi qəbul ediləcəkdi. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan 20.000 ABŞ dolları və 14.000 manat pul vəsaitlərin geri tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçının rüşvət kimi verdiyi 20.000 ABŞ dolları və 14.000 manat pul vəsaitləri öz xahişi və razılığı ilə baş verdiyindən və Cinayət Məcəlləsi yalnız qanuni maraqları və mənafeləri öz mühafizəsi altına aldığından qeyd edilən pul məbləğləri iddiaçı tərəfindən məhkum şəxsdən geri tələb edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin ikinci (xahişi) hissəsi yəni İddiaçı yuxarıda qeyd edilən əsaslara görə Cavabdeh almış olduğu torpaq sahəsinə xərc çəkməsinə görə ziyan dəyməsi və həmin ziyanın cavabdehdən alınaraq ona verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zaman iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatından və apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, o, tələblərini Cavabdeh o əsaslarla yönəldir ki, cavabdeh Astara rayon Siyəkəran kənd icra nümayəndəsi vəzifəsində işləyərkən onunla torpaq qanunvericiliyinin tələblərinə zidd hərəkət etmiş, onu aldadaraq 6 ha torpaq sahəsinə görə 20.000 ABŞ dolları, 29 ha torpaq sahəsinə görə isə 14.000 min AZN məbləğində pul almış, Cavabdeh ona bildirmişdir ki, həmin torpaq sahələrini ona hərrac yolu ilə satacaq, məhz bu səbəbdən də, qeyd olunan torpaq sahələri ona ayrılaraq təhkim olunmuş, o, da ayrılmış torpaq sahəsindən istifadə etmək məqsədilə, mal-qara saxlamaq üçün tövlə tikmiş, 3000 metr uzunluğunda kanallar qazdırmış, həmin torpaqları istifadəyə yararlı hala salınması, kol-kosdan təmizləməsi üçün texnikalar işlətmiş, həmin torpaqlarda müşahidə məntəqəsi, işçilərin yaşaması üçün ev tikdirmiş, həmçinin yaşıllaşdırma məqsədilə, həm də, məhdudiyyətlər üçün 16.000 ağac əkmiş və bütün bunlara görə rüşvət kimi verilmiş 50.000 manat da daxil olmaqla (346500+50000=396500) 396.500 manat dəyərində xərc çəkmişdir. İddiaçı bunu təsdiq edən 18 oktyabr 2022-ci il tarixli Əmlak Ekspert Mərkəzi MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyini təqdim edir. İddiaçı daha sonra qeyd edir ki, onu aldadan Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş qaydada məhkəmənin hökmü ilə məhkum olunsa da, ona dəymiş 396.500 manat dəymiş ziyan ödənilməmişdir. Cavabdehin apellyasiya şikayətinə və iddia tələbinə etirazından müəyyən olunur ki, o özünü iddiaya cavab verməli olan şəxs hesab etmir. Hesab edir ki, o, iddiaçıya heç bir maddi ziyan vurmamışdır. İddiaçının tələbi rüşvət kimi verdiyi 20.000 (iyirmi min) ABŞ dolları və 14.000 (on dörd min) manat hissəsində ona görə əsassızdır ki, iddiaçının məlum cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb-tanınmamasından asılı olmayaraq, qeyd edilən pul məbləği rüşvət alma cinayətinin predmeti olduğu üçün onu geri tələb edə bilməz. İddia tələbinin digər hissəsinə gəldikdə isə, iddiaçı tərəf özü də etiraf edir ki, ona qanunsuz satılan torpaq sahələrində tikdirdiyi tikililər, çəkdirdiyi kanal, gördürdüyü digər işlər hal-hazırda da onun istifadəsindədir. Yəni həmin torpaq sahələrini müxtəlif insanlardan alaraq mülkiyyətinə keçirmişdir. İddiaçı öz istifadəsində olan əşyaların dəyərini cavabdeh tələb etməkdə haqlı deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.5-ci maddəsinə əsasən əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1100.-cü maddəsinə əsasən “dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.” Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan barədə tələblərinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsi təşkil edir. Çünki, Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən, “dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.” Maddi hüquq normasının mənasından da göründüyü kimi, iddiaçının iddiasının əsaslarına görə cavabdeh Astara rayon Siyəkəran kənd icra nümayəndəsi vəzifəsində işləyərkən onunla torpaq qanunvericiliyinin tələblərinə zidd hərəkət etmiş, onu aldadadaraq 6 ha torpaq sahəsinə görə 20.000 Abş dolları, 29 ha torpaq sahəsinə görə isə 14.000 min AZN məbləğində pul almış, Cavabdeh ona bildirmişdir ki, həmin torpaq sahələrini ona hərrac yolu ilə satacaq, məhz bu səbəbdən də, qeyd olunan torpaq sahələri ona ayrılaraq təhkim olunmuş, o, da ayrılmış torpaq sahəsində vermiş olduğu rüşvətlə birlikdə (346500+50000=396.500) 396.500 manat dəyərində xərc çəkmişdir. Belə olan halda torpaq qanunvericiliyin tələblərinə zidd hərəkət etmiş vəzifəli şəxsin qanunsuz hərəkətlərindən irəli gələn maddi tələbləri ödəmək cavabdehliyi Azərbaycan Respublikasının üzərinə düşür. Yəni bu cür hərəkətlərin və qəbul edilmiş aktın qanunsuz olması və qanunsuzluğun nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi sübut olunsa belə, bu hərkətlərə cavab verməli olan şəxs Cavabdeh ola bilməz. İddia tələbləri konkret halda Azərbaycan Republikasında müvafiq icra hakimiyyəti orqanına qarşı yönəldilməli idi. Birinci instansiya məhkəməsində aparılmış icraatın nəticələrindən müəyyən edilir ki, Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olmasını görmüş, lakin bu haldan xəbərdar olmasına baxmayaraq prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş iddia tələblərini qismən əsaslı saymışdır. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan iddiaçının ikinci xahişi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini Cavabdeh yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı əsl cavabdehin əvəz edilməsi təklifi ilə razılaşmadığı təqdirdə, Cavabdeh qarşı yönəldilmiş iddia tələbləri yalnız bir əsasa görə, iddiaya cavab verməli olmayan şəxs olması əsası ilə təmin olunmamalı idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə - iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “396500” ( üç yüz doxsan altı min beş yüz) manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)1127/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “396500” ( üç yüz doxsan altı min beş yüz) manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-342/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-342/2023
23.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver