Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-351/2024 07.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 5530 manat dəymiş ziyan tələbinə dair mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X4, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5530 manat dəymiş ziyan tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(041)-102/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5530 manat ona dəymiş ziyana görə pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinqə götürdüyü MTZ 89.2 markalı 54K457 nömrəli traktor onun qanuni sahibliyində və istifadəsində olmuş, lizinq ödəmələri onun tərəfindən həyata keçrilmiş, lakin sonradan ödəməyə imkanı olmadığı üçün cavabdehlə razılığa gələrək 7000 manata traktoru ona vermişdir. Cavabdeh qabaqcadan ona 2000 manat vermiş, traktoru götürüb aparandan sonra 2000 manat vermiş, qalan 3000 manat hissəsini işləyib verəcəyini, lizinqə qalmış borcunu isə 1 il ərzində bağlayacağına söz vermişdir. Lakin cavabdeh bir müddət sonra borcundan 600 manat vermiş, bundan sonra qalan borcunu verməmişdir. Cavabdeh cəmi borcundan 4600 manat ödəmiş, 2400 manat borcu qalmış, lizinqə olan borcunu da ödəməmiş, onun telefonlarına cavab verməmişdir. 1 il 8 ay sonra traktoru öz həyətinə gətirmiş, traktor demək olar ki işlək vəziyyətdə olmamışdır. Cavabdeh arqolizinqə olan borcu ödəmədiyi üçün məhkəmənin qərarı ilə həmin pul ondan tutulmuşdur. Traktoru nasaz vəziyyətdə görüb mütəxəssis dəvət etmiş, traktora dəyən ziyanı hesablatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat vermiş və əlavə olaraq bildirmişdir ki, dəymiş ziyanın hesablanması məqsədilə mütəxəssis dəvət etmiş, xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş həmin aktda Aqrolizinq ASC-yə məxsus lizinqə götürdüyü MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrə nişanlı traktora 5530 manat məbləğində xərc lazım olduğu müəyyən edilmişdir. Aktda göstərilən qüsurları öz vəsaiti hesabına bərpa etmişdir. Sonradan Cavabdeh atası X5 qarşı Sabirabad rayon məhkəməsində iddia qaldıraraq, traktora görə verdiyi 4600 manat pulun geri qaytarılmasını tələb etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Mübahisələndirilən traktor onun adına sənədləşdirildiyindən və Səmidov X7 rayonu, Ərəbqubalı kəndində yaşadığı üçün hazırki iddia tələbi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2019- cu ildə ailə təsərrüfatını artırmaq üçün traktor almaq qərarına gəlmiş, bu məqsədlə yaxın qohumlarına, dost və tanışlarına müraciət edərək ona traktor tapılmasını xahiş etmişdir. Az müddət sonra kənd sakini Xalid Kərimov adlı şəxs ona axtardığı texnikanın Sabirabad rayonu Əsgərbəyli kənd sakini İddiaçı adlı şəxsdə olduğunu bildirmiş, dərhal həmin şəxslə əlaqə saxlamış və onda traktorun olub-olmamasını soruşmuşdur. İddiaçı onda traktor olduğunu və həmin traktoru satmaq istədiyini bildirmişdir. Söhbət əsnasında bilmişdir ki, iddiaçının atası Aqrolizinq ASC-dən güzəştli kredit əsasında Belarus 892 markalı traktor almış və həmin traktoru satmaq istəyir. Həmin traktoru 8000 manata razılaşmışlar. Bundan sonra iddiaçının atasına 2000 manat və əlavə olaraq 5200 manat pul vermişdir. Bundan sonra traktoru götürüb evinə aparmışdır. İddiaçının atası bir müddət sonra ona zəng edərək traktorun sənədləşməsi üçün daha 300 manata ehtiyac olduğunu bildirmişdir. O iddiaçıya yenidən 300 manat pul vermişdir. Ümumilikdə iddiaçı və atasına 7500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona verilən sənədlər həmin traktora aid deyil. Məhz bu səbəbə görə traktorun kredit ödənişindən imtina etmişdir. Bundan sonra iddiaçının atası onun evinə gələrək traktoru götürüb aparmışdır. O, traktoru alarkən nasaz vəziyyətdə olmuş, traktoru işlək vəziyyətə gətirmək üçün xeyli miqdarda pul xərcləmişdir. Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə traktora görə verdiyi 4600 manat pulun ona geri qaytarılması qət edilmiş, X4 ona qarşı 5530 manat dəymiş ziyana görə pulun ödənilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Hazırki iş üzrə də, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli aktda göstərilən məbləğ və görülən işlər inandırıcı görünmür, çünki traktoru işlək vəziyyətdə X5 təhvil vermişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(041)-102/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5530 (beş min beş yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, traktor kimin istifadəsində və ya sahibliyində olan zaman ona ziyan dəymişdir. Traktora ziyan o, cavabdehin istifadəsində olarkən dəymiş olsaydı, iddiaçının atası onu apararkən bununla bağlı öz etirazını bildirərdi. İddiaçı izahatında göstərmişdir ki, traktoru öz həyətinə gətirmiş, traktor demək olar ki, işlək vəziyyətdə olmamışdır. İddiaçı bunu sübut edə bilməsədə, məhkəmə iddiaçının həmin izahatını sübut kimi qəbul etmiş, izahatın digər sübutlarla təsdiqlənməməsinə baxmayaraq, məhkəmə ona obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamış, həmin izahatın məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı sübut edə bilməmişdir ki, atası traktoru apararkən, o işlək vəziyyətdə olmuşdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh traktoru 2019-cu ilin sentyabr ayında aparmış və özünə məxsus torpaq sahəsində və təsərrüfatda müxtəlif sahələrdə təyinatı üzrə istifadə etmişdir. Apardıqdan sonra traktor üçün yeni təkərlər almışdır. Traktoru apardıqdan sonra 2 ay sonra bilmişdir ki, ona verilən sənədlər apardığı traktora aid sənədlər deyil. Buna görə də traktora görə 1 dəfə 200 manat lizinq ödənişi etmişdir. Ona verilən sənədlərin qeyd edilən mübahisəli traktora aid olmadığını bilsə də traktoru iddiaçıya qaytarmamış, həmin traktordan 2020-ci ilin oktyabr ayının sonuna qədər istifadə etmişdir. 2020-ci ilin oktyabr ayının sonunda iddiaçı gəlib traktoru aparmışdır. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh traktoru ondan 2019-cu ilin iyul ayında alıb aparmışdır. Cavabdeh traktora görə bir dəfə ödəniş edib. O, traktordan 1 il 6 ay istifadə edərək onu yararsız vəziyyətə salmışdır. Cavabdeh qeyd edir ki, traktorun sənədləri qaydasında olmayıb. Əgər belədirsə niyə traktoru geri qaytarmayıb. Cavabdeh tərəfindən lizinq ödənişi edilmədiyindən və Aqrolizinqdən bu barədə onu narahat etdiklərindən 2020ci ilin oktyabr ayının sonunda gedib traktoru cavabdehdən alıb gətirmişdir. Şəhid ailəsi olduğundan lizinq ödənişinə görə Lizinqdən ona güzəşt etmişlər. Lakin cavabdeh nə lizinq ödənişlərini ödəmiş nədəki traktoru ona geri qaytarmışdır. Əksinə mübahisəli olduğunu bilə-bilə traktordan istifadə edərək onu yararsız vəziyyətə salmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 80-0000010 nömrəli pasportda "Gəncə Avtomobil zavodu” İb-nin istehsal etdiyi, 892 "BELARUS” traktorunun buraxılış ili 2012, zavod nömrəsi 0003017, dizelin zavod nömrəsi D-2455 669227, kabinanın zavod nömrəsi 253787 göstərilmişdir. - xx.xx.2019-cu il tarixdə BDTNX Şirvan RB tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il olan, 54K457 qeydiyyat nömrəli MTZ 89.2 markalı, ban nömrəsi 0003017, mühərrik nömrəsi 669227 olan göy rəngli traktor "Aqrolizinq”ASC-yə məxsusdur, İddiaçı lizinqə verilmişdir. - "Aqrolizing” ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizingə verilməsi barədə xx.xx.2019-cu il tarixli 798-GL/19 saylı müqavilənin surətindən görünür ki, Belarus-892 markalı, şassi zavod nömrəsi 24114357, mühərrik nömrəsi 051935 olan traktor aşağıdakı şərtlərlə İddiaçı lizinqə verilmişdir: ilkin qiymət-28500 manat, ödənilmiş məbləğ-6000 manat, güzəştdən sonra qalıq məbləğ-11100 manat. -xx.xx.2019-cu il tarixdə verilmiş elektron texniki baxış talonunda qeydiyyat nömrəsi 54K457, "TRAKTOR MTZ89.2” markalı "Aqrolizing” ASC-yə məxsus nəqliyyat vasitəsinin texniki vəziyyətinin SAZ olduğu qeydedilmişdir. - xx.xx.2019-cu il tarixdə bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatda MTZ 89.2 markalı nəqliyyat vasitəsinin buraxılış ili 2012-ci il, qeydiyyat nömrəsi 54K457, ban nömrəsi 0003017, mühərrik nömrəsi 669227 göstərilmişdir. - Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-248/2021 saylı üətnaməsinin surətindən görünür ki, Cavabdeh X6 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, X3 Cavabdeh xeyrinə 4600 manat, məhkəmə xərci kimi 50 manat, cəmi 4650 manat pul tutulmuşdur. - Saatlı "Avtoservis” xidmətinin müdiri M.A.Ağayevin, xidmətin çilingəri Ə.A.Ağayevin, Sabirabad rayonu Əsgərbəyli kənd sakini P.T.Hüseynovun iştirakı ilə tərtib edilmiş, "Aqrolizinq” ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ- 892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda əsaslı təmir edilməsi üçün traktorun aşağıda göstərilən hissələrinin dəyişib yenisi ilə əvəz edilməsi məqsədə uyğun hesab edilmişdir: 1) arxa şinlər 16x38, 2 ədədx750=1500 manat, 2) qabaq şinlər 13x20 ,2 ədəd x330 man=660 manat, 3) dirsəkli val 1 ədədx520man=520 manat, 4) mühərrikin təmir dəsti 1 kom.x380 man=380 manat, 5) yanacaq nasosu= 200 manat, 6) turbokompressor 1 ədədx480 man=480 manat, 7) akkumlyator 6STx100 2 ədəd x160 man=320 manat, 8) arxa körpünün güc ayıran valı 1 ədədx250 mana=250 manat, 9) radiator 1 ədədx500 man=500 manat, 10) starter 1 ədədx220= 220 manat, 11) araqatı (proklatka) 5 ədəd =100 manat, 12) maqnito pusqater 1 ədəd=100 manat, 13) sükan 50 manat, 14) qabaq körpünün qoşan reduktoru 250 manat. Mütəxəssislər tərəfindən traktora dəymiş ziyanın ümumi məbləği 5530 manat müəyyən olunmuşdur. - Kürdəmir rayonu Ərəbqubalı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında Cavabdeh Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşadığı qeyd edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(041)-102/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Sabirabad rayonu Əsgərbəyli kənd sakini, İddiaçı istifadəsində olan, MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktora yerində baxış keçirilməklə, traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda göstərilən aşağıda hissələrinin həqiqətən də, həmin tarixdə yenisi ilə əvəz edilib-edilməməsi müəyyən edilsin; - 1) arxa şinlər 16x38, 2 ədəd, 2) qabaq şinlər 13x20 ,2 ədəd, 3) dirsəkli val 1 ədəd, 4) mühərrikin təmir dəsti 1 komplekt, 5) yanacaq nasosu, 6) turbokompressor, 7) akkumlyator 6STx100 2 ədəd, 8) arxa körpünün güc ayıran valı 1 ədəd, 9) radiator 1 ədəd, 10) starter 1 ədəd, 11) araqatı (proklatka) 5 ədəd, 12) maqnito pusqater 1 ədəd, 13) sükan, 14) qabaq körpünün qoşan reduktoru. - əgər göstərilən hissələr yenisi ilə əvəz edilmişdirsə, xx.xx.2021-ci il tarixli aktda göstərilən məbləğlər aktın tərtib edildiyi vaxt mövcud olan pərakəndə satış qiymətlərinə uyğundurmu? Əks təqdirdə göstərilən hissələrin həmin dövrə uyğun qiymətləri müəyyən edilsin. 25 iyul 2023-cü il tarixli 9/3231 nömrəli ekspert rəyində göstərilmişdir ki, təhqiqatın nəticələri 1-ci sual üzrə-əmtəşünaslıq ekspertizasının predmetinə aid olmadığından təhqiqat aparmaq mümkün olmadı, 2-ci sual üzrə nəzəri hesablama yolu ilə "MTZ-892” markalı,54K-457 dövlət qeydiyyat nömrəli traktorun təmir-bərpa xərci təxminən 7235 manat müəyyən olunur. O cümlədən, dəyişilməli hissələrin qiyməti 6635 manat, təmirbərpa işlərinin qiyməti-600 manat. İşin hallarından müəyyən edilir ki, iddiaçı traktora dəymiş ziyanı tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və müəyyən etmişdir ki, "xxxx" ASC-yə məxsus MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktor İddiaçı lizinqə verilmişdir. Sonradan iddiaçının atası X8 həmin traktoru Cavabdeh satmış və ondan 4600 manat pul almışdır. X2 traktoru geri almış və Cavabdeh iddiası əsasında Sabirabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 4600 manat pul ona qaytarılmış, X4 traktora xərclədiyi 5530 manat pulun ödənilməsinə dair qarşılıqlı iddiası təmin edilməmiş, əsas kimi həmin traktor üzərində X1 hüququnun olmaması göstərilmişdir. Traktoru sənəd üzrə lizinqə götürmüş İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddianın əsası kimi məhkəməyə təqdim etdiyi MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrə nişanlı həmin traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda göstərilən qiymətlərə istinad etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və fikrini onunla əsaslandırmışdır ki, əvvələn traktoru işlək vəziyyətdə sahibinə qaytarmış, sonradan dəyişdirilmiş ehtiyat hissələrinin bir hissəsini traktor onun istifadəsində olduğu müddətdə dəyişdirmişdir. Bundan əlavə, ona verilən traktora görə lizinq haqqını sənəddə gedən səhvlərə görə ödəyə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı “Avtoservis” xidmətinin müdiri M.A.Ağayevin, xidmətin çilingəri Ə.A.Ağayevin, Sabirabad rayonu Əsgərbəyli kənd sakini P.T.Hüseynovun iştirakı ilə tərtib edilmiş, "xxxx" ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktora baxış keçirilməsi barədə xx.xx.2021-ci il tarixli aktda traktorun əsaslı təmir edilməsi və işlək vəziyyətə gətirilməsi üçün 5530 manat dəyərində vəsaitin tələb olunduğu (ekspert rəyində traktorun təmir-bərpa xərci təxminən 7235 manat müəyyən olunmuşdur) həmin məbləğ tərəflər arasında mübahisə yaratmasa da, cavabdeh həmin xərcin onun təqsiri ucbatından deyil, traktorun aşınması xərcləri kimi qiymətləndirmişdir. Məhkəmə cavabdehin bununla bağlı dəlillərini əsaslı hesab etmir ona görə ki, "xxxx" ASC-yə məxsus, İddiaçı lizinqə verilmiş MTZ-892 markalı 54K-457 dövlət qeydiyyat nömrəli traktor 2019-cu ilin iyun ayından 2020ci ilin oktyabr ayına kimi cavabdehin istifadəsində olmuş, həmin müddətdə traktor işlək vəziyyətdə olmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə verilmiş elektron texniki baxış talonunda qeydiyyat nömrəsi 54K457, “TRAKTOR MTZ89.2” markalı "xxxx" ASC-yə məxsus nəqliyyat vasitəsinin texniki vəziyyətinin SAZ olduğu qeyd edilmişdir. Traktorun sənədlərində uyğunsuzluqların olması işdə olan sənədlərdən də göründüyü üçün bununla bağlı cavabdehin dəlilləri əsaslı hesab olunur. Lakin traktorun alqı-satqısı baş tutmadığına görə və traktor sahibinə geri qaytarıldığı üçün bu halın dəymiş ziyanla bağlı heç bir əlaqəsi olmadığından mübahisənin işdə olan sənədlər əsasında həll edilməsinə heç bir təsir göstərmir. Göründüyü kimi cavabdeh traktorun sənədlərində çatışmamazlıq olduğunu bilsə də traktorun lizinqi üçün yalnız bir dəfə ödəniş etmiş, tarktordan istifadəsini davam etdirmiş və onu iddiaçıya qaytarmamışdır. Cavabdeh traktorun mübahisəli olduğunu bilmiş və təxminən 1 ildən çox müddətə ondan təyinatı üzrə müxtəlif işlərdə istifadə etmiş və onu yararsız vəziyyətə salmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən mövqeyi ilə razılaşır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin dəlilləri əsaslı deyil. İddia tələbi ilə bağlı birinci instansiya məhkəməsində araşdırma aparılmış və iddia təmin edilmişdir. Cavabdeh avtomobili işlək vəziyyətdə iddiaçıya təhvil verməsinə dair məhkəməyə müvafiq sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(041)-102/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-351/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-351/2024
07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver