Məhkəmə qərarları › İş №2(106)-370/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-370/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-370/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun, dövlət rüsumuna görə ödədiyi 36 manat və 110 manat vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) İddiaçı Cavabdeh qarşı pul pul tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 1500 manat (min beş yüz) manat pul, dövlət rüsumu kimi ödədiyi 36 (otuz altı) manat və 110 (yüz on) manat məbləğdə vəkil xidməti haqqının alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)- 1252/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, cavabdehin anası Soltanova Mehparə Şücayət qızını tanıyır, onunla uzun illər qeyrə-rəsmi olaraq yaşamışdır. Sonradan Mehparənin ona və digər şəxslərə qarşı dələduzluq etməsini bilmişdir. Cavabdehin anası olan Mehparənin bu hərəkətlərinə görə onun barəsində CM-in 178-ci və 311-ci maddələri ilə cinayət işi başlandı və baxılması üçün məhkəməyə göndərildi. Hazırda şikayəti əsasında Şirvan ŞPŞ-nin İB-də Soltanova Mehparə Şücayət qızı barəsində müvafiq araşdırma aparılır. 2022-ci ilin sentyabr ayında Cavabdeh ona zəng vuraraq pula ehtiyacı olduğunu, oxuduğu Azərbaycan Universitetinin politologiya fakültəsinin 3000 manat məbləğ təhsil haqqını ödəyə bilmədiyini, dekanla danışaraq təhsil haqqının hissə-hissə 1500-1500 manat olmaqla ödəmə razılığına gəldiyini və ona təcili olaraq 1500 manat məbləğdə pul vəsaiti göndərməsini xahiş etdi. Borcun qaytarılması ilə bağlı isə bankdan nənəsinin adına yaxınlarda pul götürəcəyini və həmin pulla da borcunu və qalan təhsil haqqını ödəyəcəyini bildirdi. O, Anaxanıma inandı və sonuncunun adına 2022-ci ilin sentyabr ayında təhsil aldığı müəssisədə Azərbaycan Universitetində olan hesabına Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən 2 saylı Poçt filialından 1500 manat məbləğində pul köçürmüşdür. Amma cavabdeh bildirmişdir ki, guya həmin pulu anası Elçinə vermişdir. Bu tamamilə yalandır. Çünki cavabdehin anasının ona 45000 manat məbləğdə borcu var və ona görə də, şikayət vermişdir. Bundan başqa, cavabdehin anasından 2021-ci ilin may ayında borc münasibətləri üzündən ayrılmışdır. Bu günə qədər dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq, pulunu qaytarmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə anasına məxsus pulu Bakı şəhərində yaşadığı halda Elçin Mehdiyevə verərək onun tərəfindən Şirvan şəhərində müvafiq universitetə göndərilməsinə səbəb kimi yaşadığı ərazidə həmin gün poçt və post-terminal aparatlarının işləməməsinə dair bildirdiklərini əsassız hesab etmişdir. Bununla da, məhkəmə sübutları tam və hərtərəfli tədqiq etməmişdir. Belə ki, Elçin Mehdiyevin Şirvan şəhərində iş yerləri var və o, tez-tez Şirvan şəhərinə gedib-gəlir. Yaşadıqları ərazidə poçt və post-terminallar işləmədiyi üçün İddiaçı həmin pulu Şirvan şəhərindən ödəmişdir. Birinci instansiya məhkəməsi nəzərə almali idi ki, İddiaçı iddiası əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Onu da anasına qarşı yalan ifadə verməyə məcbur etmişdir. Belə bir hərəkətləri edən insanın ona da böhtan ataraq şərləməsi təəccüblü deyildir. Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək ona uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilərək Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Şirvan Regional Poçt Filialının xx.xx.2022-ci il tarixli 1/240 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına Ali Təhsil müəssisəsinə HÖP ödəniş portalında 1500 manat məbləğində ********* saylı mədaxil qəbzi ilə ödənilmişdir. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında iddiaçının Cavabdeh 1500 manat pul verməsi və həmin pulu dələduzluq edərək qaytarmaması barədə etdiyi müraciəti üzrə sonuncunun izahatı alınmış və bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır və anası Mehparə Soltanova 15 ildir ki, qeyri-rəsmi münasibətdə yaşadığını bildirmişdir. 2022-ci ildə Azərbaycan Universitetinin Politologiya fakültəsinə qəbul olmuşdur. Həmin vaxt Elçin anası ilə birlikdə yaşadığını və ona ögəy atalıq etdiyini söyləmişdir. Anası Mehparə Soltanova onun təhsil aldığı universitetin illik təhsil haqqını ödəmək üçün Elçinə 1500 manat vermiş və bundan sonra Elçin 2022-ci ilin sentyabr ayında anası Mehparənin verdiyi 1500 manat pulu universitetə ödəmişdir. Bundan sonra İddiaçılə anası Mehparənin münasibətləri korlanmış və Elçin ondan əsassız şikayətlər etməyə başlamışdır. İddiaçı övladlarını döydürməklə bağlı heç bir hədə-qorxu gəlmədiyini və İddiaçı qarşı dələduzluq etmədiyini bildirmişdir. Həmin qərarda İddiaçı Cavabdeh 1500 manat pul verməsi və həmin pulu dələduzluq edərək qaytarmaması barədə etdiyi müraciəti üzrə izahatı alınarkən bildirmişdir ki, Soltanova Mehparə Şücayət qızı ilə 2011-ci ildən 2022-ci ilin may ayına kimi qeyri-rəsmi münasibətdə yaşamış və münasibətləri normal olmuşdur. 2022-ci ilin may ayında Mehparənin insanlara qarşı dələduzluq etdiyini öyrənmiş və bundan sonra münasibətləri korlanmışdır. Hal-hazırda Şirvan şəhər Prokurorluğunda Mehparə Soltanova barəsində CM-in 178 və 311-ci maddələri ilə cinayət işinin başlanıldığını və istintaq getdiyini söyləmişdir. 2022-ci ilin sentyabr ayında Anaxanım ona zəng edərək pulunun olmadığı üçün oxuduğu universitetin təhsil haqqını ödəyə bilmədiyini və ondan borc olaraq 1500 manat pul borc istədiyini bildirmişdir. O, Anaxanıma inanıb və 1500 manat pulu Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində yerləşən 2 saylı poçtda Anaxanımın adına göndərmişdir. Bir müddət keçməsinə baxmayaraq Anaxanım müxtəlif bəhanələr gətirərək pulu ödəməmiş və yaxınlaşıb pulu istədikdə isə Anaxanımın əsassız şikayətlər etdiyini bildirmişdir. Anaxanıma puluna görə şikayət edəcəyini bildirdikdə isə Anaxanım onun Bakıda təhsil alan 2 oğlunu döydürtdürəcəyini bildirmişdir. Bundan əlavə Anaxanım özünə məxsus “Facebook” sosial şəbəkəsindəki hesabından ona məxsus “Facebook” sosial şəbəkəsindəki hesabına təhqir edici sözlər yazdığını qeyd etmişdir. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddiaçının iddia tələbinə və bu tələbin təsdiqi kimi məhkəməyə verdiyi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün ilk öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməli, bunun üçün isə MM-in 739.1-ci maddəsinin bütün dispozisiya şərtlərini təqdim edib-etmədiyi yoxlanmalıdır. İşin hallarından, tərəflərin ərizələri və şikayətləri, cavabdehin izahatı, eləcə də işdə olan digər sübutlardan müəyyən edilir ki, 18 sentyabr 2022-ci il tarixdə cavabdehin təhsil aldığı Azərbaycan Universitetində olan hesabına 1500 manat məbləğində pul vəsaiti göndərilmiş, cavabdeh isə həmin pul vəsaitinin iddiaçı tərəfindən göndərilməsini etiraf edir. Ancaq cavabdeh həmin vəsaitin iddiaçıya deyil, anası Mehparə Soltanovaya məxsus olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmin halı təsdiqləyici dəlili olan 17 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində onların yaşadıqları ərazidə poçt və post-terminalların işləməməsi ilə əlaqələndirsə də, buna dair məhkəməyə heç bir sübut verməmişdir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, İddiaçı 18 sentyabr 2022-ci il tarixdə Cavabdeh adına Ali Təhsil müəssisəsinə ödəniş portalından 1500 manat məbləğində pul vəsaiti göndərməsi hər iki tərəfin təsdiq etdiyi fakt olaraq işin mübahisəsiz halıdır. Lakin həmin məbləğin cavabdehin anasına məxsus olması iş üzrə təsdiqini tapmamışdır. Buna görə də, iddia əsaslıdır və qətnamənin ləğvi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla öz əksini tapmayan formal mülahizə hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MM-in 14.2, 77.1 və 217.4-cü maddələri). Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(032)-1252/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar